• şənbə, 20 Aprel, 17:06
  • Baku Bakı 23°C

Rusiyanın Ermənistandakı səfirliyi maraqlı bəyanatla çıxış etdi

04.11.19 17:50 2209
Rusiyanın Ermənistandakı səfirliyi maraqlı bəyanatla çıxış etdi
"Qərbdən maliyyələşən ictimai təşkilatlar və KİV-lər Ermənistan-Rusiya münasibətlərini hədəfə alıb və iki ölkə arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar”

Rusiya müdafiə naziri Sergey Şoyqunun "məxməri inqilab”dan sonra Ermənistana səfəri və səsləndirdiyi bəyanatlar erməni mediasında geniş tirajlanır. "1in.am” yazır ki, Rusiyanın Ermənistandakı səfirliyi Şoyqunun səfəri kontekstində qəribə bir bəyanat yayıb. Bəyanatda bildirilib ki, Qərbdən maliyyələşən Ermənistan ictimai təşkilatları və kütləvi informasiya vasitələri Ermənistan-Rusiya münasibətlərini hədəfə alıb və iki ölkə arasında münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Səfirlik qeyd edir ki, bütün bunlar Ermənistan hakimiyyətinin Rusiya-Ermənistan münasibətlərindəki dəqiq mövqeyinə baxmayaraq baş verir. Saytda dərc olunan materialda bildirilir ki, bu bəyanat bir sıra aspektlər baxımından qəribə səslənir. "Birincisi, Rusiyanın Ermənistandakı hərbi bazası, Rusiya siyasəti ilə bağlı sərt müzakirələr, problemli şəraitlər yumşaq desək, uzun illər ərzində hər zaman olub. Özü də buna əsası hər zaman Rusiyanın öz siyasəti əsas verib. Lakin Rusiyanın Ermənistandakı səfirliyi Qərb tərəfindən maliyyələşən ictimai təşkilatlar və kütləvi informasiya vasitələri məsələsini qaldırmayıb. İkincisi, nə üçün məhz indi, "soyqırımı” ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında qətnamə qəbul edilən zaman bu məsələni qaldırır? Burada fikir yürütmək üçün əsas var. Eyni zamanda Rusiya səfirliyi Ermənistanın daxili işi olan məsələlərə qarışır. Səfirliyin qeyd etdiyi vətəndaş və media məsələləri Ermənistanın daxili işidir və ölkə qanunvericiliyi ilə nizamlanır. Əgər bu məkanda konkret hüquqi normalarla ziddiyyət təşkil edən çağırışlar səslənirsə, dövlətlərarası münasibətlərə zidd fikirlər olursa, onda səfirlik konkret münasibət bildirməlidir. İndiki hala isə siyasi bağlantı verilir və bu da onu deməyə əsas verir ki, ölkənin daxili işlərinə qarışılır, hətta şantaj elementləri hiss olunur”. Müəllif vurğulayır ki, rəsmi Yerevan, Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bəyanatına reaksiya verməlidir. "Bu ən azı, Ermənistana qarşı dövlətlərarası və müttəfiqlik münasibətlərinin pozulması deməkdir, Eləcə də, ölkənin daxili işlərinə qarışmaqdır. Buna qədər isə səfirlik yaxşı olardı erməni-rus münasibətlərinin sağlamlaşdırılması, maliyyəsi məlum olmayan və media, ekspert dairələrində antierməni veriliş və məqalələrin "çoxəsrlik xətlərinə” toxunardı”, - deyə müəllif yazır.
Öz növbəsində "Moskva-Baku” da dərc olunan materialda Şoyqunun Bakıya və ondan əvvəl Ermənistan səfərinə yer ayırıb. Məqalədə vurğulanır ki, Şoyqunun Bakı səfəri MDB müdafiə nazirlərinin toplantısı ilə bağlı idi və ilk dəfə idi ki, erməni nazir tədbirdə iştirak etmirdi. Müəllif Ermənistan KİV-nə istinadən yazır ki, Serj Sarkiyanın prezidentliyi dövründə belə bir razılaşma var idi ki, MDB Müdafiə Nazirlərinin Şurasının iclası nə Bakıda, nə də Yerevanda keçirilsin: "Və bu razılaşmaya uzun illər idi ki, əməl edilirdi. Faktiki olaraq bu dəfə Ermənistan hakimiyyətinə bu razılaşmanı qoruyub saxlamaq mümkün olmadı və toplantı Bakıda keçirildi. Bu o deməkdir ki, erməni naziri heç Bakıda gözləmirdilər. Düzdür, Moskva vəziyyəti bir qədər nizamlamağa cəhd edib və Bakıdan əvvəl Şoyqu Yerevanda oldu. Lakin artıq Ermənistan üçün bu fakt heç də yaxşı xəbər deyil. MDB-nin üzv dövlətlərindən birinin nazirinin iştirakı olmadan İttifaq daxilində bir çox məsələlər müzakirə olundu”.
Rusiya nəşri Sergey Şoyqunun Bakıda prezident İlham Əliyevlə keçirdiyi görüşdə faşizmin Ermənistan tərəfindən qəhrəmanlaşdırılması faktlarına yer ayrılmasından da bəhs edib. Məqalədə ölkə prezidentinin bununla bağlı çıxışı tam mətnlə verilib. Nəşr xatırladır ki, "söhbət faşist əlaltısı Qaregin Njdedədən gedir. Bu şəxsə Yerevanda altı metrlik bir heykəl qoyulub. Rusiya müdafiə naziri də prezidentin sözləri ilə razılaşıb”. Daha sonra xatırladılır ki, ilk dəfə faşizmin qəhrəmanlaşdırılması ilə bağlı prezident İlham Əliyev Aşqabadda məsələ qaldırıb. "Ermənistan baş naziri isə əksinə, faşist əlaltısını ölkəsinin milli qəhrəmanı adlandırır. Lakin Njdenin hitlerçilərlə əməkdaşlıq etməsi ilə bağlı Nikol Paşinyan heç bir arqument ortaya qoya bilməyib. "Faşizm üzərində Qələbənin 75 illiyinin qeyd olunması məsələsinin Ermənistanın siyasi elitasının iştirakı olmadan müzakirəsində bir simvolizm var. Hər şey məntiqidir. MDB ölkələri yekdilliklə faşizmin əleyhinədir”, - deyə məqalədə vurğulanır.
"Rosbalt”da dərc olunan materialda da Ermənistan-Rusiya münasibətləri kontekstində Şoyqunun Yerevan səfərinə toxunulur. Ermənistanla Rusiya arasındakı münasibətləri şərh dən müəllif "müttəfiqlik” münasibətlərini dırnağa alır. "Sirr deyil ki, Ermənistan özünün təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil və Rusiya ilə "dost” olmağa məhkumdur. O da sirr deyil ki, Rusiyanın Ermənistanda hərbi bazası tək ona deyil, həm də ən əsası Ermənistana lazımdır”.
Yeri gəlmişkən, dünən Rusiya Dövlət Dumasının nümayəndə heyəti Yerevana səfər edib və erməni politoloq Ruben Mehrabyan bu səfəri ciddi tənqid edib. Bildirib ki, səfər zamanı Dövlət Dumasının nümayəndə heyətinin tərkibinə "Rusiyanın ilhaq etdiyi Krımdan” seçilmiş deputat Natalya Poklonskaya da var. Politoloq bu barədə özünün Facebook səhifəsində yazıb. "Bu, dəqiq rusların bizə yaratmaq istədiyi problemdir, məqsədi Ermənistanı mariginallaşdırmaq və beynəlxalq aləmdəki imicini "korlamaqdır”, - Mehrabyan bildirib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bildirib ki, bu addım Kremlin Ermənistan üzərində ağalığının növbəti təsdiqidir."Ermənistan totalitar zir-zibilin utilizasiyası üçün məkan deyil”, - Artur Sakuns əlavə edib.
Xatırladaq ki, Natalya Poklonskaya vaxtilə Krımın prokuroru olub, Krım ilhaq ediləndə isə Rusiyanın tərəfinə keçib Dövlət Dumasının deputatı seçilib. O, Krım hadisələri zamanı tez-tez səsləndirdiyi "Krım naş” ifadəsinə görə sosial şəbəkələrdə ulduza çevrilmişdi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər