• cümə, 19 Aprel, 15:32
  • Baku Bakı 25°C

Rusiyanın ermənipərəst siyasəti narazılıq doğurur

20.04.17 09:30 851
Rusiyanın ermənipərəst siyasəti narazılıq doğurur
Azərbaycan müstəqil ölkə olaraq bütün dünya dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Xarici siyasətdəki bu yanaşma və tələb işğalçı Ermənistan istisna olmaqla bütün ölkələrə, o cümlədən qonşularımıza qarşı da tətbiq edilməkdədir. Azərbaycan hətta müxtəlif ölkələrlə hər hansı səviyyədə yeni münasibətlər qurarkən də mövcud olduğu regiondakı vəziyyəti, həmçinin qonşularının maraqlarını da nəzərə alır, qarşılıqlı əlaqələrə həssaslıqla yanaşır. Şimal qonşumuz Rusiyaya qarşı da bu həssaslıq daim özünü göstərməkdədir. Beləki, Azərbaycan qütbləşmiş dünyada hər hansı qütbün yanında birmənalı yer almır, regionu, ölkə ərazisini böyük güclərin mübarizə poliqonuna çevirmir. Ölkəmiz hər hansı böyük dövlətin himayəsinə sığınaraq öz qonşularına qarşı cəbhə açmır. Dünyada, beynəlxalq siyasi arenada məhz bu cür tanınan, etibarlı tərəfdaş imici qazanan Azərbaycan digər dövlətlərdən, o cümlədən qonşularından da məhz bu cür yanaşma gözləyir.

Lakin təəssüflər olsun ki, bəzi hallarda Azərbaycan qeyri-adekvat, qeyri-obyektiv, ikili standartlara söykənən münasibətlə üzləşməli olur. Bu günlərdə Rusiyadan Azərbaycana qarşı atılan və böyük narazılıq doğuran addım da bu qəbildəndir. "Musavat.com”un məlumatına görə, aprelin 17-də Moskva milyonçularının sevimli məkanlarından biri olan "Safis” restoranında Rusiya Erməniləri İttifaqının prezidentiAra Abramyanın 60 illiyi qeyd olunub. Tədbirin qonaqları arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da olub. Yubileyə həmçinin Liberal Demokrat Partiyasının lideri, "Kremlin danışan dilləri”ndən sayılan Vladimir Jirinovski də qatılıb. Prezident Vladimir Putinin özü isə yubilyara təbrik məktubu göndərib. Diqqət çəkən məqam bundan ibarətdir ki, yubiley tədbirində Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da iştirak edib. Həmin tədbirdə Peskov Ara Abramyana nəhayət ki, rus dilini öyrənməyi arzu edib. Jirinovski isə belə bir arzu ifadə edib ki, növbəti yubileyədək Artsax bütün ölkələr tərəfindən tanınsın və ermənilər Araratı (Türkiyə torpaqları - red.) geri qaytarsınlar.

Təbii olaraq bu hadisə Azərbaycanda çox böyük narazılıqla qarşılanıb. İlk növbədə ona görə ki, Rusiya Azərbaycanın yaxın qonşusu olmaqla bərabər, ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Minsk qrupunun həmsədr dövlətləri ABŞ və Fransa kimi Rusiya da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bilavasitə məsuldur. Belə bir məsuliyyəti, beynəlxalq missiyanı üzərinə götürən dövlət isə tərəfsizliyini daim qoruyub saxlamalıdır. Ən önəmlisi isə həmsədr statusu daşıyan bir ölkə heç bir dünya dövlətinin, beynəlxalq təşkilatın tanımadığı separatçı qurumun "rəhbəri” ilə məsafə saxlamalı, onunla bir arada olmamalıdır. Bununla yanaşı, Azərbaycan xalqlarımız arasındakı tarixi, mədəni, iqtisadi əlaqələri nəzərə alaraq, hər zaman Rusiyadan ədalətli mövqe gözləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində də Rusiyanın xüsusi rol oynadığına inanır. Məhz bu səbəbdən indiyə qədər Rusiyanın müəyyən dairələrinin birtərəfli mövqeyini qabartmamağa çalışıb.

Ancaq son zamanlar baş verən proseslər, xüsusən də Rusiya rəsmilərinin atdığı addımlar ortada olan inamı sarsıdır. Belə təəssürat yaranır ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin həllində birmənalı olaraq işğalçı Ermənistanın mövqeyini dəstəkləmək xətti tutub. Son vaxtlar Moskvadan gələn mesajlar da belə nəticə çıxarmaq üçün kifayət qədər əsas verir. Rusiya diplomatlarının, hökumət təmsilçilərinin, münaqişənin həllinə birbaşa məsul olan rusiyalı həmsədrin açıqlamalarına diqqət edəndə də bunu aydın şəkildə görmək mümkündür. Əgər Peskov, Jirinovski, Lavrov dünyanın heç bir dövləti tərəfindən tanınmamış, separatçı rejimin "rəhbəri” ilə bir masa arxasında oturur, separatçı sağlıqlara badə qaldırırlarsa, buna başqa nə ad vermək olar? Çox maraqlıdır, Azərbaycanı strateji tərəfdaş adlandırmaqdan yorulmayan Moskvanın öz yüksək çinli rəsmilərini aşağı səviyyəli erməni tədbirinə yollamaqla, İrəvana növbəti loyallıq nümunəsi göstərməklə nə əldə edir? Belə bir dövlətdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və qərəzsiz vasitəçilik ummağa dəyərmi? Yaxşı olardı ki, Rusiya rəsmiləri bütün bu sualları yaxşı-yaxşı götür-qoy etsinlər.

Əlbəttə ki, bütün bu baş verənlər ən azı acı təəssüf doğurur. Çünki, Rusiya rəsmilərinin sözügedən hərəkətləri ilk növbədə Rusiyanın beynəlxalq imicinə zərbə vurur, Azərbaycan xalqında da bu dövlətə qarşı antipatiyanı artırır. Rusiya rəsmilərinin addımları həm də Azərbaycan və rus xalqları arasında mövcud olan tarixi dostluq əlaqələrinin ruhuna zərbə vurur. Rəsmi Moskva işğalçı tərəfə, Dağlıq Qarabağ separatçılarına bu cür münasibət sərgiləməklə bütün mənalarda Azərbaycanı üzəcək hərəkətlərə yol verir. İnsanlarda qəti əminlik yaranır ki, Rusiya heç zaman Azərbaycanın strateji tərəfdaşı sayıla bilməz. Bu isə Azərbaycanı adekvat addımlar atmağa vadar edir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər