• cümə, 29 Mart, 13:27
  • Baku Bakı 14°C

Salfetkalardan sənət əsəri yaradan seysmoloq

09.12.17 12:30 7537
Salfetkalardan sənət əsəri yaradan seysmoloq
Kağızlardan, salfetkalardan müxtəlif suvenirlər düzəldir. Bir çox hallarda yararsız halda olan kağız parçalarından belə, gündəlik istifadə edə biləcəyimiz əşyalar yaradır. Deyir ki, bu sənətə Avropada önəm verilsə də, ölkəmizdə çox yayılmayıb.

Müsahibimiz Arzu Məmmədovadır. Arzu Bakı Dövlət Universitetinin Geologiya fakültəsində geofizika ixtisası üzrə təhsil alıb. Geologiya mühəndisliyi üzrə magistr təhsilini də bitirdikdən sonra Seysmoloji xidmət mərkəzində mühəndis seysmoloq vəzifəsində çalışıb. Analıq məzuniyyətində olduğu üçün işdən bir müddət ayrı qalıb və bu boşluğu öz maraqlı hobbisi ilə doldurub. Mühəndis seysmoloq yapon əfsanəsi kimi məşhurlaşan oriqami sənətini ölkəmizdə tanıdır və bu kiçik biznesi ilə görənləri heyrətləndirir.
Oriqami nədir?
Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi ilə demək olar ki, eynidir. Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami nümunələri də Çində meydana gəlib. Daha sonra isə oriqami Çindən Yaponiyaya keçib. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Bu sənətin Yaponiyada inkişaf etməsinin əsas səbəbi yaponların kağıza verdikləri qiymətin nəticəsidir. Oriqami yapon dilində "ori” (qatlamaq) "kami” (kağız) sözlərinin birləşməsindən ibarət olub, "kağız qatlama” sənətidir. Oriqamidə əsasən kvadrat formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan istifadə etmədən qatlayaraq müxtəlif fiqurlar əldə edirlər. Təkcə kağızlardan yox, kağız pullardan düzəldilən modellər də az deyil. Elə oriqami növləri var ki, burada qayçıdan da istifadə olunur. Bu oriqami növləri "kiriqami” adlanır.


Oriqami gözlərimi zəiflətsə də...

Həmsöhbətimizin bu sənətlə ilk tanışlığı həyat yoldaşı ilə birlikdə getdiyi qonaqlıqda olub. Deyir ki, masada salfetkalarla bəzədimiş 2 rəqəmi xoşuna gəlib və bunu düzəldən xanımdan necə etdiyi ilə maraqlanıb: "Xanım mənə dedi ki, internetdə "salfetka ilə əl işləri” yaz, bütün əl işlərini və necə hazırlanmasını görəcəksən. Mən də evə gələn kimi araşdırdım və oriqami ilə tanış oldum. Gördüm ki, insanlar kağızlardan, jurnallardan maraqlı əşyalar, suvenirlər hazırlayırlar. Mən də özümü sınadım və bu sahədə inkişaf etməyə başladım”.

Arzunun uşaqlıqdan müəyyən hobbiləri olsa da, anası bunlarla professional şəkildə məşğul olmağa qoymayıb. Müsahibimizin sözlərinə görə, gözləri zəif olduğu üçün ailəsi qarşı çıxıb: "Paltar tikməyə, toxuculuğa, muncuqlardan əşyalar düzəltməyə uşaqlıqdan marağım var idi. Dərzi olmaq istəyirdim. Anam deyirdi ki, toxumaq, tikmək gözləri zəiflədir. Çünki anam bu işlə məşğul olduğu üçün öz gözləri zəifləyib və sənəti buraxmaq məcburiyyətində qalmışdı. Ailəm təhsil almağımı istədi və mən də hobbilərimi kənara qoyub fikirlərimi təhsilə yönəltdim. Amma oriqamiyə olan marağım gözümü zəiflətsə belə, bu işlə məşğul olmağıma mane ola bilmədi”.

İki həftədə xeyli suvenir satılıb
Arzu deyir ki, indi ona dəstək olan çox olsa da, əvvəllər bu, insanlara mənasız vaxt itkisi kimi gəlib: "Hər dəfə istifadə olunmuş kağızları yığır, istədiyim formanı verirdim. Hətta ətrafımdakı insanlara demişdim ki, kağızları, köhnə jurnalları atmayıb mənə versinlər. İlk günlər kənar müdaxilələr çox olurdu. Demək olar ki, hamı qarşı çıxırdı. "Bekarsan”, "səbirlisən”, "kağızlara niyə vaxt sərf edirsən?” deyirdilər. Hətta anam da qarşı çıxdı. Amma indi anam da, yoldaşım da mənə dəstək olur”.
İşinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, oriqami xırdalıq və səbir tələb edən sənətdir: "2000-2500 xırda kağızları yığırsan və iç-içə keçirirsən. Bu xırdalıq bəzən çətin gələ bilir, amma mən zövq alıram. Çünki bilirəm ki, o kağızlardan hansısa bir əşya yaranacaq. Oriqami həndəsəni ən çox istifadə edən sənətdir. Müvəffəqiyyətli bir oriqami çalışması riyazi və üçölçülü düşünmə qabiliyyətinin üst səviyyədə olmasını tələb edir. Kağız qatlayarkən, təbii olaraq bir çox həndəsi şəkil və anlayış ortaya çıxar. Məsələn: kvadrat, düzbucaqlı, dik üçbucaq, orta nöqtə, Pifagor teoremi və Həndəsə və Cəbr ilə əlaqədar digər anlayışlar”.
Arzu əl işlərini instaqramda açdığı "Handmade origami az”səhifəsində nümayiş etdirir və satır. Deyir ki, səhifəni iki həftədir açmağına baxmayaraq, xeyli suvenir satıb: "Hazırda stəkana, qələmə, qəndqabına, konfetqabına, yolkaya, şaxta babaya, salfetkalarla tələbat var. Qiymətlər suvenirin ölçüsünə və görünüşünə görə, 3 manatla 30 manat arasında dəyişir.


Oriqami və sülh

Məlumat üçün bildirək ki, 1945-ci ildə Xirosimaya atom bombasının atılması nəticəsində qan xərçəngi xəstəliyinə tutulan 11 yaşındakı Sasaki Sadako 1950-ci ilin ortalarına doğru xəstəliyinin yaxşılaşması məqsədilə durna quşu oriqamiləri düzəltməyə başlayıb. Yerli inama görə, 1000 ədəd durna quşu oriqamisi düzəldib arzu tutduqda, arzu reallaşır. Sadako bu cəhdiylə dünyada bir barış simvolu olub. O, 644 durna quşu oriqamisi düzəltdikdən sonra ölüb. Dostları onun əvəzinə 1000-i tamamlayaraq cənazə mərasimində məzarına durna quşlarını qoyublar. Bu hadisə Xirosimada Dünya uşaq sülh gününün meydana gəlməsinə və bu günün şərəfinə Sadakonun Sietldə heykəlinin qoyulmasına vəsilə olub. Hər il avqust ayının 6-da qeyd olunan barış günündə dünyanın hər yerindən uşaqlar durna quşu oriqamiləri hazırlayaraq Xirosimaya göndərirlər.

Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər