AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rüstəm İbrahimbəyov totalitar təfəkkürlü adamdır

Rüstəm İbrahimbəyov totalitar təfəkkürlü adamdır

Müsahibə
06 İyul 2013, 09:33 1402
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Kaspi”nin suallarını cavablandırır.

- Özlərini demokratik qüvvələr kimi təqdim edən bir qrupun Milli Şurası bu günlərdə kinorejissor, “Milyarderlər İttifaqı”nın üzvü Rüstəm İbrahimbəyovu müxalifətin vahid namizədi elan etdilər. Sizcə, bu, səmimi seçimdirmi?

- Seçkiqabağı müəyyən qüvvələrin bir araya gəlib namizəd irəli sürməsi artıq ənənə halını alıb. İyulun 2-də də bəzi adamlar bir yerə toplanıb Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüblər. Bu, siyasi bir qərardır. Hüquqi qərar o vaxt olacaq ki, Seçki Məcəlləsinə uyğun olaraq sentyabr ayında namizədliyi təsdiqlənəcək. Əgər o vaxta kimi Milli Şura bütövlüyünü, birliyini qoruyub saxlaya bilsə, həmin qüvvələr Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb seçkidə iştirak edəcəklər.

- R.İbrahimbəyovun namizədliyi təsdiqlənən gün Müsavat başqanı İsa Qəmbər kinorejissorun ölkəyə dönüşünün vacibliyini vurğulayıb. R.İbrahimbəyov isə mətbuata açıqlamasında belə fikirlər səsləndirənləri “dayaz”, “təxribatçı” adlandırıb. Lakin sonradan R.İbrahimbəyov bu sözləri deyərkən, Müsavat başqanını nəzərdə tutmadığını bildirib. Sizcə, onlar arasında narazılığa səbəb nədir?

- Düzdür, Rüstəm İbrahimbəyov sonradan dedi ki, söylədiyi sözlər İsa Qəmbərə ünvanlanmayıb. Lakin məsələ burasındadır ki, Rüstəm İbrahimbəyov prezident olmaq istəyirsə, bütünlükdə Azərbaycan vətəndaşlarına eyni gözlə baxmalıdır. O cümlədən də İsa Qəmbərə və qeyrilərinə. Əgər o, səsləndirdiyi ittihamları başqa adama ünvanlayırsa belə, bu, onun diktator təfəkkürlü olmağının göstəricisidir. Hətta bu günə kimi bəyənmədiyimiz, müxalif mövqedə dayandığımız hakimiyyət və onun nümayəndələri də rəsmi şəkildə kimisə söylədiyi fikrə görə ağzından vurmayıblar. Bu ritorika özü insanların düşüncə tərzindən xəbər verir. Danışarkən terminlərin, ifadələrin seçilməsi onu göstərir ki, Rüstəm İbrahimbəyov sırf totalitar təfəkkürlü bir adamdır.

- Milli Şuranın yığıncağında R.İbrahimbəyovun namizədliyini dəstəkləyən İsa Qəmbər Müsavat Məclisi tərəfindən öz namizədliyinin irəli sürüldüyünü də xatırladıb. Sizcə, bu ikili münasibətin arxasında nə dayanır, İ.Qəmbər bununla nə etmək istəyir?

- Onlar hər ehtimala qarşı düşünürlər ki, əgər vəziyyət planlaşdırıldığı kimi olmasa, Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə, onun yerinə başqasının namizədliyinin irəli sürülməsi gündəmə gələrsə, o zaman bu alternativdən istifadə etsinlər. Yəni İsa Qəmbərin namizədliyinin saxlanması və xatırlanması təhlükəsizlik tədbiridir. Amma bu məsələlərdə AXC və Müsavat sədrlərinin fikirləri tamamilə fərqlidir. İsa Qəmbərlə Əli Kərimlinin demək olar ki, heç bir mövqeyi üst-üstə düşmür. Bütün hallarda Əli Kərimli Milli Şuranın vahid namizədini dəstəkləyir. İsa Qəmbər isə milli maraqları nəzərə alıb bu məsələdə öz mövqeyini ortaya qoyur.

- R.İbrahimbəyov son müsahibəsində özünü müxalifəti düşdüyü vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxs kimi təqdim edir, digər partiya rəhbərlərində belə bir gücün olmadığını bildirir. Bu cür yanaşma yaxın gələcəkdə onunla Milli Şurada təmsil olunanlar arasında ciddi narazılıqlar yaratmazmı?

- Əslində müxalifətin indiki vəziyyətə düşməsinə səbəb Rüstəm İbrahimbəyov kimi ziyalılardır. Dünənə kimi onlar Azərbaycandakı hakimiyyəti dəstəkləyirdilər. Hətta 2003-cü ildə Rüstəm İbrahimbəyovun Ümid Partiyasının sədri İqbal Ağazadəyə yazdığı bir məktub var idi. Orada yazmışdı ki, - “Sən çox səhv ünvandasan, nahaq yerə İsa Qəmbərin ətrafındasan. Sən Prezident İlham Əliyevin yanında olmalısan. Çünki xalqımızın xoşbəxtliyi, azadlığı ilham Əliyevin prezidentliyindədir”. Bundan sonra isə Rüstəm İbrahimbəyov deyirdi ki, - “Mən çox istərdim Mehriban Əliyevanın namizədliyi verilsin. Çünki o, daha demokratik insandır”. Hazırda isə Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi elan olunub. Yəni Rüstəm İbrahimbəyov kimi ziyalılar vaxtında vətəndaş mövqeyi sərgiləmədiyindən, müxalifət bu günə qalıb. Məgər o gözləməliydi ki, əlindən torpağı alınsın, incik salınsın, ondan sonra müxalifət barədə düşünsün? Əsl ziyalılar hökumətin onlara münasibətindən deyil, onların hökumətə münasibətindən çıxış edərək özlərinin kim olduğunu sübut edirlər. Ola bilər ki, hökumət hansısa ziyalıya ömür boyu pislik etməsin. Ancaq gərək o ziyalı hər zaman vətəndaş mövqeyi sərgiləməyi bacarsın. Digər tərəfdən, mən inanmıram ki, o, müxalifəti indiki vəziyyətindən çıxara, qabağa apara bilər. Əgər Rüstəm İbrahimbəyov gəncliyinin enerjili vaxtında hakimiyyəti müdafiə edibsə, indi ahıl vaxtında müxalifətə heç bir fayda verə bilməz. Üstəlik, Milli Şurada birləşənlər arasında ciddi narazılıq var. Onlar bir-birinə güzəştə gedə bilmədikləri üçün Rüstəm İbrahimbəyovu müxalifətin vahid namizədi kimi elan etdilər. Bu da Milli Şurada birliyin üfüqi deyil, şaquli xətt üzrə inkişaf etdiyini göstərir. Belə vəziyyət isə olduqca təhlükəlidir.

- Azərbaycan Konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxslər prezident seçkilərində namizəd kimi iştirak edə bilməzlər. R.İbrahimbəyov da bu amili nəzərə alıb Rusiya vətəndaşlığından imtina etdi. Bundan sonra onun qeydiyyata alınmasında hər hansı problem yoxdur ki?

- Azərbaycan Konstitusiyasında bununla bağlı daha bir müddəa var. Bu da başqa ölkələr qarşısında öhdəliyin olması məsələsidir. Rüstəm İbrahimbəyov nə qədər ki “Milyarderlər İttifaqı”nın, Rusiya Kinomatoqrafçılar İttifaqının və sair təşkilatların üzvüdür, demək, o, Rusiya dövləti qarşısında müəyyən öhdəliyi olan şəxsdir. Bu da onun namizədliyinin qeydə alınmasına əngəl ola bilər. Gərək o, Rusiya ilə bütün əlaqələrini qəti şəkildə kəssin.

- Milli Şura təmsilçiləri yaxın vaxtlarda kütləvi etiraz aksiyalarına başlayacaqları barədə məlumat yayıblar. Sizcə, bu aksiyalar onları öz hədəflərinə çatdıracaqmı?

- Rüstəm İbrahimbəyov hazırda burada yoxdur. Milli Şuranın qələbəsi isə bilavasitə onunla bağlıdır. Çünki vahid namizəd odur. Əgər Rüstəm İbrahimbəyov burada yoxdursa, heç kim nə İsa Qəmbərin, nə də Əli Kərimlinin çağırışı ilə meydana çıxmayacaq. Olsa-olsa, yalnız onların öz tərəfdarları çıxacaq. Burada isə söhbət bütün narazı elektoratdan, xalqdan gedir. Bir halda ki lider xaricdə qalır, daxildəki qüvvələr nə qədər səy göstərsələr də, lazım olan effekt alınmır. Məsələn, mən bilirdim ki, o zaman Rəsul Quliyevi ölkə əhalisinin xeyli hissəsi dəstəkləyir. Amma o özü Bakıya gələ bilmədiyi üçün burada lazım olan miqyasda iş həyata keçirə bilmədik. İndi eyni aqibət Milli Şuranı da gözləyir. Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyənə qədər görülən işlər o qədər də effekt verməyəcək. Onlar iddia edirlər ki, Milli Şura geniş xalq kütləsini arxasınca aparacaq. Ancaq reallıq budur ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, aksiyalarda, meydanlarda iştirak etməsə, Milli Şura heç İctimai Palatanın təşkil etdiyi mitinq həcmində aksiya keçirə bilməyəcək.

- R.İbrahimbəyov xaricdə olmasına səbəb kimi Rusiyada və Amerikada Milli Şura ilə bağlı təbliğat işləri apardığını, mühüm görüşlər keçirib dəstək qazandığını göstərir. Sizcə, o, söylədiklərində nə dərəcədə səmimidir?

- Rüstəm İbrahimbəyov vaxtilə bizim partiyanın sədri olmuş Rəsul Quliyevin illər ərzində ABŞ-da apardığı işin heç yüzdə birini aparmayıb. Heç apara da bilməz. Rəsul Quliyev xaricdə prezidentlərlə, baş nazirlərlə, xarici işlər nazirləri ilə görüşdüyü halda, Rüstəm İbrahimbəyov gedib çox kiçik ranqlı adi məmurlarla görüşür. Heç Rəsul Quliyevin orada keçirdiyi görüşlər onun Azərbaycandakı proseslərə fəal şəkildə qatılmasına, burada hər hansı dəyişiklik edə bilməsinə yardımçı olmadı. Ona görə də xaricə səfərim var, orada görüşlərim var kimi bəyanatlar əhəmiyyətsiz məsələlərdir. Reallıq isə budur ki, Rüstəm İbrahimbəyov risk eləyib Azərbaycana gələ bilmir. Diqqəti bundan yayındırmaq üçün də belə fikirlər səsləndirir. Əvvəl deyirdi ki, iyun ayında gələcəm, sonradan bu tarix iyul ayının əvvəllərinə dəyişdirildi. İndi də deyir ki, bu ayın sonunda və ya seçkiyə az qalmış Bakıya gələcəm. Dünya təcrübəsi göstərir ki, əgər dəyişikliklər etmək istəyən liderlər, həyatları təhlükə qarşısında olsa belə, xalqın içində olmurlarsa, o zaman heç nəyə nail olunmur.

Rufik İSMAYILOV