• çərşənbə, 02 Iyul, 07:17
  • Baku Bakı 23°C

Sabirlər Günü

12.03.20 09:30 2899
Sabirlər Günü
Və ya Şirvanın iki böyük şairinin ziyarətində
O gün səhər duman Bakını bürümüşdü. ''Qış dumanı qar gətirər, yaz dumanı bar'', - deyiblər ulularımız. Təqvimdə hələ qış idi, amma ayın neçəliyini unudan, deyərdi ki, artıq bahar gəlib. Əslində bu il Bakı nə qar gördü, nə də şaxta. Aran bölgələri də payızdan üzü bəri bir selləmə yağışa həsrət qaldı. Nə ot boy verə, nə də torpağa səpilən toxum cücərə bildi. Elə bu gün də əkin-biçin adamları "yağış” deyib lalayır. Yenə şükür Xudanın kərəminə, qışı yola salmaq üzrəyik. El-obamız Novruz çərşənbələrinin sevincini yaşamaqdadır. Hansı şəhərə və kəndə getsən, Novruz havası yaşanır.
"Vətəni el-el gəzək" layihəsi çərçivəsində növbəti səfərimiz qədim söz-sənət beşiyi, zəngin tarixi keçmişə malik, daim narahat torpaq - Şamaxıya və dolayları sürücülərin gözünə duran, aranlı-dağlı Ağsuya oldu. Səfər çərçivəsində müxtəlif tarixi məkanlara, sənət ocaqlarına baş çəkdik, ayrı-ayrı insanlarla, o cümlədən dostlarımızla görüşdük. Bizi sevindirən məqamlar da oldu, kövrəldən anlar da.
Gəncliyimin şəhəri - Şamaxı
Dağların sinəsində qərar tutmuş müasir Şamaxı gəncliyimin şəhəridir. Səfər yoldaşım, sənətşünaslıq doktoru Ziyadxan Əliyevlə bu şəhərdə tanış olmuş, dostlaşmışıq. O şəhərin təqribən qırx il əvvəlki görkəmi, mehriban insanları, o illərdə baş verən olaylar bu gün də ürəyimdə yaşayır. Şamaxı rayon qəzetində işlədiyim illərdə, mən, demək olar ki, aranlı-dağlı bütün kəndləri, üzüm plantasiyalarını, biçənəkləri, qışlaqları gəzmişəm. İndiki Qobustan rayonu onda Şamaxının tərkibində idi. Rayon ərazisindəki Taxta yaylağından Hacıqabula yaxın Uduluya bir günə ancaq gedib qayıtmaq mümkün idi. O illərdə Şamaxı respublikada ən böyük üzümçülük rayonu sayılırdı. Şəkidən sonra ən çox taxıl istehsal edən də Şamaxı rayonu idi - 50 min ton. Hara baxırdın ya üzümlük, ya da taxıl zəmiləri görünürdü. Heyf ki, o plantasiyalar məhv edildi. İndi-indi bəzi ərazilərdə üzümlüklər boy atır...
Acıdərədən Sabir qəsəbəsinə doğru yol tutanda Şamaxı Gülüstan qalasının sinəsinə sərilmiş xalıya bənzəyir. Şəhər son illər xeyli böyüyüb, müasirləşib. Bu təzadlar şəhərinin başına nələr gəlməyib. Dağıdıcı zəlzələlər, güclü düşmən orduları dəfələrlə şəhəri yerlə yeksan edib. İndi nəinki Bakıda və respublikanın bir çox rayonunda, eləcə də qonşu ölkələrdə, xüsusilə Aşqabadda əslən Şamaxıdan olan nəsillər yaşayır. Nadirqulu xan 1735-ci ildə Şamaxıya hücum edib, şəhəri dağıdandan sonra indiki Ağsunun bir neçə kilometrliyində yeni şəhər saldırıb və Şamaxı əhalisinin xeyli hissəsi ora köçürülüb. Şair Zülali Şirvani səyahətdən qayıtdıqdan sonra öz əzizlərini o şəhərdə tapıb və məşhur misralarını yazıb:
Qürbətdə deyirdin ki, Zülali, vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu…
O vaxtdan şairin bu sözləri ağsuluların başına, pis çıxmasın, "qaxınc" olub. Təbii ki, şair doğma ocağı viran qaldığından belə deyib, yoxsa axarlı-baxarlı Ağsunun nəyi pisdir ki?...
"Bənzərəm bir qocaman dağa ki..."
Əvvəlcə Şamaxı ilə üzbəüz qədim qəbiristanlığa getdik. Məqsədimiz böyük şairimiz, ağlar-güləyən Mirzə Ələkbər Sabirin məzarını və Şirvan xanlarının dəfn edildiyi Yeddi günbəzi ziyarət etmək idi. Təəssüf ki, Şamaxının ətəyindən qəbiristanlığa doğru uzanan cəmi 2-3 kilometr yol yordu bizi. Elə Yeddi günbəzin də bərpaya böyük ehtiyacı var.
Bir neçə il olar ki, şairin qəbirüstü abidəsi yenilənib və həmin ərazi abadlaşdırılıb. Abidə qiymətli daşdan olmasa da, sadə, orijinal formadadır və milli ornamentlərlə bəzədilib. Onu da deyim ki, neçə illər əvvəl şair Gülağa Tənha Sabirin günbəz formalı qəbirüstü məqbərəsini öz vəsaiti hesabına inşa etdirmişdi.
Qəbiristanlıq hündürdə yerləşdiyindən, Yeddi günbəz tərəfdən Şamaxı şəhərinin çox hissəsi aydın görünür. Hava xoş və günəşli olduğundan şairin qəbri üstündə xeyli dayandıq və növbə ilə Sabirin şeirlərindən parçalar söylədik.
Ziyadxan müəllim "Sabir təsviri sənətdə" adlı kitabının yaranması ilə bağlı danışdı. Dedi ki, Sabir yaradıcılığı hər zaman rəssamların ilham qaynağı olub. Görkəmli rəssamlar Əzim Əzimzadə, Şmerlinq Sabirin şeirlərinə gözəl karikaturalar çəkiblər. Onu da deyim ki, Sabirin əsərlərinə uyğun rəsmlər çəkmək rəssamdan böyük istedad tələb edir....
Mən isə şairin məşəqqətli həyatından bəzi məqamları günün qonaqlarına çatdırdım.
Şirvan xanlığının paytaxtı Ağsu
Rayonun Ülgüc kəndinin yaxınlığında yerləşən və ağsuluların Xaraba şəhər adlandırdıqları Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda da olduq. Qoruğun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizə belə dedi: "2010-cu ilin mart ayında "MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və mənim rəhbərliyimlə bu şəhər ərazisində qazıntılara başlayıb. 2012-ci ilin dekabr ayınadək 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilib, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunub. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, qalanları Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda saxlanılıb.
2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kvadratmetr sahənin üzəri örtülərək içərisində sərgilər qurulub. Qazıntını əks etdirən kitablar, jurnallar, filmlər, 3D roliklər, veb-səhifələr hazırlanıb, xaricdə və respublikada onlarla məqalə və məruzə nəşr edilib. Təkcə 2019-cu ildə 800-ü xarici olmaqla, 8000 nəfər turist Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət edib. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı, 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransı (materialları Kembric Alimləri Nəşriyyatında nəşr olunub) burada keçirilib.
Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun formalaşmasında, öncə qeyd etdiyim kimi, həmyerlimiz, arxeoloq Fariz Xəlillinin fədakar əməyi böyükdür. Çox xoşdur ki, ötən il oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub”.
" Söndü gözlərimdə alışan arzum..."
Bir dəfə yazmışdım ki, yuxusuzluq sindromu ilə yaşamaq insanı bezdirir, bəzən hətta dəlilik həddinə çatdırır... Ha çalışırsan ki, hamı kimi yatıb rahatlanasan, amma yuxulaya bilmirsən. Fikri-fikrə calayırsan, özün özünlə dünən olanı, sabahkı gözləntilərini də çək-çevir edirsən, nəyi düz, nəyi əyri etdiyini yəqin etməyə çalışırsan. Dəqiqələr dönüb saat olur. Durub saata baxırsan, görürsən ki, gecə yarı olub, ancaq bir çimir eləyə bilməyibsən. Qaranlıqda pəncərə qarşısında oturub könülsüz-könülsüz vaxtsız banlayan ları xoruzların kal səsinə qulaq asırsan. İşə bax ha, şəhərdə də xoruz saxlayanlar varmış... Deyirsən, onda keçim mətbəxə, bir xoruzquyruğu çay... (Xoruzun quyruğu məgər qırmızı olur? Pipiyi qırmızı olur. Bəs niyə xoruzquyruğu deyirlər? ) Əşi, gecənin bu vaxtında nə xoruzbazlıqdı, yıxıl yat, da! Yenə girirsən yatağa. Gah sol tərəfin üstünə çevrilirsən, gah da sağ tərəfin, ancaq zəhrimar yuxu qaçaq düşür səndən... Hardasa bir körpə ağlayır... Yaxın küçələrin birindən bir yük maşını ötüb keçir...
Ağrılı günlərim idi. Ağsuda, Vəzirxan qardaşımın evində tək qalırdım. Gündüzlər başımı qarışdırmaq üçün həyətdə ağacları suvarır, təmizlik işləri görür, sonra da oturub bundan sonra tək-tənha necə yaşayacağımı fikirləşirdim. Qardaşım başqa rayonda işləsə də, mənə görə tez-tez gəlirdi. Olub-keçənlər mənə yuxu kimi gəlirdi. Amma gecələr yata bilmirdim. Belə gecələrdə dostlarımdan bir neçəsi ilə telefonla söhbətləşirdim. Onlardan biri həmyerlim, şair Sabir Sarvan idi. Onunla qiyabi tanışlığımızın tarixi orta məktəb illərinə təsadüf eləyir.
Hər ikimiz orta məktəbdə oxuyanda rayon qəzetinə xəbərlər yazardıq. Çox vaxt hər ikimizin imzası, nədənsə, qəzetdə "S. Məlikov" kimi qeyd edilirdi. Bir-birimizi qəzet vasitəsilə qiyabi tanıyırdıq. Bəzən sinif yoldaşlarım və müəllimlərim bilmədən deyirdilər ki, yazını oxudum. Halbuki, o xəbər Sabirin olurdu. Yəqin ki, mənim xəbərim çıxanda da ona belə deyirdilər. Mən səkkizinci sinfi Ağsu şəhərində bitirib, doqquz-onu Bakıda oxudum. Sabir isə orta təhsilini rayonun qabaqcıl təhsil ocağı sayılan Pirhəsənli kənd orta məktəbində başa vurdu.
Sabir aktyorluğu bitirdi. Bir müddət Lənkəran Teatrında işlədi. Amma şairliyi aktyorluğunu kölgədə qoydu. Az yazırdı, amma əzbərlənəcək şeirlər yazırdı. Elə bil ürəyi qəm, nisgil üstə köklənmişdi. Bir dəfə, lap cavan vaxtımızda "Azərbaycan" nəşriyyatında vestibüldə yanaşı oturmuşduq. Necə oldusa, söhbət eləməyə başladıq. Söhbətimiz tutdu. "Gənclik" jurnalında redaktor müavini olduğunu deyən kimi tanıdım onu. Sonra qayıtdıq məktəb illərinə... O vaxtdan arabir zəngləşir, hal-əhval tuturduq. İllər bizə çox şey verdi, amma zaman ötdükcə payımıza düşən ən qiymətli şeyləri, ən əziz adamlarımızı əlimizdən almağa başladı.
Ona da taleyin vaxtsız zərbəsi dəydi, övlad dağı gördü və ömrünün sonunadək bu itki onu göyüm-göyüm göynətdi:
Bir qəbirdə atam, birində balam,
Daha nə əvvəlim, nə də sonum var.
Söndü gözlərimdə alışan arzum,
Bitdi taleyimdə gedən qovğalar.
Yatmadığımız yay gecələrinin birində Sabir yaşadığı Sumqayıtdan mənə zəng eləmişdi. Eyvanda ay işığında oturub Ağsuçayın quru, daşları ağaran yatağına baxa-baxa qalmışdım. Sabir dedi ki, bilirəm, indi orada gözəl hava var, kaş yanında olaydım, bəlkə darıxmazdım. Sonra dedi ki, gəl sənə bir şeir oxuyum. Oxudu da:
Vaxtında ölmədim, indi də gecdi,
Hər nəsə bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki, sinəmdə soyuyub ürək.
Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ-qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşmən qazandım,
Düşmən qazandınsa, ölmək çətindi.
Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o mənnən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq...
Martın 14-ü Sabirin xatirə günüdür. Yaşasaydı, 64 yaşı olacaqdı. Ancaq elə bilirəm ki, o, elə həmişə cavan yaşındadır. Sabir ancaq şeirlərində yaşından qoca görünür.
O, şeirlərindəki kimi yaşayıb vaxtsız, yuxuya həsrətlilər kimi köçdü bu dünyadan. Ürəyimdə kövrək səsi, iki şeir kitabı qaldı məndə. Özünün yazdığı kimi, O, özünü, dərdini, bu dünya ilə "alış-verişini" və sözünü şeirə çevirib getdi... Nədənsə, daha çox yatmadığım gecələrdə arabir Sabir düşür yadıma.
Onun elə şeirləri var ki, oxuyub dişini-dişinə sıxmalı olursan, dilinə gətirsən, yəqin göz yaşlarını saxlaya bilməzsən. Görkəmli şairimiz Məmməd Aslan bir dəfə söhbət zamanı Sabirin öz həyat yoldaşına həsr etdiyi şeirdən bir bəndi söyləyib dedi ki, etirafın böyüklüyünə baxın ey:
Başıma yağan daşlardan
Saray yapdım, taxt eylədim.
Özüm bədbəxt doğulmuşdum,
Səni də bədbəxt elədim,
Abbas əmimin qızı.
Dostlar məni qırmadılar. Bahar ovqatlı qış günündə Ağsu dolaylarından enib magistral yolun kənarındakı kənd qəbiristanlığının alaqapısı ağzında maşından düşüb içəri keçdik. Otlar bir qarış boy vermişdilər, səhəngsındıran çiçəyini bu yerə elə bil əllə səpələmişdilər. Lap yola yaxın bir mərmər başdaşından Sabir sakit-sakit bizə baxırdı.
O gün martın 7-si idi. Həmin gün bundan sonra mənim yaddaşımda Şirvanın iki böyük şairi - Sabirlər günü kimi yaşayacaq. Ruhunuz şad olsun, Sabirlər!
Səməd Məlikzadə
banner

Oxşar Xəbərlər