“Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib - Fotolar
Ailə, qadın
və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi
çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat
tərzi” mövzusunda tədbir keçirib.
Tədbiri giriş
sözü ilə Kollecin tərbiyə işləri üzrə
direktor müavini Xalid Məcidov açaraq bildirib ki, hər bir kəs, xüsusən də
gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq
durmalıdır. X.Məcidov qeyd edib ki, tibb elmi nə
qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun
sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim
mübarizə aparmalıdır.
Direktor müavini tədbirdəki gənclərə səslənərək bildirib
ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan fərdi həyat tərzi sürmək, bədən
tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena
normalarına riayət etmək, müxtəlif emosiyaları cilovlamağı bacarmaq lazımdır.
Bununla yanaşı, alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək,
düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail
olmaq gərəkdir.
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət
Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva təmsil
etdiyi qurum tərəfindən həyata keçirilən "Mən həyatı seçirəm” layihəsi barədə
ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq
Azərbaycanın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat
tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular barədə
layihələr reallaşdırılır. Onun sözlərinə görə, hazırda kollecdə keçirilən
tədbir də bu məqsədə xidmət edir.
Tədbirdə "Sağlam ailə tibb mərkəzi”nin
həkim-ginekoloqu Nuridə Zeynalova və Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Nigar Rüstəmli tələbə gənclərlə sağlam həyat tərzi, reproduktiv
sağlamlıq, erkən nikahın fəsadları, ailə planlaşdırması, nikahdan əvvəl tibbi
müayinənin, həmçinin uşaqların ana südü ilə qidalanmasının əhəmiyyəti, qeyri-infeksion
xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə, ziyanlı vərdişlərin
yaratdığı fəsadlar mövzusunda müzakirələr aparıb, tövsiyələrini
çatdırıblar.
Sonda
tələbələrə müzakirə edilən mövzulara dair məlumat xarakterli bukletlər
paylanıb.