“Ş8” formatında sammit
Ötən həftə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti
bir sıra mühüm qərarların qəbulu ilə yadda qalıb. Ən önəmlisi isə odur ki, təşkilata
yeni üzvlər - Hindistan və Pakistan qəbul edilib. Sammitdə çıxış edən Rusiya
prezidenti Vladimir Putin etiraf edib ki, münaqişə vəziyyətində olan bu iki
dövlətin təşkilata inteqrasiyası elə də asan məsələ olmayacaq. Lakin ümidvardır
ki, təşkilatın genişlənməsi regiondakı təhlükələrə qarşı effektiv mübarizə
aparmağa imkan verəcək. Onların sırasında isə ən ciddisi Əfqanıstandakı durumu
göstərib. O, əlavə edib ki, Hindistan və Pakistan ŞƏT-ə üzv olmaq üçün 30-a dək
normativ sənəd və normativlərə imza atıb. V.Putin üstüörtülü şəkildə digər
ölkələrin də quruma üzv ola biləcəyini bildirib. Sammit ərəfəsində Rusiya
prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva yeni üzvlərin, ilk
növbədə İranın quruma üzvlüyünün tərəfdarıdır. O ki qaldı Türkiyəyə, onun
məsələsi açıq qalır.
Onu da qeyd edək ki, Rusiya prezidenti dünya birliyinə, xüsusən də
Birləşmiş Ştatlara müəyyən mesajlar da ünvanlayıb. "ABŞ və NATO 15 ildir ki,
taliblərə qarşı mübarizə aparır. Lakin ölkədə hərbi və daxili siyasi vəziyyət
deqradasiyaya uğramaqdadır”, - deyə V.Putin bildirib. Ardınca da xatırladıb ki,
ABŞ hazırda NATO üzrə bütün müttəfiqlərini, ilk növbədə avropalıları
Əfqanıstanda aktiv iştirakı bərpa etməyə çağırır. Əlavə edib ki, heç də bütün
Alyans üzvləri bu prosesə cəlb olunmaq istəmir. Rusiya prezidenti həmçinin
təklif edib ki, 2009-cu ildə fəaliyyəti dayandırılan "Şanxay Əməkdaşlıq
Təşkilatı-Əfqanıstan” kontakt qrupu bərpa edilsin. O, hesab edib ki, ŞƏT
Kabulda hökumətlə müxalifətçi qrup arasında dialoqun qurulmasına yardımçı ola
bilər. "İŞİD üzvləri Rusiyanın cənub bölgələrində və Mərkəzi Asiyada sabitliyi
pozmaq üçün yeni planlar hazırlayır. Əfqanıstandan gələn terrorçuların öz
əməllərini ölkəmizdə yaymaq cəhdlərinə görə narahatıq. İŞİD qüvvələri ŞƏT
ölkələrində də fəaliyyət göstərir. Sankt-Peterburqda təşkil olunan hücumla
bağlı istintaq bu reallığı üzə çıxardı”, - deyə V. Putin vurğulayıb. O, əlavə
edib ki, ABŞ-dakı daxili siyasi situasiya qlobal problemlərin həllinə imkan
vermir: "Biz Suriyada və Yaxın Şərqdə baş verənləri görürük. Demək lazımdır ki,
ABŞ-dakı daxili vəziyyət beynəlxalq formatın işinin konstruktiv səviyyəyə
çıxmasına imkan vermir”. O bildirib ki, terrorizmlə yalnız bütün ölkələrin
birləşməsi yolu ilə bacarmaq olar. O, bu mübarizənin kompleks xarakter daşımalı
olduğunu bildirib.
Yeri gəlmişkən, sammitdə 11 sənəd imzalanıb. Onların arasında ŞƏT
üzvü olan dövlətlərin liderlərinin Astana bəyannaməsi, ekstremizmə və
beynəlxalq terrorizmə qarşı birgə mübarizə və s. var. Bundan əlavə, Astana
bəyannaməsində qeyd edilir ki, üzv dövlətlər Çinin müəllifi olduğu "Bir
dəhliz-bir yol” layihəsini dəstəkləyirlər. Lakin məsələ ondadır ki, Hindistan
bununla bağlı tədbiri boykot etdib və açıq şəkildə bəyan edib ki, Çinin
təşəbbüsünü "kolonial müəssisə” hesab edir.
ŞƏT-in baş katibi Rəşid Alimov təşkilata yeni üzvlərin qəbulunu
tarixi hadisə adlandırıb və əlavə edib ki, ŞƏT Avrasiyada mərkəzi və bağlayıcı
struktura çevrilir.
Təşkilatın növbəti sədri Çin olub.
Qeyd edək ki, prezidentlərin görüşündən öncə hərbi idarələrin
rəhbərləri görüşüb. Çin və Rusiya müdafiə nazirlərinin görüşündə tərəflər
2017-2020-ci illər üçün hərbi sahəni əhatə edən "yol xəritəsi”nə imza atıblar.
Yeri gəlmişkən, Çin Xalq Respublikasının sədri Si Szinpin
"Çin-Qazaxıstan münasibətləri arzu qanadlarında pərvazlanır” başlıqlı müəllif
məqaləsində ŞƏT-in perspektivlərinə toxunub. O bildirib ki, ŞƏT ölkələri təhlükəsizlik
sahəsində qarşılıqlı fəaliyyətə özəl önəm verirlər."Üç şər qüvvə –
narkotiklər, mütəşəkkil transsərhəd cinayətkarlığı ilə mübarizədə əməkdaşlıq
mexanizmi yaradılıb, müntəzəm şəkildə birgə antiterror təlimləri keçirilir,
qaynar nöqtələrin tənzimlənməsi üçün fəal səylər göstərilir. Bu da bölgədə
təhlükəsizlik və sabitliyi effektli şəkildə qorumaq imkan verib.
ŞƏT-dəçoxtərəfli ticari-iqtisadi əməkdaşlıq Proqramı, 2025-ci ilədək
inkişaf Strategiyasıkimi sənədlər imzalanıb və ciddi gerçəkləşdirilir,
ticarət, yatırım, nəqliyyat və kommunikasiya, energetika, maliyyə və kənd
təsərrüfatı sahələrində əməkdaşlıq dayanıqlı irəliləyir, mədəniyyət, təhsil,
gənclik, səhiyyə, elm və texnika, ətraf mühitin qorunması və idman sahələrində
mübadilə durmadan dərinləşir. Şübhəsiz, bütün bunlar üzv dövlətlərin
sosial-iqtisadi inkişafı üçün təkan rolunu oynayır, dostluq və əməkdaşlığa
səbəb olur”. ŞXR lideri əlavə edib ki, "ŞƏT-in inkişafına Qazaxıstanın indiki
sədrliyinin böyük töhfəsi olub. Onun sözlərinə görə, Qazaxıstan hazırda Üçüncü
modernləşməyə yönəlməklə "Nurlı jol” yeni iqtisadi siyasəti, "Qazaxıstan-2050” strategiyası, həmçinin
ictimai şüurun modernləşdirilməsini müntəzəm şəkildə irəlilədir.
Azər