“Şah İsmayıl obrazı mənə çox doğmadır” - Fotolar
Sevindirici haldır ki, bu gün gənc muğam ifaçılarımızın səsi
beynəlxalq arenalardan eşidilir. Dünənin gənc xanəndəsi bu gün pedaqoji
fəaliyyətlə məşğul olub, yetişməkdə olan gənc nəslə öz töhfələrini verir. Belə
xanəndələrimizdən biri də istedadlı xanəndə Təyyar Bayramovdur. Müsahibimiz
əldə etdiyi nailiyyətlərə görə, Prezident mükafatına da layiq görülüb. 2005-ci
ildə Televiziya Muğam Müsabiqəsində birinci yerin sahibi, 2009-cu ildə isə
Beynəlxalq Muğam Müsabiqəsində "Qran Pri” mükafatına layiq görülən müsahibimiz,
bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi.Opera və Balet Teatrında öncə "Leyli və Məcnun” tamaşasında İbn Sənan
obrazını canlandıran Təyyar Bayramov səhnə fəaliyyətinə məhz həmin tamaşa ilə başlayıb.
Daha sonra gənc xanəndəyə 2006-cı ildə Müslüm Maqomayevin"Şah İsmayıl”
operasında baş rol - Şah İsmayıl həvalə edilir. Bu tamaşalarla bərabər, "O
olmasın, bu olsun”, "Natəvan” operalarında xanəndə rolunu ifa edir. Sənətkar
çox gənc yaşlarında əməkdar artist adına layiq görülür.
- Təyyar bəy, ilk olaraq
sizi Prezident mükafatına layiq görüldüyünüz üçün təbrik edirik. Sizə
yaradıcılıq nailiyyətləri arzu edirik.
- Çox sağ olun. Biz sənətkarları diqqət mərkəzində saxladığınız üçün
sizə təşəkkürümüzü bildirirəm. Bu mükafata layiq görülən digər sənət dostlarımı
da ürəkdən təbrik edirəm. Bizə bu
diqqəti və qayğını göstərdiyi üçün cənab prezidentimiz İlham Əliyev cənablarına
təşəkkürümü çatdırıram.
- Yəqin ki, belə bir mükafata layiq görüldükdən sonra yaradıcılıq məsuliyyətiniz
daha da artar.
- Dövlətimiz tərəfindən bizə verilən titullar, mükafatlar sənət
nümayəndələrinin çalışma həvəsini birə beş artırır. Bu da bizim öz üzərimizdə daha
çox işləməyimizdə stimul rolunu oynayır. Dövlət başçısı tərəfindən diqqət görmək
həqiqətən də sevindirici haldır.
-
Belə bir mükafata layiq görüləcəyinizi gözləyirdinizmi?
- Əslində belə bir gözləntim yox idi. Ancaq insan hər zaman ümidlə yaşayır.
Mən həmişə başımı aşağı salıb, işimlə məşğul olmuşam. Təbii ki, hər bir ifaçı istəyər
ki, onun işi qiymətləndirilsin və o, dövlət tərəfindən mükafatlara layiq görülsün.
Belə bir mükafata layiq görüldüyüm üçün həqiqətən çox sevindim.
- Siz xanəndəliklə bərabər,
eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bugünkü muğam ifaçılarından razısınızmı?
Muğamın gələcəyini etibarlı əllərdə hesab etmək mümkündürmü?
- Əlbəttə, bunu mən deyil, qocaman sənətkarlarımız, ustadlarımız da
təsdiqləyir. Azərbaycan xalqı çox istedadlı xalqdır. Gənclərimizin muğama böyük
həvəsi var. Muğama dövlət səviyyəsində kifayət qədər qayğı göstərilir. Hər şey
göz önündədir. Çox sevindirici haldır ki, bu gün ölkəmizdə muğam müsabiqələri keçirilir
və özünə güvənən istedadlı muğam ifaçılarımız bu müsabiqələrdə iştirak edirlər.
Gələcəyinə böyük ümid bəslədiyimiz istedadlı gənclər çoxdur. "VI Muğam Müsabiqəsi”
hazırda davam edir. Gördüyünüz kimi, istedadlı gənclərimiz kifayət qədərdir. Ustadlarımız
da qeyd edirlər ki, həqiqətən də bu günün gənclərinin muğama böyük marağı var. Orta
və yaşlı nəslin nümayəndələri ilə bərabər, bu gün gənc nəslin nümayəndələri də muğama
böyük həvəs göstərirlər. Bu, çox sevindirici haldır.
- Bu müsabiqədə sizin tələbələriniz
də iştirak edir. Onların ifası sizi qane edirmi?
- Təbii ki, bir müəllim olaraq, mən də tələbələrimdən razıyam. Düzdür,
onlar səhnədən çox, məşqlərdə daha yaxşı performans göstərirlər. Ancaq baxmayın,
canlı efirdir, muğam sənətində sözünü demiş ustadların qarşısında çıxış edirlər.
Həyəcanlanmaları çox normaldır. Ancaq mən tələbələrimdən razıyam. Onlar uğurlu çıxışları
ilə müsabiqədə yollarına davam edirlər.
- Siz özünüz də muğam müsabiqəsində
iştirak etmisiniz və hətta bu müsabiqənin ilk qaliblərindənsiniz. O vaxtkı iştirakçılarla
indikilər arasında nə kimi fərqlər var?
- Artıq o müsabiqədən 10 il keçib. Bu, 6-cı müsabiqədir, hər müsabiqədə
20-yə yaxın iştirakçı çıxış edir. O 20 nəfərin içərisindən 4-5 ifaçı yetişir. Hər
müsabiqədə Azərbaycan muğam sənəti 4-5 xanəndə qazana bilirsə, bu, bizim muğam sənəti
üçün böyük göstəricidir. Təbii ki, birinci müsabiqədə də çox istedadlı uşaqlar var
idi. İllər ötdükcə oradan çıxan ifaçılar xalqımızın sevimlisinə çevrilir. Bu müsabiqədə
də xalqın sevimlisinə çevriləcək ifaçılar var. Hər bir dövrün öz iştirakçıları
var. Onlar öz ifalarına və dəst-xətlərinə görə seçilirlər. Ona görə də,
əvvəlkilərlə indikiləri müqayisə etmək bir qədər çətindir.
- Siz eyni zamanda, Opera və
Balet Teatrında aktyor kimi fəaliyyət göstərirsiniz. Ən çox hansı obrazınız
sizə doğmadır?
- Neçə illərdir ki, Opera və Balet teatrının səhnəsində Şah İsmayıl rolunu
canlandırıram. Bilirsiniz ki, ondan başqa iki rolum da var. Bütün obrazlarım mənə
əzizdir. Ancaq Şah İsmayılın yeri mənim üçün başqadır. Bu obraz mənə çox doğmadır.
- Opera və Balet Teatrının səhnəsi digər səhnələrdən tamamilə fərqlidir.
Yəqin ki, bu səhnənin özəlliyi sizin üçün başqadır.
- Təbii, Opera və Balet Teatrının səhnəsi digər səhnələrdən fərqlidir.
Orda mikrofonlardan istifadə olunmur. Hətta deyərdim ki, bu teatrının səhnəsi
mikrofondan istifadə edilməyən yeganə səhnədir. Canlı orkestrin başı üzərindən tamaşaçıya
məhz performans ötürürsən. Opera teatrının solisti olmaq böyük bir şərəfdir. Onu
da qeyd edim ki, artıq Opera və Balet Teatrında bir çox baş rolların ifaçıları birinci
muğam müsabiqəsində yetişib. Onlardan Elnur Zeynalovu, Arzu Əliyevanı, Aytən Məhərrəmovanı,
Güllü Muradovanı, Nigar Şabanovanı, Vüsalə Musayevanı misal gətirə bilərəm. Muğam
müsabiqəsinin 10-a yaxın iştirakçısı bu gün teatrda nümayiş olunan tamaşalarda baş
rolları canlandırır. Görün bu müsabiqələr Azərbaycan muğam sənətinə nə qədər
xanəndələr gətirib.
- Sevindirici haldır ki, biz
sizi beynəlxalq festival və müsabiqələrdə də görə bilirik. Sonuncu dəfə hansı beynəlxalq müsabiqədə
iştirak etmisiniz?
- Sonuncu dəfə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən "Zov
Urala” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci
yerə layiq görüldük. Müsabiqədə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan, Tatarıstan, Belarus, Rusiya Federasiyasının
vilayətləri və digər ölkələrdən ümumilikdə 500 nəfər iştirak edirdi. Bizim
ifamız daha çox bəyənildi və mükafata layiq görüldü. Orada mənimlə bərabər
tarzən Rəşad İbrahimov, kamança ustası Təbriz Yusifov da iştirak edirdi.
-
Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?
- Əlbəttə, hazırda yeni bir albomu üzərində işləyirik. Bu mənim sayca
altıncı albomum olacaq. Əməkdar artistimiz Azad Şükürovla birlikdə muğamla
şeirin qarşılıqlı ifaları yer alacaq. İndi bütün gücümüzü muğam müsabiqəsinə
xərcləyirik. Ondan sonra albomu tamaşaçılara təqdim edəcəyik. Hansı ölkəyə
gedirəmsə, məndən albom istəyirlər. Yeni mahnıya gəlincə isə bilirsiniz ki,
repertuarımda vətənpərvərlik ruhunda mahnılar daha çox yer alır. Yenə də
vətənpərvərlik mövzusuna müraciət etmişik. Belə ki, Tahir Əkbərdən vətənpərvərlik mövzusunda yeni
bir mahnı almışam.
- Hazırda ölkəmizdə IV İslam Həmrəylik
Oyunları gedir. Bu oyunları izləyirsinizmi?
- Əlbəttə, bir Azərbaycan vətəndaşı olaraq mən də bu oyunları izləyirəm.
Bilirsiniz ki, onunla paralel olaraq, muğam müsabiqəsi də davam edir. Burda işlərimiz hər nə qədər də gərgin olsa da,
oyunları izləyirəm. Bu, bizim üçün bir bayramdır. IV İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi etməklə, ölkəmiz beynəlxalq arenada daha çox tanınır. Beynəlxalq yarışların
Azərbaycanda keçirilməsi ilə bütün dünyaya necə tolerant bir xalq olduğumuzu göstərmiş
oluruq. Bu bayramı xalqımıza, millətimizə yaşatdığı üçün dövlət rəhbərimizə təşəkkürümü
bildirirəm.
- Bəs siz özünüz hansı idman növü ilə məşğul olursunuz?
- Əvvəllər güləşlə məşğul olurdum. Məhz bu səbəbdən də, güləş idman növünü
daha çox sevirəm.
Xəyalə Rəis