Rusiyanın daim borclu olacağı azərbaycanlı - Fotolar
«O, «neft şahzadəsi»
ola bilərdi. Ancaq bunun əvəzinə o, bütün gücünü, enerjisini ölkənin rifahı
naminə verdi. Bu gün Rusiya hazırkı büdcəsi və qızıl valyutası ehtiyatlarına
görə ona çox bocludur». Görkəmli azərbaycanlı geoloq Fərman Salmanov vəfat edəndə
Rusiya qəzetləri belə yazırdı. «Sibir kəşfiyyatçısı haqqında əfsanə», "Əfsanəvi
geoloq” və s. başlıqlar altında çap olunan məqalələr demək olar ki, ölkə
mediasının gündəmindən düşmürdü. Fərman Salmanov böyük Sibir neftini kəşf
etmişdi. Qərbi Sibirdə, o cümlədən perspektivi olmayan regionlarda kəşf edilən
yataqlar məhz onun adı ilə bağlı idi. Bu gün də onun adı Sibir torpaqları,
xüsusən Surqut sakinləri üçün novator neftçi assosiasiyası doğurur. Dünya
tarixində ikinci elə bir geoloq yoxdur ki, onun iştirakı ilə bu qədər nəhəng
yataqlar tapılsın.
Məktəbli Fərman necə geoloq oldu?
Şəmkir rayonunun
Morul kəndində yaşayan Salmanovlar ailəsinin 4 uşağı vardı: Fərman, Mais, İlqar
və Amur. Azərbaycanlı qız, Amur adına görə babası Süleymana minnətdar idi.
Süleyman Salmanov gəncliyində öz mal-qarasının bir hissəsini yerli çinovniklərə
verməkdən imtina etmiş və bununla da onların qəzəbinə tuş gəlmişdi. Bu, itaətsizliyi
ona baha başa gəlmişdi. 1888-ci ildə onu 20 illiyə Sibirə, daha sonra Uzaq Şərqə
sürgün etmişdilər. Sürgün vaxtı Süleyman rus-yapon müharibəsində iştirakına görə
mükafatlar almışdı. Buna görə, həbsdən vaxtından əvvəl azad edilmişdi. O, Vətənə
Sibirli həyat yoldaşı Olqa ilə qayıtdı. Süleyman Sibiri sevirdi və bu haqda nəvələrinə
çox danışırdı. Nəvəsini də Sibir çayının şərəfinə Amur adlandırdı. Sonradan
Amur və qardaşı İlqar linqvist oldular. Evin ortancıl oğlu Mais gözəl səsi ilə
ürəkləri fəth edən müğənni, Azərbaycanın Əməkdar artisti kimi tanındı. Evin
böyük oğlu Fərman isə geoloq olaraq, babasının xatirələrinin təsiri altında
ömrünü Sibirlə bağladı.
1946-cı ildə
SSRİ Ali Sovetinə deputat seçkiləri zamanı namizədlərlə görüş keçirilərkən
N.K.Baybakov Şəmkirdə yerli insanlarla görüşə gəlir. 8-ci sinif şagirdi Fərmana,
məşhur neftçiyə şəmkirlilərin arzusuna çatdırmaq tapşırılır. O, Baybakova cəsarətlə
bildirir ki, kənd yollarının asfaltlanması, elektrik xətlərinin çəkilməsi, məktəbin
təmiri lazımdır. Yeniyetmənin cəsarəti Baybakovun xoşuna gəlir. O, məktəbli ilə
söhbət edir və öyrənir ki, Fərman Neft İnstitutuna daxil olmaq istəyir. «Sən
düzgün seçim edibsən, əgər sənə mənim köməyim lazım olsa, hazıram» deyir.
Orta məktəbi
bitirdikdən sonra Fərman iki il Şirvan geoloji ekspedisiyasında kollektor işləyir.
1949-cu ildə isə Azərbaycan Sənaye İnstitutuna mühəndis-geoloq, neftçi ixtisası
üzrə daxil olur. Təhsil illərində ona üç dəfə Sibirdə geoloji təcrübə keçmək
qismət olur.
"Mən nefti tapdım”
İnstitutu bitirəndən
sonra Baybakovun tövsiyəsi ilə o, Novosibirskə yollanır. Sibirli həmkarları ilə
Kuzbasda neft və qaz axtarışlarında iştirak edir. Fərman tədricən
ekspedisiyanın rəhbəri vəzifəsinə yüksəlir. Gənc geoloqun elmə böyük marağı
yaranır. Onu geologiyanın bütün sahələri maraqlandırırdı. 1954-cü ildə RSFSR
geologiya naziri S.V.Qoryunov Qərbi Sibirə gəlir. Salmanov öz optimizmi ilə
Tümen torpağının zəngin sərvətlərindən danışarkən nazir onun sözünü sərt şəkildə
kəsib «bəsdir xəyala qapıldın» deyir. Ancaq 50-ci illərin ortalarında sovet
alimləri Fərman Salmanovun söylədiklərinin heç də xəyal olmadığını sübut etdilər.
Hansı ki, Fərman Salmanov bir neçə dəfə Kuzbas, Surqut və Laryakda ciddi neft və
qaz axtarışları aparmağı məsləhət görmüşdü. Nəhayət, 1958-ci ildə Kuzbas və
Surqutda ekspedisiyaların axtarış aparması ilə bağlı qərar qəbul edildi. «Əvvəlcə
mənə o qədər də güvənmədilər. Hətta, vəzifədən götürmək istədilər. Sonda işimdə
qalmağıma razılıq verdilər. Hətta həyat yoldaşım və uşaqlarımla vağzalda
daldalandığım günlər oldu. 1961-ci il martın 21-də - Novruz bayramında Meqiyon
kəndində neft fontan vurdu. Mən sevincimdən tullandım və qışqırdım: «Biz qalib
gəldik». Təcili ölkə başçısı Xruşşova bir qədər xuliqansayağı teleqram vurdum.
Teleqramda "Mən nefti tapdım. Salmanov” yazdım. İlk yatağın kəşfi uğurlu oldu.
Bu, həm də mənə inanmayanların və mane olmaq istəyənlərin üzərində qələbəm
idi”.
Bu hadisədən
sonra məlum olur ki, ölkədə yeni və nəhəng
neft-qaz yataqları var. Növbəti il Salmanov Ust-Bakskiy neft kəşfiyyatı
ekspedisiyasının baş geoloqu təyin edilir. Bir neçə il sonra isə o, əfsanəvi
Pravdin neft kəşfiyyatı ekspedisiyasının rəhbəri vəzifəsinə irəli çəkilir. Həmin
müddətdə Fərman Salmanovun rəhbərlik etdiyi ekspedisiyalar 15-dən artıq neft və
qaz yatağını kəşf edirlər. Pravdinsk rayonuna geoloqlar Qornopravdinsk adını
verirlər. Bu rayonun çiçəklənməsinə Salmanov bütün həyat təcrübəsini həsr
etmişdi. Oradakı evlər oyuncaq kimi idi: qırmızı, müxtəlif rəngli. Ağacları
saxlamağa müvəffəq olmuşdular. Bütün qəsəbə çiçəklərlə bəzənmişdi. Yerli
adamlar "Çiçəkləri qırmaq haqqında düşünmə, Salmanov özü sizinlə haqq-hesab çəkər”
deyərək zarafat edirdilər. Şimal üçün nadir hal olsa da, qəsəbənin mağaza və
yeməkxanalarında həmişə təzə meyvə-tərəvəz olurdu. Burada uşaq bağçası,
zoopark, telemərkəz tikilmişdi. Hələlik kosmik televiziya əlaqəsi mümkün
deyildi, televiziyadan isə ümumiyyətlə, danışmağa dəyməzdi. Ancaq Salmanov
televiziya vışkasını qurmaq üçün lazımi avadanlıqları aldı. Həftədə iki dəfə
vertolyot Sverdlovska uçur və yeni proqramların lent yazısını gətirirdi. Bu,
Sibirdə ilk neft kəşfiyyatı ekspedisiyası idi ki, evlərdə televiziya yarandı.
Qornopravdinsk böyük geoloji görüşlərin mərkəzinə çevrildi. Əyalətdə dövlət rəhbərləri,
görkəmli alimlər, kosmonavtlar, məşhur artistlər yığışırdı. Şəhər əhalisi
yaşadıqları rahat həyata görə, məhz Salmanova minnətdar idi.
Təcrübə və
istedadı, həmçinin istehsal təşkilatçılığına güvənərək, Salmanov elmi
potensialını da üzə çıxardı. 60-cı illərin ortalarında o, yeni nəhəng neft-qaz əyalətləri
haqqında məqalələr çap etdirirdi. 1968-ci ildə namizədlik dissertasiyası, 4 ildən
sonra isə doktorluq işi müdafiə etdi.
1970-ci ildə
Salmanovun Qornopravjinski həyatı bitir. O, Tümenə göndərilərək Tümen geoloji
idarəsinin neft və qaz üzrə baş geoloqu təyin edilir. Bu vilayətdə isə onlarla
yataqların kəşfi məhz Salmanovun adı ilə bağlı oldu.
Qərbi Sibirdə
işlədiyi 30 il ərzində o, 130-dan çox qara qızıl və mavi qaz yatağının kəşfinə
imza atdı. O, dağılmış yollardan, ölü torpaqlardan şəhər qurdu.
O zaman Surqut
neftinin olmasına çoxları inanmırdı. Salmanov nəzəriyyəsinin əleyhdarları bu
rayonun neft potensialına skeptik yanaşırdılar. Amma o, məqsədindən dönmürdü. Rəhbərlik
əraziyə vəsait sərf etmək istəmir, axtarışları Kuzbasın başqa ərazisində həyata
keçirməyi təklif edirdi. Ancaq
Salmanovun inadkar cənublu xarakteri özünü göstərir. Bir neçə ailə Surqutda
qalmağa razı olur. Onun inadkarlığı
çoxlarını heyrətləndirir. O, hətta bu xüsusiyyətinə görə, işini itirə və məhkəməyə
verilə bilərdi. Ancaq Ali Sovetin deputatının Sibirə gəlişi və Salmanovu dəstəkləməsi
geoloqu xilas edir.
1987-ci ildə
F.K.Salmanov Moskvaya göndərilərək SSRİ geologiya nazirinin birinci müavini vəzifəsinə
təyin olunur. Son onilliklər ərzində o, Rusiyanın neft və qaz kompleksinin vəziyyətini
araşdırmaqla məşğul olur. Bu istiqamətdə yazdığı elmi araşdırmaları, daha çox
böhrandan çıxış yolları axtarmağa həsr olunurdu.
1992-ci ilə qədər
bu postu tutan Salmanovun zəngin təcrübəsi, ayrı-ayrı regionların geoloji
quruluşunu bilməsi ölkənin neft-qaz kompleksinin inkişafında böyük rol oynadı.
Ancaq ömrünün son illərində Salmanov tez-tez "Tümendən Moskvaya gəlməkdə həyatımın
ən böyük səhvini etdim” deyirdi
Sadə və zəhmətkeş insan...
Çalışdığı
rayonların əhalisi onu sadə insan kimi xatırlayır: «Onun üçün rütbə və titullar
əhəmiyyətli deyildi. O, Qərbi Sibir neftinə inanırdı. O, öz məqsədlərinə doğru
getməyi, işinə qarşı inadkarlığı sevir, zəhmətsevərliyi qiymətləndirirdi.
Emosional, prinsipial idi, riskə getməyi xoşlayırdı. O, hətta özünə rəqiblər də
qazanmışdı. Onun töhmət verdiyi çoxlu insanlar vardı” deyə indi də
xatırlayırlar.
Bəziləri hesab
edirdi ki, o, xoşbəxt ulduz altında doğulub. Ancaq onunla birgə işləyənlər
Salmanovun hər şeyi əməksevərliyi hesabına qazandığını deyirdilər: "Məhz bu
xüsusiyyəti onun böyük kəşflərində rol oynayıb”. Özü isə «Mən
siyasətçiyəm» adlı kitabında belə yazırdı: «Bütün həyatım boyu insanlara,
daha yaxşı, varlı, layiqli, yaşamalarına, müstəqil düşünmələrinə və təkcə çörək
xətrinə yaşamamalarına kömək etməyə çalışmışam. Bu istiqamətdə hər bir addım mənə
çətin başa gəlib, ancaq mən seçilmiş yolda vurnuxaraq, çətinliklərlə vuruşaraq
irəliləmişəm. Çünki öz həqiqətimi bilmişəm, insanlara köməyimi hiss etmişəm». adlı
kitabında yazır. Görkəmli geoloqun bu kitabı onun 70 illiyinə həsr olunmuşdu.
Ancaq o, artıq ağır xəstə idi. Kitab isə çox işıqlı və optimist alınmışdı.
Fərman Salmanov
öz vəsiyyətinə əsasən Moskvanın Vaqankova qəbiristanlığında, oğlunun məzarı
yanında dəfn edilib. 90 illik yubileyi qeyd edilən, sinəsini əmək medallarından
savayı Azərbaycanın da "Şöhrət” ordeni bəzəyən geoloqun adı isə tarixin səhifələrinə
qurucu, kəşfiyyatçı və zəhmətkeş neftçi kimi əbədi yazılıb.
Təranə Məhərrəmova