• cümə axşamı, 18 aprel, 07:59
  • Baku Bakı 12°C

Rusiyadan miqrantlara qarşı daha bir sərt addım

02.11.13 08:25 1255
Rusiyadan miqrantlara qarşı daha bir sərt addım
Miqrantlara qarşı qaydaları sərtləşdirən Rusiya Dövlət Duması yeni-yeni qanun layihələri ilə çıxış etməkdə davam edir. Məqsəd də aydındır - qaydaları sərtləşdirib onların ölkə ərazisini tərk eməsi prosesini sürətləndirmək. Artıq bundan sonra barələrində məhkəmə qərarı olan miqrantlara Rusiyada işləmək qadağan ediləcək. Layihənin müəllifləri qismində isə güc strukturları çıxış edib. Qanun təsdiq olunarsa, ən xırda cinayət törətmiş miqrantın belə, Rusiya ərazisində işləməsinə yasaq qoyulacaq.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, bu, Biryulevoda baş verən hadisələrə cavab addımıdır. Məsələn, İqor Şerbakovun öldürülməsində günahkar bilinən soydaşımız Orxan Zeynalovun əvvəllər barəsində məhkəmə qərarının olduğu iddia edilir. Layihə müəlliflərindən biri, Rusiya Dövlət Dumasının deputatı İqor İqoşin bildirib ki, Federal Miqrasiya Xidmətinin məlumatına görə, cəza çəkən miqrantların yalnız 10 faizi deportasiya olunub. Dövlət Dumasındakı mənbələr əmindirlər ki, qanun istənilən halda qəbul ediləcək. Çünki sənədin təşəbbüskarları arasında Rusiya daxili işlər naziri Vladimir Kolokolçev və Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski də var. Özü də bu, bu sahədə qəbul edilən sonuncu qanun olmayacaq. Belə ki, Biryulova hadisələrindən sonra güc strukturlarının ritorikası sərtləşib. Xatırladaq ki, Romadanovski ölkədən deportasiya olunacaq şəxslərin siyahısını genişləndirmək təşəbbüsü ilə də çıxış edib. DİN rəhbəri isə bu həftə sosial şəbəkələrdə Biryulevo aksiyalarını qızışdıran “internet - ekstremistləri”n cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəis müavini Viktor İşenko isə hesab edir ki, Moskva ətrafındakı hər 6 cinayətdən birini miqrantlar törədirlər. O bildirib ki, əcnəbilərin törətdikləri arasında qətl, sağlamlığa ağır zərər vurma, zorlama, oğurluq, qarət, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər yer alıb: “Onların özləri isə nadir hallarda qurban gedirlər”. İşenko Moskvanın özündə isə hər 6 qətl və hər 3 zorlamadan birini miqrantların törətdiklərini əlavə edib. Onun sözlərinə görə, Moskva ərazisində üç müvəqqəti təcridxana miqrantlarla dolub. Moskva üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin rəhbəri Anatoli Tixomirovun sözlərinə görə, 10 min nəfərdən 3 mini yaxın və uzaq ölkələrdəndir.
Artıq Moskvadakı Biryulevo rayonunda miqrasiya qanunvericiliyini pozduqları üçün saxlanılmış əcnəbi vətəndaşların ilk qrupu dünən öz ölkələrinə məcburi göndərilib. Biryulevodakı məlum insidentdən sonra 86 qeyri-qanuni miqrant Rusiyadan uzaqlaşdırılacaq. Bazarların kriminal ünsürlərdən təmizlənməsindən sonra həbs edilənlərin sayı artıb.
Hadisələr zamanı zəiflik göstərən qurum rəhbərlərinə qarşı sərt tədbirlər görülür. Moskva meri Sergey Sobyanin paytaxtın Cənub dairəsinin prefekti Georgi Smoleyevski və Qərbi Biryulevo rayonunun rəhbəri Viktor Leqavini vəzifələrindən uzaqlaşdırıb. Sobyanin cənub-şərq dairəsinin prefektinə isə töhmət verib. Onun sözlərinə görə, vəzifəli şəxslər nəzarət etdikləri ərazilərdə kütləvi qanun pozuntularına görə məsuliyyət daşımalıdır: “Pokrov meyvə-tərəvəz bazasında aşkara çıxarılmış pozuntulara görə də yerli rəhbərlər məsuliyyət daşıyır. Formal baxımdan buna onlar cavabdehlik daşımaya bilər, lakin biz təlimatların arxasına sığına bilmərik. Sizlər mənim qarşımda cavabdehsiniz, mən isə baş verənlərə görə bütün moskvalıların qarşısında cavabdehəm”.
Yeri gəlmişkən, bütün baş verənlərin səbəbkarı kimi göstərilən Orxan Zeynalovun günahını qismən etiraf etdiyi xəbəri yayılıb. Bu barədə Zeynalovun vəkili Viktor Anikuşkin verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, O.Zeynalov Yeqor Şerbakovu özünümüdafiə məqsədilə öldürüb: “Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb”.
Azərbaycanın Rusiyadakı konsulluğunun nümayəndələri Biryulevoda törədilən qətlə görə həbs edilmiş Orxan Zeynalovla istintaq təcridxanasında görüşə biliblər. Bunu Moskva üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin rəhbəri Anatoli Tixomirov təsdiqləyib. Onun sözlərinə görə, konsul istintaq təcridxanasında O.Zeynalovla görüşərək suallarını verib: “Onlar öz dillərində danışıblar. Belə görüşlərin keçirilməsinə icazəni müstəntiq verir. Onları öz ölkələrinin vətəndaşları ilə görüşə buraxmağa borcluyuq. Çünki onlar icazəni müstəntiqdən alaraq təcridxanaya gəlirlər. Saxlanma şəraitinə görə heç bir narazılıq bildirilməyib”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər