• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Şair, həkim, siyasətçi – Mən gənc olarkən

22.09.14 10:36 2228
Şair, həkim, siyasətçi – Mən gənc olarkən
Deyir, həyatda ən pis şey insanın heç bir ideyasının, inandığı heç bir şeyin olmaması, anarxistcəsinə yaşamasıdır. Onun fikrincə, insanın həyatda bir məqsədi olmalıdır və o məqsədə doğru öz mübarizəsini aparmalıdır. Müshaibimiz şair, tibb elmləri namizədi, millət vəkili, Prezident təqaüdçüsü, “Nizami Aydın”, “Araz”, “Yusif Məmmədəliyev” ədəbi mukafatları laureatı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyevdir (Musa Urud).
Xruşşovun materialist etdiyi gənc
Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olan müsahibimiz 2 bacı bir qardaşdılar. Ailənin ortancılı olan Musa Qulyev bacılarının da ali təhsil aldığını deyir. Atası o dövr üçün böyük vəzifələrdə işləyib. Ferma müdiri, kolxozun partiya təşkilatı katibi, kolxoz sədri, kolxozun baş mühasibi olub. Anası isə 1988-ci ilə qədər kənddə müəllimə işləyib.
Uşaqlığı 1960-cı illərə təsadüf edən müsahibimiz o zaman hamının kasıb, amma şən və optimist həyat sürdüyünü deyir: “Xuruşşov elan etmişdi ki, 1980-ci ildə SSRİ-də kommunizm quracağıq. Hamı istədiyi kimi yaşayacaq. Pul olmayacaq, heç pula ehtiyac da qalmayacaq. Kim nə istəsə, gedib mağazadan alacaq, kim də nə qədər istəsə işləyəcək, kim də istəməsə, işləməyəcək. Məktəb illərində müəllimlərimiz də bizi kommunizmə hazırlayırdılar. Bu, bəlkə də mənim gəncliyimin ən ciddi aldanışlarından biri oldu. Ondan sonra özüm gözümlə görmədiyim, öz əlimlə toxunmadığım heç nəyə inanmadım. Sırf materialist oldum”.
“Mal nobatına gedərdim”
Gözünü açandan kənd təsərrüfat işlərində ailəsinə kömək edən həmsöhbətimiz deyir ki, ərköyünlüyün nə olduğunu heç vaxt bilməyib. Anasının ibtidai sinif müəlliməsi olması da onun tərbiyəsində xüsusi rol oynayıb: “Biz dərk edə bilmirdik ki, necə olar, səndən böyük sənə nəsə tapşıra, sən də etməyəsən. Hətta bizi gücümüz çatmayan, ağır işlərə də göndərirdilər. 11 yaşımda öz mal-heyvan nobatında kəndin quzusunu otarardım. Yaxud da ot biçir, otu daşıyıb tayaya yığır, malı suvarmağa aparır, bağ işlərinə kömək edərdik. İndi də o həyata minnətdaram ki, mənə əməyi sevməyi, qazandığına qane olmağı, qazanmadığına isə layiq olmadığını dərk etməyi öyrətdi. Həm də onu öyrətdi ki, öz şəxsi həyatında nə etmək istəyirsənsə, özünə güvənməlisən”.
Şairlik sevdası
Heç vaxt qarşısına dərslərini hamıda yaxşı oxuyacağı ilə bağlı məqsəd qoymasa da, həmişə əla qiymətlərlə məktəbdən evə qayıdıb. Sadəcə, hesab edib ki, oxumaq, ev işlərində validyenlərinə kömək etmək vəzifəsidir. Beləliklə, orta məktəbi qızıl medalla bitirən Musa Quliyev peşə seçimində valideynlərinin əmisinin rolu olduğunu deyir: “Üçüncü sinifdə oxuyandan şeirlər yazıb “Azərbaycan pioneri” qəzetinə, “Pioner” jurnalına göndərirdim. Bəziləri dərc olunurdu. Mənə redaksiyalardan məktub gələndə çox sevinərdim. Çünki o vaxt kənddə təkcə mənə eyni, standart olmayan bir zərfdə məktub gələrdi. Bir dəfə 4-5-ci sinifdə oxuyanda məndən nə olacağımı soruşdular. Şair olacağımı bildirdim. “Harada oxuyacaqsan?” sualına isə, “şairlik institutunda” cavabını verdim. Sonradan bildim ki, şairlik institutu olmur. 8-ci sinifi qurtarana qədər isə könlümdən jurnalist olmaq keçdi. Nənəmlə anam isə həkim olmağımı istəyirdilər. Əmim də gəlib nənəmgilə dəstək verdi və dediyi arqumentin qarşısında söz tapmadım. Bildirdi ki, həkim olsam da, istedadım varsa, şairliyimi davam etdirə bilərəm. Amma müəyyən müddətdən sonra istedadım mənim köməyinə gəlməyəcəksə, şair kimi fəaliyyətimi davam etdirə bilməyəcəyəm. Amma həkim olmaq üçün mütləq bu ixtisas üzrə oxumalıyam. Üstəlik, mənə həkim yazarların adlarını da çəkdi. Bundan sonra şeir yazmağıma davam edəcəyim şərtilə sənədlərimi Tibb İnstitutuna verdim”.
Kənddə işləmək istəsə də...
Arzusu institutu bitirəndən sonra öz kəndlərində işləmək olsa da, qismət olmur: “Rayonun baş həkimi atamla dostluq edən obyektiv bir erməni idi. Onun yanına getdim. Dedi ki, “səni bu gün işə götürə, yüksək maaş verə bilərəm. Təsərrüfatın da olar, həkim olduğuna görə kiməsə gedib baxarsan, toyuqdan, cücədən, yumurtadan, süddən, qatıqdan verərlər, dolanarsan. Amma mən vəzifədən gedəndən sonra səni burada işləməyə qoymayacaqlar. Sonra gərək qayıdıb Azərbaycanda özünə yenidən karyera qurasan. Nə qədər ki, gəncsən, oxumaq, öyrənmək həvəsindəsən, vaxtını itirmə, Azərbaycanda qalıb işlə”. Bilmirəm, bunu səmimi dedi, yoxsa başından eləmək istədi, amma mənə daha çox səmimi təsir bağışladı. Çünki desəydim ki, qalıb burada işləmək istəyirəm, razı olacaqdı”.
“İldə 2 dəfə geyim alardım”
Tələbəlik illərində yataqxanada qalmaq üçün yer tapmayan müsahibimiz kirayə evdə qalır. Deyir ki, tələbəlik illərində heç əlinin “yuxarı” vaxtı olmayıb: “Uşaq vaxtından məni elə öyrətmişdilər ki, qənaətcil və israfçılığın nə olduğunu başa düşürdüm. Başa düşürdüm ki, səhər durub 3 qəpiyə bilet alıb tramvayla dərsə getməliyəm, hər gün yeməyə bir manat xərcləyib ya bulka, ya pirojna, ya da kələmlə, kartofla peroşki ala bilərəm. Ya da uzaq başı arada tələbə yeməkxanasında manat yarımlıq nahar edə bilərərm. Ondan sonra da evə qayıdıb yemək hazırlamalı idim. Həftədə 1 dəfə də bazarlıq edərdim. Kənddən də iki həftədən bir ərzaq göndərirdilər”.
Ikinci kursdan yaşlı rus “babulyası” və onun yoldaşı ilə birgə qalır. Yemək bişirməkdən canını qurtarmaq üçün bicliyə əl atır. Kənddən ərzaqı çox göndərdiklərindən xarab olurdu. Buna görə rus “babulyası” ilə şərt kəsdim ki, ərzaq mənlik olsun, o da həm özlərinə, həm də mənə yemək bişirsin. Amma onu da deyim ki, özüm demək olar, hər yeməyi bişirə bilirdim. Yaxşı borş, toyuq ətindən yeməklər bişirirdim. Tələbəlik illərində restoranda yemək, kababxanaya getmək məsələləri olmayıb. Yalnız yuxarı kurslarda bayramdan-bayrama harasa gedərdik. Bir sözlə, tələbəlikdə bədxərclik etməmişəm. Əlimə düşən pulu kitaba verərdim. Ildə 2 dəfə - yayda və payızda geyinmək üçün rayonumuzun univermağından paltar alardım”.
““Şparqalka”lar cibimdən töküldü”
M. Quliyev tələbəlik illərində başına gələn maraqlı hadisələrdən də danışdı. 3-cü kursda onları Ağdama pambıq yığmağa aparırlar. Tələbələr gedib gah pambıq yığanları söhbətə tutur, gah onlardan pulla pambıq alıb öz adlarına yazdırır, gah da hansısa formada tarlaya ziyan vururlar. Axırda kolxoz sədri gəlib deyir ki, “siz Allah, tez gedin burdan. Pambığımı da əldən çıxartdınız, işçilərimi də işləməyə qoymursunuz”.
Bir dəfə də üzvü kimyadan imtahanda həmsöhbətimizin başına maraqlı əhvalat gəlir: “Birinci kursda oxuyanda müəllimimiz gözəl insan, gözəl alim Rauf Babaxanovun kimyadan imtahanı vardı. Mən də qəbul imtahanında kimyadan “5” almışdım. Gördüm ki, uşaqlar mühazirə dəftərini vərəq-vərəq cırıb ciblərinə qoyur ki, oradan köçürərlər. Əslində mənim “şparqalka”ya ehtiyacım olmasa da, mən də dəftərimi cırıb xalatımın cibinə yığdım. Qış vaxtı idi. Üst geyimlərimizi asılqana verib birka götürmüşdük. Birkanı da cibimə qoymuşdum. Bileti çəkdim, bir az hazırlaşdıqdan sonra müəllimin qarşısında oturub cavab verməyə başladım. Yadımdan da çıxıb ki, cibim kağızla doludur. Uşaqlardan biri gəlib asılqanda işləyən qadının getmək istədiyini dedi. Müəllimdən icazə aldı ki, uşaqlardan birkaları götürüb paltarlarını gətirsin. Mən birkanı cibimdən çıxaranda kağızlar yerə töküldü. Babaxanov donub qaldı. Çünki qəbul imtahanında kimyadan “5” aldığımı, qızıl medalçı olduğumu bilirdi. Mənə baxıb dedi ki, “ayıb olsun sənə, sən necə qızıl medalçısan ki, kimya imtahanına cibində “şparqalka” ilə gəlirsən”. Çaşıb qaldım. Dedim ki, “şparqalka” yadıma düşməyib, necə olubsa, gəlib mənim cibimə giriblər. Mənə əlavə bilet verdi, danışdım, əlavə suallar verdi, cavablandırdım. Dedi, “məni fikir götürüb ki, sən bütün bunları bilə-bilə imtahana niyə “şparqalka” ilə girirsən?”. Dedim, “müəllim, gördüm uşaqlar götürür, mən də götürdüm”.
Prokurorluq işçisinə rüşvət
M.Quliyev tarixi çox sevdiyindən həmişə seminarlarda cavab verib “5” alarmlş: “Şəkixanov soyadlı tarix müəllimimiz çox sərt, obyektiv adam idi. O, imtahandan qabaq bütün qrupu otağa yığdı və cibindən siyahı çıxardıb dedi ki, “oxumayacağam kimlərdi, amma bu uşaqların hamısı mənə tapşırılıblar. Zaçotkalarını gətirsinlər, hərəsinə bir 3 verəcəyəm, getsinlər”. Qeyd edim ki, o vaxt bunu demək çox çətin söhbətdi. Mərkəzi Komitədən də bu müəllimi yaxşı tanıyırdılar. Sonra məni çağırdı, bilet çəkən kimi, dedi ki, cavab ver. Hazırlaşmaq üçün icazə istədim. Dedi, “sənin hazırlaşmaq fikrin də var? Bax gör, sualları bilirsənmi”. “Bəli” dedim. Uca səslə bildirdi ki, “səni mənə heç kim tapşırmayıb ki?”. Dedim, “yox”. “Mənə pul-zad verməmisən ki?”. Yenə “yox” dedim. Bildirdi ki, “uşaqlar, bütün seminar boyu bu oğlan dərsi danışıb. Bilirəm ki, bu gün də hazırlıqlı gəlib. Soruşmadan “əla” qiymət yazıram”.
Müsahibimiz tələbə vaxtı 5 manat rüşvət verdiyini də etiraf etdi: “Tibb institutunda yarım semestrlik təbabət hüququ dərsi keçirdik. Müəıllimimiz Nəsimi rayon prokurorluğunda işləyən bir qadın idi. O, qrup nümayəndəsini çağırıb, dediyi fəndən nə imtahanın, nə də zaçotun olmadığını bildirib, amma Kubinkada 250 manata yaxşı uzunboğaz çəkmə satıldığını və onu almaq üçün uşaqlardan pul yığmağını xahiş edib. Buna görə də 250 manatı uşaqların sayına böldülər, hərəyə 5 manat düşdü. Mən də utandım, deyəm ki, 5 manatı vermirəm. Beləliklə, müəllimə yardım edib ayaqqabı aldıq ki, qışda ayaqları üşüməsin”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər