Elxan Mehdiyev: “Rusiya-Türkiyə münasibətlərinin inkişafı Ermənistanın Kreml üçün əhəmiyyətini azaldacaq”
Politoloq: "Rəsmi Moskva görəndə ki, ona daha çox fayda Türkiyə və Azərbaycandan gəlir, bu, Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək”
Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan Sankt-Peterburq səfəri zamanı Azərbaycan-Rusiya-Türkiyə üçlü
formatının yarana biləcəyi barədə bəyanat verdi. Bir neçə gün bundan öncə
İstanbulda keçirilən enerji konqresi zamanı hər üç ölkə başçısının bir araya
gəlməsi, ardınca Türkiyə və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı açıqlamaları sözügedən formatı və onun regiondakı
proseslərə təsiri məsələsini yenidən aktuallaşdırdı. Bu hadisə ilə paralel
olaraq Türkiyə "Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusuna
dəstək verməyi, İŞİD-ə qarşı birgə mübarizə aparmaq istiqamətində addımlarını
daha da artırdı. Paralel olaraq, Türk Hərbi Hava Qüvvələri koalisiya qüvvələri
ilə birlikdə İraqın ikinci ən böyük şəhəri Mosulda İŞİD terrorçularının mövqelərinə
zərbələr endirməkdədir. Qeyd olunan məsələlərlə bağlı "Kaspi”nin suallarınıSülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyevcavablandırır.
-
Elxan bəy, sizcə Azərbaycan-Rusiya-Türkiyə formatı Dağlıq Qarabağ probleminin
ən optimal və fəsadsız həllinə müsbət təsir edə bilərmi?
- Rusiya Azərbaycan və
Türkiyə ilə nə qədər yaxın olarsa, problemin həllində bir o qədər maraqlı olar.
Çünki, Ermənistan Rusiya ilə münasibətlərini daha çox Rusiya və Türkiyə
arasındakı tarixi, eyni zamanda müasir dövrdəki ziddiyyətlər üzərində qurub,
hər zaman da bundan faydalanmağa çalışıb. Eyni zamanda, ermənilər Türkiyə
qorxusu altında Rusiya ilə münasibətlər qurublar. Belə münasibətlərdən irəli
gələrək, ermənilər bir çox iddialar ortaya atıblar. Amma indiki dönəmdə Rusiya
və Türkiyə arasında dostluq münasibətləri qurularsa, qarşılıqlı inteqrasiya
olarsa, bu iddialar öz qüvvəsini itirəcək, Kreml üçün Ermənistanın əhəmiyyəti
də azalacaq. Rəsmi Moskva görəndə ki, ona daha çox fayda Türkiyə və
Azərbaycandan gəlir, bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək.
Lakin bu təsirin həlledici olub-olmayacağı sual altındadır.
-
Ruslara məxsus hərbi təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında
münasibətlərdə "soyuqluq” yarandı. Lakin prezident R.T.Ərdoğan bir müddət sonra
xarici siyasətdə kəskin dönüş etdi, Rusiya ilə münasibətlərin əvvəlki məcraya
yönəlməsi istiqamətində mühüm addımlar atdı. Belə bir kəskin dönüş Türkiyənin
Suriya siyasətində də müşahidə edilirmi?
