Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub
Bu gün Rusiyanın nüfuzlu «Analitika yuqa Rasii» qəzetinin
baş redaktoru, beynəlxalq milli konfliktlər üzrə tanınmış ekspert Yevqeni
Mixaylov Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya
Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu ona təmsil etdiyi qurumun fəaliyyət
istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə
jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası postsovet məkanında
medianın özünütənzimləməsini həyata keçirən ilk təşkilatdır. Şuranın fəaliyyəti
ictimai qınağa əsaslanır.
MŞ sədrinin müavini həmçinin bildirib ki, Azərbaycanda
kütləvi informasiya vasitələrinə dövlət nəzarəti 1998-ci ildə aradan qalxıb və
bu cəhət medianın özünütənzimləmə qurumu kimi Şuranın üzərinə böyük məsuliyyət
qoyur. U.Rəhimoğlu mövcud xüsusdakı bir sıra xarakterik cəhətlər barədə mulamat
verib. O, eyni zamanda Şuranın dünyanın, o cümlədən postsovet məkanının bir sıra
nüfuzlu media təşkilatları ilə əlaqələrindən danışıb. Bu xüsusda Azərbaycan
həqiqətlərinin təbliğinin də başlıca missiya olduğuna diqqət çəkib.
Y.Mixaylov həm jurnalist, həm də hüquq müdafiəçisi kimi
Rusiyanın Rostov vilayətində fəaliyyət göstərir. Həmin vilayətin Stavrapol,
Krasnadar, Armavir şəhərlərində ermənilərin say üstünlüyünə malikdirlər və
bundan sui-istifadə edirlər. Onlar özbaşınalıqları müxtəlif idarəçilik
orqanlarında təmsil olunmaqla da həyata keçirirlər. Y.Mixaylov əsasən bu sayaq
xoşagəlməz hallara, o cümlədən bölgədə yaşayan azərbaycanlıların hüquqlarının
pozulmasına qarşı media müstəvisində və ictimai sektorda fəal mübarizəsi ilə
fərqlənir. Qonaq görüşdə bu istiqamətdəki fəaliyyətindən geniş söz açıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb. U.Rəhimoğlu Y.Mixaylova Azərbaycan Mətbuat Şurasının fəxri
diplomunu təqdim edib.