• cümə, 29 Mart, 13:35
  • Baku Bakı 14°C

Şahin Mustafayev İspaniya nümayəndə heyəti ilə görüşüb

24.04.14 15:37 1185
Şahin Mustafayev İspaniya nümayəndə heyəti ilə görüşüb
Bu gün iqtisadiyyat və sənaye (İSN) naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. Qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş əlaqələrin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Ş.Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində hazırda müzakirə mərhələsində olan Sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaqdır.
Görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Xose Manuel Qarsia-Marqallo müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycan iqtisdaiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.
Sonra İSN-in dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, İKT, turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və sair sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən İspaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib. Qeyd edilib ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev İspaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalandığını, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması isqamətində müvafiq işlərin görüldüyünü qeyd edib. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyəti qeyd edilib, bugünkü biznes forumun da iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyi vurğulanıb.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu qeyd edib, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə məlumat verib. Cənab Marqallo İspaniya iqtisadiyyatı barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
Biznes forum ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam edib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər