• çərşənbə, 24 Aprel, 08:37
  • Baku Bakı 13°C

Sağalma sayı yoluxmanı üstələyərsə...

16.07.20 10:00 573
Sağalma sayı yoluxmanı üstələyərsə...
Bu, sevindiricidir, amma virus təhlükəsinin azalması kimi qiymətləndirilməməlidir
529 yoluxma, 547 sağalma... Bu, koronavirusla bağlı iyulun 13-ə olan günün statistikasıdır. Uzun müddətdən sonra sağalmanın yoluxma sayından çox olduğu bir statistika gördük. Düzdür, yoluxma ilə bağlı rəqəmlərdə ciddi dəyişiklik yoxdur, ancaq sağalma sayındakı üstünlüyü müsbətə doğru irəliləyiş kimi qiymətləndirənlər də oldu. Həqiqətən də, bu, virusla mübarizədə müsbətə doğru dəyişiklik hesab edilə bilərmi?
Tibbi ekspert Adil Qeybulla statistikadakı rəqəmlərin reallığı əks etdirmədiyi qənaətindədir: "Reallıqda virusa yoluxanlar daha çoxdur. Evdə özü həkim tapıb müalicə olunan, ambulator müalicə alan xəstələr də yetərli qədərdir. Ona görə də bu rəqəmlər reallığı əks etdirmir”.
İnfeksionist Mərdan Əliyev deyir ki, klinikalarda xəstələrin müalicəsini təşkil etmək cəhətdən bu rəqəm ümidveridiricidir: "Sağalanların sayının çoxalması o deməkdir ki, xəstəxanalarda yer sayında boşalma olur. Xəstəxanalarda yer məhdudiyyəti olduğu hamıya məlumdur. Sağalandan daha çox qəbul ediləndə, yer problemi yaşana bilirdi. Əvvəllər hər gün xəstəxanalarda sağalandan 12-15 nəfər çox xəstə qəbul edilirdi. Üstəlik hər gün belə davam edəndə, təbii ki klinikalar əlavə xəstə qəbul etməkdə çətinlik çəkirdilər. Yəni xəstələrin klinikalarda müalicəsini təşkil etmək cəhətdən yanaşanda, bu rəqəm ümidvericidir”.
M.Əliyevin sözlərinə görə, qarşıdakı günlərdə də sağalma sayının yoluxmanı üstələməsinin şahidi ola bilərik: "Sağalanların sayının statistikasının bundan sonrakı günlərdə də çox olacağı gözlənilir. Çünki artıq neçə müddətdir ki, daha çox sayda xəstə qəbul edilirdi və indi onlar sağalırlar və bu, rəqəmdə də özünü göstərir”.
M.Əliyev qeyd etdi ki, səhiyyə sistemi xəstəliyi nəzarətdə saxlaya biləndə, karantin qaydalarının yumşaldılmasına getmək olar: "Sağalma rəqəmləri yoluxmanı üstələyirsə, bu, o cəhətdən yaxşıdır ki, səhiyyə sistemi xəstəliyi nəzarətdə saxlaya bilir. Davamlı şəkildə yoluxmada müəyyən qədər azalma olarsa, ən azından artım getməzsə, sağalanların sayı yoluxmadan çox olarsa, o zaman karantin qaydalarının yumşaldılmasına gedilə bilər. Xəstəlik idarə edilən səviyədə olur. Əks təqdirdə idarə etmək çətindir. Xəstəxanalar da dolur, yer olmur. Hətta ağır xəstələri belə ev şəraitində müalicə etməyə məcbur qalırlar. Təbii ki bu da idarə olunmayan infeksiya deməkdir. Bu zaman dövlət karantin qaydalarını daha da sərtləşdirməyə məcbur qalır”.
Adil Qeybulla bildirdi ki, əgər rəqəmlər müsbətə doğru dəyişdiyində, yumşaldılmaya gedilsə, burda nəticə davranışlardan asılı olacaq: "Əvvəlki yumşaldılmadan sonrakı kimi davransaq, yenə də atım ola bilər. Ancaq maska taxsaq, sosial məsafə gözləsək, marketlərdə bir-birimizə bitişik şəkildə növbədə durmasaq, yəni marketlərdə, ictimai nəqliyyatda qayda-qanun yaradılsa, sosial məsafə gözlənilsə, polisi görəndə maska taxıb, gedəndə çənədə gəzdirmək olmasa, şüurlu şəkildə karantin qaydalarına riayət olunsa, bu, karantindən daha vacibdir. Karantini istənilən halda pozurlar. Bina evlərinin həyətində çay içmək, domino oynamaq, söhbət etmək üçün yığışanlar nə qədərdir. Hələ də inanmayanlar var. Bunları nəzərə almaq lazımdır. Rəqəmlərdə artıb-azalma ilə öyünmək yox, konkret iş görmək lazımdır. Onsuz da öyünməkdən keçib”.
A.Qeybullanın sözlərinə görə, indi rəqəmdəki dəyişikliklə öyünmək yox, insanları karantindən sonrakı dövr üçün hazırlamaq lazımdır: "Keçən dəfə karantin dövründə edilən səhvləri təkrarlamağa başlayıblar. "Hər şey əladır”, "Biz xəstəliyə qalib gəlirik” və s. Bu, düzgün yol deyil. Əksinə, insanları maarifləndirməliyik ki, karantin vaxtı başa çatır. Karantin ləğv olunsa, karantin qaydalarına riayət edilməsi mühüm şərtdir. İnsanların virusla mübarizədə necə davranması ilə bağlı müvafiq təlimatlar hazırlanmalı, ayrı-ayrı obyektlərdə yerləşdirilməlidir”.
M.Əliyev deyir ki, karantin müddətinin çox davam etməsi nə ölkə iqtisadiyyatı, nə də insanların sağlamlığı cəhətdən arzuolunan deyil: "İndiki duruma görə məcbur buna gedilir. Çünki xəstəlik idarəolunmaz hala gəlməməlidir. Ancaq karantin rejimini uzun müddət də saxlamaq olmur. Başqa tərəfləri də var. Evdə qalmaq ölkə iqtisadiyyatı üçün heç də yaxşı deyil. İnsanların sağlamlığına da yaxşı təsir etmir. Ev şəraitində qalırlar, günəş almırlar. Vərəm kimi digər infeksion xəstəliklərin artması riski var. Ona görə düşünürəm ki, ilk fürsətdə karantin yumşaldılacaq”.
M.Əliyev qeyd etdi ki, sağalmanın yoluxmanı üstələməsi virusun azaldığını deməyə əsas vermir: "Virusun azaldığını demək üçün yoluxma zənciri qırılmalı, davamlı şəkildə gündəlik yolxuma sayının azalması müşahidə edilməlidir. O zaman ümid daha çox olar. Davamlı şəkildə yoluxma sayı artmamalı və azalmaya meyilli olmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər