• çərşənbə, 24 Aprel, 19:09
  • Baku Bakı 23°C

Sahib Məmmədov: “Miqrant biznesi” Avropanın təhlükəsizliyini təhdid edir

15.11.19 19:23 10542
Sahib Məmmədov: “Miqrant biznesi” Avropanın təhlükəsizliyini təhdid edir
"İnsanların bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyən beynəlxalq təşkilatların fəaliyyəti araşdırılmalıdır”
Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, "miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəni saxlayıb. Yayılan məlumatlara görə, bu şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər. Saxlanılan şəxslər barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sözügedən şəxslərin Almaniyadan Azərbaycana göndərilməsi ehtimalı, bununla bağlı hüquqi prosedur və digər məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını hüquqşünas Sahib Məmmədovcavablandırır.
- "Miqrant alveri” ilə məşğul olmaqda ittiham edilən azərbaycanlı mühacirlərin Almaniya polisi tərəfindən saxlanılması medianın əsas gündəminə çevrilib. Mövzu ilə bağlı sizin də mövqeyinizi bilmək istərdik.
- Son baş verənlər əvvəldən hər kəsə bəlli olan məsələ idi. Sadəcə, Almaniya polisinin keçirdiyi əməliyyat bunu yenidən gündəmə gətirdi. Avropadakı müəyyən şəxslərin Azərbaycandakı siyasi qüvvələrlə, ictimai birlik təmsilçiləri ilə əlaqədə olduğunu dəfələrlə qeyd etmişik. Onların qurduğu şəbəkə həm Avropada, həm də Azərbaycanda fəaliyyət göstərməkdə idi. Bu şəbəkə xaricdəki vəkil büroları ilə də əlaqədə idi. Onların əsas fəaliyyəti yalançı siyasi qaçqın statusunun alınması biznesidir. Miqrant biznesinin dünyada 10 milyardlarla dollar həcmində dövriyyəsi var. Lazım gələndə onlar ölkələrdə süni şəkildə vəziyyəti pisləşdirə bilirlər. Beynəlxalq status daşıyan bəzi qeyri-hökumət təşkilatları da bu şəbəkədə təmsil olunurlar. Həmin QHT-lər vasitəsilə müxtəlif ölkələr daxilində süni etiraz aksiyaları təşkil edilir, həmin dövlətlərin beynəlxalq imicinə ləkə vurulur, bir növ təzyiq göstərilir. Bu şəbəkənin Avropanın bir sıra miqrasiya xidmətləri ilə də əlaqələri var. Bu şəbəkə böyük, mütəşəkkil, korrupsiyalaşmış bir sxemdir. Əvvəldən bilirdik ki, bu şəbəkə vasitəsilə Azərbaycan üzərindən də bir biznes qurulub. Heç bir zərurət olmadığı halda Azərbaycanda aksiyaların, kütləvi tədbirlərin, razılaşdırılmamış piket və mitinqlərin keçirilməsinə cəhdlər də bir sıra hallarda məhz bu məqsədlə edilirdi. Başlıca hədəf budur ki, insanlarla polis arasında münaqişə yaşansın, polisin güc tətbiq etməsinə, hər hansı sanksiyaya, həbslərə dair faktlar olsun, foto və video çəkilişlər hazırlansın. Yaxud saxlanılan şəxslərin guya işgəncəyə məruz qalmasına, ac saxlanmasına, onlara tibbi xidmət göstərilməməsinə dair "faktlar” ortaya çıxsın. Ardınca bütün bu "faktlar” bəzi "media qurumlarında” tirajlanır, əsas hadisə kimi gündəmdə saxlanılır. Ən nəhayət, bütün bu "faktlar”, həmçinin bu barədə "medialarda” yer alan materiallar barədə hesabatlar hazırlanır, həmin o şəbəkəyə ötürülürdü. Beləliklə də proses baş tuturdu. Hətta şəbəkənin "taarifləri” barədə ictimai-siyasi proseslərə bələd olan hər kəsdə dəqiq məlumat var idi. Misal üçün heç bir əziyyət çəkmədən, hansısa inzibati cəza almadan, həbsdə yatmadan Avropaya getmək istəyənlər daha çox pul xərcləməli idi. Vaxtilə Leyla Yunus kiməsə bu cür bir "full paket” – yəni arayış vermək üçün 50 min, hansısa vətəndaşı "siyasi məhbus” siyahısına salmaq üçün isə 10 minlərlə avro alırdı. Bütün bu faktlara göz yuman, özünü bilməməzliyə vuran Avropa idi. Lakin indi ayılırlar və görürlər ki, bu "miqrant biznesi” onların milli təhlükəsizliyini təhdid edir. İndi Almaniya hökumətindən soruşan lazımdır ki, sən bu insanlara hansı əsaslarla sığınacaq vermisən?
- Bu şəbəkəyə qarşı mübarizə hansı formada aparılmalıdır?
- Saxta sənədlərin verilməsindən tutmuş çirkli yollarla pul alanlara qədər hamısını ifşa etmək gərəkdir. Amma bu, o qədər də asan iş deyil. Misal üçün, miqrasiya etmək istəyən bir şəxs hansısa müxalifət partiyasına müraciət edir ki, təşkilata üzv olmaq istəyirəm. Partiya hansısa maraq müqabilində o adamı üzv qəbul edir, ona üzvlük vəsiqəsi, ardınca bir arayış verir. Həmin şəxs də bundan sonra müxalifətçi kimi, guya Azərbaycanda təqib olunduğundan Avropada siyasi sığınacaq alır. Partiyaya bu barədə irad tutanda deyəcək ki, mənim üzvüm idi, arayış istədi, mən də verdim. Ancaq bu hərəkətin arxasında pul əməliyyatının dayanıb-dayanmadığını açıqlamaq, isbat etmək o qədər də asan məsələ deyil. Bununla belə, müvafiq dövlət orqanları bununla məşğul olmalıdır. Sərt cəza tətbiqinin tərəfdarı olmasam da, konkret bu halda Almaniya hökuməti ilə əməkdaşlığa gedilməli, şəbəkənin həm buradakı, həm oradakı üzvləri təkzibedilməz faktlarla tapılıb ifşa edilməlidir. Əks halda bu, Avropanın, o cümlədən Almaniyanın özünün ziyanınadır.
- Almaniya polisi müxtəlif şəhərlərə keçirdiyi əməliyyatlar zamanı saxladığı azərbaycanlıları ölkəmizə göndərə bilərmi? Bununla bağlı hüquqi prosedur necədir?
- Bu, nəzəri baxımdan mümkündür. Çünki, bizim Almaniya ilə qarşılıqlı hüquqi yardım haqqında müqaviləmiz yoxdur. Həmin şəxslərin ölkəmizə ekstradisiyası ancaq dövlətlərin könüllü razılığı ilə ola bilər. Ramil Səfərovun ölkəmizə ekstradisiyası buna nümunə ola bilər. Macarıstanda baş vermiş hadisəyə görə, Macarıstan Respublikası Azərbaycanla könüllü razılığa gələrək həmin şəxsi Azərbaycana qaytardı. Belə bir praktikanın olması göstərir ki, bu yolla ekstradisiya mümkün ola bilər. Digər halda isə bu, çətin olacaq. Düzdür, biz "Ekstradisiya haqqında” Avropa Konvensiyasına tərəfdaş çıxmışıq. Amma burada fərqli məsələlər var. Biri var şəxs cinayəti törədib ölkədən qaçmış olsun, biri də var cinayəti xarici ölkədə törətsin. Düzdür, onların təqsirsizlik prezumpsiyası hüququ var. Biz bunu pozmamalıyıq. Əgər cinayət xarici ölkədə törədilibsə, həmin şəxs və şəxslərin ölkəmizə ekstradisiyası çətin məsələdir. Azərbaycanın İran, Rusiya ilə belə bir müqaviləsi var ki, ölkəmizdə cinayət törədən Rusiya və İran vətəndaşı cəzasının yerdə qalan hissəsini çəkməsi üçün öz ölkəsinə ekstradisiya oluna bilər. Amma bizim konkret Almaniya ilə belə bir müqaviləmiz yoxdur. Ona görə də, bu, mənə praktiki baxımdan çətin görünür. Əgər şəxs öz ölkəsində cinayət törədib başqa ölkəyə qaçırsa, İnterpol vasitəsilə həmin cinayətkar öz ölkəsinə tutularaq göndərilir. Olduğu xarici ölkədə cinayət törədənlərin ölkəmizə ekstradisiyası isə çətin məsələdir. Əgər baş vermiş cinayət faktı sübut olunarsa, onun Azərbaycanla bağlılığı ortaya çıxarsa, həmin şəxslərin ölkəmizə göndərilməsi real görünə bilər.
- "Miqrant alverçiləri” Almaniyada cəzalarını çəkdikdən sonra Azərbaycana deportasiya oluna bilərmi?
- Qanuna görə, əcnəbi və vətəndaşlığı olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunarkən cəzasını çəkdikdən sonra ölkədən deportasiya olunur. Belə hallar bir çox ölkələr üçün xarakterikdir. Mümkündür ki, Almaniyada saxta sənəd alveri ilə məşğul olan şəxslər də təqsirli bilinsələr, cəzalarını çəkdikdən sonra deportasiya olunsunlar. Cinayət əməlindən asılı olaraq onlara yüngül cəza və cərimə tətbiq oluna bilər.
- "Miqrant alveri” ilə məşğul olan şəxslərin müxtəlif yollarla Avropanın bir sıra ölkələrinə apardığı, orada qalmasına şərait yaratdığı azərbaycanlılara qarşı da hansısa tədbirlər görülə bilərmi?
- Bu şəxslərin bir çoxu aldadılmış insanlardır. Aldadılmış, miqrant dəllallarının toruna düşmüş şəxslərə qarşı xarici ölkələrdə tətbiq edilən ən böyük cəza öz ölkələrinə deportasiya olunmalarıdır. Hesab edirəm ki, insanların bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyən beynəlxalq təşkilatlara qarşı cəza tətbiq edilməli, onların fəaliyyəti araşdırılmalıdır. Görürsən ki, kimsə "Facebook”da status yazıb paylaşıb ki, Avropaya gəldim, burada övladımın qayğılarını hökumət öz üzərinə götürüb, pulsuz yaşayış yeri ilə təmin olundum və sair. Bir vətəndaş da həmin "Facebook” istifadəçisinin "inbox”una mesaj yazır və sual edir ki, mən də ora gəlmək istəyirəm, bunu necə edə bilərəm, hansı yollarla gəlim? Beləliklə, biznes əlaqəsi yaranır, qarşı tərəf şərtləri açıqlayır. Bu cür reklam vasitələrlə insanları cəlb edirlər. Onlara inanan bəzi adamlar burada kimdənsə borc alır, evini satır, saxta sənədlər düzəltmək üçün 15-40 min avro, bəzən daha çox pul xərcləyir gedir Avropaya. Lakin getdiyi ünvana çatanda ona vəd olunan xoşbəxtliyin olmadığını görür. Aldadılan bu cür insanlar iki yol ayrıcında qalırlar xaricdə. Hansısa erməni lobbisinin, yaxud başqa antiAzərbaycan qüvvələrin yaratdığı mərkəzlər onlara xaricdə qalmağa köməklik göstərirlər. Bunun müqabilində isə onları Azərbaycan əleyhinə təbliğata cəlb edirlər. Beləliklə də xaricə xoşbəxt həyat dalınca gedən şəxs antiAzərbaycan dairələrin toruna, ermənipərəst qüvvələrin təsirinə düşür, agentura şəbəkəsinin üzvünə çevrilirlər. Xaricə gedən bəzi insanlar isə bu prosesə qoşulmaq istəmirlər. O zaman onlar bir müddət yoxlama prosesi keçir, müvəqqəti olaraq orada yaşayırlar. Yoxlama prosesi başa çatan kimi təkrar Azərbaycana göndərilirlər. Birdəfəlik anlamaq lazımdır ki, hansısa siyasi problemə görə xarici ölkədə hansısa şəxsə sığınacaq verilmir. Sığınacaq verilməsi üçün etnik, dini, siyasi, cinsəl təqiblər, təzyiqlər əsas götürülür və bu adlarla gedib xaricdə sığınacaq alırlar. Hər hansı təzyiqə, təqibə məruz qalmadan, saxta sənədlərlə buradan xaricə gedənlərin əksəriyyəti həmin o ölkələrdəki vətəndaşların – vergi ödəyicilərinin ayırdığı ianə pulu ilə dolanmağı, yaşamağı özlərinə rəva bilirlər. Bu, təxminən küçədə oturub dilənməyə bərabər situasiyadır. Təəssüf ki, bunu özlərinə rəva bilənlər var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər