• cümə, 19 Aprel, 23:49
  • Baku Bakı 24°C

Sahibkarlıqda gender bərabərliyi yaradılır

31.07.15 12:24 3181
Sahibkarlıqda gender bərabərliyi yaradılır
Məqsəd kənd qadınının maliyyə baxımından asılılığını aradan qaldırmaqdır
Azərbaycanda sahibkarlığın inkişafı üçün müxtəlif addımlar atılır. Amma nədənsə, kənd təsərrüfatı sahəsində sahibkar dedikdə, daha çox kişilər nəzərdə tutulur. Düzdür, bu sahədə qadınlar da çalışırlar, amma o qədər azdırlar ki, ümumi qiymətləndirəndə demək olar ki, gözə görünmürlər. Amma hazırda bu boşluğun doldurulması üçün işlər başlanılıb.
Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 28 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsi təsdiq edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən, Azərbaycanda və Türkiyədə həyata keçiriləcək layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunmasından, kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Layihə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.
Layihənin icrasına başlanılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova trend-ə açıqlamasına bildirib ki, AQUPDK-u maraqlandıran əsas məsələlərdən biri əhalinin orta təbəqəsinə aid olan qadınların sahibkarlığa gətirilməsi və onlara dövlət dəstəyinin göstərilməsidir. S.Qəhrəmanova hazırda BMT-nin Bakı ofisi ilə bu istiqamətdə birgə layihə həyata keçirdiklərini söyləyib: "Artıq layihə Sabirabad rayonunda həyata keçirilib. Hazırda isə Neftçala rayonunda həyata keçirilir. Layihənin Masallı rayonunda davam etdirilməsi planlaşdırılır. Bu layihəyə uyğun olaraq, ali savadı olmayan, evdar kənd qadını biznes imkanlarını inkişaf etdirir. Layihə çərçivəsində onlara müəyyən bacarıqlar – layihənin yazılması, qrantların əldə olunması yolları öyrədilir. Sabirabadda ali savadı olmayan 9 evdar qadına maliyyə dəstəyi göstərilib, onların indi artıq müxtəlif sahələr üzrə kiçik biznesləri var. Biz bu sahəni inkişaf etdirmək istəyirik. Bununla da kənd qadının maliyyə baxımından asılılığını aradan qaldırmağa çalışırıq”.
Qadınlar çalışan yerdə şəffaflıq daha çox olur

Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, qadınların sahibkar kimi kənd təsərrüfatına cəlb edilməsi bu sektorda inkişafa böyük dəstək olacaq: “Sovet vaxtında həmişə qadınları kənd təsərrüfatına cəlb ediblər. Qadınlar kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstəriblər. Hazırda Azərbaycanda liberal iqtisadiyyat hökm sürür. Qadınların müxtəlif vəzifələrə təyin olunması cənab Prezidentin diqqətində olan məsələdir. Düzdür, kənd təsərrüfatı bir az ağır sahədir. Amma orada fəaliyyət göstərən fermer, sahibkar qadınlarımız çoxdur. Ümumiyyətlə, rayon yerində sahibkarlıqla məşğul olan qadınlarımız var. Kənd təsərrüfatı da sahibkarlığın bir sahəsidir və burada da qadınlarımız fəaliyyət göstərə bilərlər, heç kim onların qarşısını almır. Qadınların bu sahəyə cəlb edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək. Qadınlar çalışdığı yerdə korrupsiya faktları az, təmizlik, şəffaflıq çox olur. Qadınlarda məsuliyyət hissi güclüdür. Ona görə də düşünürəm ki, onları bu sahədə də irəli çəkmək lazımdır”.
Millət vəkili deyir ki, Azərbaycanla Türkiyə qardaş ölkədir. Kənd təsərrüfatı sahəsində də birlik uğurlu şəkildə davam etdirilir: “Bu gün Türkiyə-Azərbaycan bir dövlət səviyyəsində fəaliyyət göstərirlər. Bir çox sahələrdə sıx əlaqələrimiz var. Türkiyə ilə bu sahədə də əməkdaşlıq aparmaq müsbət addımlardandır”.
V.Əhmədov deyir ki, qadınların sahibkarlığa cəlb edilməsinin qəbul edilməsi üçün zamana ehtiyac var: “Mənim həyat yoldaşım, qızım kənd təsərrüfatında çalışa bilməz” deyənlər əvvəllər var idi. Amma indi elə deyil. Bir vaxtlar Azərbaycanda Humay adlı bir qadın şoferi var idi, hamı onu əl ilə göstərirdi. Amma indi Azərbaycan qadınlarının 20-25 faizi maşın idarə edir”.
Kənd təsərrüfatında çalışanların 90 faizdən çoxu kişilərdir

İqtisadçı alim Vüqar Bayramov deyir ki, ölkədə əmək qabiliyyətli əhalinin 38 faizinin kənd təsərrüfatında çalışmasına baxmayaraq, bu sahədə fəaliyyət göstərənlərin 90 faizdən çoxu kişilərdir. Aqrar sektorda fəaliyyət göstərən qadınların sayı azdır: “Qadınlar daha çox məhsul yığımında iştirak edirlər. Bu sektorda sahibkar kimi çalışan qadınlar isə olduqca azdır. Kənd təsərrüfatında sahibkar qadınlarla kişiləri müqayisə etsək, bu fərqin nə dərəcədə böyük olduğunu görərik. Qadınlar yalnız yığım işlərində deyil, sahibkar olaraq da çalışmalıdırlar. Qadın sahibkar-fermerlərin sayının az olması ürəkaçan deyil. Bu məsələdə qadınlarının rolunun artırılmasına ehtiyac var”.
İqtisadçı deyir ki, bu sahədə digər inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq daha məqsədəuyğundur. İnkişaf etmiş ölkələrdə qadın sahibkarlar üçün xüsusi güzəştli faizlərlə uzunmüddətli və ilk illəri faizsiz kreditlər təklif olunur: “Avropa İttifaqı ölkələrində sahibi qadın olan fermer təsərrüfatı 15 illik kredit almaq, ilk 7 ilini faizsiz olmaq şərtilə kreditlərdən yararlanmaq imkanı qazanır. Ona görə Azərbaycanda da faizsiz və güzəştli kreditlərin təklif edilməsi yolu ilə qadınların kənd təsərrüfatında sahibkar kimi təmsil olunmasının təşviq edilməsinə ehtiyac var. Bu, olduqca vacibdir. Praktiki olaraq qadın sahibkarların, fermerlərin sayının artırılması üçün dövlətin birbaşa dəstəyinin həyata keçirilməsinə ehtiyac var”.
V.Bayramovun sözlərinə görə, bu sahədə irəliləyişin əldə olunması üçün Sahibkarlığa Kömək Milli Fondunun gender aspektini nəzərə almasına ehtiyac var: “Gender aspekti nəzərə alınaraq kreditlərin paylanması daha məqsədəuyğundur. Eyni zamanda güzəştlərlə yanaşı, dolayı təşviqedici metodlardan, o cümlədən güzəştli vergilərin tətbiq edilməsi təcrübəsindən yararlanmalıyıq. Qadın sahibkarların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının paytaxtda satışı üçün xüsusi yarmarkaların və bazarların formalaşdırılması yolu ilə bütövlükdə qadınların kənd təsərrüfatında rolunu artırmaq mümkündür. Qadın fermer-sahibkarların sayı ilə bağlı vəziyyət arzuolunan olmasa da, bu sahədə müsbət nəticələrin əldə edilməsinə kömək göstərən baza var. Həm birbaşa, həm dolayı təşviq yolu ilə bu problemin həll edilməsinə və qadın fermerlərin sayının artırılmasına nail olmaq mümkündür”.
Regionlarda qadınların işləməsi ilə bağlı psixoloji baryerlər var

İqtisadçı deyir ki, qadınların bu sahəyə cəlb edilməsi yalnız gender deyil, məşğulluq baxımından da əhəmiyyətlidir: “Qadın sahibkarların adətən işə cəlb etdikləri də qadınlar olur. Bu baxımdan qadın sahibkarlara dəstək verilməsi məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu layihə birmənalı şəkildə regionlarda məşğulluğun təmin edilməsinə öz təsirini göstərəcək. Hazırda regionlarda qadınların işləməsi ilə bağlı psixoloji baryerlər var. Amma bu da həll edilməyəcək problem deyil. Mətbuat vasitəsilə maarifləndirmə, müxtəlif kampaniyalar vasitəsilə məlumatlandırma aparmaqla bu problemi aradan qaldırmaq mümkündür. Son 10 ilin tendensiyasını götürsək bu sahədə xeyli irəliləyişlər var. Hazırda sahibkar qadınlar var, amma bu əhatəni genişləndirmək üçün müəyyən zaman lazımdır”.
Qeyd edək ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər