Şagird kimi arzuladı, müəllim kimi uşaqlara yaşatdı - Fotolar
Pedaqoji fəaliyyətinin hələ
əvvəlindədir, cəmi bir ildir ki, müəllim kimi çalışır. Ancaq bu sahə ilə bağlı
planları, arzuları çoxdur. Ən böyük arzu və məqsədi isə daim sevgi ilə
xatırlanacaq müəllim olmaqdır. Düzdür, bu, asan deyil, amma o, bir ildə bu
istiqamətdə uğurlu addım ata bildiyini deyir.
Şəmkir rayonunda doğulub, Gəncə
şəhərində yaşayır. Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində
dövlət sifarişi əsasında həm bakalavr, həm də magistr təhsili alıb. 2018-ci
ildə magistr təhsilini başa vurub, Şəmkirdə müəllim kimi çalışmağa başlayıb.
Dərs keçmək üçün Gəncədən Şəmkirə getməli olur. Hətta bildirdi ki, müəllimlərin
işə qəbul imtahanında yüksək nəticə göstərdiyi üçün bu il məktəbi dəyişə də
bilər, ancaq peşəsinə və kollektivinə qarşı sevgi, onu iş yerini dəyişməməyə vadar
edir. Müsahibimiz Şəmkir şəhəri Morul tam
orta məktəbinin coğrafiya müəllimi, 25 yaşlı gənc Aytac İsgəndərlidir.
Fikirləşirdim ki, anam kimi müəllim
olacağam
Aytac deyir ki, müəllimliyə hələ
uşaq yaşlarından marağı olub. Bu arzusu sonra məqsədə çevrilib: "Uşaqlıqdan
belə bir arzum var idi və gələcəkdə özümü müəllim kimi təsəvvür edirdim. Anam
və nənəm müəllim idi, onların bu sahədə çalışmasının da mənim seçimimdə müəyyən
qədər rolu olub. Onların şagirdlərinə, işinə yanaşmasına diqqət edirdim. Hər
ikisi şagirdlərinin sevgisini qazana bilmişdi. Nənəm dünyasını dəyişib, amma ən
böyük dəstəkçilərimdən və idealım olan müəllimlərdən biri idi. Anam da
həmçinin. Həmişə fikirləşirdim ki, anam kimi müəllim olacağam. Çünki onu
nümunəvi müəllim obrazı kimi görürdüm. İşinə həvəslə, məsuliyyətlə yanaşırdı.
Anam mən oxuduğum məktəbdə işləyirdi, dərsində iştirak etmişdim. Evdə tamam
başqa cür idi, sinifdə başqa. Evdə nə isə problemi olsa belə, onu şagirdlərinə
hiss etdirmirdi, dərsinin keyfiyyətinə təsir etmirdi. Bu da yəqin ki, mənim
üçün bir stimul oldu. Ali məktəbə hazırlaşmağa başladığımda da əsas məqsədim
müəllim kimi fəaliyyət göstərmək idi. Bunu məqsəd olaraq qarşıma qoydum və
reallaşdırdım”.
Peşəmi layiqincə yerinə yetirirəm
Tarix-coğrafiyanı seçməyinə
gəlincə, Aytac deyir ki, bu da onun öz arzusu ilə olub: "Mən II qrup üzrə
imtahan vermişdim və yüksək bal yığmışdım. Valideynlərim iqtisadi sahələrə
yönəlməyimi istəyirdilər. Çünki iqtisadi sahələrə o vaxt maraq daha çox idi,
prestijli ixtisaslar hesab olunurdu. Amma mən tam öz istəyimlə coğrafiya
müəllimi olmaq qərarı verdim. Coğrafiyanı sevməyimin səbəbinə gəlincə, deyim
ki, orta məktəb vaxtı bu fənnə böyük marağım yox idi. Universitetə hazırlaşanda
hazırlıq müəllimim fənni çox yüksək səviyyədə tədris edirdi. O müəllimdən sonra
dedim ki, mən bu fənni tədris edə bilərəm. Mövzuları izah etməyin çətin olduğunu,
insanların buna maraq göstərməyəcəyini düşünüb, çox adam bu fənni tədris etməyə
maraqlı olmur. Amma həmin müəllim o qədər maraqlı şəkildə tədris etdi ki, məndə
maraq yarandı. Və bu gün əminliklə deyirəm ki, peşəmi layiqincə yerinə
yetirirəm. Şagirdlərimin uğurunu gördükcə, seçimimin doğru olduğundan daha çox
əmin oluram”.
Bir il motivasiyaedici məqamlarla yadda
qaldı
Aytac bir ildir ki, müəllim kimi
çalışır. Deyir ki, qısa müddətlik fəaliyyəti
çox yaddaqalan keçib: "Müəllimliyə qəbul imtahanında 54 bal toplamışdım.
Təhsil naziri Ceyhun Bayramov yüksək nəticə göstərən müəllimlərlə görüşdü, mən
də orda iştirak etdim. İşlədiyim məktəbdə "İlin ən yaxşı müəllimi” seçildim.
Eyni zamanda bu il keçirilən "Müasir
dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirə
təqdimatında iştirak etdim. Şəmkir rayonu üzrə mənim pedaqoji mühazirəm
qalib gəldi, respublika turunda iştirak hüququ qazandım. İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta
məktəbdə ölkə üzrə təşkil edilmiş mərhələdə Şəmkir rayonunu təmsil etdim. Hələ
ki, nəticələr açıqlanmayıb. Müəllim kimi fəaliyyətimdə bu bir il
motivasiyaedici məqamlarla yadda qaldı”.
Uşaqların sualları çox idi
Aytac bildirdi ki, məktəbə ilk
getdiyində uşaqlarda coğrafiyaya elə də maraq olmadığını görüb və bu fənni onlara
sevdirməyi qarşısına məqsəd qoyub: "Məktəbə daxil olduğumda uşaqların sualları
çox idi. Əsasən də hansı fənni tədris edəcəyimi soruşurdular. "Coğrafiya fənni”
deyəndə bu fənnin çətin olduğunu bildirirdilər, hiss edirdim ki, maraqsız fənn
kimi yanaşırlar. Ona görə, qarşıma məqsəd qoydum ki, coğrafiyanı uşaqlara
sevdirməliyəm. Özüm müəllimlərimdən görə bilmədiyim məqamları şagirdlərimə
çatdırmağa çalışdım. Coğrafiyanın tədrisində informasiya kommunikasiya
texnologiyalarının imkanlarından istifadə edərək, şagirdlərə daha çox məlumat,
bilik ötürməyə çalışdım. Pedaqoji mühazirəmdə də əslində, bu mövzuya
toxunmuşdum: Uşaqlara bu fənni sevdirmək üçün informasiya kommunikasiya
texnologiyalarının üsullarından necə istifadə edirəm? Coğrafiyanı niyə sevməli
olduğumuzu, bu fənnin əhəmiyyətini çatdırdım, maraqlı videoroliklərlə
nəzəriyyədə olanları onlara daha maraqlı şəkildə təqdim etdim. Fəaliyyətə
başladığım üçüncü həftədə şagirdlərimlə birlikdə "Coğrafiya gecəsi” tədbirini
həyatda keçirdik. Cəmi üç gün ərzində hazırladığım tədbir Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən çox bəyənildi.
Bu uğur əsas mənim deyil, şagirdlərimin idi. Çünki onlar sevgi ilə, həvəslə yanaşmışdılar.
Bir müəllim kimi şagirdlərimə ilk gündən daima hər bir mövzunu sevgi ilə
oxumalarını, məqsədli olmalarını öyrətdim. Öz yaradıcılıqlarını işə salmaları
üçün sərbəst tapşırıqlar təqdim edirəm. Şagirdlərimin dərs zamanı qazandıqları uğurları
"Youtube” kanalım vasitəsilə paylaşıram. Onların gözlərindəki sevinci duymaq,
bütün problemləri unutdurur. İstədiyimə nail oldum. Şagird kimi arzu
etdiklərimi müəllim kimi uşaqlara yaşatdım”.
Uşaqlarla səmimi oldum
Gənc müəllimin yuxarı sinif
şagirdləri ilə dil tapması bəzən çətin olur. Aytac ilk dərsdən şagirdlərlə dil
tapmağa çalışdığını deyir: "Bir neçə dərs, bu cəhətdən müəyyən qədər çətinliyim
oldu. Amma mən bunu əvvəldən bilirdim deyə, ilk dərsdən onlarla psixoloji
söhbətlər etdim. Bir-birimizə hörmətlə yanaşmağımızdan, gələcəkdə onların da
müəllim ola biləcəyindən və bu zaman şagirdlərin onlarla necə davaranmasını
istəmələri mövzusunda söhbət etdik. Uşaqlarla səmimi oldum. Bir neçə dərs,
bəziləri daha çox aktivlik nümayiş etdirirdi, yeni müəllim olduğum üçün fərqli
suallarla müraciət edirdilər ki, yeni müəllimdir, yəqin ki cavabını bilməz.
Hazırlıqlı idim, hamısının cavabını verirdim, ona görə qısa müddətdə dil tapa
bildik. Fikrimcə, müəllim sadəcə, dərsini deməklə kifayətlənməməlidir, eyni
zamanda, uşaqların psixologiyasını bilməlidir. Məsələn, dərsimdə hər hansı
şagirddə bədbinlik müşahidə etsəm, dərs sonrası təklikdə onu dinləməyi vacib bilirəm”.
Bəzən müəllim çox savadlı olur, amma...
Lakin çətinlikləri də olub: "Ümumi
işdən danışsaq, ilk vaxtlar çətinlik çəkirdim, bəzən ruhdan düşürdüm ki, məndə
alınmayacaq. Ancaq sonra dedim ki, bu da bir məqsəddir və bunu bacarmalıyam.
Dərsə ilk başladığım vaxtla tədris ilinin sonunu müqayisə edəndə, uğur qazandığımı
gördüm. Şagirdlərimlə sinifdə müəllim,
kənarda dost olmağı bacardım. Coğrafiya deyəndə, gözlərində sual işarəsi
olurdu, "biz bu fənni sevmirik”, yaxud "bu, bizim qrupumuzda yoxdur”
deyirdilər. Amma artıq onlar sonradan bu fənnə maraq göstərdilər, dərsə maraqlı
məlumatlarla, fərqli suallarla gəlirdilər. Bəzən müəllim çox savadlı olur, amma
biliyini şagirdlərə tam olaraq ötürə bilmir. Mən biliyimi şagirdlərə çatdırmaq
üçün əlimdən gələni etdim ki, onlara qaranlıq qalan nə isə olmasın. Təkcə mənim
dərsim deyil, digər fənlərlə bağlı nə isə çətinlikləri, sualları, problemləri
olanda, onu da gəlib mənimlə bölüşmələr üçün şərait yaratdım”.
Gənc müəllim bildirdi ki, dərsini
əzbərçilik metodundan uzaq qurur: "Bizə coğrafiya fənnini əzbərçilik şəklində
tədris ediblər. Müəllim sadəcə evdə öyrəndiklərimizi soruşmaqla kifayətlənirdi.
Lakin mən heç vaxt belə etmədim. Başa düşmədikləri halda, suallar vermələrinə
şərait yaradıram. Heç vaxt hansısa bir mövzunu onlara əzbərçilik yolu ilə
öyrətməyə çalışmadım. Həyatla bağlaya-bağlaya, "nə üçün?” sualına cavab taparaq
izah etdim. "Nə üçün?” sualına cavab verdikcə, mövzu onların hafizələrinə daha
yaxşı oturar. Əks halda mahiyyəti anlamaq uşaqlar üçün bir az çətin olur”.
Hər zaman şagirdlərimi ön sırada
aparmışam
Aytac deyir ki, Şəmkirdə
müəllimlərin özlərini inkişaf etdirmələri, şagirdlərinin aktivliklərini təmin
etmək üçün hər bir imkan var: "Müəllimlərin və şagirdlərin aktiv olması,
özlərini inkişaf etdirməsi üçün Şəmkir şəhərində yaxşı imkanlar var.
Treninqlər, debatlar, bilik yarışları, hətta breyn-rinqlər də təşkil olunur.
Hər zaman şagirdlərimi ön sırada aparmışam. Heç vaxt Bakıdan seçilmirik. Rayon
daxilində Gənc Müəllimlər Birliyi yaratmışıq. Müəllimliyə başladığım ilk il
olsa da, artıq birlikdə idarəedici heyətdəyəm. "Yay məktəbi” təşkil edirik.
Uşaqların asudə vaxtlarını dəyərləndirmələri üçün rayonumuz daxilində belə
işlər görməyə, mümkün qədər onlar üçün faydalı olmağa çalışırıq”.
Aytac qeyd etdi ki, bir illik
təcrübəsi artıq ona gələcəyi ilə bağlı tam qərar verməyə kömək edib: "Bu,
gələcəyimi tamamilə həsr edəcəyim işdir. Gələcəkdə coğrafiya sahəsində doktor
olmaq istəyirəm. Bir məktəb üzərində müəyyən qədər istədiklərimə nail olmuşam,
amma coğrafiya ilə bağlı qrant layihə ilə digər məktəblərdə də istəklərimi
həyata keçirmək fikrim var. Coğrafiyanı ingilis dilində tədris etmək üçün lazım
olan terminologiyanı öyrənirəm. Planlarım çoxdur”.
Aygün
Asimqızı