• cümə axşamı, 25 aprel, 22:51
  • Baku Bakı 21°C

Saakaşvilinin partiyası parçalandı

14.01.17 09:00 1253
Saakaşvilinin partiyası parçalandı
Bir neçə gün bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” Partiyasında ikitirəlik olduğu, hətta parçalanacağı barədə proqnozlarımız özünü doğrultdu. Bir vaxtlar hakimiyyət partiyası olan partiyanın aparıcı üzvləri onun sıralarını tərk etdiklərini elan ediblər. Parlamentdə "Vahid Milli Hərəkat”ı təmsil edən 27 deputatdan 21-nin üzvlükdən imtina etdiyi barədə xəbər ölkə gündəmini tutub. 21 deputatın sıralarında məşhur simalar - David Bakradze, Elene Xoştariya, Qiqa Bokeriya, Serqo Ratiani, Qeorqiy Tuquşi, Serqi Kapanadze, Otar Kaxidze, İrakliy Abesadze, Akakiy Boboxidze, Qiqi Çereteli, Tenqiz Qunava, Laşa Dameniya, Lela Keburiya, Mamuka Çikovani, Qeorqi Kandelaki və başqaları var.
"Vahid Milli Hərəkat”da isə cəmi beş deputat qalıb - Nika Meliya, Tinatin Bokuçava, Roman Qoçiridze, Salome Samadaşvili və Koba Nakopya. Deputatlar yeni cəbhə yaradacaqlarını və bu cəbhənin hakim partiyaya qarşı daha əzmlə mübarizə aparacağını bildiriblər. Keçmiş spiker, ötən parlament seçkilərində partiyanın "siması” hesab edilən David Bakradze hakim "Gürcü arzusu” Partiyasıyla mübarizənin yeni mərhələsinin başladığını söyləyib. Paytaxt Tbilisinin keçmiş meri Gigi Ugulava isə partiyanın dağılmasına görə onun başçısı M.Saakaşvilini günahlandırıb, M.Saakaşvilinin daha liderlik edə bilmədiyini deyib: "Bunu söyləmək mənə ağırdır, amma M.Saakaşvili artıq əvvəlki şəxs deyil, xalqı 2002-ci ildə birləşdirmiş Saakaşvili deyil... Biz gələcəyə baxmalıyıq”. Özü də maraqlısı odur ki, partiyanı tərk edənlər sırasında olan və bir vaxtlar İvanişvilinin tapşırığı ilə həbs edilən Tbilisinin keçmiş meri Giqi Uqulava onu həbsə atandan deyil, Saakaşvilidən narazılıq edir. Bu da təsadüfi deyil və sözsüz ki, tapşırığı məhz "boz kardinal” kimi ad çıxaran İvanişvilidən alıb. Uqulava bildirib ki, o hər zaman özünü Saakaşvilinin tərəfdarı sayıb, lakin hazırda onu effektiv lider hesab etmir.
Digər bir maraqlı hal ondan ibarətdir ki, yeni yaradılan təşkilatın üzvləri öz ilk brifinqlərini məhz İvanişvilinin ofisində keçiriblər və tədbirlərini başdan ayağa kimi Saakaşvilinin tənqidi üzərində qurublar.
Qərb nəşrləri baş verənləri İvanişvilinin planının tərkib hissəsi kimi qələmə veriblər. Məsələn, "Eurasianet”saytı partiyanın başı ilə bədəni arasında parçalanma yarandığını yazır. D.Bakradze ayrılığın ondan ötrü də çox ağır olduğunu etiraf edib, partiyanı tərk edənlər haqda danışarkən, "bu şəxslər Vahid Milli Hərəkatın əsas simalarıdır, onun əsasını qoyanlar, onun onurğası rolunu oynayanlardır” - deyib.
Hazırda Ukraynada müxalif siyasətçi kimi fəaliyyət göstərən M.Saakaşvili olanlarasosial şəbəkələr vasitəsilə cavab verib. O, partiyasını tərk edənlərin çox şey itirdiyini və onlardan ötrü darıxmayacaqlarını deyib. M.Saakaşvili partiyasının dağılmasında rəqibini, hakim partiyanın təsisçisi Bidzina İvanişvilini günahlandırıb. Yanvarın 12-ni "Vahid Milli Hərəkat” Partiyasının "azadlığa və xalqa qayıdış” günü adlandırıb. "Bizim xalq İvanişvilinin mənim partiyadan qovulmaq planının reallaşmasına imkan vermədi. Biz bu gün dönüklərin sayını gördük. Uqulavaya yazığım gəlir. Bu şəxs mənim barəmdə oliqarx kimi danışır. Elə bil ki, mən onu həbsxanaya salmışam. Bir insan kimi ona yazığım gəlir” – deyə o bildirib. Onlayn müzakirələrdə "Vahid Mili Hərəkat” tərəfdarları da baş verənlərdə B.İvanişvilinin barmağı olduğunu deyirlər. B.İvanişvili özü məsələyə münasibətini hələ ki bildirməyib. "Eurasianet” saytı məsələ ilə bağlı ictimai rəyin haçalandığını qeyd edir. Bəziləri "Vahid Milli Hərəkat”ı tərk edənlərin heç nəyə nail olmayacaqlarını, onların M.Saakaşvilinin sayəsində yüksəklərə qalxdığını deyirlər. Bəzilərinin fikrincə, parçalanma Gürcüstanda yeni siyasi başlanğıca səbəb olacaq.
Xatırladaq ki, M.Saakaşvili "Məxməri inqilab”dan sonra - 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2012-ci il parlament seçkilərində onun partiyası "Gürcü arzusu”na məğlub oldu. 2015-ci ildə - M.Saakaşvili Ukraynanın Odessa vilayətinə qubernator təyin olunandan sonra Gürcüstan vətəndaşlığından məhrum edildi. Hazırda o, Gürcüstanda prezidentliyi dövründə törədilmiş bəzi cinayətlərdə ittiham olunur və həbs təhlükəsi üzündən ölkəsinə gələ bilmir. 2016-cı ilin parlament seçkilərində M.Saakaşvilinin partiyası hakim "Gürcü arzusu” Partiyasının əsas rəqibi idi, amma müxalifət parlamentdə istədiyi qədər yer qazana bilmədi. Elə bu da müxalifətçiləri liderlərindən narazı salan əsas səbəblərdəndir. Yanvarın 20-də "Vahid Milli Hərəkat” Partiyasının konqresi keçirilməlidir.
Son məlumatlara görə, Saakaşvilinin partiyasını tərk edənlər öz fəaliyyətlərini yeni təsis etdikləri "Avropa Gürcüstanı” hərəkatında davam etdirəcəklərini bildiriblər.
Azər
banner

Oxşar Xəbərlər