• şənbə, 20 Aprel, 13:21
  • Baku Bakı 23°C

Şaban Cəfərov: “ Teatrı fanatik dərəcədə sevirəm”

14.12.14 11:29 2501
Şaban Cəfərov: “ Teatrı fanatik dərəcədə sevirəm”
Yazıma “Gənclər Azərbaycanın gələcəyidir” sözü ilə başlamaq gəldi içimdən. “Debüt” rubrikamızın qonağı gənc aktyor Şaban Cəfərovla söhbətimiz boyu elə hey bu sözləri düşünürdüm.
Bildiyiniz kimi bu rubrikamızda teatra yeni qədəm qoyan, yeni nəfəs gətirən gənclər yer alır. O gənclər ki, bu gün teatrın qapısından böyük ümidlərlə, xəyallarla, arzularla daxil olur. O gənclər ki, kim bilir sabah sənət ulduzu parlayacaq, tamaşaçıların sevimlisinə çevriləcək, xarici festivallarda, qastrollarda Azərbaycanı uğurla təmsil edəcək deyə düşündüm bir anlıq...
Beləliklə, bu gün sizə təqdim edəcəyim gənc, istedadlı aktyor Azərbaycan Dövlət Musiqili Teatrının solisti Şaban Cəfərovdur. Gəlin siz də müsahibim ilə yaxından tanış olun.
12 yaşından oxuyan gənc
Şaban Cəfərov 1986-cı ildə Gəncədə doğulub. 1993-cü ildə Samux rayonunun İnstitut qəsəbəsinin orta məktəbinə daxil olub. 2004-cü ildə məktəbi bitirən Şaban musiqiyə böyük həvəs göstərərək vokal dərsləri almağa başlayıb. 6 yaşından Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifalarını böyük maraqla dinləyən azyaşlı Şaban onlardan çox təsirlənib. Uşaqlıqdan musiqiyə böyük maraq göstərdiyi üçün valideynləri onu Uşaq musiqi məktəbində 5 illik qarmon sinfinə yazdırıb. Həmin məktəbi bitirdikdən sonra isə pianino sənətinə maraq göstərir. 12 yaşında vokal səsinin olduğunu hiss edən Şaban bu sahədə özünü inkişaf etdirmək qərarına gəlir. Bu məqsədlə müəllim yanına gedən gənc bir daha əmin olur ki, qeyri-adi səs imkanlarına malikdir. Bundan sonra Şaban böyük maraq göstərdiyi qarmon və pianinonu bir tərəfə qoyub ifaçı olmağa qərar verir. Onun yaradıcılıq yolu da məhz buradan başlayır. O, hər kəsin qibtə edəcəyi bir sənətə sahib olmağı qarşısına məqsəd qoyur. Bu məqsəd uğrunda gecə-gündüz çalışır. Məktəbi bitirdiyi ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Estrada aktyorluğu” fakültəsinə daxil olur. Xalq artisti Afaq Bəşirqızının kurs rəhbəri olduğu qrupda təhsil alan Şaban eyni zamanda Xalq artisti Azər Zeynalovdan vokal dərsləri alır və günü-gündən vokal imkanlarını genişləndirir.
Arzularının ardınca gedən vokalist...
Ailədə yeganə incəsənət nümayəndəsi olan gənc aktyor seçdiyi sahədə bütün ailəsi tərəfindən böyük dəstək görür. Bu da onun yaradıcılığında özünü inkişaf etdirmək üçün böyük təkan olur. Ailəsi hər zaman ona bu yolda addımlamağı və daima irəli getməyi məsləhət görür.
Şaban da hər zaman valideynlərinin ona olan ümidlərini doğrultmağa çalışır. Özünə inanan gənc 2006-cı ildə Opera və Balet Teatrına gedərək bu teatrda işləmək istədiyini söyləyir. Onun səsini yoxlayan xormeyster Şabana teatrda işləməyə razılığını verir. Beləliklə o, Opera və Balet Teatrında xor artisti vəzifəsinə qəbul edilir. Vokal səs imkanlarına güvənən Şaban hər zaman ciddi sənətlə məşğul olmaq istəyir və bunu dilə gətirməkdən də çəkinmir. Sənəti ilə gündəmə gəlməyi, efirə çıxmağı isə maliyyə problemləri ilə əlaqələndirir: “Efirə çıxmaq üçün küllü miqdarda pul lazımdır. Ən azından özünü maliyyələşdirməlisən. Mən 20 yaşından teatrdayam. Bu sənətə də xordan gəlmişəm. Bunu da heç zaman danmıram”.
Opera və Balet teatrına işə düzələn müsahibim işlədiyi müddətdə demək olar ki, teatrın bütün repertuarında iştirak edib. Bununla paralel olaraq Azərbaycan Dövlət Filarmoniyasında da çalışıb. Həmin illərdə Xor Kapellasının repertuarına uyğun Avropa və yerli əsərlər ifa edib. Opera və Balet Teatrında isə daha çox xorda və kütləvi səhnələrdə iştirak edən Şaban orada “Leyli və Məcnun”, “Koroğlu”, “Traviata”, “Karmen”, “Trubador”, “Əsli və Kərəm”də öz səsini nümayiş etdirib. “Məşədi İbad” operettasında isə hamamçı rolunu ifa edib. İlk peşəkar rolu olan bu obrazdan belə böyük zövq alan gənc aktyor deyir ki, “Opera və Balet Teatrında xor səhnələrində çıxış etməyimə baxmayaraq onlar çox çətin partiyalardır. Bu sizə asan görünməsin. Bunu öyrənmək üçün böyük həvəs və daima çalışmaq lazımdır. Niyyətim isə təcrübə qazanıb solo oxumaqdan ibarət idi”.
Opera və Balet Teatrında 2 il davamlı olaraq çalışan Şaban 2012-ci ilin fevralında bu teatrı tərk edib müsabiqə yolu ilə Musiqili Teatrın truppasına daxil olur. Onun solo karyerası da məhz buradan başlayır. Bu teatrda “Kələkbaz” (Subaylarınızdan görək) operettasında əsas rollardan biri olan Fəqanı, “Qızıl toy” tamaşasında baş rol - Azəri ifa edir. Bundan başqa Şaban uşaq tamaşalarında da rollar alır. Bununla bərabər o, Azərbaycan Dövlət Televiziyasının Cahangir Cahangirov adına xorunda solist kimi çalışır.
Dünyanı heyrətləndirmək arzusu...
Gələcəyə böyük ümid və arzularla yaşayan gənc aktyor daima öz üzərində işləyərək, hər şeyin zəhmətdən keçdiyini hesab edir: “İstəyirəm ki, Azərbaycanı dünyada təmsil edim. Öz səsimlə dünyanı heyrətləndirmək istəyirəm. Hələ nailiyyətlərim qabaqdadır. Bu sənət çox çətindir. Birdən-birə nəyəsə nail olmaq mümkünsüzdür. Hər işin başında zəhmət dayanır. Bu sənətdə gərək nəyisə güdməyəsən. Hər şey kənardan göründüyü kimi asan deyil. Gərək bu sənəti sevəsən ki, çətinliklərə göz yuma biləsən. Hesab edirəm ki, hər bir uğur əziyyət hesabına başa gəlir. Onu insan özü qazanmalıdır. Heç zaman da bu sənətə gəldiyim üçün peşman olmamışam”.
Qonorara gəlincə isə aktyor hər kəs kimi teatrdan aldığı məvacibin ona kifayət etmədiyini bildirir. Qeyd edir ki, teatra pul gözü ilə baxmır. Bəzən el şənliklərində iştirak etdiyini deyən Şaban estrada janrına da müraciət etdiyini gizlətmir və hesab edir ki, bu onun teatrdakı fəaliyyətinə heç də maneə yaratmaz. Azərbaycanda şou-biznes deyilən şeyin olmadığını söyləyən gənc aktyor yalnız toy biznesi olduğunu, şou-biznesin heç də yaxşı inkişaf etmədiyini düşünür. O daim ciddi bir sənətlə məşğul olmaq istəyir. Şou-biznesə qatılmaq onun bu qədər çəkdiyi əzab-əziyyətin üzərinə xətt çəkəcəyini hesab edir. O teatra kiminsə tapşırığı və ya xahişi ilə gəlmədiyini qürur hissi ilə dilə gətirir. Şaban daşıdığı vəzifənin dəyərini çox yaxşı bilir: “İndiki dövrdə heç kəs acından ölmür. Azərbaycan teatr tarixinə nəzər salsaq, 100 il bundan qabaq da teatrda eyni maddi problemlərin olduğunu görərik. Biz ümidlə yaşayırıq, inşallah gələcəkdə hər şey daha yaxşı olacaq”.
Musiqili Komediya Teatrına gələndə qarşısına məqsəd qoyan aktyor zaman keçdikcə öz istəklərinə nail olur. Tenor səs diapazonuna malik olan müsahibim səsin ona Allah tərəfindən ərməğan olduğunu və onu düzgün şəkildə istifadə etmək istədiyini bildirir.
Oynamaq istədiyi rollardan danışan Şaban gələcəkdə “O olmasın, bu olsun” tamaşasında Sərvər, “Arşın mal alan”da Əsgər kimi obrazları canlandırmaq istədiyini deyir. Şaban teatra məhz bu kimi obrazları ifa etmək üçün gəldiyini bildirir. Müsahibim bəzən haqsızlıqları gördükdə əsəbiləşsə də, ancaq bu sənətsiz yaşaya bilməyəcəyini söyləyir: “Hərdən elə olub ki, teatra 39 dərəcə qızdırmada gəlmişəm. Tamaşa əsnasında mənim qızdırmam düşüb. Yəni teatrdan sağalıb çıxmışam. Oxumasam, yaşaya bilmərəm. Səhnə mənə olduqca doğmadır”.
Müdiriyyət tərəfindən daim gənclərə dəstək olunduğu söyləyən Şaban teatrın rəhbəri Əliqismət Lalayevə də təşəkkür etməyi unutmur. Teatrda daim gənclərə dəstək və hörmət olunduğunu bildirir. Teatrı həyatının bir hissəsi sayan Şaban günün yarısından çoxunu teatrda keçirir. Özünü bu sənətsiz təsəvvür edə bilmir. Hesab edir ki, o, bu sənət üçün doğulub.
Şabanın fikrincə, aktyor kimsənin yerini doldurmamalıdır: “İnsan hər zaman özünə lazım olan sənəti seçməlidir. Teatra həvəslə gedirəm və hər gün işimi həvəslə görürəm. Mən bu işdən yorulmuram. Özümü başqa sahədə sınamaq istəsəm də, görmüşəm ki, heç bir iş mənlik deyil. Mən özümü yalnız teatrda tapıram”.
Dünyanı fəth etmək niyyətində olan gənc aktyor bu sənətdə özündən sonra bir iz qoymağı düşünür. İstəyir ki, bütün dünya Azərbaycanın belə səsə malik olan aktyorlarının olduğunu bilsin. “Sənətimi beynəlxalq arenada nümayiş etmək istəyirəm. Qoy bütün dünya görsün ki, bu sənət ölməyib. Bizim korifey sənətkarlardan sonra bu sənət davam edir. Bu yükü daşımaq isə bizim öhdəmizə düşür”.
Biz də öz növbəmizdə gənc aktyora yaradıcılıq yolunda uğurlar arzulayaraq söhbətimizi yekunlaşdırırıq...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər