• cümə axşamı, 25 aprel, 13:22
  • Baku Bakı 23°C

“Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”

15.01.20 18:18 10287
“Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”
Millət vəkilləri hesab edirlər ki, 2019-cu il Azərbaycan üçün uğurlu il olub

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, Azərbaycanın dayanıqlı inkişafı təmin olunub. Beləliklə, siyasi, iqtisadi, sosial sahələrdə böyük uğurlar əldə edilib, Azərbaycan sabitlik şəraitində yaşayıb. Prezident İlham Əliyev sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu diqqətə çatdıraraq, ötən il ərzində dünyanın müxtəlif yerlərdə gərginliyin artdığını, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması kimi halların müşahidə olunduğunu söyləyib. Bildirib ki, Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, Qafqaz bölgəsində, Yaxın Şərqdə, ümumiyyətlə dünyada gərginlik artır.

26 ildə əsrə bərabər inkişaf yolu
Dövlət başçısı Azərbaycanın sabitlik məkanı kimi inkişaf etdiyini dilə gətirib. Bildirib ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Prezidentin sözlərinə görə, xalq tərəfindən hakimiyyətə göstərilən dəstək, həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da ruhlandırır və eyni zamanda, ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir: "Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”.

Beynəlxalq aləmdə Azərbaycana olan etimad
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, həyata keçirilən tədbirlər, əldə edilən nəticələr bütövlükdə 2019-cu ilin Azərbaycan üçün uğurlu il olduğunu deməyə əsas verir. Politoloqun fikrincə, xüsusilə də dünyada cərəyan edən qorxulu proseslər, tendensiyalar, qanlı toqquşmalar, müharibələr, vətəndaş itaətsizliyi fonunda ötən il Azərbaycanda uğurların əldə edilməsi mühüm hadisədir: "Azərbaycan sabit, təhlükəsiz ölkə kimi inkişaf edib və bundan sonra da bu yolla irəliləməkdədir. Dünyada cərəyan edən gərginliklər fonunda Azərbaycan öz inkişafını qoruyub saxlaya bilib. Bu baxımdan, ölkəmiz dünyada, o cümlədən regionda, müsəlman aləmində sabitlik adasını xatırladır. Bu, təsadüfi deyil. Azərbaycandakı sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bu amili Prezident İlham Əliyev müşavirədə xüsusilə vurğuladı. Hakimiyyət-xalq birliyi, xalqın hakimiyyətə, öz Prezidentinə inamı, onu inanılmaz şəkildə dəstəkləməsi, bunun qarşılığında Prezidentin də məhz xalqın mənafeyini, milli-dövlətçilik maraqlarını ifadə edən daxili və xarici siyasət həyata keçirməsi ölkəmizdəki sabitliyi, təhlükəsizliyi, əmin-amanlığı formalaşdırıb. Uğurlu inkişaf, müstəqil siyasət, mehriban qonşuluq və etibarlı tərəfdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir edib. Güclü, daim inkişaf edən ölkə kimi beynəlxalq aləmdə Azərbaycana olan etimad daha da artıb. Bunun nəticəsidir ki, inkişaf etmiş dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Yalnız ötən il 40-dan artıq dövlət və hökumət başçısının Azərbaycana səfər etməsi deyilənlərə əyani misaldır”.
Daha sürətli inkişaf üçün möhkəm zəmin
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyevin nitqini diqqətlə dinlədiyini dilə gətirib. Bildirib ki, həmin nitq ölkəmizin ötən ildə keçdiyi yola qiymət verilməsi, mövcud vəziyyətimiz, gələcək inkişaf perspektivləri baxımından müstəsna əhəmiyyət daşıyır: "Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ötən il bütün sahələrdə inkişaf edib, böyük bir yol keçib. Hansı şəraitdə Azərbaycan inkişaf edib, böyük bir yol keçib? Məlum olduğu kimi, Azərbaycan adada yerləşən əlahiddə bir ölkə deyil. Azərbaycan digər ölkələrlə sıx bağlıdır. İşğalçı Ermənistan istisna olmaqla, həm qonşu, həm də regionda olan digər ölkələrlə geniş əlaqələrimiz var. Onlarda baş verən bu və ya digər hadisələr heç şübhəsiz Azərbaycana da təsir göstərir. Soruşulur, bizim ətrafımızda, regionda hansı hadisələr baş verir? Yaxın və Orta Şərqdə gedən proseslər bu sualın cavabını aydın şəkildə verir. Belə bir şəraitdə Azərbaycanın sabit vəziyyətdə inkişaf etməsi, sosial-iqtisadi, müdafiə, təhlükəsizlik, xarici siyasət sahələrində irəli getməsi hər hansı mübaliğəyə yol vermədən söyləmək lazımdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Azərbaycan xalqı dövlət başçımızın yürütdüyü siyasətin xalqın maraqlarına cavab verdiyini dərindən dərk edərək Prezidentin atdığı addımları müdafiə edir. Azərbaycan hakimiyyəti gücünü xalqdan alır. Xalqı irəli aparan isə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin yaratdığı şəraitdir. Bu gün Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə ən inkişaf etmiş ölkədir. Prezident İlham Əliyevin yanında keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycanın 2020-ci il və bundan sonrakı illərdə daha sürətli inkişaf etməsi üçün möhkəm zəmin var. Həmin zəminin kökləri möhkəmdir. Azərbaycanın çox gözəl inkişaf perspektivləri var”.


Qarşılıqlı maraqlara söykənən münasibətlər
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəbildirib ki, Azərbaycandakı davamlı sabitliyin, inkişafın əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalq-hakimiyyət birliyidir. Onun fikrincə, Azərbaycanın müstəqil xarici siyasəti tərəfdaşlıq üzərində qurulub: "Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, dünya dövlətləri ilə tərəfdaşlıq prinsiplərinə söykənir. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurur, zamanla bu əlaqələri inkişaf etdirir. Azərbaycan hər hansı dövlətə qarşı siyasət yürütmür, heç bir dövləti təhdid etmir, məhz əməkdaşlıq müstəvisində münasibətlər qurur və inkişaf etdirir. Azərbaycanın həyata keçirdiyi strateji layihələr hamının maraqlarına uyğundur”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər