• cümə axşamı, 25 aprel, 19:24
  • Baku Bakı 21°C

Şair ovqatının meyarı

24.12.14 11:17 1819
Şair ovqatının meyarı
Qələm sahibləri üçün şamil olunan bir ifadə tez-tez işlənir: onun şah əsəri. «Şah əsər»in yaradıcı insanlar üçün sayı bir neçə də olur. Amma «şah mövzu» ifadəsinə nə isə rast gəlmədim. «Ana mövzusu»nu isə eşitmişəm dəfələrlə. Teyyub Qurbanın müstəqillik illərindən üzü bəri yaratdıqları əsərlər içərisində hansı şah əsərdir, hansı ana mövzudur deyə bilmərəm. Son dövr yaradıcılığına bələd olduğum Teyyub Qurban üçün Hacı Zeynalabdin Tağıyev də, Sara Tağıyeva da, Məhəmməd Əmin Rəsulzadə, Həriman Nərimanov da aparıcı yer tutan şəxsiyyətlərdir. Bəlkə də əksəriyyət Mir Cəfər Bağırovun fəaliyyətini tədqiq edən yazıçı kimi tanıdacaq Teyyub Qurbanı. Əlbəttə, bu təqdimat da qüsur olmayacaqdır. Amma dönə-dönə müraciət etdiyi mövzu tədqiqatçını öz cazibəsində saxlayan olur. Bu baxımdan Teyyub Qurban üçün M.-Ə.Rəsulzadə şəxsiyyətinin dəyərini şərtləndirən ilk görüntülərə diqqət verək.
Ömrünün 80-ci ilində qəlbini fərəhləndirən kitabı M.-Ə.Rəsulzadənin 130 illiyinə həsr etdiyi «Bir kərə yüksələn bayraq» adlanır. Aydın oldu ki, M.-Ə.Rəsulzadədən 50 il sonra dünyaya gəlmiş Teyyub Qurban ən azından bu şəxsiyyətlə bir dövrdə, amma dəmir sərhədlər ayrıcında yaşamışdır. 21 yaşlı gənc dünyadan Azərbaycan taleyinə nigaran gedən 71 yaşlı Rəsulzadəni nə qədər tanımışdı deyə bilmərəm, amma həyatının son 25 ilini Rəsulzadə ocağına həsr etdiyi şəksizdir. «Bir kərə yüksələn bayraq» kitabının arxasındakı, müəllifin Azər Rəsulzadə ilə çəkdirdiyi şəkil buna bariz sübutdur: 18 dekabr 1989-cu il. Düz 25 il öncə. Bu həm də Teyyub Qurbanın anadan olduğu gündür. Yəqin ki, Teyyub müəllimin Karaqandada keçirdiyi ilk doğum günüdür. Həmin gün ilk olanlar siyahısındadır. M.-Ə.Rəsulzadənin oğlu Azər də belə demişdi: «İlk dəfədir ki, qapımı Azərbaycandan gəlmiş tanımadığım bir adam döyür». Azər Rəsulzadəyə həmin dəqiqə naməlum olan Teyyub Qurban tezliklə həm ona, həm də Rəsulzadə ocağına çox məhrəm bir şəxsə çevrildi. Azər bəylə görüşünü Teyyub Qurban elə canlı, təbii təsvir edibdir ki, dolğun təəssürat və nadir informasiya əldə edirsən. Ana dilini unutmamaq üçün Azər bəyin xalasının əri yazıçı Seyid Hüseynin kitabına sığınmasını, məşhur tarzən Hacı Məmmədova tar çalmağı öyrətməsini və s.
Hər bir fərdin özünəməxsus hesabatı olur. Hesabatların da təsnifatı bəsit deyil. Rəsmi hesabatlardan bəhs etsək, vəzifə borcu olaraq verilən hesabatlar mövcuddur. Həmin hesabatların qəbul dairəsi qismən məhduddur. Yazıçı və şairlərin hesabatları isə kütləvi qəbula müntəzirdir. Bir neçə vərəqə sığan hesabatların önəmlisi hesabata saldığın əsərin cəmiyyət tərəfindən qəbul olunmasıdır. Bu cəhətdən Teyyub Qurban 25 illik hesabatını «Bir kərə yüksələn bayraq» kitabı ilə verir. Bu kitab şairin 25 illik yaradıcılığının bir qoludur. Teyyub Qurban hesabatını dəyərləndirən əməkdar jurnalist Əlirza Balayev kitabın ilk sətirlərində şairin bioqrafiyasına, həm də Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməli bir möhür vurmuşdur: “Azərbaycan tarixində yeganə bir şəxsiyyət var ki, eyni müəllif tərəfindən onun haqqında bütün ədəbi janrlarda əsər yazılıb. Azərbaycan ədəbiyyatında yeganə bir müəllif var ki, eyni şəxs haqqında bütün ədəbi janrlarda əsər yazıb. Həmin şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə, həmin müəllif Teyyub Qurbandır». Teyyub Qurbanın M.-Ə.Rəsulzadəyə həsr etdiyi ilk bədii əsəri «Dönməzlik» povestindən sonrakı bu qəbildən olan yazılarını Ə.Balayev «Dönməzlik yolu» kimi səciyyələndirir. Əqidə dönməzliyi, mövzuya sadiqlik Teyyub müəllimin yaradıcı şəxs, ən əsası insan kimi həyat fəlsəfəsinə çevrilibdir.
Geniş bir mövzunu, uzun müddəti, mürəkkəb prosesi yığcam ifadə etmək təfəkkürü hər yaradıcı insana nəsib olmur. Teyyub Qurban 20 səhifəlik məqaləsində ölçüsünə görə sıradan olmayan mövzuları bir araya gətirə bilibdir: «Məhəmməd Əmin Rəsulzadə və Azərbaycanda ədəbi proses». Mövzu Teyyub Qurbandan həm M.-Ə.Rəsulzadənin ədəbiyyatşünaslığa dair əsərlərini, həm də araşdırılan ədiblərin yaradıcılığını, bəhs edilən dövrün ədəbi prosesini mükəmməl bilməyi tələb edir. T.Qurbanın məqalədəki birinci cümləsini yazmaq üçün M.-Ə.Rəsulzadə irsinə dərindən bələd olmaq lazımdır. Son dərəcə sadə quruluşlu, şablon görünə biləcək bir cümlə – «Azərbaycançılıq Məhəmməd Əmin Rəsulzadənin ömür qayəsidir». M.-Ə.Rəsulzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinin, həyat fəlsəfəsinin düsturu sayıla biləcək bu cümləni işlətmək iddialı bir cəsarətdir. Teyyub Qurbanın bu cəsarəti M.-Ə.Rəsulzadə haqqında əhatəli bilgiyə, dərin təhlilə, məntiqi təfəkkürə söykənir. Məqalə M.-Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq istedadını, məharətini açıqlayacaq gücə malik bitkin əsərdir. M.-Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatşünaslığında xidmətlərinə vaqif olmaq üçün bu məqalə yetərli bələdçidir. Teyyub Qurbanın M.-Ə.Rəsulzadədən iqtibasları oxucunu həmin əsərləri tapıb-oxumağa sövq edir. «Əsrin Səyavuşu» adlandırdığı M.-Ə.Rəsulzadə «ölçüyə gəlməyənləri qarşılaşdırmaq da söhbət mövzusu ola bilməz» deyirdi. Bu mizan-tərəzi həm M.-Ə.Rəsulzadə, həm də Teyyub Qurbana şamil edilə bilər. Mən M.-Ə.Rəsulzadəni siyasi prosesləri poetik ifadə edən mahir bir təfəkkür və qələm sahibi hesab edirəm. Teyyub Qurban isə ədəbi tənqidçi nöqteyi-nəzərindən «elmi baxışla siyasi publisistika»nı qırılmaz tellərlə bir-birinə bağlamış «ədəbiyyat tarixçisi» kimi M.-Ə.Rəsulzadəni yüksək qiymətləndirir.
Bu gün dünyaya müstəqil dövlət kimi yenidən açılan Azərbaycan Avropaya mənliyini «Nizami Mərkəzi» açmaqla təqdim eləyirsə, bu akt M.-Ə.Rəsulzadə öyüdünün təsdiqi kimi qəbul edilə bilər: «Hankı mənəvi varlıq və tarixi öyünmə Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil bir dəyəri təmin edə bilər?!”. M.-Ə.Rəsulzadənin digər bir öyüdü bu gün Azərbaycan cəmiyyəti üçün devizə çevrilməli məzmundadır: «Hər hansı bir haqq kimi vətən də ancaq mübarizədə qazanılır».Teyyub Qurban M.-Ə.Rəsulzadənin Azərbaycan şair və yazıçıları haqqında sərrast fikirlərini, təhlili mülahizələrini sərraf kimi seçərək oxucuların diqqətinə həkk edir.
«Bir kərə yüksələn bayraq» kitabına daxil edilən əsərləri Teyyub Qurban ovqatının ölçü cihazıdır. Şair ovqatını duymaq üçün onun şeirlərini oxumaq lazımdır. Siyasi şəxsiyyət haqqında bədii üslubda siyasi leksikonda və məzmunda söz demək məharəti və cəsarəti Teyyub Qurbanın müstəqillik dövrü yaradıcılığının səciyyəvi xüsusiyyətidir. M.-Ə. Rəsulzadənin vəfatının 40 illiyi qarşısında iki ilə yazıb,iki nömrədə dərc etdirdiyi “Onun həyatı – xalqın həyatıdır” məqaləsi də müstəqillik illərinin əsasən sovet dövründən söz açan düşüncələridir.Teyyub Qurban düşüncələrinin mizan-tərəzisini düzənləyən meyar ifrat qütbləşən tərəfləri ortaq məxrəcə gətirə bilir. Çağdaş cəmiyyətimizin siyasi qütblərində hələ də qarşı-qarşıya gətirilən M.-Ə. Rəsulzadə və N.Nərimanov Teyyub Qurban yaradıcılığında Azərbaycan naminə xidmətləri ilə bir-birini tamamlayırlar: “M.-Ə. Rəsulzadə və N.Nərimanov xalqımızın milli dirilik qartalının qoşa qanadlarıdır”. Diriliklərin ən qiymətlisini milli dirilik sayan M.-Ə.Rəsulzadəni Teyyub Qurban “Azərbaycanı və azərbaycançılığı Azərbaycandan kənarda da yaşadan misilsiz şəxsiyyət” adlandırmışdır.
Kitaba daxil edilən məqalələr müəllifin ayrı-ayrı illərdə müxtəlif yerli mətbuat orqanlarında dərc olunmuşdur. Tarixlə müasirliyin qovuşduğu mətnlərdə faktlara, arxiv sənədlərinə söykənən informasiya yazıçı- şairin ədəbi məharəti ilə oxunaqlı, axıcı üslubda yoğrularaq diqqətə çatdırılır. Bu baxımdan “Türkiyə qürbətdir, Rusiya Vətən?” məqaləsi, həm də şəxsiyyətlərarası münasibətlər,onların əməllərinin müqayisəsi cəhətdən maraq doğurur. Dövlət arxivlərində siyasi sənədləri araşdıraraq bədii əsərlər yazan qələm sahiblərinə az rast gəlinir.Teyyub Qurban isə ən azından son 25 ili mütəmadi olaraq arxivlərdə işləyərək, sənədlərdən birbaşa faydalanmışdır. Onun tarixi mövzulara müraciət etmək zərurəti cəmiyyətin ağrılı problemlərindən,insanları düşündürən məsələlərdən qaynaqlanmışdır. “Bir kərə yüksələn bayraq” kitabı da bu zəmində ərsəyə gəlmişdir, özünün ifadə etdiyi kimi “Azərbaycan mübarizəsini bütün ömrü boyu aparmış” M.-Ə. Rəsulzadənin anadan olmasının 130 illiyinə həsr olunmuş şair töhfəsidir.Teyyub Qurbanın 80 illiyinə isə ən böyük töhfə onun oxucularının verdiyi dəyər və qiymətdir ki, şairi bu baxımdan çox zəngin sərvət sahibi saymaq olar.
Firdovsiyyə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər