• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

Rusiya vasitəçilik missiyasına zidd addım atır

16.11.16 12:36 1769
Rusiya vasitəçilik missiyasına zidd addım atır
Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmiş qrupunun yaradılması haqda sazişi təsdiqləməsi Azərbaycan ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Bu qərarın ölkəmizə birbaşa təhdid doğurmadığı bildirilsə də, işğalçıya belə bir dəstəyin göstərilməsinin müsbət hal olmadığı deyilir. Ən azı ona görə ki, Ermənistan işğalçı dövlətdir və uzun illərdir Azərbaycan torpaqlarından çıxmır. Rusiya isə Ermənistanın işğal fəaliyyətinin radan qaldırılması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri, hazırda aparılan danışıqlarda əsas hərəkətverici qüvvədir. Rusiyanın bu dəstəyi isə Ermənistanı nəinki işğal siyasətindən çəkindirir, əksinə ona qol-qanad verir.

Millət vəkili Rasim Musabəyov bu haqda fikirlərini "Kaspi” ilə bölüşərkən dedi ki, vasitəçilik missiyası daşıyan bir dövlətin bu cür qərar verməsini doğru hesab etmir. Çünki bu, həmin missiya ilə ziddiyyət təşkil edir: "Rusiya bir tərəfdən, sanki işğalçını, prosesi cilovlayırdı. Amma indi bu cür qərar verməklə ermənilərin iddialarını təmin etmiş oldular. Onlar faktiki olaraq, bu qərarla ermənilərə təminat verirlər ki, Azərbaycan ərazilərində nə istəyirsiniz edin, sizin əraziləriniz Rusiya tərəfindən qorunacaq. Bu, işğalçıya dəstək vermək deməkdir”.

Millət vəkili qeyd etdi ki, işğalçının Azərbaycan ərazilərindən çıxması üçün onlara təsir, təzyiq edilməli idi. Amma əvəzində əks addımlar müşahidə edirik: "Erməniləri düzgün yola gətirmək üçün onlara təzyiq etməkdənsə, dəstək nümayiş etdirirlər. Sual edirəm - əksinə olmalı deyildimi? İşğalçıya təzyiq edilməli idi. Bunun əvəzinə başqa şeylər müşahidə edirik. Ruslar ermənilərə silah verməklə yetinmədilər. İndi də bu cür qərarlarla onlara dəstək verir və iddialarını möhkəmləndirirlər”.

Politoloq Fikrət Sadıqovun fikrincə, belə qruplaşmanın yaranması Qərblə Rusiya arasında gedən geosiyasi qarşıdurmanın nəticəsi ola bilər. Belə ki, Rusiya müxtəlif nöqtələrdə, regionlarda özünü gücləndirmək istəyir: "Əlbəttə, Ermənistan bizə düşmən dövlətdir. Azərbaycan birbaşa hədəf kimi götürülməsə də, Rusiya vasitəçi ölkə olaraq, regionda Ermənistanı gücləndirmək, onunla belə bir hərbi ittifaq yaratmaq kimi qərarı verməməli idi. Azərbaycandan ehtiyat etməli idi. Faktiki olaraq, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, vasitəçi bitərəf olmalıdır. Ona görə də bu məsələni birbaşa təhlükə kimi qiymətləndirməsək də, potensial təhlükə kimi qəbul etmək olar”.

Politoloq Elxan Şahinoğlu xatırlatdı ki, Azərbaycanla Ermənistan arasında aprel ayında baş verən döyüşlərin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya prezidenti Vladimir Putin idi. Kreml sahibi müharibənin uzanmasından narahat olaraq, hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırdı: "Halbuki Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım kimi Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Amma bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı olaraq ikincini dəstəklədi. Rusiya birinci addım olaraq, Ermənistana "İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Azərbaycana məğlub olmasın. İkinci addım kimi isə Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur. Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır - bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz”.

E.Şahinoğlu hesab edir ki, bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir. Belə olan halda, rəsmi Bakının Rusiyaya cavabı necə olmalıdır? Politoloq düşünür ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərdə problem yaşamaq istəməməsi anlaşılandır. Çünki Rusiya təhlükəli qonşudur, yaxın keçmişdəki 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır”.

Politoloq onu da nəzərə çatdırdı ki, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur edə bilər. Çünki belə görünür, Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək: "Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu və ya digər şəkildə toqquşmalarda iştirak etsin. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmasından keçir. Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib zəiflətməkdirsə, belə olan halda, Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaq. Başqa alternativimiz yoxdur”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər