• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Sağlığında da, öləndən sonra da qısqanılan dahi

18.09.13 10:18 1337
Sağlığında da, öləndən sonra da qısqanılan dahi
...1937-ci ilin 30 apreli. Mərkəzin “xeyir-duası”, yerli “baş bilənlərin” böyük qardaşlarına sədaqəti ilə Azərbaycanda hər gün bir ailənin yox, bir elin-obanın, nəslin ocaqlarının söndürüldüyü günlər. Belə bir od-alovun, qasırğanın arasında dahi Üzeyir bəyin “Koroğlu” operasının ilk tamaşası keçirildi. Başdan-ayağa milli vətənpərvərlik ruhunda bəslənən bir şdevr. Hər sözündə, notunda insanın bütün varlığına hakim kəsilən, duyğularını oyadan, onda vətən, millət məhəbbəti aşlayan dahiyanə bir əsər. Belə bir zamanda haradan idi Üzeyir bəydə bu güc, bu cəsarət?
1920-ci ilin sonlarından, 1937-ci ilin əvvəllərinə kimi olan dövrü mətbuatı gözdən keçirirəm. Şura hökumətinin “qələbəsindən” (məhz işğalından) ruhlanıb saatda bir “əsər” yazanlarımız dövrü mətbuatda Üzeyir bəyi susmaqda günahlandıraraq, tənqid, məzəmmət edirdilər.
Tənqid demiş. Burada bir haşiyə çıxmaq yerinə düşərdi. 20-ci yüzilliyin əvvəllərində çap olunan dövrü mətbuatdakı materiallar ilə tanış olarkən belə bir faktla rastlaşdım ki, dövrün söz-qələm sahibləri arasında dahi Hüseyn Cavid və Üzeyir bəy qədər haqsız tənqidə məruz qalan olmayıb. (Kimlər idi bu tənqidin müəllifləri. Həmişəki kimi, ədəbi mühitə dünən qədəm qoyan, ədəbiyyat, söz aləmində naşı olan “Şura tənqidçiləri”). Amma bu tənqidlərin heç birinə onların nə münasibəti, nə də cavabı ilə rastlaşmadım. Oxuduqlarıma və eşitdiklərimə görə (rəhmətlik Qulam Məmmədlinin və Qılman İlkinin söylədikləri) nə Cavid əfəndi, nə də Üzeyir bəy onları tənqid edənlərə nəinki münasibət bildirmək, heç əhəmiyyət belə verməzdilər. (Rəhmətlik nənəm demiş “hər deyilən söz, söz olsaydı nə var idi”). Əslində Cavid və Üzeyirsevməzlər “pəhləvanlar meydanında qarğı atlarına seyrəngah tapmışlar”. Çox yaxşı qanırdılar və duyurdular ki, haqsızdılar. Lakin haqqı görmək və duymaq üçün gözlərini və qulaqlarını bərkbərk qapamışlar.
Cümhuriyyətin süqutundan sonra hər günü, hətta hər anı narahatlıqla yaşayan, susan Üzeyir bəy əslində susmayıbmış. Publisistikanın dili ilə deyə bilmədiklərini, on-onbeş il sonra musiqinin ecazkar dili ilə dedi Yzeyir bəy. Demək, bu illər ərzində susmayıbmış. Dilinin, qələminin söyləyəcəklərini qəlbilə, baxışları ilə deyirmiş. İstedadlı yazıçımız Rafael Hüseynov demiş: “Belə susa bilmək böyük sənətkarların bioqrafiyasında həmişə diqqəti cəlb edib. Belə susmaq da var, susmağa vadar olmaq da var”.
Bəlkə də bu susmaq Zərdabinin vətəndə yeganə qalmış övladı Soltan xanımı, başsız qalmış Cavid əfəndinin ailəsini və onlarla belə ona ehtiyacı olanları qorumaq, yaşatmaq üçün idi. Bütün ömrünü, varını xalqının savadlanması yolunda qurban verən Zərdabinin vətəndə qalan ikicə övladını oğlu Mitəd 1935-ci ildə həbs edilərək gülələndi, qızı Soltan xanım isə “ruhi xəstə” adı ilə cəmiyyətdən uzaqlaşdırıldığı bir vaxtda Üzeyir bəy hər ay aylıq məvacibindən 50 manat Soltan xanıma verirmiş. Bu faktıla Üzeyir bəyin qardaşı Ceyhun bəyə yazdığı məktublarda rastlaşdım. Cavid əfəndi tutulandan sonra isə bu ailəyə yalnız (heç Cavid əfəndinin qohum-əqrasbası da yox) Üzeyir bəy və Abdulla Şaiq sahib durdu. Bunu Cavid əfəndi həbs ediləndən sonra oğlu Ərtoğrolun Üzeyir bəyə yazdığı məktublardan, Mişkinaz və Turan xanımın xatirələrindən öyrənirik.
“Hörmətli Üzeyir bəy!
...Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm kecirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin.
Anam uşaq baxçasında işləyə bilər. Bacım həm baxçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.
Hörmətlə əllərinizi sıxıram.
Tələbəniz Ərtoğrol. 25 fevral, 1942”.
Üzeyir bəy Turan xanımı işə düzəltmək üçün zəng edir o zaman Radio Verilişləri Komitəsinin sədri Hüseyn Şərifova. Deyilənə görə o zaman Üzeyir bəyi anlayanlar və duyanlar arasında (məhz anlayanlar və duyanlar ha) onun sözünü yerə salmaq anlayışı yox imiş. Beləliklə Üzeyir bəyin bir zəngi ilə Turan xanım işə düzəlir...
...Yazını sona yetirərkən operanın xanəndəsi Yavər Kələntərlinin xatirələri əlimə düşdü. 1937-ci ildə ömür-gün yoldaşından ayrılan Yavər xanım, 1939-cu ildə tək imdadı olan bircə balası 18-yaşlı Şahbazı itirir. Bundan sonra qət edir ki, bir də oxumasın. Bir necə ay evdə oturur, işə getmir. Hər ay Üzeyir bəy onun maaşını evə göndərirmiş. Bir gün Üzeyir bəy Yavər xanım gelə gəlir, uzun-uzadı söhbətdən sonra Üzeyir bəyin üzündən keçə bilməyən Yavər xanım yenidən işə qayıdır. Sonralar Yavər xanım yazırdı ki: “İkinci böyük zərbə mənə Üzeyir bəyi itirəndə oldu. Arxam, dayağım Üzeyir bəy də vəfat etdi. Üzeyir bəyin tabutu başında ağı deyirdim. Oğlumun dərdilə Üzeyir bəyin dərdi qovuşmuşdu ürəyimdə. Gözümdən yaş axa-axa oxuyurdum. Birdən nəzərim Mircəfərə sataşdı. Arxamda dayanmışdı. Səsimi xırp kəsdim ...”.
Bəli, Üzeyir bəyin ölüsünə də dirisinə olduğu kimi bir qısqanclıq var idi bu “başbilənlərdə”. Amma Üzeyir bəydə Üzeyir bəy idi ki, yoxluğu da varlığı kimi əzizlənirdi. Allah sənə qəni-qəni rəhmət eləsin mələk simalı insan. Kaş bir daha Ulu Tanrı bu xalqa Üzeyirlər, Cavidlər, Mirzə Cəlillər, Ağaoğlular bəxş edəydi ...
Qərənfil Dünyamin qızı
BDU-nun fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər