• cümə axşamı, 25 aprel, 23:32
  • Baku Bakı 21°C

Rusiyalı uşaqlar üçün Azərbaycan bayramı

06.02.17 20:32 1008
Rusiyalı uşaqlar üçün Azərbaycan bayramı
Moskva Beynəlxalq Multikulturalizm Mərkəzi (MBMM) "Vdoxnoveniye” Uşaq Reabilitasiya Mərkəzinin yetirmələri ilə görüş təşkil edib. Mərkəzin əməkdaşları uşaqlara Azərbaycandan və xalqlar dostluğundan söhbət açıblar.
Salonda müxtəlif yaşlı onlarca uşaq əyləşib. Ekranda Bakı və bakılılar haqqında qısa və maraqlı film nümayiş etdirilir. Uşaqlardan "Azərbaycan sakinlərinin hansı cəhətləri Rusiya sakinlərinə oxşayır?”, - deyə soruşanda onlar belə cavab verirlər: "Onlar öz vətənini sevir - biz də sevirik. Onlar bayramları sevir – biz də sevirik”.
MBMM-nin direktoru Natalya Krasovskaya başı ilə razılığını bildirərək deyir: "Bəli, biz hamımız fərqli görünürük, dillərimiz müxtəlifdir – amma bunlar oxşar olmayan yeganə cəhətlərimizdir. Biz uşaqların gülüşünü sevirik, təbiəti və dünyanı sevirik. Yəni oxşarıq və deməli, dostluq etməyə, bir-birimizə qonaq getməyə, hələ bacarmadıqlarımızı bir-birimizdən öyrənməyə qadirik. Biz gəlmişik ki, dünyamızın nə qədər rəngarəng olduğunu və bu dünyada nə qədər gözəl insanın yaşadığını göstərək”.
Mahir azərbaycanlı skripkaçı Anar Yusifov da uşaqlara Vətəninə məhəbbətindən danışır. Uşaqlar da ona diqqətlə qulaq asırlar. Son vaxtlar uşaqlarla çox işlədiyi üçün onlarla yaxşı dil tapan skripkaçı deyir: "İndicə ekranda köhnə Bakı məhəlləsini gördüm və uşaqlığımı xatırladım. Axı mən orada doğulub boya-başa çatmışam. İldə bir dəfə evimə, doğmalarımın yanına gedirəm ki, oradan müsbət enerji toplayıb, təhsil aldığım və əsl musiqiçiyə çevrildiyim ikinci vətənimə – Rusiyaya qayıdım”. O, balaca dinləyicilərə "Mənim nəvazişli, incə vəhşim” kinofilmindən vals, Vivaldinin "Tufan” əsərini və "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edir.
"Vdoxnoveniye” Mərkəzinin reabilitasiya proqramlarının təşkilatçısı Kseniya Kasmina deyir: "Çox gözəl çıxış idi: artistin xarizması, milli kolorit, sevən şərqli ürəyi və uşaqlarla mükəmməl ünsiyyət bacarığı. Əminəm ki, bütün bunlar uşaqların qəlbinə dərindən nüfuz edəcək və zamanla daha da möhkəmlənəcək. Axı belə tədbirlərin başlıca dəyəri budur ki, onlar ürəyə toxunur. Zənnimcə, indi salondakıların çoxu mənim kimi, özünün kiçik vətənini xatırladı. Mən də azərbaycanlı dostlarımı xatırladım. Biz belə tədbirlər sayəsində mehribanlaşa bilərik, çünki ümumi təmas nöqtələrimiz, ümumi məhəbbət var”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: "Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi tədbirlərə bənzər tədbirlərin sayı çox olmalıdır. Çünki hazırda cəmiyyətin birləşməyə, bərpa olunmağa və millətlərarası əlaqələri möhkəmləndirməyə çox ehtiyacı var. Uşaqlarla işləmək xüsusilə əhəmiyyətlidir - axı onlar bizim gələcəyimizdir və münasibətlərin necə olacağı, məsələn, qardaş Rusiya və Azərbaycan xalqları arasında münasibətlərin gələcəyi məhz onlardan asılı olacaq. Əminəm ki, bax belə söhbətlər və görüşlər sayəsində rusiyalılar və azərbaycanlılar dostluq münasibətlərini hələ yüz illər boyu qoruyub yaşadacaqlar”.
banner

Oxşar Xəbərlər