Şahzadə Məktəbindən reportaj - Reportaj
İçərişəhərin qədimliyi,
sirr-sehri insanı hər zaman keçmişə aparır. Keçmişə səyahət edərkən yolumuzu
incəsənət dühaları yetişdirən, qədimliyi yaşadan məktəbdən salırıq. Bura Şahzadə
Məktəbidir. Britaniya Şahzadə Məktəbinin Azərbaycandakı tərəfdaşı...
Burada fərqli mühit, fərqli
müəllimlər və ağır olsa da, qeyri-adi dərs metodu var. Məktəbin adı kimi, tələbələri
və müəllimləri də digərlərindən fərqlənir. Tələbələrin məqsədi mədəniyyətimizi
qorumaq, incəsənətdə köhnə ənənələri yaşatmaq və müasirliklə sintez etməkdir.
Şahzadə Məktəbinin unikal üslubu gənc dizaynerlərə davamlı olaraq öz mədəni
irsinə yeni yanaşmanı təbliğ etməyə, eyni zamanda inkişaf etdirməyə imkan
verir.
Şahzadə
Məktəbi nədir və necə yaranıb?
2004-cü ildə Böyük
Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) Uels Şahzadəsi Çarlz
tərəfindən təsis olunub. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və
Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından
etibarən təsis edilib. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin
milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni
dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə
nail olmaqdan ibarətdir.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının "SABAH” qruplarının rəhbəri Əsmər Abdullayeva deyir ki, layihədə
məqsəd Azərbaycanda ənənəvi incəsənətin dirçəldilməsi, məhv olan köhnə
texnikalara Azərbaycanda yeni nəfəs vermək və gənc nəslə ötürməkdir: "Bu layihə
çərçivəsində 3 ildə 25 istedadlı tələbə, rəssam cəlb etdik. Bu 25 tələbənin
ümumi tədris proqramı var idi. 4 sənət növü - keramika, zərgərlik, ipək üzərində
naxışlar və taxta üzərində işlə bağlı dərslər tədris edilirdi. Bu məktəbin əsas
fəlsəfəsi ənənəvi sənətləri, milli mədəni irsi müasir tərzdə təqdim etməkdir”.
2018-ci ildə imzalanmış
anlaşma memorandumu əsasında Təhsil Nazirliyi, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi,
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlıq Akademiyası
tərəfindən Birgə Akademik İncəsənət Proqramının tətbiqi sahəsində əməkdaşlığının
yeni mərhələsinə start verilib. Hazirda "SABAH” qruplarının tələbələri proqrama
cəlb olunur. Ə. Abdullayeva deyir ki, semestrin 50 faizi xarici müəllimlərlə
keçirilir və praktikaya daha çox əhəmiyyət verilir: "Proqram çox ağırdır. Həftədə
3 dəfə səhər 10-dan axşam 6-ya qədər tələbələr dərslərdə olur. Amma proqramın
ağırlığı ilə bağlı onlara əvvəlcədən məlumat verilir. Bir fənn çərçivəsində 5-6
müəllim dərs keçir. Tələbələrimiz peşəkar şəkildə, zəngin diplomla məzun
olurlar”.
"Bütün
rənglər təbii yolla alınır”
Dərs prosesini izləmək
üçün tədris gedən otağa daxil oluruq. Adi sinif otaqlarından fərqlənir. Burada
parta, lövhə yoxdur. Tələbələr əllərindəki qablarda xüsusi maddələr, bitkilərlə
rəng almağa çalışırlar. Çünki onlar ipəkdən təbii şərf, süfrə və milli geyim
hazırlayacaqlar. Hər tələbənin əlində fərqli rəng var. Dərs vaxtının bitməsinə
baxmayaraq, gərgin şəkildə işləyirlər. Müəllimləri də saatın keçməsinə fikir vermir.
O qədər həvəslidirlər ki...
Müəllim köməkçisi Vəfaya
yaxınlaşırıq. Vəfa Şahzadə Məktəbinin ilk məzunlarındandır. Hazırda həmin məktəbdə
müəllim kimi işləyir. Deyir ki, hazırda təbii üsullarla parçanın üzərinə çap
etmə dərsi keçilir: "Bu üsul çox qədimdir. Bundan bizim tarixi ənənələrdə də
çox istifadə ediblər. Dərsin adı "silk screen”dir. Burada bütün proseslər təbii
yolla edilir”.
Vəfa deyir ki, burada öyrədilənlər
ölkənin heç bir yerində tədris edilmir: "Biz keçmişdə hansı üsullardan istifadə
etdiklərini, boyaqları necə aldıqlarını indi öyrənirik. Ənənəvi üsulla
naxışları necə çəkməyi, daşlardan, minerallardan, piqmentlərdən rənglərin
alınmasını, onlara məhlul qatıb sulu boya, yağlı boya düzəltməyi öyrədirik. Bu
üsulları heç bir tələbə bilmir. Bacardığımız qədər dərslərimizdə kimyəvi
boyalardan uzaq dururuq. Keçmişdə necə edirdilərsə, onu qoruyub saxlamağa
çalışırıq”.
"İncəsənət
qurban tələb edir”
Xalçaçılıq fakültəsinin
3-cü kurs tələbəsi İlahə Hətəmova
göy rəng hazırlayır: "Hazırda piqmenti soya sousu və su qarışımı olan məhlulla
həll edirik. Bunu həll etdikdən sonra üzərinə kraxmal qatırıq və onu
qatılaşdırırıq. Sonra bundan rəng alırıq və parçanın üzərinə çəkirik”.
Hökümdar Qurbanov da
piqment qarışdıraraq rəng almağa çalışır: "Mənim hazırladığım rəng torpaq tərkiblidir.
İlahədə isə mineral tərkibli idi”. Hökümdar deyir ki, xalçaçılıq çox dərin
anlayışdır: "Digər sahələrdən məlumatım var idi. Amma xalçaçı dizaynerliyin həm
qədimiliyi, həm də sirlə dolu olması məni özünə çəkdi. Üstəlik, indi bu sahəyə
tələbat var və inkişaf etdirilir. Xalça sənəti ən maraqlı, dərin, incə sənətdir.
Düzdür, proqram yorucudur və dərslər çox olur. Yorucu olsa da, maraqlıdır.
Vaxtımızın çoxunu burada xərcləyirik. Çünki bu bizim sənətimizdir və sənət də
qurban tələb edir. İnsanların bəziləri öz düşüncələrini cümlələrlə ifadə edir,
biz də hisslərimizi qurduğumuz kompozisiyalarla göstəririk. İçimizdəki dünyanı
rənglərlə üzə çıxarırıq. İncəsənətlə maraqlanmayan insan bu zövqü dərk edə
bilmir”.
Sadıq Sülyemanov artıq
parçanı taxta üzərində rəngləməyə başlayıb. Deyir ki, hazırda çuğundur rəngi ilə
boyanmış təbii parçanın üzərinə soya sousu ilə bərkidici vurur: "Çünki üzərində
prosesləri aparanda alt rəng özünü olduğu kimi saxlamalıdır. Bu bitdikdən sonra
üzərində işləyəcəyik”.
Fatimə Axundzadə isə Sadıqə
lazım olan məhlulu hazırlayır: "İndi piqmenti lövhədə soya südüylə həll etməyə
çalışıram ki, qatılaşmasın. Sonra rəng halına gətirəcəyik”.
Ayan Kazımzadə artıq
yorulub. Əlindəki məhlula fokuslanıb. Deyir ki, biz bu rəngləri xaricdən gətirməməli,
özümüz istehsal etməyi bacarmalıyıq: "Belə mərkəzlər Azərbaycanda çox
olmalıdır. Biz rəngləri özümüz əldə etməliyik. Çünki bizim ənənələrimiz var. Nənələrimiz,
babalarımız kimyəvi maddələrdən istifadə etməyib. Biz də bunu yaşatmalıyıq”.
"Belə
istedadları itirmək olmaz”
Yuxarıda qeyd etdiyimiz
kimi, tələbələrə əcnəbi müəllimlər də dərs deyir. Onlardan biri olan Alini
Marriona yaxınlaşırıq. Brazilyalıdır. Deyir ki, 3 ilə yaxındır Şahzadə Məktəbində
dərs deyir. Müəllimi Azərbaycan tələbələrinin rəng almaq metodikasını bilməmələri
təəccübləndirir: "Azərbaycan tələbələri ətrafdakı bitkilərdən rənglər əldə etməyimizə
təəccüblənirlər. Bu qədər zəngin mədəniyyətə, xalça ənənəsinə malik olub, bu dərəcədə
təəccüblənmələri qəribədir. Materialları haradan əldə edə biləcəklərini bilmirlər.
Özlərində bu ənənə ola-ola materialları əldə edə bilməmələrinə təəssüf hissi
keçirirlər. Eyni zamanda da çox çalışqandırlar. Hər dəfə təzə bir məlumat öyrənmək
istəyirlər. Məni heyfsiləndirən odur ki, ölkənin qədim mədəni ənənəsi var. Amma
tələbələr bunu necə edəcəklərini bilmirlər. Bu ənənə ilk olaraq ailədən keçməlidir.
Azərbaycanın təbiəti o qədər zəngindir ki... Buradan bitən, rəng verən bitkilərdən
xəbərdar olmalıdırlar”.
Sonda layihə rəhbəri Əsmər
Abdullayeva vurğuladı ki, insan ağac kimidir, sən onu sulamalısan ki, bəhrəsini
versin. Yaradıcı insanların da xüsusi dəstəyə ehtiyacı var. Təkcə maliyyə dəstəyi
yox, onlara qayğı, mənəvi dəstək lazımdır: "Mən öz tələblərimə həmişə tələbə
kimi yox, şəxsiyyət kimi yanaşmışam.
Bizim əsas məqsədimiz onları oxutdurub sağollaşmaq deyil. Çalışıram ki, buranı bitirəndən
sonra da onları işə cəlb etməkdə dəstək olum. Çünki belə istedadlı insanlar tək-tük
olur. Onları itirsək, çox şey itirərik.
Aygün ƏZİZ