Sağlam gəncliyi o “enerji”dən, o tüstüdən necə qoruyaq?
Ekspertlər " maarifləndirmə,
maarifləndirmə, yenə də maarifləndirmə” deyirlər
"Azərbaycanda hazırkı
dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar
xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir”. Bunu Trend-əSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb
elmlər doktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, əvvəllər infarkta,
hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi:
"Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra
qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan
oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə
təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər
tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam
həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır".
İnstitut direktoru əlavə
edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi
zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir
göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına
şərait yaradan amillərin sayı dəfələrlə artıb: "Neqativ informasiya verən
televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin
inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə
verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub.
Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması
düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar
risk amillərini bilsinlər".
G.Dadaşova əlavə edib ki,
energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca
mənfi təsir edən toksiki maddələr, konservantlar var: "Həmin maddələr
insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların
sayını artırır. Tələbələr arasında stress faktoru daha çox olduğuna görə
hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə
daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı,
insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər".
Əslində, həkimin qeyd
etdikləri çox doğrudur və bunları hamımız bilirik. Problem də bundadır ki,
insanlar sanki bilə-bilə həyatlarına qəsd edirlər. Çox təəssüf ki, bu gün
gənclərimizi bu tip zərərli qidalardan, vərdişlərdən uzaq tuta bilmirik. Media
olaraq bu mövzu barədə nə qədər yazsaq da, bu zərərli vərdişlərin insan həyatı
üçün nə dərəcədə təhlükəli olduğunu desək də, gənclər yenə də energetik
içkiləri içi, qəlyan və siqaret çəkirlər. Bəs nə edək ki, gənclərimizi bu kimi
zərərlərdən xilas qoiruyaq?
Tibb üzrə ekspert Adil Qeybullanın sözlərinə
görə, həm yaxşı, həm də pis vərdişin kökündə təbliğat dayanır və biz yaxşını
təbliğ etməliyik: "Ümumiyyətlə, son dönəmlər ürək-damar xəstəliklərinin
çoxalmasının və yaşının cavanlaşmasının səbəbi birbaşa olaraq qidalanmağımızla
əlaqədardır. Qidalanmada müəyyən inqridentlər var ki, bəzi xəstəliklərin əmələ
gəlməsində böyük rol oynayır. Bunlardan biri də enerji içkiləridir. Qəlyanlar
və ya digər spirtli içkilərin tərkibində stimulyasiyaedici maddələr var.
Məsələn, energetik içkilərdə kofein var. Hansı ki, həddən artıq qəbul edildik
də ürəyin fəaliyyətini gücləndirir və yorur. Bu da növbəti mərhələdə ürək
çatışmazlığına gətirib çıxardır. Qəlyanın tərkibində olan sintetik mənşəli,
müxtəlif bitki dadları verən maddələr də insan sağlamlığı üçün çox ziyanlıdır.
Bəli, bu saydıqlarımızı hamı bilir, amma öz sağlamlığının qeydinə qalmır.
Bununla mübarizə ilk növbədə təbliğat vasitəsilə aparılmalıdır. Biz hara
baxırıq, enerji içkilərinin reklamını görürük. Televiziyalarda, küçələrdə
enerji içkilərinin cəlbedici reklamları verilir. Bütün bu reklamların arxasında
həmin şirkətlərin korporativ maraqları dayanır. O cür reklamların əvəzinə
həkimlərin məsləhətləri paylaşılsın, qəlyanın, enerji içkisinin zərərləri
haqqında reklamlar çəkilsin. Orta məktəblərdə həkimlərlə görüşlər keçirilsin,
uşaqlara kiçik yaşlarında bunların ziyanları haqqında məlumat verilsin.
Valideynlər, müəllimlər gənclərə xüsusi nəzarət etsinlər”.
Psixoloq Gülnar Orucova bildirdi
ki, zərərli vərdişlərdən yaxa
qurtarmaq insanın öz iradəsindən asılıdır: "Hazırda siqaret çəkənlərin yaşı
8-10-a qədər enib. Biz bunu uşağın böyüklərə oxşatması ilə əlaqələndiririk.
Uşaq siqaret çəkməklə, sanki böyümüşəm mesajını ötürür. Çox zaman uşaqlar
böyüklərdə gördüklərinin normal, doğru olduğunu qəbul edir. Yəni evdə
valideynin qəlyan, siqaret çəkdiyini, enerji içkisi içdiyini görür və eynisini
etməyə başlayır. Son zamanlar qəlyan çəkənlərin sayı artıb, bunu da onunla
əlaqələndirirlər ki, siqaretə nəzərən az zərərlidir. Amma araşdırsaq, görərik
ki, qəlyanın tərkibində olan maddələr siqaretdən 63% daha çoxdur. Bəzi insanlar
elə düşünürlər ki, istədikləri vaxt siqareti ata bilərlər. Amma bu, elə deyil,
onlar özləri də bilmədən nikotindən asılı olurlar. Bir məsələni də qeyd edim
ki, hazırda Türkiyədə, Almaniyada, Rusiyada insanlara bu tip pis vərdişlərdən
uzaqlaşmaq üçün kömək edəcək "qaynar xətt” var. Xüsusilə də siqaretlə bağlı "qaynar
xətt” fəaliyyət göstərir. Təəssüf ki, ölkəmizdə elə bir qurum yoxdur ki, zəng
vurub kömək istəyəsən. Digər tərəfdən insanlarda fenomenal iradə olmalıdır.
Məsələn, "toy günümdə, yeni ildə, ad günümdə siqareti tərgidəcəyəm” deyir və
sözünə də əməl edir. Onlar fenomenal iradəyə sahib insanlardır. Amma iradəsi
zəif olanlar da var. Bəs onlara necə kömək edək? Həmin insanlara isə
ətrafındakılar kömək etməlidir, ona psixoloji dəstək olmalıdırlar. Siqareti
atmaq istəyən şəxs özü də düşünməlidir ki, mən bununla nəyə sahib olacağam. Bütün
bunları beynində analiz edib addım atmalıdır. Ümumiyyətlə, bu kimi zərərli
vərdişlərdən yaxa qurtarmaq insanın öz iradəsindən asılıdır. Ona görə, ilk
növbədə iradəmizi möhkəmləndirib, sağlam düşünüb, sağlam qərarlar verməliyik”.
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə
Mehralı düşünür ki, bu işdə əsas yük valideynlərin
üzərinə düşür: "Bu işdə başqalarını günahlandırmazdan əvvəl, ilk olaraq
valideynlərə baxmalıyıq. Dəfələrlə şahidi olmuşam ki, valideynlər özləri enerji
içkisi alıb uşaqlarına verirlər. 11-12 yaşlı məktəbli uşaqların siqaret
çəkdiyinin şahidi olmuşam. Bəs bu uşaqların valideynləri bundan xəbər tutmur?
Əlbəttə, bilirlər. Siqaretin xüsusi spesifik qoxusu olur, mümkün deyil ki,
xəbərsiz olsunlar. Sadəcə məsələyə ciddi yanaşmırlar. Qarşısını almağın yeganə
yolu isə yetkinlik yaşına çatmayan uşaqlara enerji içkisi, siqaret və qəlyan
satanların ciddi şəkildə cərimələnməsi və maarifləndirmə işinin aparılmasıdır.
Məktəblərdə sağlam bədən, sağlam ruh, sağlam cəmiyyət mövzusunda dərslər keçirilməlidir.
Valideynlərlə müəllimlər arasında sıx əlaqə olmalıdır, evdə valideynlər,
məktəbdə isə müəllimlər uşaqları nəzarətdə saxlamalıdırlar”.
Günel Azadə