• şənbə, 27 Aprel, 03:12
  • Baku Bakı 14°C

Sabaha inamı gücləndirən dəstək

23.07.16 11:22 1589
Sabaha inamı gücləndirən dəstək
Prezident İlham Əliyev ölkəmizdə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə srağagün sərəncam imzalayıb. Həmin sərəncamla qəzetlərə 1 milyon manat həcmində birdəfəlik maliyyə yardımı ayrılıb. Dövlət başçısı həmin gün mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb. 22 iyul Milli Mətbuat Günü ərəfəsində imzalanan hər iki sərəncamla bağlı qəzet baş redaktorları öz mövqelərini bildiriblər.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Kaspi”yə açıqlamasında deyib ki, Prezident İlham Əliyev davamlı olaraq Azərbaycan mediasına diqqət və qayğı göstərir, dəstək nümayiş etdirir. Onun sözlərinə görə, uzun illərdir mətbuatın inkişafı istiqamətində mühüm qərarlar qəbul olunur, maddi-texniki bazanın gücləndirilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması üçün fərman və sərəncamlar imzalanır. E.Mirzəbəyli bildirib ki, dövlət başçısının sonuncu sərəncamlarını da bu cür sistemli dəstəyin davamı kimi qəbul edilməlidir: "Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, Prezidenti mətbuatın inkişafında, söz və fikir azadlığının qorunmasında nə dərəcədə maraqlıdır. Bu addımları ilə dövlət başçısı vətəndaşların Konstitusion hüquqlarının təmin edilməsi prinsipial mövqe nümayiş etdirir. Şübhəsiz ki, verilən dəstək mətbuatın problemlərinin həlli istiqamətində ciddi irəliləyişlərin əldə edilməsinə də zəmin yaradacaq. Prosesin ardıcıl və davamlı olduğunu nəzərə alıb medianın da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini, azad sözün, fikir azadlığının qorunması yönündə prinsipiallıq göstərəcəyini, vətəndaş mövqeyi nümayiş etdirəcəyini düşünürəm”.
"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz mövzu ilə bağlı münasibətini açıqlayarkən deyib ki, bu fakt ölkə başçısının mətbuatı daim diqqətdə saxladığını və onun problemləri ilə yaxından tanış olduğunu bir daha təsdiqləyir. Baş redaktorun fikrincə, medianın üzləşdiyi çətinliklərdən xəbərdar olan Azərbaycan Prezidenti ölkədə müstəqil mətbuatın fəaliyyət göstərməsində maraqlıdır: "Media ilə əlaqəli iki sərəncamın imzalanması, mətbuata 1 milyon manat birdəfəlik yardımın edilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə 3 milyon manatın ayrılması deyilənlərə əyani sübutdur. Fikirləşirəm ki, Azərbaycan mətbuatı bundan sonra daha da güclü işləməli, ictimai-siyasi məsələləri, eləcə də cəmiyyəti narahat edən, düşündürən problemləri ictimailəşdirməli, onları diqqət mərkəzində saxlamalı, Azərbaycan dövlətinin maraqlarından çıxış etməlidir”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan milli mətbuatının 141 illiyini qeyd etməsinə diqqət çəkərək, 141 ilin kifayət qədər böyük müddət olduğunu vurğulayıb. O, ötən illər ərzində Azərbaycan mətbuatının çox böyük tarixi yol keçdiyini dilə gətirib. Dövlət başçısının media ilə əlaqədar olaraq imzaladığı son iki sərəncama toxunan millət vəkili deyib ki, Azərbaycan mətbuatı heç vaxt indiki mərhələdə olduğu kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb: "Bu gün mətbuatımızda söz, fikir, düşüncə azadlığı təmin olunub. Azərbaycan mətbuatı milli, azad ideyaların, millətimizin maraqlarına cavab verən fikirlərin paylaşıldığı məkandır. Bayram münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm. Xüsusi olaraq, Azərbaycan Prezidentinə milli mətbuatımızın yaranma günündə onun maddi rifah halının möhkəmləndirilməsi üçün ayırdığı ciddi məbləğdə maliyyə vəsaitinə görə bütün həmkarlarım adından təşəkkür edirəm. Düşünürəm ki, bu, Azərbaycan dövlətinin, cənab Prezidentin mediaya qayğısının növbəti təzahürü, ənənəvi davamıdır”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı media ilə bağlı imzaladığı son sərəncamlara görə dövlət başçısına minnətdarlığını çatdırıb. O, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu bir qəzetin rəhbəri, qələm adamı kimi Prezidentin bu addımını yüksək qiymətləndirib: "Prezident İlham Əliyev Azərbaycanda hər zaman mətbuata öz dəstəyini göstərib. Təbii ki, bu dəstək ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə başlayıb. Bir zamanlar ölkədəki qəzetlərin əksəriyyətinin "Azərbaycan” nəşriyyatına borcları yaranmışdı. Həmin vaxt ulu öndər həmin borcları dayandırdı, ardınca bu borclar silindi. İndi də ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Onun prezidentliyi dövründə də mətbuata, azad sözün inkişafına çox böyük dəstək verilir. Azərbaycan Prezidenti jurnalistləri bir neçə dəfə qəbul edib, onlarla səmimi söhbət aparıb, Azərbaycanda azad media mühitinin formalaşması və inkişafı, jurnalistlərin sosial problemlərinin həlli üçün lazımi addımlar atıb. Bütün bunlara görə dövlət başçısına təşəkkürümüzü bildirir və hesab edirik ki, görülən bu tədbirlər, atılan addımlar Azərbaycan dövlətinin azad mediaya, cəmiyyətin ən obyektiv, operativ ziyalı zümrəsi olan jurnalistlərə böyük qayğıdır”.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hər iki sərəncamı həm media həyatı, həm də bütövlükdə cəmiyyətimiz və dövlətimiz üçün mühüm fakt kimi dəyərləndirib: "Burada söhbət jurnalistlərin, media adamlarının sosial-mənzil şəraitinin yaxşılaşdırılmasından, həm də dövlət həyatının ayrılmaz bir hissəsi olan çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsindən gedir. Hər iki sərəncam dövlət başçısının son illər mətbuata yönəlik sistemli və fasiləsiz siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, bu gün Azərbaycanda mediaya dövlətin dəstəyi və medianın dövlətin maraqlarına təmənnasız xidməti artıq bir modelə çevrilib. Fikrimcə, dövlət başçısının atdığı bu addımlar Azərbaycanda KİV-ə dövlət dəstəyi siyasətinin sistemli forması və davamıdır. Bunun nəticəsində Azərbaycan mediası və jurnalistlər əvvəlki onilliklərlə müqayisədə daha çox peşəkar, dövlətçi olmağa başlayıblar. Son imzalanan sərəncamlar da media camesində böyük ruh yüksəkliyi ilə qarşılanır, sabaha olan inamı gücləndirir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər