• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Rusiya Səudiyyə Ərəbistanı ilə yaxınlaşır, ABŞ narahatdır

07.10.17 10:30 1786
Rusiya Səudiyyə Ərəbistanı ilə yaxınlaşır, ABŞ narahatdır
Dünya mediasının və siyasi dairələrinin diqqəti Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya rəsmi səfərinə yönəlib. Səfərə ən çox diqqəti ABŞ və Rusiya mediası ayırıb. Nəşrlər yazır ki, Rusiyanın səfərə həddən artıq böyük önəm verməsini tək bir faktla göstərmək kifayət edir - ölkə rəhbərliyi Rusiyanın bütün tarixi ərzində ilk dəfə Kremli yenidən quraşdırıb. Rusiyaya gələn ilk Səudiyyə Ərəbistanı kralını Kremldə qəbul edən Vladimir Putin səfəri "əlamətdarhadisə” adlandırıb. "Mən əminəm ki, sizin səfəriniz bizim ölkələrimiz arasında bağları daha da canlandıracaq”. Səudiyyə monarxı da bildirib ki, məqsədimiz sülh və təhlükəsizlik maraqları, habelə dünya iqtisadiyyatının inkişafı naminə münasibətlərimizi gücləndirməkdir. Kral Salman həmçinin vurğulayıb ki, Səudiyyə iki ölkənin dünya neft bazarındakı pozitiv əməkdaşlığının davam etməsini istəyir. "Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səudla görüşümüz əhatəli, konkret oldu. Biz ikitərəfli münasibətlərdən və bölgədəki vəziyyətdən danışdıq”, - deyə Rusiya prezidentivurğulayıb. Kral məsləhətləşmələri davam etdirmək üçün Rusiya prezidentini ölkəsinə dəvət edib və V.Putin də dəvəti qəbul edib. Qeyd edək ki,Rusiyanın dövlət başçısı builin fevralında Ər-Riyadda səfərdə olub.
Önəmli olan məsələlərdən biri odur ki, Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlıq və araşdırmaya dair razılığa gəlib. Ümumilikdə, Vladimir Putinlə kral 14 sənədə qol çəkib. Bundan başqa, krallığın Hərbi-Sənaye Kompleksi ilə"Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan razılaşma da imzalanıb. RusiyaSəudiyyə Ərəbistanına"Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı üçün lisenziya da verəcək.Putinlə 81 yaşlı monarx arasında danışıqların müəyyən təfərrüatları barədə iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Adel əl-Cübeyr brifinq keçiriblər. Sergey Lavrov deyib ki, iki lider Moskva və Riyad üçün qarşılıqlı faydalı olacaq tərəfdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər. O, əlavə edib ki, Putin və kral terrorla mübarizənin mühümlüyü və Yaxın Şərqdəki münaqişələrin dinc yolla həllinə tərəfdar olduqlarını bildiriblər. Adel əl-Cübeyr deyib ki, Moskva və Riyad Suriyanın bütövlüyünün saxlanmasına ehtiyac olduğu barədə razılığa gəliblər. O deyib ki, iki ölkə arasında əvvəllər təsəvvürə belə gəlməyən münasibətlərin inkişafı üçün üfüqlər açılıb.
Lavrov bildirib ki, Səudiyyə və Rusiya arasında bir sıra ilkin müqavilələr imzalanıb. Səudiyyə Dövlət Hərbi Sənaye Agentliyinin məlumatına görə, razılaşmalara əsasən, Səudiyyə Rusiyadan S-400 hava müdafiəsi sistemləri, tank əleyhinə Kornet raketləri və zenit qurğuları alacaq. Agentlik razılaşmaların potensial pul dəyərini açıqlamayıb, lakin bildirib ki, Rusiya tərəfi sözügedən silahlara aid texnologiyaların Səudiyyəyə veriləcəyinə və bu sistemlərin cari təmirlərinin lokalizasiya olunacağına qarantiya verib. "Reuters”in məlumatına görə, iki ölkə 1 milyard dollarlıq birgə investisiya fondu yaratmaq barədə razılaşma əldə edib.
Rusiya mətbuatı yazır ki, bu səfər xüsusi əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanının yatıracağı iri sərmayələr Rusiyanın daxili böhran vəziyyətinin aradan qaldırılmasına kömək edəcək. Qeyd edilir ki, Rusiya bu səfər zamanı Səudiyyə kralından daha çox pul qopartmağa çalışır. Təhlilçilər bildirirlər ki, iki ölkə arasında münasibətlər illər uzunu kifayət qədər gərgin olub. Soyuq müharibə illərində Səudiyyə əfqan mücahidlərini sovet işğalına qarşı döyüşlərdə dəstəkləyirdi. Çeçen yaraqlılarına da maliyyə məhz Ər-Riyaddan daxil olub. Bu yaxınlarda isə iki ölkə arasında Səudiyyənin regiondakı əsas rəqibi İrana görə fikir ixtilafları olub. Ər-Riyad Suriya prezidenti Əsədə qarşı döyüşən və ABŞ-dan yardım alan qiyamçıları dəstəkləyir, halbuki Rusiya qoşunları İran qüvvələri ilə birlikdə Suriya prezidentinin hakimiyyətini müdafiə edirlər. Lakin regional fikir ayrılıqlarına baxmayaraq, Moskva və Riyad neft qiymətlərinin sabitləşdirilməsi naminə ortaq məxrəcə gələrək, ötən noyabrda neft hasilatının ixtisarına dair OPEC razılaşmasını imzalayıb. Bu razılaşmadan məqsəd Rusiya və Səudiyyə büdcəsi üçün həyati məna daşıyan neft qiymətlərinin qaldırılmasıdır. Bu səfərin əsas məqsədinin Rusiyadan bəzi yeni model silahlar almaq və ikitərəfli qarşılıqlı ticarət əlaqələrinin genişləndirməkdən ibarət idi və Moskva da buna nail oldu. Tərəflər 3 milyard dollarlıq silah sazişi əldə etdilər. Bu ölkənin Rusiyadan alacağı çoxlu silah növləri var. Hətta Kral Salman Rusiyadan S-400 zenit raket kompleksləri almaq istədiyini bəyan edib. Səudiyyə Ərəbistanın Rusiya ilə əlaqələrinin genişlənməsinin bir səbəbi də İranla bağlıdır. Səudiyyə Ərəbistanı İranla rəqabət etdiyi üçün Rusiya ilə yaxınlaşmağa cəhd edir. Çünki hazırda İranda çoxlu sayda Rusiyaya məxsus silahlar var. Buna görə də Səudiyyə Ərəbistanı İranla rəqabətdə Rusiya silahına da malik olmaq istəyir. Ancaq 17.5 milyon əhalisi olan dövlətin silahlanmaya bu qədər vəsait ayırması təəccüblü gəlir. Çünki hazırda ölkədə həddindən çox silah var, buna rəğmən, yeni silahlar almaq üçün də Rusiya ilə danışıqlara başlayır. Səudiyyə Ərəbistanının belə sürətlə silahlanmasının dünyaya və bölgəyə necə təsir edəcəyini dəqiq söyləmək çətindir. Düzdür, Səudiyyə Ərəbistanı və İran arasında olan rəqabətlər tez-tez müharibə səviyyəsinə çatır, amma bu iki dövlətin arasında şiddətli müharibələrin olacağı istisna olunur. Hazırda əsas maraq mövzusu Səudiyyə Ərəbistanının Rusiyadan alacağı silahları hansı məqsədlər üçün istifadə edəcəyidir.
Yeri gəlmişkən, rəsmi Vaşinqton dərhal bu səfərə reaksiya verib. "ABŞ öz müttəfiqlərinin Rusiyanın S-400 zenit raket komplekslərinə marağının artmasından narahatdır”. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mişel Baldanza söyləyib. Onun sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanının hərbi ticarət sahəsində sıx əlaqələri var. "Vaşinqton Post” isə yazır ki, səfər Vaşinqtonla Moskva arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Düzdür, Tramp ilk xarici səfərini bu ölkəyə etsə də, bir çox analitiklər hesab edirlər ki, Ər-Riyad Vaşinqtonun Yaxın Şərq siyasətinin qeyri-müəyyənliyi üzündən diqqətini Rusiyaya yönəldir. Səudiyyə etiraf edir ki, Rusiyanın regiona iri oyunçu kimi qayıtmasına səbəb Suriyada qazandığı qələbələrdir. Brukinq institutunun baş elmi işçisi, MKİ-nin keçmiş analitiki Bryus Riel bildirir ki, Trampın Qətər böhranında tutduğu mövqeyə görə, səudiyyəlilərdə inamsızlıq yaranıb. Lakin bütün bunlarla yanaşı, Səudiyyənin ABŞ-la münasibətləri arxa plana keçirəcəyi proqnozlaşdırılmır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər