• cümə axşamı, 28 mart, 14:19
  • Baku Bakı 16°C

Rusiyaya şöhrət gətirdiyinə görə, saçını qırxdıran azərbaycanlı - Portret

31.10.16 11:52 1872
Rusiyaya şöhrət gətirdiyinə görə, saçını qırxdıran azərbaycanlı - Portret
Olimpiya çempionu olmaq böyük uğurdur. Hər bir idmançı karyerasının zirvəsi sayılacaq bu nöqtəyə çatmağa can atır. Bu uğuru ikinci dəfə təkrarlamaq isə həmin idmançını əfsanəyə çevirir. İllərdi hər olimpiya oyunlarından öncə idman həvəskarlarını "görəsən ötən olimpiadanı "qızıl”la başa vuran idmançımız bu yarışda da uğurunu təkrarlayacaqmı” sualı düşündürür. Təəssüf ki, indiyə kimi iki Olimpiadanı qızıl medalla başa vuran idmançımız olmayıb. Ancaq ikiqat olimpiya çempionu olan azərbaycanlı idmançı var. O, ölkəmiz adından yarışmasa da, qılıncoynatma idman növündə iz qoymuş ilk azərbaycanlı kimi tarixə düşüb. Söhbət SSRİ və Rusiya millisinin heyətində olimpiya çempionu olmuş, bu il Rioda baş tutmuş Olimpiadada Rusiya yığmasının baş məşqçisi kimi şimal qonşularımıza 2 "qızıl” bəxş etmiş azərbaycanlı İlqar Məmmədovdan gedir. Gəlin, Rusiya idmanında tarix yazmış, eyni zamanda, Azərbaycana da şöhrət qazandırmış həmyerlimizi yaxından tanıyaq.

Atadan oğula keçən estafet

Hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, qazandığı uğurlarla həm də öz xalqını, tarixi vətənini təmsil edir. Xaricdə yaşayan hər bir həmyerlimizin uğuru Azərbaycana şöhrət gətirir. Üstəlik, o şəxs həm də Bakıda doğulubsa, Azərbaycan idmanının yetirməsidirsə, onda onun uğuru ilə qürrələnməyə hər bir azərbaycanlının haqqı çatır.
İlqar Yaşar oğlu Məmmədov 1965-ci il, noyabrın 15-də Bakı şəhərində dünyaya göz açıb. Gələcək olimpiya çempionu hələ uşaq olan zaman anası onu fortepiano dərslərinə yazdırır. Ancaq İlqar burda çox davam gətirmir. İdmanın cazibə qüvvəsi musiqiyə üstün gəlir. Qısa müddətdə boksla da məşğul olan Məmmədov, çox çəkmir ki, boks zalından da ayrılır. Qılıncoynatma üzrə məşqçi olan atası Yaşar Məmmədov (hazırda Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti) oğlunu bu idman növünə yazdırır. 14 yaşında "Dinamo” cəmiyyətində məşqlərə başlayan İlqarın nəticələri özünü çox gözlətmir. İki il sonra - 16 yaşında məktəblilər arasında təşkil edilən yarışda ilk səkkizliyə düşən Məmmədov, SSRİ qılıncoynatma yığmasının məşqçilərinin də diqqətini çəkir. Əvvəlcə SSRİ-nin gənclərdən ibarət yığmasında çıxış edən İlqar, daha sonra əsas yığmaya da dəvət alır.
Məmmədov uğurlarında atasının rolunu xüsusi qeyd edir. O, illər sonra mətbuata açıqlamasında nəinki özünün formalaşmasında, ümumiyyətlə, ölkədə qılıncoynatmanın inkişafında atasının rolunu bu sözlərlə ifadə edib: "70-ci illərdə atam əsas məşqçi kimi çalışmağa başladıqdan sonra bu idman növündə yeni dalğa yarandı. Elə məhz həmin dövrdən sonra bu idman növündə nəticə qazanmağa başladıq. 1980-ci illərdə isə qılıncoynatma artıq çiçəklənən dövrünü yaşayırdı. Bu, azərbaycanlı qılıncoynadanların SSRİ-nin həm gənclər, həm də əsas yığmasındakı çıxışlarında özünü göstərirdi”.

Seulda "qızıl” qazanan gənc bakılı

İlqar Məmmədovun əsas uğuru hələ irəlidə idi. 1988-ci ildə Seulda təşkil edilən Olimpiada 23 yaşlı idmançı üçün uğurlarının başlanğıcı olur. O, qılıncoynatmanın rapira növü üzrə SSRİ millisinin heyətində qızıl medal qazanır. Sovetlər həlledici oyunda Almaniyanı 9:5 hesabıyla məğlub edir. Bununla da İlqar Məmmədov qılıncoynatmada olimpiya çempionu olan ilk azərbaycanlı kimi tarixə düşür. O, Olimpiadadan sonra (1989) SSRİ yığmasının heyətində dünya çempionu adını da qazanır.
Barselona Olimpiadasında MDB yığmasının heyətində çıxış edən Məmmədov bu dəfə medalsız qalır. SSRİ-nin süqutundan sonra həmyerlimiz çıxışını Rusiya millisində davam etdirir. 1996-cı ildə Atlantada təşkil edilən Olimpiya oyunlarında Rusiyanın rapira yığmasının tərkibində ikinci dəfə olimpiya çempionluğunu qazanır.

Yığmadan universitet komandasına
İlqar Məmmədovun idmançı karyerasında sonuncu böyük yarışı 2000-ci ildə Sidneydə keçirilən olimpiya oyunları olur. Ancaq o, bu olimpiadadan medalsız qayıdır. Sidney Olimpiadasından sonra Məmmədov "bundan sonra nə etməli” sualı ətrafında düşünürdü. Məşqçi ola bilməzdi. Çünki onun uğurlarında payı olan və illərini Rusiyada qılıncoynatmanın inkişafına sərf etmiş Mark Midler hədsiz təzyiqlərdən sonra istefa verməli olmuşdu. Bu cür vəziyyətdə o, Rusiya yığmasının "sükanı arxasına” keçməyi özünə sığışdırmadı. Qılıncoynatma məktəblərində məşqçi kimi çalışmaq? Yox, bu, onun karyerasında durğunluq yaradacaqdı. Belədə Məmmədov sabiq qılıncoynadan Vladimir Nazlımovun dəvətilə ABŞ-a - Ohayo ştatına yollanır. Orda Ohayo Universitetinin komandasında məşqçi kimi çalışan Məmmədovun maddi cəhətdən problemi yox idi. Amerikalılar onu hər cür şəraitlə təmin etmişdilər. Nəticə də özünü çox gözlətmir. Məmmədovun çalışdırdığı komanda 28 universitetin qatıldığı yarışı 4-cü pillədə başa vurur.

İki "qızıl”a görə başını daz qırxdırdı

Bir neçə il ABŞ-da çalışan Məmmədov 2012-ci ildə Rusiyaya qayıdır və bu ölkənin qılıncoynatma yığmasına baş məşqçi təyin olunur. Rusiya yığması Məmmədovun rəhbərliyi altında qatıldığı ilk sınaqdan üzüağ ayrılır. Rusiya yığması Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatını 3 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurur. Ardından Kazanda (3-1-4) və Moskvada (4-4-1) da medalları sıralayan Rusiya millisi hər iki yarışı 1-ci pillədə başa vurur.
Məmmədovun Rusiya yığmasının baş məşqçisi kimi əsas sınağı isə bu il olacaqdı. Rusiya idmanı bəlkə də heç vaxt bu il olduğu kimi qalmaqalla üzləşməmişdi. Şimal qonşularımız dopinq qalmaqalıyla çalxalanırdı. Rusiyanın medal ümidi olan ağır və yüngül atletlərin dopinq qəbul etdiyi ortaya çıxdı. Dopinqdə "ilişən” idmançıların Rio Olimpiadasında iştirakına qadağa qoyulması şimal qonşularımızı çətin vəziyyətə saldı.
Rusiya nəhəng idman ölkəsi kimi öz nüfuzunu qorumaq üçün digər idman növlərində qazanılacaq medallara ümid bəsləyirdi. Belə olan təqdirdə, İlqar Məmmədovun çalışdırdığı Rusiya qılıncoynatma yığmasının da üzərinə böyük təzyiq düşdü. Məmmədovun idmançıları etimadı artıqlamasıyla doğrultdu. Rusiya yığması onun rəhbərliyi altında Rio Olimpiadasını 2 qızıl medalla başa vurdu. İkinci qızıl medal qazanıldıqdan dərhal sonra həmyerlimizin Olimpiadadan əvvəl verdiyi söz xatırlandı. O, Rio olimpiya oyunlarından öncə bildirmişdi ki, yetirmələrindən ən azı ikisinin mötəbər yarışı qızıl medalla başa vuracağı təqdirdə, başını daz qırxdıracaq.
Rusiya ictimaiyyəti qəhrəmanın verdiyi sözdən yapışaraq, onun vədi yerinə yetirməsini gözləyirdi. Azərbaycanlı ola, verdiyi vədə əməl etməyə… Məmmədov da vədinə xilaf çıxmadı. O, hamının gözü qarşısında başını daz qırxdırdı. Həmyerlimizin bərbərləri isə Olimpiadanı qızıl medalla başa vurmuş yetirmələri - Yana və Timur oldu.
Qılıncoynadan kimi Rusiya idmanında müstəsna xidmətləri olmuş Məmmədov, Riodakı nəticə ilə bu ölkənin tarixinə həm də məşqçi kimi adını yazdıra bildi.

Bu ailədə hamı qılıncoynadandır

İllərdi qılıncoynatmada olan Məmmədov üçün bu idman sadəcə, iş yox, həm də həyatdır. Zarafat deyil, ikiqat olimpiya çempionunun təkcə atası yox, qardaşları, xanımı və qızı da bu idman növünə bağlı olub.
"Məni bu idman növünə atam gətirib. Ancaq təkcə məni yox, böyük və kiçik qardaşımı da. Atam hər 3 oğlunu idmana yazdırmışdı. Böyük qardaşım şpaqa, mən rapira, kiçik qardaşım isə qılınc növü ilə məşğul olurdu. Biz kralın muşketyorları kimi idik. Mən həyat yoldaşımla da qılıncoynatma zalında tanış oldum. Hazırda qızım da bu idman növüylə məşğuldur”.
İlqar Məmmədovun bu sözlərindən sonra qılıncoynatmanın onun həyatında nə demək olduğunu anlamaq mümkündür. Məmmədovun həyat yoldaşından söz düşmüşkən, bu xanım hamımıza yaxşı tanış olan qılıncoynadan Yelena Jemayevadır. Maraqlıdır ki, azərbaycanlı İlqar Məmmədov Rusiya yığmasının uğurları üçün çalışsa da, onun milliyətcə rus olan xanımı Azərbaycan yığmasının şərəfini qoruyub. 1999-cu ildə ruslar qadın qılıncoynadanların bir çoxunun, həmçinin Yelenanın xidmətində maraqlı deyildi. İlqar Məmmədov o vaxtlar Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olan atası Yaşar Məmmədova müraciət edərək, Yelenanın ölkəmiz adından çıxış etməsi məsələsini müzakirə edir. Yaşar Məmmədov bu fürsəti qaçırmır və istedadlı xanım qılıncoynadanı yığmamıza cəlb edir. Yelena yığmamızın heyətində 2 dəfə dünya çempionu olur. 2004-cü ildə Afinada təºkil edilən Olimpiada da ölkəmizi təmsil edən Jemayeva 7-ci yeri tutub.
İlqar Məmmədovla Yelenanın Milena (1997) və Ayla (2005) adında iki qız övladı var.
Ayla ata və anasının yolunu davam etdirir. Şəxsi məşqçisi anası olan Aylanın artıq bir neçə medalı da var. Lakin onun valideynlərinin layiqli davamçısı olub-olmayacağına gələcəkdə aydınlıq gələcək.

Rusiya ordusunun polkovniki, iki ordenli azərbaycanlı

Bu gün Azərbaycan və qılıncoynatma dedikdə, ağıla gələn ilk şəxs məhz İlqar Məmmədovdur. O, heç vaxt mötəbər yarışlarda ölkəmizin bayrağını qaldırıb, himnini səsləndirməsə də, Rusiyadakı uğurlarıyla həmyerlilərimizə qarşı olan münasibətin müsbət mənada dəyişməsində müstəsna rol oynayıb. Zarafat deyil, Rusiya ordusunun polkovniki olan Məmmədov iki ordenə də sahibdir. O, bu ölkənin "Vətənə xidmət” və "Cəsarət” ordenləri ilə təltif edilib.
Bəlkə də Məmmədov gələcəkdə Azərbaycan qılıncoynatmasının inkişafına da öz töhfəsini verəcək. Hələlik isə həmyerlimizin Rusiyadakı uğurlarına sevinək, şöhrətli azərbaycanlının şöhrətinə şərik olaq...

banner

Oxşar Xəbərlər