AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sahibkarlığın inkişafına nə mane olur?

Sahibkarlığın inkişafına nə mane olur?

İqtisadiyyat
16 Fevral 2013, 10:20 1966
Fevralın 12-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il sosial-iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinə həsr olunmuş müşavirədə ölkə başçısı İlham Əliyevin toxunduğu məsələlərdən biri də sahibkarlığın inkişafı ilə bağlı oldu. Prezident bu istiqamətdə əldə edilən nailiyyətlərdən və çatışmazlıqlardan danışdı: “Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə var, sahibkarlara yüksək səviyyədə, prezident səviyyəsində verilən dəstək, əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var – bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da var”.

Qeyd edək ki, son illərdə dövlət tərəfindən sahibkarlığın inkişafı ilə bağlı addımlar atılıb, tədbirlər reallaşdırılıb. Bir neçə il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib. İ.Əliyev də çıxışında bildirib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcək: “Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar. Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev hesab edir ki, bu gün sahibkarlığın inkişafı üçün o qədər də münbit şərait yoxdur: “Sahibkarlıq müstəqil institut olmalıdır. Gəlin görək, bu gün ölkədə məmur oliqarxiyasından kənar hansısa bir sahibkarlıq institutunun formalaşması mümkündürmü? Hesab edək ki, çox ədalətli, keyfiyyətli bir qanun qəbul olundu. Real vəziyyət, bugünkü məmur oliqarxiyası bu qanunun tələblərinə uyğun olaraq ölkədə sahibkarlıq institutunun formalaşmasına imkan verəcəkmi?”

Ekspertin sözlərinə görə, sahibkarlığın inkişafı üçün çox vacib olan məsələlərdən biri də sahibkarların sərbəst pul mənbələrinə çıxış imkanlarının olmasıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli isə hesab edir ki, Azərbaycanda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Ölkədə 200 mindən artıq kiçik sahibkarlıq subyektinin, o cümlədən 14 mindən artıq
kiçik müəssisənin fəaliyyət göstərdiyini qeyd edən deputatın sözlərinə görə, buna baxmayaraq, hələlik Azərbaycanda istehsal olunan məhsulda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb:

“Kiçik biznesin səmərəli fəaliyyətini xarakterizə edən beynəlxalq göstəricilərdən çox uzağıq. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Aparılan sosioloji tədqiqatların nəticələri göstərir ki, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, hüquqi-normativ baza sahəsindəki çatışmazlıqlar sahibkarlığın inkişafına mane olan amillər arasında daha ciddi xarakter daşıyır”. Ə.Məsimli onu da bildirir ki, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin hüquqi normativ bazasının ayrı-ayrı elementləri daim təzələnsə də, hazırda fəaliyyət göstərən normativ hüquqi baza bütövlükdə götürüldükdə sahibkarlığın qarşısında duran problemlərin həllinin sürətləndirilməsi üçün bir sıra məqamlarına görə yetərli deyil. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üzrə orta qanunvericilik bazası formalaşıb və onun təkmilləşdirilməsi istiqamətində sistemli olmasa da, müəyyən iş gedir. Ə.Məsimli hesab edir ki, Azərbaycanda bu sahədə əsas problem hüquqi normativ aktın olmaması yox, mövcud qanunların tam gücü ilə səmərəli işləməməsidir: “Bu ciddi problemi həll etməkdən ötrü ölkədə iqtisadi və hüquqi islahatlar dərinləşdirilməlidir, hökumət strukturlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı artırılmalıdır, koordinasiyası gücləndirilməlidir: “Bundan başqa, hüququn aliliyinin təmin edilməsinə yönəldilən səylər artırılmalı, müstəqil məhkəmə sisteminin formalaşması istiqamətində işlər intensivləşdirilməlidir. Hesab edirəm ki, sahibkarlığın inkişafı və dəstəklənməsinə dair yeni qanunların qəbul edilməsi, köhnə qanunların təkmilləşdirilməsi, qanunlardakı boşluqların, eləcə də hüquqi-normativ aktlar arasında ziddiyyətlərin aradan aldırılması istiqamətində sistemli iş aparılmalı, normativ hüquqi aktların sui istifadəsi, maraqların konflikti məsələlərinə diqqət artırılmalı, qanunlar qəbul edilməzdən əvvəl ictimai
müzakirədən keçirilməsi praktikası genişləndirilməlidir. Biz azad sahibkarlığın inkişafı üçün Rəqabət Məcəlləsini də qəbul etməliyik. Yəni azad sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlar üçün kreditlərin şərtlərinin yumşaldılması, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi istiqamətlərdə təsirli tədbirlər görülməlidir”.

Həbibə ABDULLA