Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının nəticələri
Azərbaycanda sahibkarlıq
sahəsində yoxlamaların dayandırılması növbəti müddətə artırıla bilər. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik
monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı
20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi
96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib.
Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna
olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox
olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Prezidenti tərəfindən
verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi,
o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər
zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən
yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib.
Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının
stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının
layihələri hazırlanıb.
Bu
müddət ərzində yoxlamaların qadağaların tətbiqi sahibkarlığın inkişafına nə
kimi müsbət töhfələr verib? Yoxlamaların dayandırılmasının müddətinin uzadılmasına
ehtiyac varmı?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye
və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamada bəzi məqamlara toxundu: "Prezidentin
bu barədə sərəncamı hələlik qüvvədədir. Yoxlamalar hələ ki, dayandırılıb. Əlbəttə,
bu yoxlamaların sahibkarlara dəstək
baxımından müsbət tərəfləri çoxdur. Amma bəzi məqamlarda müəyyən problemlərə də
yol açır. Xüsusilə, son dövrlərdə qadağaların olmaması ilə əlaqədar olaraq,
qida məhsulları ilə əlaqədar problemlər yaranmaqdadır. Küçələrdə satılan müxtəlif
qida vasitələri var. Son zamanlar qida məhsulları ilə bağlı zəhərlənmə hadisələrinin sayının artması da məhz bundan xəbər verir.
Qidada müəyyən problemlərin olduğunu heç kim inkar etmir. Ona görə də, müəyyən
mənada, bu yoxlamaların yenidən bərpa
edilməsi mümkündür. Amma bu yoxlamalar ümumilikdə sahibkarların işinə mane
olmamalıdır. Sahibkar başa düşməlidir ki, onun istehsal etdiyi məhsul yüksək
keyfiyyətli olmalıdır. Yəqin ki, bu məsələlərə ayrıca diqqət yetiriləcək. Çünki
bu problemlər gündəmdədir. Ola bilsin ki, prezident özü də bu barədə qərar
versin. Yoxlamalara qoyulan qadağaların ləğvi faktiki olaraq sahibkarlar üçün əlverişli
oldu. Çünki bu müddətdə heç bir yoxlama aparılmadı. Sahibkarlar bütün növ
yoxlamalardan azad oldu və onlara qarşı olan təzyiqlər aradan götürüldü. Hesab
edirəm ki, bu addım sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Bu fakt,
hətta özünü statistik göstəricilərdə də əks etdirir. Amma elə yoxlamalar var
ki, onları ləğv etmək olmaz. Məsələn, vergi yoxlamaları buna aiddir. Çünki bu, birbaşa dövlət büdcəsi ilə əlaqədardır.
Digər yoxlamaların keçirilməməyinin müsbət tərəfləri çox oldu və düşünürəm ki,
bu müddət yenidən uzadıla bilər”.
İqtisadçı
Rəşad Həsənov deyir
ki, bu, uzun müddətdir ki, müzakirə
olunan məsələlərdən biridir: "Sahibkarlıq fəaliyyətində kənar müdaxilələrin əsas mənbəyi kimi məhz nəzarətedici
qurumların qeyri-qanuni yanaşması əsas götürülür. Həmçinin bəzi hallarda fərdi üsullarda yanaşmalara da
rast gəlinir. Belə məqamlar isə öz növbəsində
sahibkarlıq fəaliyyətinə kifayət qədər mane olurdu. 2014-cü ilin sonlarında Azərbaycan
iqtisadiyyatı neftdən asılı vəziyyətdə idi və rəqabətə davamlı deyildi.
İnkişafın təmin edilməsi məqsədilə və bu problemlərin aradan qaldırılması üçün
belə bir qərar qəbul edildi. Hesab edirəm ki,
qərarın müsbət tərəfləri çoxdur. Xüsusilə də məmurların biznesə müdaxiləsini
müəyyən qədər məhdudlaşdırmaq baxımından çox
ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən, gəlirliyin aşağı düşdüyü bir
dövrdə sahibkarlıq subyektləri üçün əlavə xərclərin yaranmasının müəyyən qədər
qarşısını aldı. Çünki hər bir yoxlama və nəzarət özlüyündə sahibkar üçün ciddi
xərc yaradırdı. Bunun aradan qaldırılması sahibkarlıq fəaliyyətinin gəlirliliyinə
və bu istiqamətdə investisiya axınının artmasına öz faydasını göstərdi. Düşünürəm
ki, müxtəlif qüvvələr vaxtaşırı olaraq
müxtəlif vasitələrlə bu qərarı sabotaj etməyə çalışırlar. Xüsusilə də,
sahibkarlıq subyektlərinə özbaşına və
qeyri-qanuni fəaliyyət göstərirmiş kimi
yanaşmalarla bu sərəncamın sonrakı dövrlərdə uzadılmasının qarşısını almağa
çalışırlar. Yaxşı olardı ki, sərəncamın vaxtı başa çatdıqda bu qadağanın müddəti
iki və daha artıq müddətə uzadılsın. Çünki qeyri-neft sektorunun inkişafına hazırkı dövrdə çox
ciddi ehtiyac var. Son iki il ərzində görülən işlər müəyyən qədər stimul rolunu
oynadı və nəticə göz qabağındadır. Lakin bu istiqamətdə ciddi nəticələr əldə
etmək üçün uzun müddətə ehtiyac var. Məsələn, kiçik və orta sahibkarlığın
inkişafına diqqət etsək, vəziyyətin hələ də istənilən səviyyədə olmadığını görərik.
Məşğulluğun təxminən 70 faizi kiçik və
orta sahibkarlıq subyektlərinin fəaliyyətindən bəhrələnsə də, Azərbaycanda bu
göstərici qənaətbəxş deyil. Sahibkarlıq fəaliyyətinin və fərdi təşəbbüslərin dəstəklənməsi
istiqamətində görüləcək kifayət qədər iş var. Bunlardan biri də məmur müdaxiləsinin
qarşısının alınması və liberal mühitin yaradılmasıdır”.
Şəbnəm
Mehdizadə