Şair idmançı olmalıdır

Şair idmançı olmalıdır

03 Noyabr 2019, 10:00 645
Qəşəm Nəcəfzadə: "Şairi bəzən öz zövqü məhv edir”
 
 
Bu il tanınmış şair Qəşəm Nəcəfzadənin 60 yaşı tamam oldu. Şairlə müsahibəni təqdim edirik:
 
– Qəşəm müəllim, 60 yaşın şeirini yazıbsınız?
– Hə, yazmışam. 60 yaşımın sabahı, yuxudan qəfil durdum, o şeiri yazdım:
 
Səhər-səhər bağa girdim biqəfil
Bu günün cüməsi nə gözəl olur.
İpək torda zikr edib hörümçək
Üzünün cunası nə gözəl olur.
 
Mən müxtəlif janrlarda əsərlər yazmışam. Dram əsərlərim var. Uşaq şeirlərim var. 600-ə qədər essem var. Publisistik kitablarım var. Son iki ildə saytlarda, qəzetlərdə 500-ə qədər esselərim dərc olunub. Sərbəst şeirlərim var. Bunları niyə deyirəm? Fikrimin canı var. Bütün yaradıcılığın sonunda, əminliklə hiss etdim ki, əsas məsələ ipək torun içində də hörümçəyin zikr etməyidir. Həmin o cümə günü dünyada nə varsa, hamısını Allah gözəl yaradıb. Hamısı ürfan yoludur və adama elə gəlir ki, bu yola çıxır. Yəni daş-kəsəkli yollardan gəlirsən beynin, ruhun, düşüncənin işığı olan yerə. Və o 60-cı yerə baxırsan ki, hər şey burada imiş. Bir şeir var ki, sən qaçırsan, qaçırsan göyün o yeddinci qatına. Hamı səndən geri qalır. Bilirsən, bunu oxuyanda adamlar elə bilirlər ki, Allaha küfr edirəm. Amma onlar bilmirlər ki, mən bu şeirdə yer kürəsindən çıxmışam. Mən qalaktikadayam. Allah deyir ki, mən 5500 qalaktika yaratmışam və yaratmaqda da davam edirəm. Mən baş-ayaq dayanmışam yerdə. Yer kürəsindən çıxmışam, kim nə bilir, bəlkə, Allah heç göydə deyil, yerdədir. Bunlar şeirin mahiyyətindən doğan 60 yaşın ağırlığı, düşüncəsidir. Çox həzz verən bir şeydir o düşüncə. O duymaq ki var, hər şeyi duyursan bu 60 yaşda.

– Nə vaxtsa tükəndiyinizi hiss edibsinizmi, yoxsa...  
– Heç vaxt hiss etməmişəm. Mən futbol oynaya bilirəm. Qol vurmağı bacarıram. Mən şeir yazanda qol vururam, sanki. Bilirəm ki, hansı ərazidə yer boşdur, gəlib o yeri seçirəm və qolu vururam. Çox oynamıram, seyr edirəm. Təkcə kitab oxumaq yox, buludu, göyü, yağışı, metronu, küçəni oxumaq istəyirəm. Yağışı oxumaq böyük bir kitabdır. İnsan yaradıcı olur. İnsan çiliklənib, əzilib, unudulub, atılıb. Tək insandan gedir söhbət. Mən o şeirdə də deyirəm ki, birdən ayılırsan ömrün birində. Beş ömür varsa, onların birində ayılırsan ki, sən başı üstə dayanıbsan göydə. Bu mənada peşəkar olanda, usta olanda sənə iş çətin gəlmir. Tükənmək olmur. Çünki o qədər düşüncələr, mövzular var ki, heç vaxt tükəndiyimi hiss etməmişəm. Mən şeiri necə yazdığımı gənclərə deyirəm. Elə şair var ki, adama nəsə verir, elə şair var ki, heç nə vermir. Hər iki şair böyük şairdir. Bu mənada mən yaradıcılığımı, şeiri necə yazıramsa, onu uşaqlara deyəndə bilirlər ki, hansı istiqamətlə yazmaq lazımdır. Detalı, əşyaya necə yanaşmaq lazım olduğunu anlayırlar. Bir dəfə dedim, uşaqlar, gəlin bankomata bir şey fikirləşək. Hərə bir şey dedi. Mən dedim ki, qocalar gəlirlər oradan pullarını alırlar elə deyil? Deyirlər hə. Deyirəm indi siz deyərsiniz ki, qocaların əlinə kart düşür. Bu hamının dediyi sözdür. Elə deyil? Amma mən deyərdim ki, qocalar kartın əlindən düşür. Gülürlər. Bax, bu, şair sözüdür. Belə yazın. Artıq mən bunlara detala, hadisəyə necə yanaşmaq lazım olduğunu öyrədirəm. Görürəm uşaqların beyninə batır. Amma elə şair var ki, gözəl şeir yazır və deyir, amma onlara bu incəliyi öyrətmir. Gərək uşağa yemək yeməyi öyrədəsən. Yazı nədir – uydurmadır. O uydurma ki, həyatla düz gəlir. Uydurma elə həyatın özüdür. Şeiri tənqid etmək, şeir haqqında fikir demək bilirsən nədir? Yozmaq. Yuxu görəndə onu necə yozurlarsa, sən də şeiri yoz. Yalandan yoz. Sənin yozduğun düz çıxacaq. Fikir verirəm, uşaqlar cəsarət etmirlər. Şair razılaşmır, qoy razılaşmasın. Sən belə yozursan da. O yozmaq isə ədəbi tənqiddir. Ədəbiyyat nədir? Sözləri mənalandırmaq, qanadlandırmaq, ona göz, qulaq, səs, nəfəs vermək. Bax, bu mənada mən sizin sualınızı geniş aspektdə cavablandırdım.
Məsələn, mən deyirəm ki, sahil bağının o tərəfindən irəliləyən qız ilə bu tərəfindən irəliləyən oğlan qafiyədir. Kosmosdan baxanda. Biz onu görmürük. Oradan baxanda görərik ki, iki nəfər yanaşı gedir. Bu, qafiyədir də. Qafiyə nədir ki?!
 
– Deyirlər ki, şeir bu gün dünyada qürub dövrünü yaşayır. Razısınız bu fikirlə?
– Bunu bütün zamanlarda deyiblər. Hətta Hüseyn Arif də buna şeir yazmışdı ki:
       
Məndən təzə şeir xəbər alan, dost
Bəs yazın gəlməsi şeir deyilmi?!
 
Və ya M.Müşfiqə də dövründə deyiblər, Müşfiq onlara cavab yazıb:
 
 Şairlər yeni-yeni sözlər bulacaq
 Kainat olduqca şeir olacaq.
 
Şair intonasiyalar şairi olmalıdır. Ona görə, tutaq ki, Əli Kərimli deyib:
 
Nə xoşbəxtimişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
 
Sonra deyir ki:
 
Nə bu dərd gərəkdir uşaqlar üçün,
nə də aramızda buna razılıq
Biz dərdin, kədərin özündən belə
 onlara səadət yaratmalıyıq.
 
Və yaxud:
 
Mən belə bilsəydim könlümün dəli,
sərsəri vaxtında atardım səni.
Dəlini aldatmaq çətin deyil ki,
Deyərdim, gəl ataq bu nazənini.
 
İndi yaşa dolub bəlkə qədər
Ağlı var, aldatmaq onu çətindir.
Hər şeyi başlamaq asan bir işdir
Görünür, daha çox sonu çətindir.
 
Şair idmançı olmalıdır, hər zaman güləşə hazır olmalıdır. Şair məşq etməlidir. Beynini, fikrini, düşüncəsini məşq etdirməlidir. Sən gündə məşq eləməsən, təzə əsər yaza bilməyəcəksən. 100 dənə qoşmanı eyni cür yazıbsansa, 100-ünə nə ehtiyac var, biri bəs edər də. Eyni gəraylı, eyni qoşma, eyni stil və s. Bu mənada, hər bir şairin içində sistem olmalıdır. Sistemli şair. Bir ruhun böyük bir etapını, hökmranlığını şair deməlidir. O, sənin içindəki hökmranlığı deməlidir. Yoxsa ağaca bir şeir, quşa bir şeir, daşa bir şeir – belə şair olmaq olmaz. Şairin yazdıqlarından içindəki sistemin damla-damla hissini bilməliyik. Heç vaxt böyük bir şairin yanında başqa bir şair yetişə bilməz. Çünki o şairin imperiyası onu sıxır. Gözünü açmağa qoymur. Mən 80-ci illərdə Məmməd İsmayılın dərnəyinə gedirdim. İçərişəhərdə onun bir dərnəyi var idi. Orada hamı şeir haqqında bir şey deyirdi. Qalırdım belə ki, bunlar necə danışırlar? Bunlar nə deyirlər? Mənim yaxşı dediyim şeirə pis deyirlər. Pis dediyim şeirə yaxşı deyirlər. Gözümü yumdum, girdim meydana. Birinə dedim pis, birinə dedim yaxşı. Kor-koranə döyüşə girib şeir haqqında fikir bildirməyi öyrəndim. İndi bizim gənclərimizin çoxu şeir haqqında fikir bildirə bilmir, qorxurlar.
 
– Bu gün oxucularınızdan razısınızmı?
– Mənim oxucularım var. Mən onları hiss edirəm. Elə bil ki, oxucu sənin haradasa bir şeirini oxuyur və  gəlib sənə əyan olur. O zaman özümü yaxşı hiss edirəm. Çünki şeir ruhun qanadıdır. Ruha təsir edir. Həm də bir şey deyim, düşünürəm ki, mən bir şair kimi sevilməmişəm.
 
– Niyə?
– Misal üçün, mən müzakirə açsam, deyəcəyəm ki, qardaşlar, gəlin ədəbi bir müzakirə keçirək. Şeir nədir? Poeziya nədir? Onlar o zaman mənimlə razılaşmayacaq. Hamısı məndən qaçırlar. Gedib saytda, küncdə-bucaqda mənim əleyhimə yazırlar. Amma üz-üzə gələndə unutmaqla heyf çıxırlar. Dindirməməklə, yada salmamaqla qisas alırlar guya. Mənim əleyhimə işləyən adamlar olub vaxtı ilə, indi onlar yoxdur.
 
– Paxıllıq idi bu, yoxsa başqa səbəb var?
– Elə bu cür danışmağım. Şeiri bilməyim. Mən yaxşı şeirə hər zaman əyilmişəm, məğlub olmuşam. Bizim "Pərvanə” ədəbi məclisimiz var idi. Oradan çoxlu ədiblər, simalar çıxdı. Aqşin Yenisey, Sevinc Pərvanə, Sevinc Çılğın, Şəhriyar Del Gerani – hamısı oradan gəldi. İndi bəyənmirlər bizi. Bunlar bəyənməməklə yadda qaldılar. İnkar səni tanıtdırır. Bir adam deyir ki, pəncərəni sındıracağam. Bu, camaat üçün çox maraqlıdır. Mən də deyirəm sındırma. Bu, camaat üçün maraqlı deyil. "Sındırma” deyən maraqlı deyil, şüşəni sındırmaq istəyən isə maraqlıdır. Şeirdə də belə olur. Amma həm də çox dəyərli oxucularım var. Ədəbi taleyimdən razıyam. Müəyyən tənqidlər etsələr də, gözdən salmağa çalışsalar da.
 
– "Pərvanə” ədəbi məclisi nə üçün davam etmədi? O məclis üzvləri hansı ideya ətrafında toplayırdı?
– Açıq qapı idi. Daimi üzvlər var idi, həmişə adamlar gəlirdilər. Hətta gələnlərin yolda qarşısını da kəsirdilər ki, getməyin. Sonra bu şəxslər özləri də gəlib əyləşirdilər arxada. Hamı etiraz edir, amma hamı da gəlirdi. Maraqlısı bu idi. Ən çox tənqid olunanlardan olmuşam. Amma kimsə də "Pərvanə”dən gəldiyini etiraf etmir: "Yox, mən "Pərvanə”dən çıxmamışam”. İki qız var idi: Aynur və Xatirə. Bunlar kitablarına "Pərvanə”nin üzvü sözlərini yazmışdılar. Onları öldürürdülər ki, siz niyə bunu yazıbsınız. Sonra keçdik qəzetlərə. Oradan keçməli idik televiziyaya. Etap-etap gəlirdik: dərnək, qəzet, televiziya. Televiziya da bizə qapı açmadı. Hər şey söndü. Təzədən "Pərvanə”yə qayıtmadıq.
 
– Bir müddət eksperimental şeirlər yazdınız. Bu, dövrün tələbi ilə bağlı idi?
– Məşq edirəm mən. Bu mənim içimi bütövləşdirir. Ruhumu təzələyir.
 
– Necə qəbul olundu?
– Rasim Qaraca məqalə yazmışdı mənim şeirlərim haqqında ki, əla şeirlərdir. 18 kitabım xarici ölkələrdə çap olunub.
 
– Bu kitablar şəxsi təşəbbüs idi, yoxsa poeziyaya olan ehtiyac? Tutaq ki, Kolumbiyada çıxan kitabınız...
– Bunun bir səbəbi var. 2007-ci ildə, Səlim Babullaoğlu sağ olsun, ona təşəkkür edirəm, Hollandiyada beynəlxalq poeziya festivalı keçirilir. Azərbaycandan bir çox şairlərin şeirləri göndərildi. Sevil Gültən idi tərcüməçi. Bir də Kamran Nəzirli. Onlar şeirləri tərcümə etmişdilər ingilis dilinə. Mənim şeirlərimi də göndərmişdilər Hollandiyaya. Oradan xəbər gəldi ki, biz bu şairlərin içindən Qəşəm Nəcəfzadəni seçmişik. Beləcə, seçilib getdim. Eyni zamanda dünya ölkələrindən 23 şair seçilmişdi. Fransadan, İngiltərədən, Amerikadan, Gürcüstandan, Almaniyadan və s. Hələ ora getməyimə 2 ay qalmış Azərbaycanda şeirlərimi ingilis dilində çap etdirdim. Burada ingilis dilində kitabımı nəşr etdirib apardım özümlə Hollandiyaya. Oradakı 23 şairə də bu kitabımdan hədiyyə etdim. Onlar mənim haqqımda fikirlərini bildirdilər. Və beləcə, mənim qapım açıldı. Hollandiyada çıxan kitablarım dünya ədəbi prosesinə daxil oldu.
 
– Həm proza, həm də şeir yazıbsınız. Prozanız sanki şairliyinizin kölgəsində qalıb. Bu, nə ilə bağlıdır?
– Hekayələr kitabımı oxuyanlar deyirlər ki, sən, ümumiyyətlə, şeir yazma.
 
– Yox, siz ədəbi mühitdə daha çox şair kimi tanınıbsınız...
– Şair kimi tanınmışam, amma Seyran Səxavət deyir ki, Qəşəmin hekayələri çox möhtəşəmdir. Poeziya onun kölgəsində qalır. Bilirsən, mən rəsm də çəksəydim, uğurlu alına bilərdi. Bunlar hamısı istedadın məhsuludur. İstər nəsr yaz, istər uşaq şeirləri yaz. Mənə deyirlər ki, səndən gözəl müəllim olardı. Məni o qədər müəllim kimi dəyərləndirilər. Uşaqlar məni evə qədər gətirirdi. İnşa verirdilər o vaxt yazmağa: kəndimizin əmək qəhrəmanları, şəhərimizin əmək qəhrəmanları. Mən uşaqlara deyirdim özünüz bir mövzu deyin. Dərs dediyim 26 uşağın hamısı şeir yazırdı. Bir şeyi müşahidə etmişəm. Hərə öz sahəsindən sanki, məni qovur. Uşaq şeirləri yazanlar deyir uşaq şeirləri yazma, hekayə yazanlar deyirlər hekayə yazma və s. Guya öz aləmlərində məni kənarlaşdırırlar.
 
– Qəşəm müəllim, şair nə vaxt məhv olur?
– Bilirsən, mən deyəcəyəm ki, şair kimisə tərifləyir onda ölür, bəlkə, onda da ölmür. Şairi bəzən öz zövqü məhv edir. Necə məhv edir? Yazır, deyir ki, yox, bu o şeir deyil. Bu gedişlə sonda yazmır. Zövq imkan vermir. Mən Kəramətə deyirəm ki, nəyi görürsən yaz, dayanma. Amma bəziləri düşünür ki, şair gündə bir şeir yazmalıdır. Bir ilə bir şeir yazsa, bəsdir. Özü də gülür bu dediyinə. Günə bir şeir yazan şair sonda heç nə yazmır. Bax, onda da məhv olur. Şair özünə xəyanət edəndə ölür. Şeirinə, üslubuna xəyanət edəndə. Mən yaxşı şeiri tanıyıram. Aqşin haqqında bir yazı yazmışdım. Yaxşı şairdir, amma bəzi şeirləri plagiatdır. İnciyirlər belə deyəndə. Ancaq mən faktlarla yazmışam. Mənim əleyhimə ən çox məqalə yazan Murad Köhnəqala və Rasim Qaraca olub.
 
– "Vətən”, "Sənin dərsin” şeirləriniz daha çox rəğbət qazandı. Bir qədər sentimental və pafoslu şeirlərdi. Oxucular niyə bu mövzulara diqqət edir, digər şeirləriniz niyə bu qədər rəğbət qazanmır?
– Mənim haqqımda bir elmi tədqiqat işi yazılsa, bu şeirlərdən bəhs etməyəcəklər. Tədqiqatçının şeiri ilə oxucunun oxuduğu şeir başqadır. Sənin dediyin televiziyanın günahıdır. Televiziya seçir şeiri. Mənim gücüm bu iki şeirdə deyil. Bizim insanların şeir sevməyindən xəbərimiz yoxdur. Bizə elə gəlir ki, şeirin içindəyik ondan bezmişik deyə, camaat da bezib. Mənim çoxlu sərbəst şeirlərim var. Onların televiziya variantını tapa bilmirəm.