• şənbə, 20 Aprel, 14:04
  • Baku Bakı 23°C

Sahil Babayev: İşsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur

08.04.20 02:03 782
Sahil Babayev: İşsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur
Sosial məsələlərə dair tədbirlərin üçüncü istiqaməti işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sektorda işləyən, pandemiya səbəbindən xüsusi karantin elan olunmasına görə iş yerlərini itirmiş insanlarla əlaqəlidir. Bu sahədə işsizlərin müəyyən qədər uçotu mövcud idi. Ötən il istifadəyə verilən məşğulluq altsistemi vasitəsilə 100 mindən çox işsiz şəxsin uçotu təmin edilib. Digərlərinin uçotu yoxdur, çünki qeyri-formal sahələrdə işləyən insanlar əmək müqaviləsinə, sosial sığortaya, işsizlikdən sığortaya malik olmurlar. Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Son iki ildə müxtəlif platformalarda həm hökumət tərəfindən, həm nazirlik, həm də Prezident İlham Əliyev tərəfindən dəfələrlə elan edilib ki, heç kim əmək müqaviləsi olmadan çalışmasın. Şikayət edənlərin əksəriyyəti də məhz əmək müqaviləsi olmadan, qeyri-rəsmi, qeyri-formal çalışanlardır.
AZƏRTACxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında bildirib.
"Onlar müəyyən dövr üçün düşünürdülər ki, sosial sığorta haqlarını, vergiləri ödəməməklə hansısa bir üstünlük əldə edirlər. Koronavirus pandemiyası göstərdi ki, əksinə, həmin insanlar ən böyük ziyanı özlərinə vurublar və hazırda onların sosial təminatı yoxdur. Azərbaycan öz üzərinə sosial dövlət missiyası götürdüyü, Prezident İlham Əliyevin fəaliyyətində insanların rifahı ən önəmli xətt olduğu üçün həmin insanlar da sosial dəstəkdən məhrum olmadılar. Dövlətimizin başçısı həmin şəxslərin də sosial dəstəklə əhatə edilməsinə dair tapşırıq verdi. Ölkə rəhbərinin tapşırığına əsasən tədbirlər planı hazırlandı. Həmin tədbirlər bir neçə istiqamətdə müəyyən edildi. İlk olaraq işsizlər üçün 50 min haqqı ödənilən ictimai iş yerləri yaradılır. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər, o cümlədən rayonlar üzrə bölgü də müəyyən edilib. Gələn həftədən onların həmin ictimai iş yerlərinə cəlb edilməsi başlanılacaq.
Bu kateqoriyadan olanlara dair ikinci tədbir məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu həddində, yəni 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi tədbiridir. Bu tədbir işsiz və pandemiya nəticəsində iş yerini itirərək işsiz statusu qeydiyyatına düşmüş şəxslərin əhatə olunmasına yönəldilib.
İki ay müddətinə dövlət büdcəsindən haqqı ödənilən ictimai işlərə görə 30 milyon manat, 190 manat birdəfəlik müavinət verilməsi üçün isə 70 milyon manat vəsait ayrılıb. Beləliklə, işsizlikdən əziyyət çəkən vətəndaşların sosial müdafiəsinə dövlət büdcəsindən iki ay müddətinə 100 milyon manat vəsait yönəldilir.
Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək. Hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək. Əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək.
İşsiz və qeyri-formal vətəndaşların müdafiəsinə yönəlmiş növbəti tədbir özünüməşğulluq proqramının genişləndirilməsidir. Bu il ərzində proqramda üç minə yaxın vətəndaş təlimlərdən keçərək layihəyə cəlb olunub. Pandemiyaya görə tətbiq olunan karantin rejiminin işləri ləngitməsinə baxmayaraq, bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyi planlaşdırırıq. Bu məqsədlə İşsizlikdən Sığorta Fondu vasitəsilə 70 milyon manat vəsait ayrılacaq. Bu da aztəminatlı işsiz vətəndaşların məşğulluğunun təmini məqsədini daşıyır”, - deyə Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur. Belə ki, işsizlikdən sığorta ödənişi ancaq vətəndaşın iradəsindən kənar olan işsizlik səbəblərindən ödənilirdi. Yəni, əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddətinin baş çatması nəticəsində işdən çıxırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Hazırda bununla bağlı silsilə tədbirlər hazırlanır. Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək. Hesab edirik ki, təkcə bu il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq.
Həmin kateqoriyadan olan insanlara dair növbəti tədbir müxtəlif səbəblərdən ödənişləri dayanmış şəxsləri əhatə edir - peşə hazırlığına cəlb olunan şəxslər, işsizlikdən sığorta haqqı alan, lakin karantin dövründə bunun bitməsi ilə nəticələnən şəxslər. Onların günahı olmadan ödənişləri qanunvericiliklə dayanıb. Qanunvericiliyə müvafiq düzəlişlər təklif edildi və Baş Nazir Əli Əsədovun imzaladığı qərar əsasında azı 2 min nəfər üçün ödənişlər davam etdirilə bilinəcək.
S.Babayev diqqətə çatdırıb ki, tədbirlərin dördüncü istiqaməti xüsusi həssas təbəqənin müdafiəsinə yönəlib. Bu tədbirlər çərçivəsində bir sıra işlər görüləcək. Ötən ilin yekunlarına əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, habelə xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyat yaranıb. Dövlət Sosial Müdafiə Fondunun həmin ehtiyatı bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək.
Aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağı gözlənilir Bu, obyektiv səbəblərdən irəli gəlir. Həmin azalmalar 2019-cu ildə yığılmış "ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq.
"Martda 2 milyon 300 mindən çox insanın ödənişləri Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub. Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq”, - deyə nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər