Rusiyanın işğalçını dəstəkləməsi Azərbaycanı narahat edir
Cənubi
Qafqazın lider dövləti olan Azərbaycan XX əsrin sonlarında müstəqilliyini
ikinci dəfə bərpa etdikdən bu günə qədər inkişaf yolu ilə uğurla
addımlamaqdadır. Ötən 25 il ərzində ölkədə ictimai-siyasi sabitlik təmin
olunub, geniş iqtisadi islahatlar həyata keçirilib, bütün sahələr üzrə mühüm
nailiyyətlərə imza atılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən,
prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası, balanslı
xarici siyasi kurs Azərbaycanın müstəqilliyini möhkəmlədib, dövlətimizin
qüdrətini, beynəlxalq nüfuzunu daha da artırıb. Bütün bu illər ərzində
Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri ilə, o
cümlədən qonşu ölkələrlə, xüsusən də Rusiya ilə hərtərəfli əlaqələr qurub. Azərbaycan ilə Rusiya arasında 4 aprel 1992-ci il tarixində
Bakıda imzalanmış müvafiq protokol əsasında qurulan diplomatik münasibətlər elə
həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirliklərinin fəaliyyətə
başlaması ilə nəticələnib. Lakin bu münasibətlərin inkişafı ulu öndər Heydər
Əliyevin Azərbaycan prezidenti olduğu illərə təsadüf edir. Bu müddətdə xarici
işlər nazirləri ilə yanaşı, Azərbaycan və Rusiya hökumətlərinin üzvləri
qarşılıqlı şəkildə çoxsaylı səfərlər həyata keçiriblər.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə hərtərəfli əlaqələrini daim
inkişaf etdirməkdə maraqlı olmasına bir sıra səbəblər var. Rusiya bizim ən
böyük və qüdrətli qonşumuzdur. Bu ölkədə 1 milyondan artıq azərbaycanlı yaşayır.
Digər tərəfdən, Rusiyan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə
yaradılan ATƏT-in Mİnsk qrupunun həmsədridir. Belə ki, Azərbaycan Ermənistan
tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazisinin 20 faizi erməni silahlı
birləşmələri tərəfindən işğal olunub. 1994-cü ildə tərəflər arasında atəşkəs
razılığı əldə olunandan bir qədər sonra Dağlıq Qarabağ probleminin yalnız sülh
yolu ilə həll olunmasına dair danışıqlara start verilib. Dinc danışıqların
aparılması, tərəflərin razılığa gətirilməsi işi isə ATƏT-in Minsk qrupunun üzvü
olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyaya həvalə olunub. Həmin
vaxtdan indiyə qədər münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqlar
aparılır. Lakin təəssüflər olsun ki, hər üç ölkəni təmsil edən həmsədrlərin,
eləcə də dövlət başçılarının iştirakı ilə keçirilən sülh danışıqlarında
Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir, yaxud əvvəlcədən üzərinə
götürdüyü öhdəliklərə əməl etmir, yaxud cəbhə xəttində təxribatlar törətməklə
münaqişənin həllini yubadır. Belə olan halda Azərbaycan həmsədr dövlətlərdən
ədalətli mövqe sərgilənməsini, işğalçıya təsir və təzyiq göstərilməsini,
beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini gözləyir.
Acınacaqlı hal burasıdır ki, belə hallarda həmsədr dövlətlər ya
seyrçi mövqedə qalır, ya da müəyyən vədlər versələr də, sonradan o vədlərə
sahib çıxmırlar. Sonuncu dəfə aprel ayının əvvəlində cəbhə xəttində
Ermənistanın növbəti təxribat törətməsi və buna cavab olaraq, Azərbaycan
ordusunun əks hücuma keçərək bir sıra yüksəklikləri işğalçılardan təmizləməsi
hadisəsindən sonra da eyni mənzərə müşahidə edildi. Sarsıdıcı zərbə alaraq geri
otuzdurulan düşmən ordusu darmadağın ediləndə Ermənistan rəhbərliyi həmsədr
dövlət Rusiyaya üz tutaraq hücumun dayandırılması, nəticə verən sülh
danışıqlarına başlanması barədə yalvarışlar etdi. Məhz Rusiya dövlət başçısının
bu xüsusda xahişini nəzərə alan Ali Baş Komandan İlham Əliyev cəbhədəki
əməliyyatların dayandırılmasına, təkrar sülh danışıqlarına başlanmasına qərar
verdi. Həmin vaxtdan sonra prezidentlərin iştirakı ilə keçirilən Vyana və Sankt-Peterburq
görüşlərində düşmən ölkənin rəhbəri yenidən "ərköyünlük” nümayiş etdirməyə
başladı. Bu gün də işğalçı Ermənistan cəbhə xəttində atəşkəsi pozmaqda,
müxtəlif təxribatlara əl atmaqdadır.
Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri yenə də
seyrçi mövqeyə çəkilməkdədirlər. Ən pis hal isə budur ki, Azərbaycanın Rusiya
ilə hərtərəfli əlaqələrini inkişaf etdirməsi, hətta bu münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə gətirməsi müqabilində Kreml rəhbərliyi işğalçıya dəstək
nümayiş etdirir. Həmsədrlik missiyasının ziddinə olaraq, işğalçıya 200 milyon
dollarlıq silah-sursat verir, "İsgəndər” tipli raketlərlə düşmən ölkəni təmin
edir, hətta bu ölkənin ordusu ilə birlikdə ortaq ordu yaradır. Təbii ki, bu,
rəsmi Moskvanın qeyri-səmimiliyidir. Azərbaycan xarici siyasətində hər zaman
qonşusunun da maraqlarını nəzərə alır, qarşılıqlı əməkdaşlığa, sülhə,
əmin-amanlığa xidmət edəcək balanslı siyasət yürüdür. O da danılmaz faktdır ki,
Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə, Azərbaycan bütün təsir və
təzyiqlərə əhəmiyyət vermədən bu sanksiyalara qoşulmadı. Əksinə, yaranan ərzaq,
meyvə-tərəvəz çatışmazlığından xilas olmaq üçün rusiyalı diplomatların bu
xüsusda müraciətini nəzərə alıb, öz məhsullarını rus bazarlarına çıxardı. Amma
bugünkü reallıq onu deməyə əsas verir ki, Rusiya bütün bunları nəzərə almır. Bir
qədər əvvəl də vurğuladığımız kimi, Rusiya bütün davranışları ilə işğalçının
yanında olduğunu göstərir. Heç şübhəsiz, belə vəziyyət Azərbaycanı çətin duruma
salır, cəmiyyətimizdə çaşqınlıq yaradır, rəsmi Bakını fərqli addım atmağa
məcbur edir.
Rufik İSMAYILOV