AZE | RUS | ENG |


Rusiyaya ipək, fındıq və pambıq ixrac edə bilərik

Rusiyaya ipək, fındıq və pambıq ixrac edə bilərik
Ekspertlər hazırda fındığın ixrac imkanlarının daha real olduğu qənaətindədirlər

Rusiya Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bunu nazir müavini İlham Quliyevlə görüşdə Rusiya Federasiyasının Şimali Qafqaz üzrə nazirinin müşaviri Stanislav Aristov bəyan edib. O bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz olduğunu nəzərə alaraq, ixracyönümlü məhsulların Şimali Qafqaz və Rusiya Federasiyasına çıxarılmasında "yaşıl dəhliz”in yaradılmasından məmnundur: "Rusiya Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Bununla bağlı təkliflərini qısa müddətdə təkliflər paketini Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcəyik".

Görüşdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Rusiya Federasiyasının Şimali Qafqaz regionu ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Əslində istehsal olunan məhsullar üçün bazarın olması yaxşı haldır. Amma ixrac o zaman olmalıdır ki, ölkədə həmin məhsula olan tələbat ödənilsin. Bəs qeyd olunan məhsullarla bağlı Rusiya bazarının təmin olunması üçün Azərbaycanın potensialı varmı?

İqtisadçı alim Vüqar Bayramov deyir ki, pambıqçılıq və ipəkçiliklə bağlı qarşıya qoyulan hədəflərə nail olunsa, növbəti illərdə ixrac imkanları da ola bilər: "Pambıqçılıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sektorlardan biridir. Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı praktiki olaraq son bir ildə xeyli işlər görülməkdədir. Güman olunur ki, pambıq istehsalının artırılmasına nail olunacaq. Çünki əvvəlki illərdə pambıqçılıqda istehsalın azalması müşahidə olunurdu. 1981-ci ildə 800 min tondan artıq pambıq istehsal edilib. Müstəqillik əldə etdiyimiz il 530 min tona qədər azalıb. Daha sonra azalma davam etdi və nəticədə 2014-cü ildə cəmi 40, 2015-ci ildə isə cəmi 35 min ton pambıq istehsal edilib. Müstəqillik illərində pambıq istehsalının azalması müşahidə olunurdu. Azərbaycanda hazırda bu sahə prioritetdir. 2016-cı ildə istehsalın 100 min tona çatdırılması nəzərdə tutulub. Bu, kifayət qədər böyük rəqəmdir. Növbəti illərdə isə hədəf bu rəqəmin 200 min tonadək artırılmasıdır. 100 min ton ciddi ixrac imkanları yaratmasa belə, reallıq bundan ibarətdir ki, prosesin artan templə davam etməsi nəticə etibarilə pambıqçılığın ixrac qabiliyyətinin artırılmasına gətirib çıxara bilər.

Qeyd olunan sahə üzrə Azərbaycanda istehsalın bərpası dövrü həyata keçirilir. Ona görə xüsusilə Rusiya bazarının böyük olduğunu nəzərə alsaq, bu əməkdaşlığa mövcud istehsal potensialı aspektindən deyil, strateji olaraq Azərbaycanın 2017-18-ci illərdə hansı həcmdə istehsala malik olması, nə qədər pambıq və digər ipək məhsulları istehsal etməsi aspektindən yanaşılmalıdır. Əməkdaşlıqla bağlı hələ ki müzakirələr gedir. Güman olunur ki, söhbət 2017-ci ildən başlayaraq real ola biləcək əməkdaşlıqdan gedir. 2017-ci ildə Azərbaycan nəzərdə tutulan həcmdə pambıq istehsal edərsə, bu, imkan verəcək ki, istehsalın artırılması hesabına ixracatı artırmaq mümkün olsun. Bu əməkdaşlıq həm də Azərbaycanın bu istiqamətdə proqnozlaşdırılan hədəflərə necə nail olmasından asılı olacaq. İpəkçiliklə bağlı da eyni sözləri demək olar. Hər iki sektor prioritet elan olunub. Ona görə istər pambıqçılıq, istər ipəkçilik üzrə əməkdaşlıq məhz strateji olaraq 2017 və ondan sonrakı illərdə proqnozlaşdırılan hədəflərə nail olma səviyyəsindən asılı olacaq. Yəni, Azərbaycan pambıqçılıq və ipəkçilik üzrə proqnozlaşdırıcı hədəflərə nail ola biləcəksə, o zaman geniş əməkdaşlıq imkanları olacaq”.

İqtisadçı deyir ki, hazırda Azərbaycan fındığının Rusiyaya ixrac imkanları var: "Avropaya fındıq ixrac edirik. Amma bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi mümkündür”.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov da fındıqçılığın ixrac imkanlarının olduğunu dedi: "Azərbaycanda ildən-ilə fındıq sahələri genişləndirilir, istehsalı artır. Xüsusilə Xaçmazda, Qusar rayonlarında fındıq əkinləri genişlənir. Ona görə fındığın xarici bazarlara, xüsusilə Rusiyaya göndərilməsi labüddür və mümkündür. Fındıqçılıq gəlir gətirən sahədir. Əminəm ki gələn il ölkədə daha çox fındıq istehsal olunacaq. Çünki bu sahəyə diqqət artıb. Rusiyaya xeyli məhsul göndərilə bilər”.

Ç.Fərəcov yerli tələbatın ödənilmədiyi üçün yaxın zamanlarda ipəyin ixrac imkanlarının mümkün olmadığını bildirdi: "Ölkəmizdə hələlik barama istehsalı çox deyil. Bu il respublikamızda 70 ton barama istehsal olunub. Sovet dövründə isə illik istehsal 5,6 min ton olurdu və hamısı da ölkəmizdə emal edilirdi. İndi baramaçılığa diqqət artandan sonra baramanı ölkəmizdə emal etmək olar. Daha doğrusu, Şəkidə, Ordubadda böyük kombinat var. Bu kombinatlarda həm barama emal olunurdu, həm də gözəl parçalar toxunurdu. Barama özümüzün tələbimizi ödəyəndən artıq istehsal ediləndə onu Rusiyaya ixrac etmək mümkündür. Lakin hələlik məhsul istehsalı azdır. 70 ton özümüzdə emal olunacaq və özümüz də istifadə edəcəyik. Bizim xalqımız ipək parçalara böyük maraq göstərir. Vaxtilə bizdə "Barama yaylıqlar” dəbdə olub. Qadınlar, qızlar bu yaylıqları çox sevərdilər. Kəlağayı da baramadan hazırlanır. Ona görə də gələcəkdə bu sahənin inkişaf etdirilməsi üçün tədbirlər görülür. Xüsusilə baramaçılığın geniş şəkildə inkişafı nəzərdə tutulur”.

Ç.Fərəcov qeyd etdi ki, pambıq istehsalı ilə bağlı növbəti illərdə qarşıya qoyulan hədəfə çatılsa, ixrac imkanları da ola bilər: "Pambıq istehsalı ildən-ilə artır. Ölkə başçısı deyib ki, pambıq istehsalını ildə 300 min tona çatdırmaq mümkündür. Əlbəttə, 300 minə çatanda Rusiyaya ixrac etmək mümkündür. Lakin Azərbaycanda keçən il cəmi 34 min ton pambıq istehsal olunub, bu il də 50-60 min ton proqnozlaşdırılır. Bunu isə ölkəmizdə emal etmək olar. Çünki pambıq parçaya böyük ehtiyac var. Bizdə Bakıda Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı var. Kombinatda pambıq parçalar istehsal olunurdu. Belə hesab edirəm ki, istehsal artandan, Azərbaycanın özünün tələbi ödəniləndən sonra artıq məhsulları Rusiya bazarlarına da göndərmək olar. Burada heç bir problem yoxdur. Amma hazırda ipək və pambığın ixrac olunması üçün imkan yoxdur. Amma fındıq məhsulunun ixrac imkanları var və sahibkarlar buna gedirlər”.

Aygün Asimqızı
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001