- Ötən ilin noyabr ayında
baş verən təyyarə insidentinə qədər Türkiyə-Rusiya münasibətlərinin yüksək
səviyyədə olması ilə paralel olaraq, Ərdoğanın Putinlə şəxsi münasibətləri də
yüksək səviyyədə olub. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi ikitərəfli
münasibətlərin gündəminə gətirilməyib, iki dövlət arasında danışıqlar mövzusuna
çevrilməyib. Bu baxımdan mətbuatda vurğulanan fikirlərdən, səsləndirilən
bəyanatlardan fərqli olaraq, Ərdoğanın Putinlə indiki zamanda apardığı
danışıqlarda Azərbaycan, daha doğrusu Dağlıq Qarabağ məsələsini gündəmə
gətirməsinə bir qədər şübhə ilə yanaşıram. Lakin Suriya məsələsi ikitərəfli
münasibətlərdə, o cümlədən hər iki liderin görüşlərində müzakirə olunub. Hətta
bu məsələ tərəflərin az qala müharibə səviyyəsinə gəlib çatmasında da mühüm rol
oynayıb. Hansı ki, Azərbaycan torpaqlarının işğalı, erməni məsələsi
Rusiya-Türkiyə arasında bu səviyyəyə qalxmayıb. Hazırda Türkiyənin Suriya
siyasətində ciddi dəyişiklik bundan ibarətdir ki, birincisi, rəsmi Ankaranın
Bəşər Əsədə olan əvvəlki münasibəti dəyişib. Üstəlik, Türkiyə Rusiya ilə
danışıqlar apararaq Suriyanın içərisinə qoşun yeridib. Türkiyənin Suriya
daxilinə hərbi müdaxilə etməsi, orada əməliyyatlar aparması Rusiya ilə
sövdələşmə, Bəşər Əsədə münasibətin dəyişməsi fonunda baş verib. Əsas
dəyişiklik bundan ibarətdir. Rusiya da rəsmi Ankaranın xarici siyasətindəki bu
dəyişikliyə cavab olaraq, Suriyadakı PKK və İŞİD terrorçularının Türkiyə
sərhədlərindən uzaqlaşdırılmasına razı olub.
-
Son vaxtlar Suriyada Rusiya və ABŞ-ın maraqlarının toqquşması pik həddə çatıb. Belə
gərginlik region üçün nə dərəcədə təhlükəlidir?
- Belə vəziyyət regiona,
eləcə də dünyaya yaxşı heç nə vəd etmir. Böyük dövlətlərin Suriyada
maraqlarının toqquşması səbəbindən bu ölkə artıq müharibələr meydanına,
xarabalığa çevrilib. ABŞ-Rusiya münasibətlərinin Suriya ilə bağlı
gərginləşməsinə gəlincə, indiki məqamda bunu, keçici bir dönəm kimi
dəyərləndirmək olar. Çünki Amerika hakimiyyətində qeyri-müəyyənlik hökm
sürməkdədir. Dövlət Departamenti ilə Müdafiə Nazirliyi arasında tamamilə
koordinasiyasız bir durum var. Barak Obama hakimiyyəti sona yetib, yeni
prezident seçilməli, yeni hökumət formalaşdırılmalıdır. İndiki rəhbərlik
dəyişəndən sonra vəziyyətin fərqli müstəviyə keçəcəyinə ümid edirəm. Amma
Rusiya Suriya siyasətini olduğu kimi davam etdirir. Artıq Bəşər Əsəd ölkənin 40-45
faizinə nəzarət edir. Mərkəzi hökumətə nəzarət, həmçinin ordu onun əlindədir.
Hazırda vuruşan qüvvələr də Bəşər Əsədin tərəfindədir. Bununla yanaşı, Rusiya
hərbi hava qüvvələri də Bəşər Əsədə dəstək vermək üçün oradadır. Bu günlərdə
yayılan xəbərə görə, Rusiya orada hərbi dəniz donanmasının bazasını da
daimi olaraq yerləşdirmək istəyir.
Beləliklə, Suriyada real güc Rusiya və Bəşər Əsədin qüvvələridir. Bu baxımdan, Suriyanın taleyi ilə bağlı
gələcəkdə daha çox Rusiya ilə danışıqlara gedilməlidir, nəinki digər
qüvvələrlə.
-
Vaxtilə Suriyanın ərazisində yeni dövlətlərin yaradılacağı barədə də fikirlər
səsləndirilirdi. Bu baxımdan indiki situasiya nə vəd edir?
- Suriyanın ərazi
bütövlüyünün qorunub saxlanmasında bu ölkənin özü ilə bərabər, Rusiya, İran və
Türkiyə də maraqlı tərəf kimi çıxış edirlər. Ona görə də gələcək danışıqlarda
Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması da gündəmdə olacaq. Hətta
Suriyada federal bir sistem qurulsa da, ölkənin ərazi bütövlüyü qorunacaq.
Ancaq bir qədər əvvəl qeyd etdiyim kimi, Bəşər Əsədin ölkənin 40-45 faizinə
nəzarət etməsi, orada əsas qüvvələrin ona məxsus olması federallaşma məsələsini
də sual altında qoyur.
-
Türkiyənin Suriyada "Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya
Ordusuna dəstək verməsi, İŞİD-ə qarşı birgə mübarizə aparması ilə paralel
olaraq, Türk Hərbi Hava Qüvvələri
koalisiya qüvvələri ilə birlikdə Mosul şəhərində İŞİD terrorçularının mövqelərinə
də zərbələr endirməkdədir. İraqın ikinci ən böyük şəhərində, ümumiyyətlə ölkə
ərazisində Türkiyənin hərbi əməliyyatlar aparması yerli hökumət rəsmiləri
tərəfindən heç də birmənalı qarşılanmır. Bununla bağlı fikirləriniz nədən
ibarətdir?
- Türkiyənin Mosula hərbi
müdaxilə etməsi sual doğuran məsələdir. Bunu nə mərkəzi İraq hökuməti, nə də
onların müttəfiqi sayılan ABŞ qüvvələri, hökuməti müsbət qarşılamır. Ona görə
də türk hərbi qüvvələrinin hansı statusda Mosula girməsi danışıqlar mövzusudur.
Türkiyənin Mosuldakı yeri və rolu mübahisə doğurur. Türkiyənin İraq
ərazisindəki dostu, yəni Şimali Kürd Muxtariyyəti, onun rəhbəri Bərzani də
rəsmi Ankaranın Bağdad hökuməti ilə danışığa getməsini israr edir.
-
Okeanın o tayından hansısa bir dövlət Suriyada, yaxud İraqda "terrorçu ovu” adı
altında hərbi əməliyyatlar keçirir, bunun təhlükəsizlik baxımından əhəmiyyətli
olduğunu bildirərək öz əməlini əsaslandırır və buna qarşı çıxan olmur. Lakin
Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün sərhədlərinə yaxın olan, konkret
olaraq müxtəlif terrorçu qruplaşmaların nəzarət etdiyi İraq və Suriya
ərazilərində antiterror əməliyyatları keçirərkən mərkəzi hökumətlər, həmçinin
Qərb tərəfindən qınanır. Bu, nə dərəcədə düzgündür?
- İraqda Səddam Hüseyn
rejimini Amerika devirib. Ötən onilliklər ərzində ABŞ İraqda trilyon
dollarlarla ölçülən vəsait xərcləyib. İndiki İraq hökumətini də Amerika öz
işğalçılıq siyasəti nəticəsində qurub. Bir sözlə, İraqda bu gün söz sahibi
Amerikadır. Qərbin buradakı maraqları kürd muxtariyyəti və mərkəzi hökumət
tərəfindən qorunmaqdadır. Qərb üçüncü bir tərəfin buraya müdaxiləsini
arzulamır. Ona görə də Türkiyənin İraq ərazisinə hərbi müdaxilə etməsi həm
mərkəzi İraq hökuməti rəsmilərinin, həm də ABŞ rəsmilərinin narazılığı ilə
müşayiət olunur. Suriya məsələsində də eyni mənzərə müşahidə olunur. Ancaq
Suriyada Amerikanın rolu məhduddur. Qərb ancaq hərbi hava qüvvələri vasitəsilə
bu ölkəyə müdaxilə edir. Amerika ictimaiyyəti, eləcə də bu ictimaiyyətin rəyini
nəzərə alan Barak Obama hökuməti Suriyaya quru qoşunları yeritməyib. ABŞ Suriya
ərazisində yalnız kürd qruplaşmalarına pul, silah verir, onlara dəstək nümayiş
etdirir, İŞİD-ə qarşı döyüşlərə hazırlayır. Bu da Türkiyə ilə maraqların
üst-üstə düşməməsinə gətirib çıxarır. Çünki, rəsmi Ankaranın fikrincə, Suriyada
Amerikanın silahlandırdığı kürd qruplaşmaları PKK terror təşkilatının bir
qoludur. Həmin silahlar sonradan Türkiyəyə qarşı yönəlir. Suriya məsələsində
Türkiyənin tələbi başqa olsa da, Amerika bunu qəbul etmir. Ümumiyyətlə, indiki
dönəmdə Suriyada vəziyyət tamam fərqlidir. Rusiya Suriyaya müdaxilə edib orada
daha da möhkəmləndikdən sonra Qərb dövlətlərinin buradakı mübarizəsinin yönü də
bir qədər dəyişib. İndi onlar bu ölkədə daha çox Rusiyanın mövcudluğunu qəbul
etməməyə kökləniblər, nəinki əsas problemin həllinə.
Rufik
İSMAYILOV