“Şagird müəllimini sevmirsə, onun keçdiyi dərsin faydası yoxdur” - Örnək
Gülnarə Xalıqova: Hansısa vətəndaş cinayət törədirsə, deməli, onun
bünövrəsində - ya ailəsində sıxıntı, ya da müəllimlərində çatışmazlıq olub
"Balın
azdır, get müəllim ol” kimi cümlələr onu incidir. Deyir ki, müəllimlik əhəmiyyətsiz
sənət deyil ki, ona bu cür yanaşılsın. Ona görə, müəllimlərin işə qəbulunun
imtahanla olması çox gözəldir. Müsahibimiz kənd müəllimi Gülnarə Xalıqovadır.
Gülnarə
Ağsu rayonu 1 nömrəli məktəb-liseyini bitirib. 2013-cü ildə Bakı Dövlət
Universitetinə imtahan verib. Lakin ödənişli ixtisasa qəbul olunduğu üçün ailənin
maddi vəziyyətinə görə təhsilini davam etdirə bilməyib. Ödənişsiz əsaslarla
Şamaxı Humanitar Kollecində ibtidai sinif müəllimliyi təhsilini seçib. Deyir
ki, ibtidai sinif müəllimi olmasını ailəsi istəyib və onu məhz bu təhsilə yönəldib.
Həmsöhbətimiz müəllimliyi uşaqlıqdan arzulamayıb. O, bu sahəni təcrübədə,
uşaqlarla işlədikcə sevib. Kolleci bitirdikdən sonra müəllimlərin işə qəbul
imtahanına hazırlaşıb. Müqavilə ilə Ağsu rayonunun Ləngəbiz kəndinə işləməyə
gedib. 1 il işlədikdən sonra ailə qurduğu üçün ara verib və bu il yenidən müəllimlərin
işə qəbul imtanına qatılaraq, yüksək bal toplayıb. Hazırda Ağsu rayonu M.Mirzəməmmədov
adına Aratkənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Müsahibimiz
deyir ki, hər bir sənətin öz çətinliyi var, amma kənd yerində uşaqlarla işləmək
daha çətindir: "Kənd yerlərində məktəbəqədər təhsil olmur. Uşaq birbaşa ev
mühitindən məktəbə gəlir. Müəllimə, məktəbə alışana qədər çətinliklər olur. Müəllimin
adi bir sözü onların xətrinə dəyir, ağlayır, inciyirlər. Mən də onları öyrənənə,
psixologiyaları ilə tanış olana qədər bir ay çətinlik çəkdim. İndi uşaqlarımdan
tam razıyam. Hiss edirəm ki, onlar məni sevir, mən də onları. Yeni təlim metodu
ilə dərslər keçirik. Aksion, roll oyunlarını sevir, hər dərs bunu istəyirlər.
Uşaqlar mən deyəni anlayır, mən də onları başa düşə bilirəm. Bir gün əvvəldən
özüm də hazırlaşıram ki, şagirdlərin suallarını cavabsız qoymayım”.
- Sizcə, uşağı sevməyən müəllim ola bilərmi?
- Uşağı
sevməyən insan müəllimlik sənətini dərk edə bilməz. Sevməsən, onun dilini
anlamazsan, nə demək istədiyini başa düşməzsən. Uşaqla ünsiyyət qurmasan, sənin
dərsin heç bir halda keyfiyyətli olmaz. Gərək şagirdi öz uşağın kimi sevib, ona
qayğı göstərəsən. Müəllimin işi tək dərs deməklə bitmir. Əgər şagird müəllimi
sevmirsə, onun keçdiyi dərsin heç bir əhəmiyyəti olmaz. İbtidai siniflərdə
şagirdlə müəllimin arasındakı bağlar daha möhkəm olmalıdır. Uşaqdır, bəzən ayaqqabısının
bağı açılır, üzü bulaşır və s. Onlara da diqqət etmək lazımdır. Evdə öz
övladına necə baxırsansa, məktəbdə də elə olmalıdır. Sabah bizim də
övladlarımızı bir müəllim yetişdirəcək. Uşağı sevməyən müəllim öz vəzifəsini
layiqincə yerinə yetirə bilməz. Bəzən olur ki, dərsdə bütün günü gülən, aktiv
olan şagird kefsiz dayanır. Onunla təklikdə söhbət edirəm. Uşaqla çox ünsiyyət
quranda, o da sənə bağlı olur. Beyinləri ağ kağız kimidir, ona nə versən, gələcəkdə
də onu götürəcəksən. Əlbəttə, şiddət göstərsən, kobud danışsan, o da elə yetişəcək.
Bizim məqsədimiz gələcək üçün layiqli vətəndaş hazırlamaqdır.
Müsahibimiz
deyir ki, yaxşı müəllim savadlı və qayğıkeş olmalıdır: "İlk şərt, əlbəttə ki, savaddır. Savadsız müəllim şagirdi sevsə də,
yenə də dərsini icra edə bilməz, şagirdin qarşısında aciz qalar. Uşaq sual verəndə
cavablandırmaq üçün ilk növbədə savad lazımdır. İkinci vacib şərt uşağı sevməkdir.
Müəllim uşaqları sevməlidir ki, sevgi ilə o savadı çatdırsın. Uşaqların
psixologiyasını bilməyəndə də bilikləri ötürə bilməz”.
Gülnarə
müəllim deyir ki, kənd məktəbində ən çox qış aylarında çətinlik çəkir: "Biz
getdiyimiz kəndin yolları narahatdır. Amma işə getmək hər bir halda gözəldir.
Bilirsən ki, səni gözləyən şagirdlərin var. Əvvəl işlədiyim məktəbdə həmin məktəbin
müəllimləri və valideynlər gənc olduğum üçün məni qəbul edə bilmirdilər. Yaşım
da az idi. Mənə inamsız yanaşırdılar. Deyirdilər ki, gəncdir, balacadır, bu,
uşaqlara nə öyrədəcək? İndi valideynlər də, müəllimlər də mənə dəstək olurlar”.
- Bəs özünüz ilk dəfə dərs keçmək üçün sinfə girəndə,
"birdən öhdəsindən gələ bilmərəm” deyə düşündünüzmü?
- Bəli,
ilk il o qorxunu keçirdim. Deyirdim ki, mən şagirdlərlə necə dil tapacam,
bacara bilcəyəmmi? Özümə bu cür suallar verirdim. Buna görə çox narahat idim.
İlk dəfə 3-cü siniflərə dərs keçdim. Məni də uşaq kimi görürdülər deyə, kəndin
qınağından qorxurdum. 1-2 aya özümü sübut etdim. İndi hətta sinfin bər-bəzəyinə
də fikir verirəm. Otaq cansıxıcı olanda, böyük insan da otaqda qala bilmir.
Birinci siniflər uşaq ruhlu olduğu üçün otaqları onlara uyğun bəzəyirəm ki, dərsdə
darıxmasınlar. Əlbəttə, zəif şagirdlər də olur. Əgər bir şagird "5”, digəri "3” qiymət alırsa, məncə, müəllim
günahkardır. Şagirdi yox, özüm-özümü qınayıram. Yəqin ki, mənim izah etməyimdə qüsur
var. Tənəffüsdə bir də izah edirəm ki, bütün şagirdlər bilik səviyyəsində bərabər
olsun. Şagirdlərin arasında yarışmalar keçirir, qalibləri kiçik hədiyyələrlə
mükafatlandırıram ki, hər gün dərsə gəlməyə can atsınlar. Bir dərsdən qalmaq da
şagirdi geri salır.
- Şagirdlərlə bağlı unutmadığınız hansısa xatirəniz
varmı?
- Heç
vaxt unutmadığım xatirələrdən biri odur ki, sinfimdə əkiz oğlanlar oxuyurdular.
Hiss edirdim ki, əkizlərin biri məni daha çox istəyir. Hətta mənə məktub belə
yazırdı. Artıq dərs ilinin sonu idi və uşaqlara elan elədim ki, dərs ili
yekunlaşır. Həmin uşaq mənə dedi ki, müəllimə gələn il də siz dərs keçəcəksiniz?
Dedim yox, gələn il öz müəlliminiz gələcək. Uşaq həmin an məndən icazə almadan,
ağlayaraq, çölə çıxdı. Uşağın yanına getdim. Məndən qaçırdı ki, səndən küsmüşəm,
bizi qoyub gedəcəksən. Uşaq çox ağladı. Mən gedənə qədər pis oldum ki, o uşaq məndən
küskün ayrıldı. Həmin yerə bir də yolum düşmədiyinə görə, uşağı görə bilmədim.
- Gülnarə xanım, ucqar kənddə uşaqların və valideynlərin
təhsilə marağı necədir?
- Təəssüf
ki, müəyyən müddət sonra uşaqların bir qismi məktəbdən çıxarılır. Xüsusilə
qızlar. Məktəb rəhbərliyi buna nə qədər qarşı olsa da, icazə verməsə də,
valideyn yenə də öz bildiyini edir. Dərsdən yayınan uşaqlar olur. Kənd yerlərində
bu hallar daha çoxdur. Rayon mərkəzində qızların təhsilinə önəm verilir. Kənddə
isə qızlar daha çox evliliyə cəlb olunur. Bu, qlobal problemdir. Bizim məktəb
yeni tikilib və bu il istifadəyə verilib. İndi hiss edirəm ki, valideynlərin
marağı daha çoxdur. Amma bütün valideynlər belə deyil. 9-cu sinifdən şagirdlər
azalır, 11-ci sinifdə cəmi 3-5 şagird olur. Yuxarı siniflərə qalxdıqca, şagirdlər
dərsdən yayındırılır. Bu ən böyük problemlərdən biridir. Əlbəttə, kəndin ərazisindən
də asılıdır. Məktəb rəhbərliyi nə qədər tədbir həyata keçirsə də, bəzi
valideynlərə qalib gəlmək olmur. Qadına təhsil çox lazımdır. Bəzi valideynlər
bunu dərk etmir və qızları dərsdən yayındırırlar. Azərbaycanda təhsilə dəyər
verilir, şagirdlər üçün hər bir şərait yaradılır. Şagirdlər arasında bilik
yarışları keçirilir, qaliblər mükafatlandırılır. Erkən nikah ən böyük müsibətimizdir.
Müasir dövrdə yaşayırıq, amma yenə erkən nikahla mübarizə aparırıq. Şagird
uşaqlığını, tələbəliyini yaşamalıdır, sonra işləməlidir. Özünü yararlı vətəndaş
hiss etməli, cəmiyyətdə mövqe tutmalıdır. Uşaq gəlinlər cəmiyyətin ən böyük bəlasıdır.
- Müəllimlik sizin üçün nə ifadə edir?
- Məni
incidən cümlələrdən biri budur: "Balın azdır, get müəllim ol”. Müəllimliyi o qədər
cılızlaşdırmışdılar ki... Müəllimlərin işə qəbulunun imtahanla olması çox gözəldir.
Müəllimlik ucuz sənət deyil. Hər kəs müəllim ola bilməz. Hər peşənin öz çətinliyi
var. Heç bir peşəni kiçiltmirəm, amma müəllimlik ən yüksək zirvədə olmalıdır. Hər
bir sənətə yiyələnən vətəndaşı müəllim hazırlayır. Mühəndisin də, musiqiçinin də,
xanəndənin, psixoloqun da müəllimi var.
- Kimlər müəllim ola bilməz?
-
Psixologiyası yerində olmayan insan müəllim ola bilməz. Müəllim xırda səhvi
bağışlamayan bir sənət sahibi olur. Bu adı layiqincə yerinə yetirənlər var.
Amma müəllimə yaraşmayan hərəkət edənlər də az deyil. Artıq müəllim olmaq üçün
insanlar bir çox mərhələlərdən keçir. Savadı və psixoloji durumu yerində
olmayan insan müəllim adını daşıya bilməz. Müəllimlik əlçatmaz olmalıdır.
Hamının müəllimi olub. Hər bir vətəndaş müəllimin əlinin altından keçir.
Hansısa vətəndaş cinayət törədirsə, deməli, onun bünövrəsində nəsə var - ya ailəsində
sıxıntı, ya da müəllimlərində çatışmazlıq...
Aygün
ƏZİZ