• çərşənbə axşamı, 23 aprel, 14:12
  • Baku Bakı 24°C

Sağlamlıq və istirahət vəd edən turizm

01.04.17 10:30 2473
Sağlamlıq və istirahət vəd edən turizm
Turizmin müxtəlif növləri var və zamanla yeniləri də yaranır. Amma hər zaman əksər insanları maraqlandıran turizm istiqamətləri də var ki, onlardan biri də çimərlik turizmidir. Çünki bu turizm növü həm istirahət vəd edir, həm də sağlamlıq...
Ötən ildən başlayaraq ölkəmizə turist axınının çoxalması bu istiqamətdə daha çox işlər görülməsinin vacibliyini ortaya qoydu. Dənizə çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnməklə daha çox gəlir əldə edə bilərik. Və artıq Prezident İlham Əliyev"Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqanMədəniyyət və Turizm Nazirliyimüəyyən edilib.
Bəs Tədbirlər Planında nələr yer alıb? 4 il ərzində hansı işlərin görülməsi planlaşdırılır? Bu istiqamətdə görülən işlər hansı ölkələrdən turist cəlb etməyə imkan verəcək?
"Sənəd çimərlik turizminə kompleks yanaşmağa imkan verəcək”
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəziEldar Aslanov "Kaspi”yə açıqlamasında dedi ki, çimərlik turizmi ölkəmizdə ənənəvi turizm növlərindən biridir. Təsdiq olunan sənəd bu sahənin inkişafına kompleks yanaşma ortaya qoymuş olur: "Çimərlik turizmi ənənəsi bizdə sovet dövründən formalaşıb. Xüsusilə 70-80-ci illərdə Xəzər dənizinin qərb sahillərində böyük turizm infrastrukturunun qurulması ilə bağlı böyük bir plan da hazırlanmışdı. O planın mühüm tərkib hissələrindən biri də Siyəzəndən Yalamaya, Rusiya sərhəddinə qədər olan hissədə çimərlik turizm kompleksinin yaradılması idi. Qismət bu günəymüş. Bu sənəd çimərlik turizminə kompleks yanaşmağa imkan verəcək”.
E.Aslanovun sözlərinə görə, Planda qeyd olunan tədbirlər icra olunarsa, çimərlik turizminin ayrıca bir istiqamət olaraq inkişafının şahidi olacağıq: "Sənədlə tanış olanda da görürük ki, ortada həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm çimərlik infrastrukturunun yaradılması, həm də çimərlik turizmini həyata keçirən operatorların, özəl sahibkarların fəliyyətinə dəstək, onların özünüidarəetmə qurumu olan assosiasiyanın yaradılması, ətraf mühitin qorunması ilə bağlı xüsusilə mövsüm vaxtı tullantıların idarə olunması, təhlükəsizlik tədbirləri, bu sahədəki marketinq işləri və s. məsələləri özündə əsk etdirən bitkin bir iş planı var. Böyük ümid bəsləyirəm ki, icraçı və tövsiyə olunan qurumların qeyd olunmuş tədbirləri həyata keçirmələriylə Xəzər dənizinə bağlı çimərlik turizm potensialımızı turizmin ayrıca bir xətti kimi inkişaf etdirə bilərik. Bu, turizmlə bağlı Yol Xəritəsində qeyd olunan mühüm məqamlardan biridir”.
"Həm cənuba doğru Xəzərin Lənkəran-Astara, Şirvan Milli Qoruğu istiqamətində gedəndə Ələt-Salyan xətti üzrə, həm Bakı-Abşeron yarımadasında Sumqayıtdan Zığ şossesinə qədər olan hissədə, həm də Şimal sahil sularında çimərlik turizmi infrastrukturunun müasir dövrün tələblərinə uyğun yaradılması çox vacibdir. Ümid edirəm ki, hələlik "mavi bayraq”larsız vəziyyətdə olan çimərlik turizmi kompleksimiz bu Tədbirlər Planı sayəsində inkişaf edib, lazımi səviyyəyə çatacaq” – deyə E.Aslanov qeyd etdi.
"Sərəncam Xəzərsahili regionlarımızla məhdudlaşmır”
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirdi ki, bu sərəncam Xəzərsahili regionlarımızla məhdudlaşmır: "Ölkə başçısının imzaladığı sərəncam 4 ili əhatə edir. Bu müddət ərzində ölkəmizdə çimərlik turizminin imkanlarının inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Azərbaycanda həm Bakı və Abşeron yarımadasında, həm də Xəzər dənizi sahilində olan regionlarda çimərlik turizminin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Amma bu sərəncam yalnız Xəzər dənizi sahilləri ilə məhdudlaşmır, ölkə ərazisində olan müxtəlif göllər, çaylar və insanların istirahəti üçün imkanlar olan su anbarlarını da əhatə edir. Mədəniyyət və Turizm Nazirliyi aidiyyatı dövlət qurumları ilə birgə müxtəlif fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Məqsəd müvafiq standartlara uyğun, ekoloji cəhətdən təmiz çimərlik imkanlarının həm ölkə vətəndaşlarına, həm də xarici turistlərə təqdim olunmasından ibarətdir”.
Çimərlik turizminin mövsümü uzadılır
V.Şıxməmmədovun sözlərinə görə, ötən ildən artmağa başlayan turist axınının bu il daha çox olacağı proqnozlaşdırılır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda çimərlik turizminin onlara həm standartlara uyğun təqdim olunması, həm də mövsümünün günlərinin artırılması işi də aparılacaq: "Azrbaycanda çimərlik turizmi günləri hava şəraitindən asılı olaraq az müəyyənləşdirilir. Təxminən iyul-avqust aylarında insanlar bu turizm növündən istifadə edirlər. Amma artıq normalara uyğun çimərlik turizmi infrastrukturu yaradılarsa, iyunun sonundan sentyabrın əvvəllərinə qədər həm Azərbaycan vətəndaşları, həm də turistlər bu imkanlardan istifadə edə bilərlər. Onu da nəzərə alaq ki, xüsusilə şimaldan gələn turistlər bu aylarda çimərlik turizm növündən istifadə etməkdəə maraqlıdırlar”.
Şöbə müdiri dedi ki, nazirlik ötən ilin iyun ayında ilk pilot layihə olaraq Novxanı çimərliyində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə nümunəvi çimərlik modelini təqdim edib. O qeyd etdi ki, digər ərazilərdə də eyni formadan istifadə edərək bu turizm növünün inkişafına nail olmaq mümkündür.
"Dəniz kənarında aşağı büdcəli otellərin olması vacibdir”
"Luna Travel” turizm agentliyinin direktoru, hüquqşünasRəhman Quliyev bildirdi ki, turistlər istirahət edəcəkləri yeri seçərkən çimərlik məsələsinə xüsusi diqqət edirlər: "Rus turistlər Antalyaya əsasən dənizə görə gedirlər. Afrika ölkələrində olanda müşahidə etdim ki, Avropa vətəndaşları 2-3 ulduzlu oteldə qalmağa üstünlük verirlər. Söhbət zamanı dedilər ki, bizə otel, yemək lazım deyil. Bizim şirkətə müraciət edənlərə əsasən deyim ki, azərbaycanlılar turist kimi gedəndə otel, yeməklə daha çox maraqlanırlar. Amma istirahət yemək yox, dəniz qırağında D vitamini, Günəşdən qida almaqdır. Dəniz bizdə var deyə, adi gəlir, alışmışıq. Amma Rusiya kimi ölkələrdə həkimlər reseptə dənizdə, qumda olmağı yazırlar. Bu bizim infrastrukturdur, niyə inkişaf etdirməyək? Çox gözəl də qumumuz var. Xəzərin havası astma xəstəliyinin dərmanıdır. Dənizin duzluluğu yüksək səviyyədədir”.
R.Quliyev bildirdi ki, çimərlik turizminə insanları cəlb etmək üçün dəniz kənarında 5 ulduzlularla yanaşı, aşağı büdcəli otellərin olması da lazımdır. 2-3 ulduzlu otellər dəniz kənarından çıxarılmamalı, onların sayının daha da çox olmasına şərait yaradılmalıdır: "Gələn turistə heç də 5 ulduzlu otel lazım deyil, onlar yeməyə gəlmirlər. Aşağı büdcəli insanların qala biləcəyi otellərin inşa olunması vacibdir. Antalyada dəniz qırağında bütün kateqoriyaya aid otellər var. Dəniz kənarından 2 ulduzlu oteli çıxarıb, yerində 5 ulduzlu otel tikməyin mənası yoxdur. Antalyada Belek bölgəsində az ulduzlu otel qalmayıb, hamısı 5 ulduzludur. Amma əvvəl hamı orda istirahət edirdi, indi ora çox adam girə bilmir. Azərbaycanı da o səviyyəyə gətirmək olmaz. Bizə hazırda kütləvi turist axınının olması lazımdır. Ona görə elə təşkil etməliyik ki, turistlər qaçmasınlar. 2-3 ulduzlu otellərin çox olması lazımdır. Hətta pulsuz çimərliklər də olsun. Pulsuz olmasa belə, cüzi ödənişli olsun”.
R.Quliyev onu da qeyd etdi ki, çimərlik turizminin inkişafı üçün təkcə biristiqamətli iş görmək düzgün yanaşma olmaz: "Sərəncamdakı tapşırıqlara əsasən, bütün sahilboyu çimərliklərdə təmizlənmə işləri gedəcək, 200 metr ara məsafəsi məsələsinə nəzarət olacaq, qum olmayan yerlərdə süni qumluqlar yaradılacaq və s. işlər görüləcək. Biz bunlarla yanaşı, turizmə aid hər bir şeyi diqqətdə saxlamalıyıq. Hərtərəfli iş görülsə, bu turizm növü də inkişaf edəcək”.
Yaxın 5 ildə populyar turizm məkanına çevrilmək hədəfi...
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanıRəhman Səfərov deyir ki, Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir: "Son bir neçə ildə turizm sektorunun inkişafı ilə bağlı ölkə başçısı bir çox sərəncam və fərmanlar imzalayıb. Ən son sərəncam isə çimərlik turizmi ilə bağlı oldu. Çimərlik turizmi deyəndə, ilk növbədə Xəzər dənizinin Azərbaycana aid hissəsində həm çimərlik, həm də dəniz turizmi nəzərdə tutulur. Çimərlik turizminin gücləndirilməsi həm də yaxın gələcəkdə kruiz gəmi və yaxta turlarının (xüsusilə kiçikhəcmli yaxtalar) təşkili cəhətdən əhəmiyyətli olacaq. Düzdür, Bakıda bu var, amma dənizətrafı digər rayonlarda da təşkil ediləcək. Cənub və şimal zonasının hərəsində bir yaxta və kruiz gəmi limanının olması zəruridir. Sərəncamdan irəli gələn addımlar Azərbaycanda turizm sektorunun bir çox istiqamətdə inkişafını nəzərdə tutur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər