• cümə axşamı, 25 aprel, 21:26
  • Baku Bakı 21°C

Saakaşvili bir əldə iki qarpız tutacaq

24.01.17 09:00 721
Saakaşvili bir əldə iki qarpız tutacaq
Ötən həftənin sonu Gürcüstanda hamının səbirsizliklə gözlədiyi tədbir baş tutdu. Söhbət son günlərin ən aktual məsələsi olan "Vahid Milli Hərəkat”ın qurultayından gedir. Bəlli olduğu kimi, Mixail Saakaşvilinin lideri olduğu bu partiya bu günlərdə şok yaşayıb. Partiyanın əksər liderləri istefa verərək, yeni hərəkatda təmsil olunacaqlarını bildirdilər. Bundan sonra isə belə bir qənaət yarandı ki, bu qərar "Vahid Milli Hərəkat”ın siyasi səhnədən silinməsinə gətirib çıxaracaq. Lakin Saakaşvili tərəfdarlarını sakitləşdirərək, bütün məsələlərə qurultayda cavab verəcəyini bildirdi.
Beləliklə, sayca yeddinci qurultay baş tutdu və bəlli oldu ki, Saakaşvilini tərk etməyənlər özlərinə yeni lider seçmək istəmirlər. Qurultaya gələn 7 min nümayəndə yekdilliklə onu sədr seçdi. Bununla da, gürcü vətəndaşlığını itirdikdən sonra partiya sədri olmaqdan məhrum olan Saakaşvili qeyri-formal şəkildə sədrliyini qoruyub saxlamağa müvəffəq oldu. Vaşinqtondan skaypla qurultay iştirakçılarına müraciət edən M.Saakaşvili Gürcüstana qayıtmaq fikrində qəti olduğunu vurğulayıb. Lakin məsələ ondadır ki, sabiq prezident bu günlərdə Ukraynada yeni bir partiya təsis edib. Onun "Yeni qüvvələr ittifaqı” adlanan partiya ilə yanaşı, Gürcüstanda "Vahid Milli Hərəkat”a rəhbərliyi necə həyata keçirəcəyi isə maraq doğurur. Şübhəsiz ki, əsas mübarizə hələ ki, Ukraynada olacaq. Məsələ ondadır ki, Gürcüstanda hər hansı bir seçki gözlənilmir.
Beləliklə, M.Saakaşvili çıxışında tərəfdarlarını inandırmağa çalışıb ki, Gürcüstanı rusiyalı oliqarx Bidzina İvanişvilidən azad etmək üçün əlindən gələni edəcək, mübarizəni dayandırmayacaq. Onun sözlərinə görə, ölkənin əsl sahibi İvanişvilidir, hökumət isə hər hansı bir müstəqil qərar qəbul etmək iqtidarında deyil. "İvanişvilinin partiyamıza dərs vermək planı alt-üst oldu. Oliqarxlar ümumiyyətlə siyasi partiyanın nə olduğunu heç bir yerdə bilmirlər”, - deyə o, xoş əhval-ruhiyyə ilə bildirib. "Onlar elə bilirlər ki, hər şeyi və hamını əla ala bilərlər - lakin yanılırlar”, - deyən eks-prezident gözlənilmədən bəyan edib ki, partiyası postsovet məkanında az sayda rast gəlinən qeyri-oliqarxik partiyalardan biridir. O. İvanişvilini "savadsız, kəndçi təfəkkürlü və kinli birisi” adlandırıb. Onun qənaətincə, bu şəxs Gürcüstanı dağıdıb. Bu sözlər zalda gurultulu alqışlarla müşayiət olunub. Saakaşvili Ukraynanın adını çəkməsə də, Moskvanı sancmağı yaddan çıxarmayıb. Qeyd edib ki, ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi Donald Trampın qələbəsinə səbəb olub. O bildirib ki, Bidzina İvanişvilinin yaratdığı "Gürcüstan” ASC-ni ləğv edib yerində əsl Gürcüstanı quracaqlar.
Qeyd edək ki, qurultayda onun anası, tarixçi alim Qiquli Alasaniya və həyat yoldaşı, Niderland vətəndaşı Sandra Rulofs da iştirak edib. Ailəsinin adından söz alıb danışan Rulofs bildirib ki, "ərində böyük qüvvə var. Harada olursa, ondan hamı çəkinir. Mişanı nə qədər zəiflətməyə çalışsalar da, bu cəhdlərin hamısı uğursuz olacaq. Onun vətəndaşlığını əlindən aldılar, lakin o, Gürcüstan vətəndaşı kimi qalır və ürəyi Gürcüstanla döyünür”.
Onun keçmiş silahdaşı, partiyadakı təfriqəçiliyin əsasını qoyanlar sırasında olan Tbilisinin keçmiş meri Qiqi Uqulava hesab edir ki, M.Saakaşvili hakimiyyəti itirdikdən sonra dəhşətli fantom ağrılar keçirir: "O, ayağını itirmiş adam təsiri bağışlayır. Saakaşvili itirdikləri ilə barışa bilmir: "Odessaya ona görə getdi ki, ayrıca götürülmüş bir vilayətdən sonra Kiyevdə hakimiyyətə gəlsin”.
Hakim partiya – "Gürcü arzusu”ndan olan deputat Nukri Kantari isə hesab edir ki, tək Saakaşvili deyil, tərəfdarları da xatirələrdən qurtula bilmirlər. O, qurulyayı "əbədi dünənkilərin toplantısı” adlandırıb.
M.Saakaşvilidən söz düşmüşkən, Ukraynada onun Gürcüstana səfir təyin edilməsi barədə təşəbbüs irəli sürülüb. Bununla bağlı prezident Pyotr Poroşenko qarşısında məsələ də qaldırılıb. Hətta elektron petisiya da hazırlanıb. Hazırda petisiyaya 1000 nəfər imza atıb. Sənədə Ukrayna hökumətinin baxması üçün onu üç ay ərzində 25 min nəfərin imzası gərəkdir.
Azər
banner

Oxşar Xəbərlər