• cümə, 26 Aprel, 03:34
  • Baku Bakı 16°C

Sadə poeziyanın həqiqətləri

02.02.20 13:00 5036
Sadə poeziyanın həqiqətləri
Poeziya düşüncə və təfəkkür hadisəsidir. Mən ümumiyyətlə ədəbiyyatı dil faktoru hesab eləmirəm. İspan yazıçısı Migel de Servantesin yazdığı "La Mançlı ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanı azərbaycanlı oxuculara rus dili vasitəsi ilə, yəni ikinci dildən "keçərək gəlib çıxıb”. Biz bu əsərdə dilin yox, düşüncənin, təfəkkürün gücünü görürük. Ədəbiyyat dil hadisəsi olsaydı, oxucularımız dünya ədəbiyyatının şah əsərlərinin zövqündən məhrum olardılar. Azərbaycan ədəbiyyatı haqqında bunu demək mübahisə yaradır. Bəlkə də, Azərbaycan ədəbiyyatı düşüncənin, təfəkkürün yox, dilin hadisəsidir...
Qayıdaq poeziya haqqında düşüncələrə. Poeziya xüsusən indiki dövrdə, sadə və aydın olmalıdır, pafosdan uzaqda dayanmalıdır. Söz oynatmalar, nəsihətamiz ifadələr, təqlidlər təəssüf ki, bugünkü şeirin əsas materialını təşkil edir. Poeziyanın sadəliyini mən daha çox dünya ədəbiyyatı nümunələrində hiss edirəm, oxuyuram, zövq alıram. Hər dəfə, rast gələndə əsl poeziya haqqında düşüncələrimi oxucularla bölüşürəm, təbliğ edirəm. Mənim üçün əsl şeir odur ki, onu oxuyanda adi sözlər, sadə misralar olduğunu, görəsən, lakin adiliyin, sadəliyin sirri səni ovsunlasın, təsirindən çıxa bilməyəsən
Serb şairi Radomir Andriçin şeirləri əsl poeziyanı hiss etmək üçün sübut ola bilər. Sadəlik və fikirlərin aydın olması Andriç şeirlərinin mahiyyətini təşkil edir. İnanıram ki, onu şeirləri dünyanın hər yerində eyni təsirə malikdir, eyni hissləri ifadə edir. Bəşəriyyət üçün yazmaq da elə budur. Serb dilində yaranan bu şeirlər asanlıqla digər dillərdə də səslənir, özünə yeni ünvanlar qazanır. Radomir Andriç "Həqiqət” adlı şeirdə həqiqəti sadə və boyasız təsir edib:

Raskolnikovun əlindən
baltanı qoparıb alan qarı
bir zərbə ilə
öz başını paraladı.

Müəllif, Raskolnikovun qarını öldürməsinin səbəbini kiçik şeirdə bər-bəzəksiz, pafossuz ifadə edib. Eyni zamanda həqiqətin əsl üzünü açıb göstərib. Raskolnikovun qatil olması səbəbinin qarının özündə olduğunu və buna xidmət edən, Dostoyevskinin səhifələrə sığmayan bədii izahlarını yuxarıdakı misralara sığdıra bilib. Digər tərəfdən Dostoyevskidən fərli olaraq Andriç daha real düşünür, qarının başına gətirilən cinayətin birbaşa olaraq qarının öz cəzası olduğunu yazır. Göründüyü kimi bu sadə misralarda böyük həqiqətlər gizlənib. Burdan daha bir məsələ aydın olur ki, sadə yazmaq heç də asan deyil.
Radomir Andriç "Kölgə” şeirində yenə də bər-bəzəksiz peşəkarlıq göstərib.

Hərbi yürüşdən
Troya istehkamına
Odissey deyil,
yalnız onun kölgəsi qayıtdı.
Epik qəhrəman
hələ də Scilla və Xaribdanın
ölümcül qayaları arasında,
kəşf olunmamış bədheybətləri
və parıltılı gözəllikləri
tapmaq yanğısının qovduğu
ilğım qayığındadır –
əlbəttə, kor nəğməkarın xəyalında.

Şeirdə müəllifin açar sözləri gəlişigözəl ifadələri və təsvirləri yerindəcə əvəz edir. Troya, Odissey, Epik qəhrəman, kor nəğməkar kimi "açarlar” oxucunu lazımı ünvana aparır. Qaranlıq qalmasın deyə bildirim ki, kor nəğməkar yazarkən şair, ulu əcdadı olan Homeri nəzərdə tutur.
Sadəlik poeziyanın birinci şərti olmasa da, indiki qloballaşan və mürəkkəbləşən dünyada əsas şərtlərindən sayılır. Görünən odur ki, indi poeziyanı süni şəkildə mürəkkəbliyə doğru sürükləyirlər, onu lazımsız informasiyalarla, nəsihət tipli ifadələrlə, pafoslu bənzətmələrlə yükləyirlər. Bu da əsl poeziyadan uzaqlaşmaq, naməlum və qaranlıq istiqamətə üz tutmaq deməkdir.

Səxavət Sahil
banner

Oxşar Xəbərlər