• cümə, 29 Mart, 12:51
  • Baku Bakı 14°C

Sabir Əhmədlinin “Yamacda nişanə” povestində psixologizm

15.11.16 10:10 12229
Sabir Əhmədlinin “Yamacda nişanə” povestində psixologizm
XX əsrin 60-cı illərindən etibarən cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatdan da yan keçmədi. Sosializm cəmiyyətində baş verən təbəddülatlar yeni ədəbi obrazların, yeni insan duyğularının ədəbiyyata gətirilməsini tələb edirdi. Ədəbiyyatda kök salmış hegemon ideologiyanın monotonluğu yeni tipli yazıçıları təmin etmir, onlar şişirdilmiş qəhrəmanlar yerinə real "kiçik” insan obrazına müraciət etməyə başlayırdılar. Bu insanların həyat tərzi heç kimdən fərqlənmirdi, qeyri-adi istedadları və ehtirasları yox idi. Ancaq bunun əvəzinə bu insanların ilk baxışdan diqqət çəkməyən, yazıçı tərəfindən xüsusi vurğulanmayan mənəvi dünyalarına enilirdi. Sosial-mənəvi problemləri, sıxıntıları olan bu qəhərəmanların ortaya çıxma zərurətini Mehdi Hüseyn hələ 1962-ci ildə qeyd edir, sanki gələcək ədəbiyyatın manifestini açıqlayaraq yazırdı: "Mən cəsarətlə deyə bilərəm ki, bədii nəsrimizdə də, şeirimizdə də yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti mövqe tutduğunu iddia etmək üçün tələsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdlüyünü bütün ədəbi ictimaiyyətimiz aydın hiss etməkdədir. Həyat hadisələrinin və insan sürətlərinin təsvirində və mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyil göstərməyin özü heç də az əhəmiyyətli deyildir” (Mehdi Hüseyn. Yeni mərhələ, yeni vəzifələr. "Azərbaycan” jurnalı, 1962, № 7, s.3).
Ədəbiyyata "60-cılar” kimi daxil olan nəsil Bəkir Nəbiyev, Akif Hüseynov, Qulu Xəlilov, Yəhya Seyidov, Yaşar Qarayev, Nazif Qəhrəmanlı, Vaqif Yusifli, Tehran Əlişanoğlu və başqalarının tədqiqat predmeti olmuşdur. İnsan və zaman, həyat həqiqətlərinin bədii həqiqətə çevrilməsi, qlobal problemlər, konflikt kimi məsələlər bu tədqiqatçıların qələmində elmi ədəbiyyata gətirilmişdir. Bu tədqiqatlarda yazıçıların üslub, forma, təsvir və ifadə vasitələrinə yeni münasibəti də diqqətdən kənarda qalmamışdır.
60-cılar nəsrinin əsas problematik məsələlərindən biri də yeni psixoloji nəsrin meydana çıxması idi. İlyas Əfəndiyev, Əkrəm Əylisli, Anar, Elçin, İsa Hüseynov, Həsən Seyidbəyli, Sabir Əhmədli kimi yazıçıların əsərlərində insanın daxili dünyasına səyahət, ictimai varlığa yeni münasibət, sadə insan həyatının alt qatındakı dərinlik, mənəvi baxımdan kamil insanın kəşfi kimi məsələlər irəli sürülür, yeni və vahid insan konsepsiyası formalaşırdı.
"Psixoloji varlıq olan İnsanın içi, içəri dünyası ictimai məzmundan (sosial əhatədən) tutmuş, mənəvi-əxlaqi dəyərlərə, fəlsəfi sıraya (insan – varlıq, insan – dünya münasibətlərinə) qədər ən müxtəlif səviyyələrdə gəzişir, "öz həqiqətinə” yetməyə can atır. İnsanın iç dünyası nəsrin əsas predmetinə çevrildiyindən, məhz bu səbəbdən tənqidçilərin tez-tez yeni nəsrin aparıcı keyfiyyəti kimi təsbit etdikləri psixologizm qabarır, funksionallıq kəsb edir” (Tehran Əlişanoğlu. XX əsr Azərbaycan nəsrinin poetikası. Bakı, Elm. 2006. 312 s., səh. 228).
Psixologizm ədəbi tənqidin də diqqətində olmuş, M.İmanovun "Azərbaycan nəsrində psixologizm”, S.İldırımzadənin "Müasir Azərbaycan nəsrində mənəvi-psixoloji problemlər”, S.Həsənovanın "Müasir Azərbaycan hekayələrində psixoloji təhlil” və başqa tədqiqatlarda nəsrin daxili təkamülü araşdırılmışdır.
Sabir Əhmədli də yeni psixoloji nəsrin nümayəndələrindən biri olmaqla, "Yaşıl teatr”, "Qanköçürmə stansiyası”, "Yamacda nişanə” kimi psixoloji nəsr örnəkləri yaratmışdır. Bu baxımdan "Yamacda nişanə” əsəri xüsusilə fərqlənir. Əsərin qəhrəmanı Laçın adi, sönük mühitdə parlayan bir işığı xatırladır. Ancaq sıradan olmayanın normal qəbul edilmədiyi mühitdə yaşamaq onun üçün çətin olur. Çünki sönük cəmiyyət fərqliliyi qəbul etmir. Asif Atanın təbirincə desək, "O yerdə ki, hamı bir-birini bəsit görmək istəyir, o yerdə özünəməxsusluq qəribəlik əlaməti sayılır, şablon normativlərdən kənara çıxmaq isə bəzən "yersiz” olur” (http://www.asifataocagi.com/wp-content/uploads/2014/06/insan-ve-senet.pdf ).
Laçın fiziki baxımdan güclüdür, qüvvətlidir, ilk baxışda cəngavər görünüşlüdür. Onun bu gücü ətraf mühitdə etirazla qarşılanır, qəribə və anlaşılmaz görünür, insanlarla arasına sədd çəkir. Bunun isə iki səbəbi var, birinci o, öz qəribəliyi ilə insanları psixoloji baxımdan narahat edir, ikincisi isə, mühitinin insanlarında öz yaşayış və mövcudluq tərzinə qarşı bir etiraz doğurur. Ancaq bununla belə, o, insanları vahid mövqedə birləşdirməyi bacarır. Ondan qorxduğunu etiraf edən raykom katibinə ətrafdakıların gülməsi də bu baxımdan səciyyəvidir: "Çoxunun gözü yaşardı, dәsmal axtardılar. Danlananlar da, danlanmayanlar da һәmin dәqiqәlәrdә onları birlikdә güldürәn Laçına ürәklәrindә minnәtdarlıq elәdilәr” (http://www.azadliq.org/a/24705144.html ).
"Yazıçı Sabir Əhmədovun "Yamacda nişanə” povestinin qəhrəmanı Laçın "faciəvi” xarakterdir. Ona görə ki, Laçın, mühitində bərqərar olmuş və zehinlərə həkk olunmuş normalara uyğun hərəkət edə bilmir. Ona görə ki, odlu-alovludur, məcraya, qəlibə sığmayandır. Ona görə ki, Laçının atəşin təbiəti dar mühitə yabançıdır. Ona görə ki, bəsit şəraitdə Laçının gözəl insani məziyyətləri "qəribəlik kimi qiymətləndirilir. Ona görə də Laçın onu əhatə edənlər arasında artıq adamdır. Ümumi ictimaiyyət, böyük cəmiyyət onun keyfiyyətlərini yüksək qiymətləndirməyə, ona dayaq olmağa hazırdır. Lakin Laçın müəyyən kiçik kollektivdə, kiçik mühitdədir” (http://www.asifataocagi.com/wp-content/uploads/2014/06/insan-ve-senet.pdf ).
Laçına qarşı fikirlər birmənalı deyil, o, qəribə qarşılandığı qədər də sevilən bir insandır. Çünki mühit onu nə qədər özünə yaxınlaşdırmaq istəməsə də, onu özündən kənara da atmır. Onun faciəsi də aralıqda qalması ilə başlayır: "Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların gözü-qulağı ona elə öyrəşmişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzdilər... Yerişində, hərəkətində elə od, hərarət vardı ki, guya keçib getdiyi havaya kibrit çəkəcəklər” (http://www.azadliq.org/a/24705141.html ).
Əsərdə Laçın və onu əhatə edən mühit arasındakı ziddiyyətlər o, iş axtararkən ortaya çıxmağa başlayır. Ona qarşı sabit, mənfi fikir mövcuddur: Laçın heç nə bacarmaz, Laçın heç kimlə evlənə bilməz, Laçın bir işin qulpundan yapışıb normal insan kimi yaşaya bilməz. Hətta əsərin əvvəlində iş istəmək üçün yanına getdiyi raykom katibi də öz-özünə düşünür ki, Laçın vaxtında şoferlərin yanında sürücülük öyrənməyib, onun yanına boş, yararsız biri kimi gəlib. Ancaq sonradan vəsiqəni ortaya qoyanda bu dəfə də düşünürlər ki, o vəsiqəni qeyri-qanuni yollarla alıb, əsgərə maşın vermək olmaz, onlar maşını məhv edir. Hətta əsgərlikdən anasına yazdığı məktubunda sevincini bölüşəndə də ona inanmırlar, ona görə hərbi xidmətdən qayıdanda təşkil olunan qonaqlıq bitən kimi vəsiqəsinə baxmaq istəyirlər. Vəsiqəni gözləri ilə görməsinə baxmayaraq, sonradan ondan xəlvət qardaşı katibdən xahiş edir ki, Laçına maşın verilməsin.
Laçına yönələn önyarğı ailəsi ilə yekunlaşmır. Sevdiyi qızın atası ağbaş kişi səbəbini bilmədən ondan qorxur, xəstə düşür. İnsanlar ondan şikayətçi olurlar. Ancaq bu şikayətlərin heç bir tutarlı əsası yoxdur. Onu insanlara diqqətlə baxmaqda ittiham edirlər. Həyatdakı yeganə sevgisi olan Sarıtel isə Laçına ən böyük psixoloji zərbəni vuraraq məhəbbətini rədd edir, onu sözləri ilə yaralamaqdan çəkinmir: "Dünya dağıla, bir o qala, bir mәn, bizim ulduzumuz barışmaz. Getsin itirdiyini başqa yerdә axtarsın” (http://www.azadliq.org/a/24705144.html).
Laçın xarakterinin mənəvi aləmi onun daxili monoloqlarında açılır. Qoyub getdiyi elini-obasını olduğu kimi tapmayan Laçın bunun günahını özündə görür.
"Tәqsirin һamısı onda idi, adamlar ona görə belә olmuşdular, bu kökә düşmüşdülәr. Yox, belә olmaz. Hardasan, Laçın, һarda dayanmısan? Hanı sәnin dağı-daş tərpәdәn, alәmә düşәn nәrәlәrin, sәsin-sәdan? Özünü unut, Laçın, özündәn xәbәrin yoxdur. Sәni tanımırlar. Axı, oxşamırsan! Әmanәt kassasının müdirinin qızı da sәni tanımayıb. Axı, sәn Sarıtelә o vaxt şәһәrdәn gәlәnlәrin verdiyi konsertdә sinәsi ilә yol açan cәngavәr oğlana da az oxşayırsan, һәrәkәt lazımdır. Hәrәkәtә gәlmәk, camaatı da һәrəkətə gәtirmәk lazımdır, Laçın!..” (http://www.azadliq.org/a/24705141.html ). Bununla, yazıçı özü kimi olmayan, davranmayan insanlar mühitində monotonluğun, solğunluğun hökm sürdüyünə işarə edir.
Laçın mənəvi baxımdan təmiz adamdır. Ona görə onun üzünə gülüb, başqa şeylər düşünən insanların duyğuları ona yaddır. Səbrlə maşın alacağı günü gözləyən Laçın bilmir ki, o gün çox uzaqdadır. Bunu dərk etdikdə isə uzun illər qardaşına duyduğu dərin hörmət və çəkingənlik hissi şübhə ilə əvəzlənir. Beləcə o, artıq öz taleyini sorğulayan, buna etiraz edən üsyankar bir xarakterə çevrilir. Bununla da, içindəki özünügünahlandırma duyğusu məcrasını dəyişərək qardaşına və mühitinə yönəlir. Daxili monoloq xarici monoloqla əvəz olunur: "Bir һalda ki sarsağam, nәinki sükan etibar etmәzlәr, mәnә qız da vermәk olmaz. Bir Laçının ki qardaşı öz ayağı ilә gedә böyüklәrdәn xaһiş edә, ona maşın vermәyin, onda Laçına kim qız verәr, kim?” (http://www.azadliq.org/a/24705141.html ).
Mənən zəngin olan Laçın özünə tənqidi yanaşmağı bacarır, eyni zamanda "doğma yurdunun daş atılmış qurbağa gölünə dönməyinə” dözə bilmir, bu yeknəsəkliyə yazığı gəlir.
Yaşadığı sönük mühitdə bir işıq kimi parlayan Laçın obrazını söndürmək bu mühitin insanlarının əsas qayəsinə çevrilir. Onlar iki yol arasında qalırlar: 1) Laçını ağır bir işə göndərmək, 2) evləndirmək.
Ona bir çox iş təklif olunsa da, yalnız sürücü kimi çalışacağını bəyan etdikdən sonra Laçını yanğınsöndürmə idarəsinə şofer göndərirlər. Onun xarakterinin bilinməyən cəhətləri də Həsənxan ilə dialoqlarında açılır. İşə ilk gəlişini yazıçı belə qeyd edir: "...ona elә gәldi ki, buraya qәdәm basıb daxil olduğu dәqiqәdә buzdan üzülüb qopan bir gilә su düz tәpәsinә düşdü vә "cızz” elәdi. Guya kişi, һәqiqәtәn bir sal buzdu. Laçın od. Onu — Laçını buraya ona görә göndərmişdilәr ki, görsünlәr bunların һansı davamlıdır” (http://www.azadliq.org/a/24705144.html). Bununla da yazıçı əslində, Laçının öz məhvini şüuraltı dərk etməsini göstərmək istəmişdir.
Laçının gözü ilə baxanda Həsənxanın papağındakı ulduzun itdiyini, təkcə oraq-çəkicin göründüyünü sezirik. Ədəbiyyatımızda və mifologiyamızda günəşin, işığın, aydınlığın simvolu olan ulduzun yox olması, əslində, sosrealizm həqiqəti içərisində məhv olan ümid işığının yox olması, kor-koranə itaətin mövcudluğunun simvolu kimi mənalandırıla bilər.
Həsənxan yanğın maşınının rənginin mənasını izah edərkən yazıçı maraqlı məqamlara toxunur: "Yanğın nәdәn törәyir? Şübһәsiz, qığılcımdan, bircә qordan. Demәli, gәrәk һәmin o qığılcımı vaxtında görüb söndürәsәn ki, böyük yanğına çevrilmәyә. Çünki yanğını söndürmәk olmur, söndürәnә qәdәr xeyli ziyanlıq törәdir. Әsas qordur, nә qәdәr ki, alova çevrilmәyib dәrһal üstünü torpaqlamalı, ya da әn etibarlısı — su tökmәli. Bil, bizim düşmәnimiz qordur, qığılcımdır, çirpәkdir vә sair” (http://www.azadliq.org/a/24705144.html ). Əslində bir qor olan Laçının buraya söndürülmək üçün göndərildiyini dərk edən Həsənxan onun qarşısına bir çox maneələr çıxarır. Bu da düşünülmüş əməliyyatın bir hissəsidir.
Qıpqırmızı, kənardan alov təsiri bağışlayan maşın Laçının içini isitmir. Çünki alov olan Laçına başqa bir alovun varlığı təsir göstərə bilmir, bu, onun üçün adidir. Burada adiləşmə və fövləqtəbiilik müşahidə etmək mümkündür. Hər kəs üçün fövqəltəbii görünən bir şey onsuz da fövqəltəbii olan birinə qeyri-adi gələ bilməz: "İki divar arasında dayanan maşın alovdu. Hәtta bir baxışda, qara tәkәrlәr çatılmış kösöv-odun parçası, maşının gövdәsi isә yanıb lalıqlamış köz yığını, bәlkә dә polad әridәn atәşli soba timsalında göründü. Bu alov on metrdәn adamın üzünü, əllәrini qarsmalı ikәn iki addımda dayanan oğlanı azacıq, bir külәşin, bir kağız qırığının istisincә qızdırmadı” (http://www.azadliq.org/a/24705144.html ).
İdarənin divarlarında asılan alətlər ona uşaqlığını, məktəb illərini xatırladırdı. Elm adına onun yadında qalan tək söz "herbari” idi. Divara düzülmüş alətlər ona uşaq vaxtı topladığı cücüləri, böcəkləri xatırladırdı. Yazıçının bu ədəbi priyomu təsadüfi deyil. Mövcud cəmiyyət qurudulmuş, candan, qandan məhrum, duyğuları olmayan herbariyə bənzədilir. Ancaq Laçını məktəbdən soyudan təbiət dərslərinin azlığıdır. Buradan bu qənaətə gələ bilərik ki, hətta ona maraqlı gələn herbari toplamaq da onu məktəbə - dolayısı ilə cəmiyyətə dözməyə məcbur edə bilmir. Cəmiyyətlə barışmazlıq elə uşaqlığından – məktəb illərindən Laçında formalaşmışdı.
Laçını sındırmaq üçün Həsənxanın seçdiyi vasitə uzun müddət davam edə bilmir, o, bir gün bu sərhədləri sındırır: "Hәsәnxan, maşın adam kimidir. Bir yerdә saxlayarsan, saxlayarsan, axırda bilmәrrә tәrpәnmәz, inan. Sürüm yuxarı kәһrizә, yoxlayım, һәm dә üzünә su çilәyib һavaya verim, qәrәmәtdәn çıxsın” (http://www.azadliq.org/a/24705147.html ). Bununla Laçın sətraltı olaraq ona qarşı yönələn qüvvələrə etirazını bildirir.
Laçının işə düzəlməsindən sonra səhhəti normallaşan, təhlükənin keçdiyini düşünən ağbaş kişi "Lalə”nin – yanğınsöndürən maşına uşaqların verdiyi ad idi - ortaya çıxmasından sonra yenidən xəstələnir. Onu xəstə cəmiyyətin simvolu olaraq təqdim edən yazıçı fərqlilik, yenilik, gözəllik gördüyü halda buna özünəməxsus reaksiya verən bir varlıq kimi yanaşır. Laçının əhali üçün su daşımasından sonra insanlarla barışması isə onun adiləşməyə doğru getdiyini göstərir. Ağbaş kişidən üzr istəməsi, onunla barışması da xəstə cəmiyyətlə Laçının razılaşmağa başladığının əlamətidir. Bu vəziyyət onun Həsənxanla dialoquna qədər davam edir. Həsənxan yaşadığı cəmiyyətdən yüksəkdə dayanan Laçına qarşı göstərdiyi münasibətdən, onu su daşıyaraq sönən, rüşvət alaraq bəsitləşən bir varlığa çevirməsindən utanc hissi duyur. "… әn çәtin, fәqәt e'tibarlı vә ağıllı tәdbir yenә dә ondan ibarәtdir ki, Laçının canında olan odu onun özünә һiss etdirmәdәn yavaş-yavaş yox etmәk. İstiyә qarşı soyuqluq” (http://www.azadliq.org/a/24705147.html). Laçının alovlanmaq təhlükəsinin qarşısını almaq üçün planlar quran Həsənxan onu iki vasitə ilə - Laçını ona biganə olmayan mamaça ilə qarşılaşdırmaq və onun hər gün su ilə təmasını təmin etməklə "yol gətirməyə” çalışırdı.
Bütün vasitələr sınanandan sonra onun gecə növbəsində işləməsini də təşkil etmək üçün rəhbərlik səviyyəsində göstərişlər verilir. Ancaq bu, Laçının qabağında yeni, heç bilmədiyi bir dünya açır. 30-cu illərdə banditlərlə mübarizədə həlak olmuş sərhədçi əsgərin məzarını görməsi, ordan yayılan işığın fərqində olması sanki gələcəkdə də onun cəmiyyətin şəhidi olacağına bir işarədir. Şəhid məzarını qəbiristanlıq xofu kimi deyil, bir nur mənbəyi kimi qəbul edən Laçın Həsənxanın önündə də heç bilmədiyi yeni üfüqlər açır. Laçın linglə uzun illər bağlı qalan pəncərəni aralayaraq Həsənxana, dolayısı yolla cəmiyyətə yeni bir pəncərə açıla bilməsinin mümkünlüyünü göstərir. Ancaq bu cəmiyyət Həsənxan kimi Laçına qarşı tolerant ola bilmir. Laçınla ünsiyyətdə mənən arındığının fərqinə varan Həsənxan cəmiyyətin buna hazır olmadığını da dərk edir.
Laçın obrazına geniş pəncərədən baxarkən onu italyan yazıçısı Dino Buzzatinin hələ 1940-cı ildə yaratdığı, "Tatar çölü” romanının qəhrəmanı Covanni Droqoya bənzədə bilərik. Tatar çölündəki qalaya hərbçi kimi gedən Covanni ömrü boyu şimaldan gələcək düşmənləri gözləyir və özünün şanlı əsgər kimi döyüşəcəyinə, qalib ordunun komandanı olacağına ümid edir. Ancaq o gün gələndə Droqo işindən uzaqlaşdırılır. Laçın obrazının düşüncələri də bu baxımdan maraqlıdır. "O zaman, һәmin dәqiqәlәrdә ölü alәtlәr adamların nәzәrindә elә qüvvәyә çevrilәcәk ki, әvәzsiz... Bu isә ancaq yanğın düşsә, mümkündür. Hәftәlәr, aylar, bәlkә illәr keçәcәk. Laçın bu һәftәlәrin onunu-yüzünü buraxıb birindә yaşaya bilәcәk. Ömrün-günün belәcә keçәl qarğıdalı kimi seyrәk keçәcәyinin fikrini çәkmәkdә ikәn, o, bir qәdәr bәrk yatağa uzandığı һalda, tәzәcә süzülmüş şirә kimi mәt, sütül bir coşğunluq duydu” (http://www.azadliq.org/a/24705147.html).
Əsərin ən maraqlı məqamlarından biri də Həsənxanla Laçının qadınlar haqda söhbətidir. Cəmiyyətdə əsl kişi hesab edilmək üçün qadınlarla qeyri-qanuni münasibətlərin əsas götürülməsi, bunun kişilər arasında qürur duyulan bir əməl olması Laçına qəribə gəlir. Ona görə Həsənxanla söhbətində yalan danışır. Ancaq sonradan evlənmək məsələsi gündəmə gələndə əvvəl yalan dediyini etiraf edir. Bir qəlbin bir insanı unudub başqasına meyil salmasını dərk edə bilmir. Belə fikir Laçına tamamilə yaddır. O, Sarıteldən başqa heç kimlə evlənməyi təsəvvürünə belə gətirə bilmir: "Heç vaxt, һeç zaman mәn başqasının һaqqında düşünmәmişәm. Gözüm açılandan qız adına, һәyat yoldaşı adına onu görmüşәm. Seçmәmişәm, axtarmamışam. Әsgәrlikdәn ona nә qәdәr mәktub yazmışam, burda da neçәsini yazmaq istәmişәm. Amma bircәciyini dә nә göndәrmişәm, nә vermişәm” (http://www.azadliq.org/a/24705157.html ).
Laçın onu dəyişdirməyə çalışan, gücünü gücsüzlüyündən ayıran cəmiyyətə öz daxili monoloqu ilə cavab verir: "İnsanda iki qüvvә yox, bir qüvvә var. O da budur: adam nә qәdәr güclüdürsә, o qәdәr gücsüzdür. Hәr bir canlı öldürmәyi, yıxmağı bacardığı qәdәr ölmәyә, yıxılmağa һazırdır. Gücsüzlük-güclülük eyni qüvvәdir, belәdәn-belә çevrilir, elәdәn-elә. Sevgi-mәһәbbәt dә bu tәһәr, müәllim! Misal üçün adi bir almanı götürәk: һәm acıdır, һәm şirin. Ayıra bilmәzsәn onun öz acısını öz şirinindәn. Su — һidrogeni dә var, oksigeni dә. Onu da ayıra bilmәzsәn. Ayıra bilәrsәn һa, müәllim, onda alma almalıqda qalmır, su da itir...” (http://www.azadliq.org/a/24705157.html ).
Özündə fövqəlqüvvə hiss edən Laçın yalnız məzardan gələn işığı görür: "Bu gecә oğlana vәһy gәlmişdi. Bir qәdәr belәcә davam etsә, һara gedib çıxacaqdı, allaһ bilirdi... Hәmin gecә ay, guya elә nöqtәdәn çıxmışdı ki, işığı yalnız bir yerә düşürdü. Qonşu yamacın üstdәki mәzara. Yamacdakı tәk qәbir daşı ağappaqdı. Ayın qar ziyasına bәnzәyәn şüası ordan süzülüb bәridә — yanğın idarәsi ilә mәzarın arasındakı dәrәnin üzәrindә dayanırdı. Elә idi ki, guya һәmin dәrә boş, quru olmayıb, saһillәrinәcәn silәbәsilә dolu, ağ-göy suyu asta-asta yırğalanan vә ancaq gecәlәr, min gecәnin birindә gözә görünәn tәmiz dağ dәryaçasıdır” (http://www.azadliq.org/a/24705157.html ).
Laçının əxlaqi məsələlərdə təmizliyi onun mamaça ilə görüşməyə razılıq verməsindən sonra ortaya çıxır. Ancaq bu, bir qədər də kədər doğuran məqamdır. Bu məqamdan sonra onun cəmiyyətlə barışmazlığı, hadisələrə dözə bilməməsi daha kəskin nəzərə çarpır. Həsənxanın mamaça ilə əlaqəsi olduğunu düşünərək onu döyür. Onu döyməsinin səbəbi isə təkcə Həsənxanın ona yalan deməsini düşünməsi yox, həm də bir qadının əxlaqına qarşı hörmətsizlik kimi qiymətləndirməsidir. Sonradan məlum olur ki, əslində, onun düşündükləri xəyal imiş. Yaşadığı mühit onu dəliyə çevirir. Yalana nifrət edən Laçın Həsənxanın yoxa çıxması ilə sorğuya çəkilir. Bu məqamda yalan deməyə məcbur olması olduqca canlı təsvirlərlə verilmişdir: "O qәdәr yalan demişdi ki, rәis bir yana, özü özünә һirslәnmişdi. Dünyada yalan danışmaqdan, yalançı görünmәkdәn dә әclaf iş varmı?” (http://www.azadliq.org/a/24705160.html ). Laçının düşdüyü situasiyanı Herman Hessenin qəhrəmanları ilə müqayisə etmək mümkündür. Yazıçı həyatda "etmərəm” dediyi hər şeyi etmək məcburiyyətində qalan qəhrəmanına göstərir ki, bu hal əslində insanın taleyinin bir hissəsidir. Ancaq bununla nə qədər barışmaq, ya da buna nə qədər baş qaldırmaq insanın təbiətindən, psixoloji durumundan asılıdır.
Laçının psixologiyası Həsənxanın Bakıya getməsindən sonra daha geniş açılır. Onun gözləri yanğınları bir hallusinasiya kimi görür. Burada da əslində xüsusi ştrixlər vardır. Bu zamana kimi onun cəmiyyətlə münasibətləri sanki Həsənxan vasitəsilə tənzimlənir. Həsənxan alışmaqda olan odun üstünə atılan sudur. Ancaq bu alovu söndürmür, nəzarət altında saxlayır. Onun gedişi ilə yanğın nəzarətdən çıxır. Laçın hər gecə şəhərin başqa-başqa yerlərindən yanğın xəbərləri aldığını güman edir.
Bu, yazıçının arzularını əks etdirmə biçimidir. O, həqiqətən, yeni yanğınların olmasını, sabitliyin pozulmasını, yeni bir odun canlılıq yaratmasını istəyir. Bunun mümkün olmadığı, insanların yeknəsəkliyə uyumlu həyat tərzi keçirdiyi mühitdə isə o yanğının olması mümkünsüzdür.
Gecənin gündüzə çevrildiyi bir ildırımlı gecədə isə Laçın tamamilə yox olmağı seçir. Ona qarşı birmənalı münasibət göstərməyən cəmiyyət onun üçün dözülməz olur. O işığın məhv olduğu gecə Həsənxan ümid edir ki, Laçın maşından düşüb canını qurtarmış ola bilər. Əslində, bu işığın həyatına gətirdiyi mənanın fərqində olan surət kimi Həsənxan obrazı xüsusi fərqlənir.
Həsənxan bilir ki, onun istinadgahı həmişə tənha əsgər məzarı olmuşdu. Buna görə də sürüşmə baş verəndə onun uçuruma yox, məzara baxdığına şübhəsi yox idi. "Görәsәn, qarajdan çıxarkәn arxaya baxırmışmı? Baxıbsa, yeganә nişanәtәk һәmin әsgәr mәzarını görüb” (http://www.azadliq.org/a/24705160.html). Sabir Əhmədli nurdan qopub gələn tənha obrazını zülmət dünyadan qoparıb yenidən gəldiyi yerə - nura qovuşdurur. Cismən ölən Laçın, əslində ona layiq olmayan cəmiyyətdən uzaqlaşaraq əbədiyaşarlıq qazanır.
Elmira Babayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi
banner

Oxşar Xəbərlər