AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rüstəm İbrahimbəyov Zirəddin Rzayevi şoka salıb

Rüstəm İbrahimbəyov Zirəddin Rzayevi şoka salıb

Siyasət
11 Yanvar 2013, 10:06 1855
Azərbaycanda öncəgörücülük və altıncı hissin inkişafı təkcə Zirəddin Rzayevin adı ilə bağlı deyilmiş. Hərçənd ki, bu şəxs Rusiya telekanallarında keçirilən öncəgörmə yarışlarının faktiki qalibi olub, obrazlı desək bu sənətin «Oskar»ını alıb. İndi isə siyasi proseslərlə bağlı öncəni görən təzə adamlar peyda olub. Son vaxtlar özünü siyasətçi kimi sınmağa çalışan kinorejissor Rüstəm İbarhimbəyovda da açıq-aşkar altıncı hissin baş qaldırdığı müşahidə olunur. Prosesləri izlədikdə görürük ki, Rüstəm İbrahimbəyov bu sahədə hətta Zirəddin Rzayevi də kölgədə qoyub. Bunu müşahidə etmək üçün onun son açıqlamalarını və müsahibələrini izləmək kifayət edər.

Məsələn, siyasətçi olmağa çalışan rejissor qeyd edib ki, o, əlini hansı işin üstünə qoyursa, o işin axırı «xeyrili» qurtarır. Maraqlıdır deyilmi? Bu fikirləri ancaq öncəni görənlər deyə bilər. Amma R.İbrahimbəyovun altıncı hissinin «gücü» təkcə bu sözlərlə ölçülmür. Onun əlini qoyduğu işlərə baxanda başqa nüansları da gözdən qaçırmaq olmaz. Məsələn, Rüstəm İbrahimbəyov bir müddət əvvəl əlini Rusiya Kinematoqrafçılar İttifaqının üstünə qoymuşdu. Bir müddət sonra bu təşkilat iki yerə parçalandı. Sonra Rüstəm İbrahimbəyov əlini Azərbaycan Kinematoqrafçılar İttifaqının üçtünə qoydu. Bu təşkilatın da aqibəti parçalanma oldu. Bəlkə hörmətli rejissorumuz «əlini qoyduğu işlərin xeyirlə nəticələndiyini» deyəndə bunu nəzərdə tuturmuş?

Rüstəm İbrahimbəyov öncəgörmələrinə onun son müsahibələrində bu il keçiriləcək prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər də misal gətirilə bilər. Məsələn, o deyir ki, bu seçkilərdə ölkəyə yeni prezident seçiləcək. Hələ namizədlərin irəli sürülmədiyi, özünün təmsil olunduğu düşərgədə pərakəndəliyin pik həddə çatdığı bir məqamda belə bir açıqlamanın hansı əsaslara söykənilərək verildiyini heç onun müxalifətçi dostları da başa düşə bilmirlər.

Axı 10 aydan sonra keçiriləcək seçkinin nəticələri ilə bağlı bu gün «100 faizlik proqnoz» vermək çox qeyri-ciddi söhbətdir. Əlbəttə, hər bir proqnozda doğru çıxmaq ehtimalı da var, yalan çıxmaq da istisna deyil. Ancaq Rüstəm İbrahimbəyovun dedikləri heç bir əsası olmayan fərziyyələrdir, lap Dalay Lamanın fikirlərinə oxşayır.

Bu gün ən radikal müxalifət partiyasının lideri də onun kimi proqnoz verə bilmir. Bunu heç münəccimlər də risk edib söyləyə bilməz. Bəs görəsən, Rüstəm İbrahimbəyov nəyə əsaslanıb belə bəsit fikirlər söyləyir? Görünür yenə məsələ inkişafda olan altıncı hisslə bağlıdır?

Amma cəmiyyətin siyasi dairələrin Rüstəm İbrahimbəyovun bu tipli açıqlamalarına münasibəti birmənalıdır. Əksəriyyət onun siyasi proseslərlə bağlı açıqlamalarını bu sahədə təcrübəsi olmayan diletantların verdiyi rəy kimi qələmə verir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu günlərdə «mediaforum»a verdiyi müsahibədə qeyd edib ki, Rüstəm İbrahimbəyov bəlli bir sahə ilə məşğul olan insandır, həmin sahədə müəyyən uğurları da olub, yaxşı ssenarilər də yazıb, filmlər də çəkib, amma keçmişdə yazdığı yaxşı ssenarilər, çəkdiyi yaxşı filmlər heç vaxt əsas vermir ki, o, Azərbaycan ziyalılarının adından, yaxud Azərbaycan xalqı adından danışsın: «Rüstəm İbrahimbəyovun ziyalıların adından danışmasında naşılıq görürəm. Məsələn, o, deyir ki, bu seçkidə mütləq şəkildə prezident dəyişəcək. Mütləq şəkildə prezidentin dəyişməsini yalnız Azərbaycan seçicisi müəyyən edir, xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir seçkiyə ehtiyac olmazdı. Ümumiyyətlə, onun siyasi açıqlamalarında bir naşılıq görürəm».

Ə.Həsənov qeyd edib ki, yalnız seçki günü Azərbaycan seçicisi müəyyən edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə addımlayacaq: «Hansısa Ziyalılar Forumu adından çıxış edən kinorejissor, ya da keçmişdə hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə siyasətlə məşğul olan bir siyasətçi, yaxud hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu müəyyən etmir. Əlbəttə, biz hamımız çalışırıq ki, xalqın etimadını qazanaq, onun içərisinə gedək. Bəyan edirlər ki, rayonlarda camaatla görüşürük, camaat narazıdır. Halbuki o insanları rayonlarda heç kim görməyib və heç bir görüşünü kimsə müşahidə etməyib. Amma danışırlar da, hər halda öz emosiyalarını bu şəkildə ifadə edirlər. Bunların isə heç bir real əsası yoxdur».

Rüstəm İbrahimbəyovun öncəgörmələri ilə yanaşı, bu günlə bağlı dedikləri ilə reallıqların üst-üstə düşməməsi faktı da var. Məsələn, onun təmsil olunduğu Ziyalılar Forumunun üzvləri isə and içirlər ki, siyasətlə məşğul olmurlar. Azərbaycanda hətta hökumətdə böyük dəyişikliklər olsa, forumun təsisçiləri, iştirakçıları heç bir vəzifə tutmayacaq, başqa imkanlardan istifadə etməyəcəklər.

Amma onların açıqlamalarına baxanda əvvəldən axıra siyasi iddia ortaya qoyurlar. Onların, xüsusilə də Rüstəm İbrahimbəyovun söylədiklərinə diqqət yetirəndə istər-istəməz belə bir sual çıxır: görəsən, siyasi iddia necə olur? Bəs, belə olan halda hamı niyə narazı olmalıdır?

Son açıqlamalarına diqqət yetirdikdə açıq-aşkar hiss olunur ki, Rüstəm İbrahimbəyov yeniyetməlik həvəsinə jühüb, özü də siyasətdə... Onun son aylardakı açıqlamaları xırda bir partiyanın funksionerinin səviyyəsindən o tərəfə keçə bilmir.

21 dekabrda dünya dağılmadı, Dalay Lamaya bir söz deyən oldumu? Elə Zirəddin Rzayevə də doğrulmayan öncəgörmələrinə görə «gözün üstə qaşın var» deyən olmayıb. Buna görə Rüstəm İbrahimbəyovun da özünü öncəgörən kimi sınamasına etiraz edə bilmərik. Qoy özünü sınasın!

F.Qəhrəmanlı