Salyanda müasir istixana kompleksi yaradılır
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlığın
güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara
güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata
keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub,
sahibkarların investisiya layihələri maliyyələşdirilib.
100-dən çox sahibkarın iştirak etdiyi
forum çərçivəsində Salyan rayonunun iqtisadi potensialının reallaşdırılması
məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market”in, intensiv
bağçılıq, taxılçılıq, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının
yaradılması və soya əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli
investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi
layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Salyan rayonundan
olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6
mln. manat güzəştli kredit verilib. Qeyd olunub ki, ümumilikdə, indiyədək Aran
iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 mln. manatdan
çox güzəştli kredit verilib. Bu kreditlər 39 mindən çox yeni iş yerinin
açılmasına imkan verir.
İşgüzar forum çərçivəsində Salyan
və ətraf rayonlardan olan 41 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib.
Verilən kreditlər əsasən, istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik,
əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına
yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Salyan rayonunun
Yenikənd kəndində güzəştli kreditlər hesabına yaradılan müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə,
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 88,5 min ton tərəvəz məhsulları
istehsal etmək gücündə olan 60 müasir istixana kompleksinin yaradılmasına 170,6
mln. manat güzəştli kredit verilib.