AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sağlamlığın sığortası

Sağlamlığın sığortası

İqtisadiyyat
17 Sentyabr 2013, 10:08 1982
“Oğlum bu yaxınlarda bel ağrısı ucbatından bir həftə işdən qaldı. İmkansızlıqdan həkim müayinəsindən keçmədi. Bir həftə sonra ağrıları bir az səngidi və işə getdi. Rəisi işdə səhhəti ilə maraqlanıb və məlum olub ki, işlədiyi türk şirkətində oğlumun tibbi sığortası var. Tibbi sığortası olduğundan oğlumu işdən özəl xəstəxanalardan birinə təcili müayinəyə yollayıblar və məlum olub ki, belində iki kiçik yırtıq var”. Bu sözləri bizimlə söhbətində Məlahət Rüstəmova bildirdi.

Əgər tibbi sığortası olmasaydı…

Müsahibimizin sözlərinə görə, oğlu iki aydır ki, işləyir: “Əgər tibbi sığortası olmasaydı, həkimə getməyəcəkdi və yırtıqlar böyüyəcəkdi. Amma sığortası olduğundan yırtıqlar böyüməmiş vaxtında həkimə müraciət etdiyindən əməliyyata ehtiyac qalmadı. Yırtıqlar balaca olduğundan hazırda müalicəyə başlaylb. Nəinki tibbi xidmət, sığortası olduğundan hətta dərmanlarını da pulsuz aldı”.

Həkim-ekspert Adil Qeybulla mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, icbari tibbi sığorta sosial müdafiənin mühüm bir formasıdır və tibbi xidmətlə bağlı əsas məsələlərdə hansısa xəstəlikdən əziyyət çəkən vətəndaşlara yardımçıdır: “Etiraf edək ki, xəstələrin çoxu bəzən maddi imkan ucbatından həkimə vaxtında müraciətt edə bilmirlər”.

4 kateqoriya müəyyənləşməlidir

A.Qeybullanın sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün bir neçə şərtə əməl olunmalıdır: “İlk növbədə maaşlar müəyyən həddə olmalıdır ki, icbari tibbi sığorta üçün oradan müəyyən faiz ayırmaq mümkün olsun. İkincisi, sığorta ayrılmaları üçün kontingent təyin olunmalıdır. Azərbaycan reallığında təxminən 4 kateqoriya icbari tibb sığortasının kontingenti müəyyən oluna bilər. Bunlardan birinci qrupu heç bir gəliri olmayan vətəndaşlardır ki, buraya tələbələr, ailə başçısı olmayan ailələr, kimsəsiz şəxslər daxildir. Bu qrup birbaşa dövlət büdcəsindən maliyyələşir. İkinci kateqoriya insanlar əmək qabiliyyəti olub, hazırda işsizlikdən əziyyət çəkən və əmək təqaüdünə çıxan şxslərdir ki, bunlar əmək birjalarının vəsaitlərindən maliyyələşirlər. Üçüncü kateqoriya şəxslər dövlət, özəl, bələdiyyə və s. sektorda çalışanlardır ki, onlar öz maaşlarından sığortalanırlar. Dördüncü kateqoriyaya daxil olanlar biznesmenlər, yüksək gəlirli məmurlardır ki, onlar xüsusii qaydada sığortalanırlar. Bununla da vətəndaşların hər birinin cibində sığorta polisi deyilən vəsiqə olur və həmin sığortanın imkanlarından istifadə edir”.

Doğuş və təxirəsalınmaz yardımdan başlamalı

A.Qeybullanın fikrincə, ilk mərhələdə icbari tibbi sığortaya doğuş və təxirəsalınmaz yardım daxil edilməlidir: “Çünki bunlar vətəndaşın ən çox ehtiyacı olan, ən çox əziyyət çəkdiyi məsələlərdir. İqtisadiyyatımız daha da inkişaf etdikcə, büdcədən səhiyyə ayırmaları artdıqca, icbari tibbi sığortaya düşən xidmətlər arta, müxtəlif profilaktik müayinələr, xəstəlikləri erkən müəyyən etmək üçün bəzi yoxlanışlar, profilaktik müayinələr, onkoloji xəstəlikdən əziyyət çəkənlərin müəyyən yoxlamaları, situasiyadan asılı olmayaraq müxtəlif “çek-up”lar, ürək-damar xəstəlikləri bura daxil edilə bilər. Amma ilkin olaraq doğuş və təxirəsalınmaz yardım icbari tibb sığortasının əsas prisnispal obyekti olmalıdır. Bununla da biz icbari tibbi sığorta prosesinə başlamış olarıq”.

Ekspertin fikrincə, əgər ölkədə məcburi tibbi sığorta tətbiq olunsa, bu, həkimlərin maaşının artmasına səbəb olar, həkimlərin durumu yaxşılaşar: “Bu, həm də neqativ halların qarşısını almağın yeganə yoludur. Bütün dünya bu yolla gedib, biz də bu yolla getməliyik”.

Büdcəmizin kifayət qədər imkanı var

İqtisadçı Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövlət büdcəsinin hazırkı imkanları icbari tibbi sığortanın tətbiqi üçün yetərlidir: “İcbari tibbi sığortanın tətbiqi üçün hər il dövlət büdcəsindən təxminən 50 milyon manata yaxın vəsait ayrılır, amma təəssüf ki, həmin vəsait məlum səbəbdən xərclənməmiş qalır. İcbari tibbi sığorta eyni zamanda dövlətin sosial məsuliyyəti deməkdir. Bu baxımdan icbari tibbi sığorta tətbiq edilərkən dövlət öhdəlik götürür. Çünki aztəminatlı insanların, ünvanlı sosial yardım alan vətəndaşların icbari tibbi sığorta xərcləri dövlət tərəfindən qarşılanır. Dövlət büdcəsinin gəlirlər hissəsində son illərdə kəskin addımlar atıldığını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan üçün icbari tibbi sığortanın tətbiqi ilə bağlı hər hansı bir maliyyə problemi yoxdur”.
Qeyd edək ki, 2007-ci ilin dekabrında ölkə Prezidenti İlham Əliyev səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədi ilə sərəncam imzalayıb.

Müzakirəsi 100 illiklər aparan sığorta

İcbari tibbi sığortanın tətbiqinin zaman tələb etdiyini deyən V.Bayramov ABŞ-da icbari tibbi sığortanın tətbiqi ilə bağlı nəinki onilliklər, hətta 100 illər boyunca müzakirələr aparıldığını bildirdi: “ABŞ-da icbari tibbi sığortanın tətbiqi, nəhayət Barak Obamanın hakimiyyəti dövründə reallaşdı. Barak Obama 2013-cü ildə ABŞ-da icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul etdi. İcbari tibbi sığortanın illərlə yubanması onunla bağlıdır ki, bu, dövlət üçün yeni bir məsuliyyət yaradır. Dövlət aztəminatlı insanların icbari tibbi sığorta xərclərini qarşıladığı üçün dövlətin də icbari tibbi sığortanın tətbiqinə hazır olması vacibdir. Digər tərəfdən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin yubanması səbəblərinə gəlincə, icbari tibbi sığorta tətbiq edilən zaman sığorta ödənişlərinin kimlər tərəfindən, sığorta olunan və ya işəgötürən tərəfindən ödənməsi məsələləri açıq qalıb. Xəstəxanaların, sığorta şirkətlərinin prosesə hazır olmaması da icbari tibbi sığortanın tətbiqini yubadan faktorlardan hesab olunur. Bu faktorlar icbari tibbi sığortanın tətbiqi üçün xüsusi bir yanaşmanın ortaya qoyulmasını gündəmə gətirir”.

İcbari tibbi sığorta niyə gecikir?

V.Bayramovun fikrincə, icbari tibbi sığorta tətbiq edilən zaman ödənişlərin işəgötürən və işçi arasında bölüşdürülməsinə ehtiyac var. İqtisadçı bildirdi ki, sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər: “İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə, işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqində dövlətin rolunun, maliyyə öhdəliklərinin müəyyənləşdirilməsinə ehtiyac var”.

V.Bayramovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri xəstəxanaların bu prosesə hazır olmasıdır: “Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır”.

Ayda cəmi 20 manata alınan sağlamlıq

İşçinin maaşından icbari tibbi sığorta üçün nə qədər pul tutulmasına gəlincə, iqtisadçı bildirdi ki, inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta ödənişlərindən asılı olaraq vətəndaşa paketlər təqdim olunur və adətən icbari tibbi sığorta xərcləri vətəndaşın aylıq xərclərinin 5 faizindən çox olmur: “Orta aylıq əmək haqqının ölkəmizdə hazırda 410 manat olduğunu nəzərə alsaq, maaşdan 5 faiz tutulduqda, vətəndaş aylıq təxminən 20 manat, illik isə 240 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Bu kifayət qədər böyük məbləğdir və vətəndaşa əməliyyat haqları da daxil olmaqla, əksər səhiyyə xidmətlərindən istifadə etmək haqqı verir. Ancaq əməkhaqqı məbləğindən asılı olaraq bu, azaldıla da bilər. ABŞ-da yalnız dişlərin müalicəsi istisna olmaqla icbari tibbi sığorta bütün səhiyyə xidmətlərini əhatə edir. Dişlərin müalicəsi üçün vətəndaş əlavə ödənişlər etməlidir. Ümumiyyətlə, əldə etmək istədiyi səhiyyə xidmətlərinin sayından asılı olaraq vətəndaş üçün ödənişlərin həcmi müəyyənləşdirilə bilər, yəni vətəndaş ona təqdim edilən paketin içərisindən özünə uyğununu seçə bilər”.

İnsanların normal haqqı

Qeyd edək ki. ABŞ prezidenti Barak Obama azgəlirli vətəndaşların 2013-cü il oktyabr ayının 1-dən etibarən tibbi sığorta əldə edə biləcəklərini bildirib. O deyib ki, həmin tarixdən sığorta şirkətləri xəstəliyi olanların sığorta tələbinə “yox” deyə bilməyəcək. Barak Obama səhiyyə sığortalarının ABŞ iqtisadiyyatına milyonlarla dollara başa gəldiyini etiraf etsə də, bildirib ki, hər bir amerikalı ailəsi üçün səhiyyə imkanlarının yaradılması xüsusi imtiyaz deyil, insanların normal haqqıdır.

Lalə Musaqızı