AZE | RUS | ENG |


Saakaşvilinin partiyası parçalanır?

Saakaşvilinin partiyası parçalanır?
Eks-prezident “Avropa Gürcüstanı” adlı yeni təşkilat yaradır

Sözsüz ki, ötən il Gürcüstanda keçirilən parlament seçkiləri və onun nəticələri ölkə tarixinə ən əhəmiyyətli hadisələrdən biri kimi düşəcək. Hakim "Gürcü arzusu”nun proqnozların əksinə olaraq parlamentdəki yerlərin böyük əksəriyyətini qazanması eks-prezident Mixail Saakaşvili və onun lideri olduğu "Vahid Milli Hərəkat” üçün şok oldu. Ən maraqlısı isə sonra yaşandı. Odessanın sabiq qubernatoru M.Saakaşvilinin etiraz və təkidlərinə baxmayaraq, onun partiyası parlamentə getmək barədə qərar qəbul etdi. Bununla da partiyada ikitirəlik daha da güclənmiş oldu. 

İlin əvvəlindən bu yana isə ziddiyyətlər daha da dərinləşib. Gürcü nəşrlərinin yaydığı məlumata görə, keçmiş hakimiyyət partiyasının rəhbər sıralarında narazılıq kritik həddədir. Partiyanın parlament fraksiyasının rəhbəri Niki Meliyanın tutduğu postdan uzaqlaşdırılması barədə qərar qəbul edilib. Parlament fraksiyası Saakaşvili tərəfdarı olan bu şəxsin fəaliyyətindən narazıdır və onun yerinə başqasının seçilməsini istəyir. Meliya isə əvəzində həmkarlarını "uşaq kimi Bokeriya-Bakradze cütlüyünə qulaq asmaqda”, eləcə də Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvili ilə gizli əlaqələr qurmaqda ittiham edib. Qeyd edək ki, 2012-ci il məğlubiyyətindən sonra əksəriyyət hesab edirdi ki, Saakaşvilinin partiyası bir daha özünə gələ bilməyəcək. Partiyanın yüksək rütbəlilərinin həbsindən sonra ehtimal daha da gücləndi. Lakin hakimiyyətin pressinqlərinə baxmayaraq "Vahid Milli Hərəkat” nəinki ayaq üstə durmağa müvəffəq oldu, hətta mövqeyini də gücləndirdi. Lakin 2016-cı il seçkilərinə az qalmış partiya sıralarında ciddi narazılıq yarandı. Partiyanın dörd nüfuzlu lideri rəhbərliyin yeritdiyi siyasətlə razılaşmayaraq öz yolları ilə gedəcəklərini bəyan etdi. 

Ən qalmaqallı vəziyyət isə seçkilərin nəticələri elan edildikdən sonra yaşandı. Seçkiqabağı kampaniya zamanı belə bir söhbət geniş yayılmışdı ki, Gürcüstanın Təhlükəsizlik Şurasının keçmiş katibi, "Vahid Milli Hərəkat”ın ideoloqu Qiqa Bokeriya Odessanın qubernatoru vəzifəsində çalışan Saakaşvilinin onların nəzarətində olan "Rustavi-2” telekanalındakı təbliğat çıxışlarından ciddi şəkildə narazıdır. Bokeriya və onun həmfikirləri ehtiyat edirdilər ki, Saakaşvilinin aqressiv ritorikası və onun həlli mümkün olmayan populist çıxışları onlara əlavə səs gətirməyəcək, əksinə. insanları daha da uzaqlaşdıracaq. Bütün bu ehtimallar da seçkilərin nəticələrində təsdiq olundu. "Vahid Milli Hərəkat” ciddi şəkildə uğursuzluğa düçar oldu, onun rəqibi "Gürcü arzusu” isə konstitusion çoxluğu formalaşdırmaq üçün lazımı səsləri toplamağa müvəffəq oldu. O zaman Saakaşvili partiyadaşlarını mandatlarından imtina etməyə çağıraraq küçələrə çıxmağa və hakimiyyətə qarşı aksiyalar keçirməyə, hakimiyyəti növbəti dəfə inqilabi yolla ələ keçirməyə səslədi.
 
Lakin Bokeriya və partiyanın digər üzvləri, o cümlədən parlamentin keçmiş spikeri David Bakradze siyasi mübarizəni ali qanunverici orqanın divarları içində davam etdirmək yolunu seçdilər. Partiyanın dağılmasında katalizator hadisə Tbilisinin keçmiş meri Qiqi Uqulavanın həbsxanadan azad edilməsi oldu. Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılan sabiq mer beş il idi ki, həbsxanada idi. Hələ cəza çəkərkən o, bir neçə dəfə bəyan etmişdi ki, Mixail Saakaşvili onun azadlığa çıxması üçün heç bir cəhd göstərmədi. Ekspertlər hesab edir ki, partiyanın gələcəyi Saakaşvili mövqeyini açıqladıqdan sonra bəlli olacaq. Çox böyük ehtimalla eks-prezident yeni partiya yaratmağa üstünlük verəcək. 

Ötən gün isə "Vahid Milli Hərəkat”ın icraçı katibi Serqo Ratiani partiyanın buraxılmasını nəzərdə tutan qərarı elan edib. O bildirib ki, Uqulava və Saakaşvili yaxın günlərdə məsləhətləşmələri davam etdirmək barədə razılıq əldə ediblər. 

Yayılan xəbərlərə görə, Saakaşvili yeni yaradacağı təşkilata ad da tapıb. Bu, "Avropa Gürcüstanı” adlanacaq. Sabiq prezidentlə ola bilsin, "Vahid Milli Hərəkat”ın müəyyən qismi qalsın. Lakin "vahid” sözünü ona şamil etmək artıq olacaq. Onsuz da partiyada xarizmatik tanınmış liderlər də qalmayıb. Barəsində axtarış elan edilən Saakaşvili isə bundan sonra ona sadiq qüvvələrdən real siyasi qüvvə yetişdirmək üçün mübarizə aparacaq.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7043
GBP 1 İngilis funt sterlinqi 2.1569
TRY 1 Türk lirəsi 0.4820
KWD 1 Küveyt dinarı 5.6058
SEK 1 İsveç kronu 0.1946
EUR 1 Avro 1.9015
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7022