• cümə, 19 Aprel, 17:47
  • Baku Bakı 25°C

Şahmatımızın zəfər yürüşünə zərif töhfə - Təhlil

08.11.19 15:44 2943
Şahmatımızın zəfər yürüşünə zərif töhfə - Təhlil
"Medalı ermənilər üzərində qələbə ilə qazanmaq nə qədər qürurludursa, onlara uduzub əliboş qalmaq, bir elə üzücü olardı"

Azərbaycan şahmatı özünün ən məhsuldar dövrünü yaşayır desək, yanılmarıq. Teymur Rəcəbovun Dünya Kubokundakı möhtəşəm qalibiyyəti və 14 yaşlı vunderkind Aydın Süleymanlının dünya çempionluğundan heç bir ay keçmədi ki, Batumidə baş tutan komandalararası Avropa çempionatında ölkəmiz adına daha bir tarixi an yaşandı. Xəbər verdiyimiz kimi, Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Türkan Məmmədyarovadan ibarət qadın seçməmiz 27 illik aradan sonra qitə yarışının bürünc mükafatını qazanıb. Yarışa üçqat Avropa çempionu kimi qatılan kişi millimizin uğursuzluğunu unutduran xanımlarımız, haqlı olaraq son günlərin əsas gündəmini təşkil edir.

Yetişən uğur

Bir çoxları "bürünc"ü gözlənilməzlik kimi qələmə versə də, şahmatı yaxından izləyənlər üçün bu, tam təbii qarşılanmalıdır. Xanım zəkalarımızın son illərdə qazandığı ardıcıl nailiyyətlər, beləliklə, FİDE reytinqində əldə olunan mühüm irəliləyiş uğurlu çıxış üçün əlverişli zəmin yaratmışdı. Təsadüfi deyil ki, komandamız reytinqə əsasən, AÇ-nin iştirakçıları arasında tarixdə birinci dəfə ilk "beşlik"də yer alırdı.

Yeri gəlmişkən, hələ ilin əvvəlində ənənəvi "Portret" rubrikamız çərçivəsində yığmanın bir neçə üzvü ilə söhbətləşmişdik. Onlar Batumi mücadiləsi haqqında yetərincə inamlı danışmış; "Azərbaycan qadın şahmatı ən yaxşı dövrünü yaşayır", "nəhayət, bu dəfə tilsimi qıracağıq" deyə, iddialı açıqlamalar vermişdilər.


İspanlara məğlubiyyətin favoritlərlə "sığorta"sı

Hərçənd, Avropa çempionatı bizim üçün elə də yaxşı başlamadı. Belə ki, xanımlarımız ilk görüşdə autsayder Latviyaya yerini göstərsə də (4:0), ikinci turda İspaniya seçməsinə uduzdu - 0,5:3,5. AÇ-nin iştirakçıları arasında 12-ci pillədə qərarlaşan pireneylilərlə qarşılaşmada alınan böyük hesablı yenilgi, komandamızın yarışdakı taleyini ciddi şübhə altına almışdı. Belə bir məqamda, ələlxüsus, psixoloji gərginliyi aradan qaldırmaq tələb olunurdu ki, bunun öhdəsindən məharətlə gələn seçməmiz, Avstriyaya da baltiklilərin aqibətini yaşadıb, Rumıniyanı minimal fərqlə üstələdi - 2,5:1,5. Növbəti görüşdə ilk dörd turu bizim kimi 3 qələbə, 1 məğlubiyyətlə başa vuran İtaliya millisinə bir xal fərqlə qalib gəldiksə, ardınca yarışın reytinq favoriti ruslarla dramatik mübarizənin yekununda heç-heçəyə nail olduq:
Növbəti rəqib isə ruslardan heç də az təhlükə kəsb etməyən ev sahibləri idi. Yarışın ikinci reytinq favoritinə də yenilməyən, nəticədə, üçüncü pilləyə yüksələn xanımlarımız, səkkizinci turda güclü Fransa komandası ilə dueldən qalib ayrıldı - 2,5:1,5.

Ermənilərlə duelin qəhrəmanı: "Risk onlara baha başa gəldi"

"Bürünc" üçün son turda bizi heç-heçə də qane edirdisə, rəqib Ermənistana yalnız qələbə lazım idi. Lakin tarixi uğurun əhəmiyyətini birə-beş artırmaq istəyən millimiz, sadəcə, qələbəyə köklənmişdi ki, bu da görüşün ta əvvəlindən özünü büruzə verməyə başladı. Bütün qarşılaşmalarda üstünlük yaxalayan xanımlarımızdan üçü son nəticədə riskə getməyib, heç-heçəyə razılaşdısa, birinci lövhədə mübarizə aparan Günay Məmmədzadə Lilit Mkrtçyan üzərində qələbə ilə komandamızın bu prinsipial dueldən də qalib ayrılmasını təmin etdi. Təəssüratlarını bölüşən 19 yaşlı qrossmeyster deyir ki, öz gücünə nə qədər inansa da, son partiya öncəsi üzərində bir xeyli həyəcan hiss edib: "Medalı ermənilər üzərində qələbə ilə qeyd etmək nə qədər qürurludursa, onlara uduzub əliboş qalmaq, bir elə üzücü olardı. Bunu düşünəndə, istər-istəməz həyəcan yaranırdı. Konkret görüşə gəldikdə, rəqib gedişatda vəziyyəti bir az düzəltdi, heç-heçə imkanı yaranmışdı. Kapitanla məsləhətləşdi, lakin onlara qələbə hava-su kimi lazım idi deyə, bununla razılaşmadı. Beləcə, risk onlara baha başa gəldi. Komandamla Avropa üçüncüsü olduğum və bu vacib dueldə həlledici nəticəni qazandığım üçün çox xoşbəxtəm".


Rekorda doğru

Bu arada, 27 illik həsrətin sona çatmasında əsas pay sahibi olan iki şahmatçımız, sonda öz lövhələri üzrə ilk "üçlük"də yer aldı. Belə ki, dördüncü lövhədə yarışan Gülnar Məmmədova 6.5 xalla ikinci oldusa, birinci lövhədə 8 oyundan 5,5 xal toplayan Günay üçüncü nəticə göstərdi. O cümlədən, aktivinə 14,7 elo xalı yazdıran Məmmədzadə, 8 pillə irəliləyərək, FİDE reytinqində 30-cu yerə yüksəlib. Bununla da, o, özünə məxsus olan ölkə rekordunu (32-ci yer - 2018, iyun) yeniləmək fürsəti yaxalayıb. Həmçinin ölkə şahmat tarixinin ən gənc xanım qrossmeysteri (14 yaş) adına sahib olan Günayın şəxsi məşqçisi Rəsul İbrahimov da yetirməsinin çıxışından razı qalıb: "Performansı, məni böyük ölçüdə qane etdi. Üstəlik, bir neçə görüşdə yaradıcı oyunu ilə fərqləndi ki, bunu vurğulamasam, olmaz. Lakin bəzi problemlər də nəzərimdən qaçmadı. Çatışmazlıqlar üzərində işləyib, Günayın qadınlar arasında top oyunçulardan biri olmasına çalışacağıq".

"Komanda maraqlarını nəzərə alıb..."

Cari əmsalına 16 xal əlavə edən Gülnara gəldikdə, o, erməni rəqibi üzərində qələbə qazansaydı, yarışı öz lövhəsi üzrə ilk sırada bitirəcəkdi. 2009-cu ildən bu yana keçirilən bütün komandalararası yarışlarda seçməmizin heyətində yer alan 27 yaşlı qrossmeyster, fərdi nailiyyətini komanda maraqlarına qurban verdiyini deyir: "Reytinqə görə beşinci olsaq da, hədəfə çatmaq asan deyildi. Əsas rəqiblərimiz Rusiya, Gürcüstan, Ukrayna, Polşa, İtaliya, İspaniya, Fransa, Ermənistan sayılırdı. Son illər komanda yarışlarında son 2-3 turda xal itirərək, medal şansını əldən buraxırdıq. Ancaq hər dəfə ilk "10-luq"da yer alırdıq.

Kapitanımız məni dördüncü lövhəyə daha çox qələbə qazanmaq və komandaya xallar qazandırmaq üçün yerləşdirmişdi. Ümumilikdə, çıxışımdan tam razı qaldım. Lakin son turda da qalib gələ bilərdim. Sadəcə, digər görüşlərin nəticəsinə görə, bizə heç-heçə də kifayət edirdi. Kapitanla məsləhətləşdikdən sonra komanda maraqlarını nəzərə alıb, aşkar üstün olduğum qarşılaşmanı heç-heçə başa vurdum. Əks halda, görüşün gedişində səhv edib, məğlubiyyət riskini göz önünə almalıydıq".


Kiçik Məmmədyarovanın böyük qayıdışı

Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın çıxışını qənaətbəxş hesab etmək bir qədər çətindirsə, uzun ayrılıqdan sonra yığmanın heyətində yer alan Türkan Məmmədyarovanın dönüşünü uğurlu adlandırmaq olar. Keçirdiyi beş görüşün ikisini qələbə, ikisini heç-heçə ilə bitirib, yalnız birində uduzan kiçik Məmmədyarovanın özü də oyunundan razı qaldığını bildirir: "Analıq məzuniyyətimlə əlaqədar olaraq 2014-cü ildən bu yana komanda ilə sadəcə, bir yarışda çıxış etmişdim. O da 2016-cı ildə Bakıda keçirilən Olimpiadaya təsadüf etmişdi. Onda da əsas yox, ikinci komandanın heyətində idim. Belə yarışlarda yetərincə təcrübəm olmasına baxmayaraq, həyəcan hiss edirdim. Bu səbəbdən, son iki görüşə qatılmaq istəmədiyimi dedim. Həlledici məqamda uduzmaqdan, komandanın əvvəlki illərdə yaşadığı aqibətin təkrarlanmasından çəkindim. Ümumi götürəndə, əlbəttə, beş görüşdən 3 xal pis nəticə deyil".

Muzıçuk bacılarının yoxluğu, idman xoşbəxtliyi və əldən çıxan "gümüş"

Komandamızın "bürünc" yolunu "Kaspi"yə şərh edən şahmat eksperti Rəsul İbrahimov, tarixi medalı şərtləndirən amilləri də vurğulamağı unutmadı: "Avropa çempionatlarında, adətən üç yığma - Rusiya, Ukrayna və Gürcüstan digərlərindən fərqlənib. Lakin Ukrayna bu yarışa nisbətən zəif heyətlə qatılmışdı. Muzıçuk bacılarının yoxluğunda üçüncülük uğrunda mübarizə aparmağın mümkün olduğunu özüm üçün qətiləşdirmişdim. Azərbaycan yığması kifayət qədər təcrübəli, belə böyük yarışlarda "bişmiş" şahmatçılardan ibarətdir. Xanımlar bunadək bir neçə dəfə mükafatın bir addımlığından dönmüşdülər. Elə ötən il Batumidə keçirilən Olimpiadada son turda Vyetnam üzərində qələbə qazansaydılar, bəlkə, mükafatçılar sırasına da düşərdilər.

Açığı, hansısa qarşılaşmanı xüsusi qeyd etmək çətindir. İki zəif komanda - Latviya və Avstriyanı çıxsaq, digər görüşlərdəki qələbələr gərgin mübarizə şəraitində qazanıldı. Bu, onu göstərir ki, yığmaların səviyyəsi bir-birinə yaxın idi. Düzü, Rusiya ilə görüşdə idman xoşbəxtliyi də bizim tərəfimizdə oldu. Gedişat böyük ölçüdə məğlubiyyətdən xəbər verirdi. Gürcüstanla dueldə isə heç-heçə yaxşı nəticə sayılsa da, qələbə şansımız yetərincə idi. Bunu lazımınca dəyərləndirsəydilər, böyük ehtimalla, medalın əyyarı gümüş olardı".

Sonda qeyd edək ki, ilk yeri, gözlənildiyi kimi, 16 xalla Rusiya yığması tutdu. 9 görüşdən 7 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılan ev sahibləri isə bizdən sadəcə 1 xal artıq toplayaraq (15), ikinci oldu.

Sahib



banner

Oxşar Xəbərlər