AZE | RUS | ENG |


Rusiya Qafqazda “Berlin divarı” inşa edir

Rusiya Qafqazda “Berlin divarı” inşa edir
Gürcüstanın NATO-ya daxil olmaq üçün etdiyi cəhdlər Rusiyanın müqaviməti ilə üzləşir

ABŞ-ın vitse-prezidenti Mayk Pens xanımı Karen Pensi ilə srağagün Gürcüstana səfər edib. Tbilisi beynəlxalq hava limanında baş nazir Giorgi Kvirikaşvili tərəfindən şəxsən qarşılanan M.Pens daha sonra həm onunla, NATO-nun "Layiqli tərəfdaş 2017” təlimlərində iştirak edən hərbçilərlə, həm də Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirib. M.Pens baş nazir G.Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında Gürcüstanı ABŞ-ın əsas strateji tərəfdaşı kimi qələmə verib. Bildirib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir. G.Kvirikaşvili isə ABŞ tərəfindən Gürcüstana göstərilən böyük dəstəyə görə M.Pensə təşəkkür edib. 

Bu səfərin və səsləndirilən bəyanatların ardınca Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın işğal altında olan Abxaziya ərazisinə səfər edəcəyi barədə məlumat yayılıb. Rusiya mətbuatının məlumatına əsasən, prezident V.Putin Cənubi Osetiyada 2008-ci il avqust müharibəsinin növbəti ildönümündə Abxaziyaya səfər edəcək. Səfər çərçivəsində Rusiya prezidenti Abxaziyanın de-fakto lideri Raul Xacimba ilə görüşəcək. Təbii ki, Gürcüstan rəsmiləri V.Putinin işğal altında olan Abxaziyaya gözlənilən səfərini təxribat adlandırıblar. Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Tengiz Pxaladze deyib ki, Putinin Abxaziyaya səfəri Rusiyanın işğalçılıq siyasətinin davamıdır. Onun sözlərinə görə, gözlənilən səfər Rusiyanın tarixi ədalətsizliyi leqallaşdırmaq cəhdidir. Müşavir Gürcüstanın işğal olunmuş əraziləri tanımamaqla bağlı siyasətinin çox güclü olduğunu xatırladaraq, əminliklə bildirib ki, ölkəsi bu münaqişədə qalib gələcək və ədalət bərqərar olacaq. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də hesab edib ki, V.Putinin Abxaziyaya səfəri faktiki anneksiyanın davamıdır.
 
 

Hadisələrdən göründüyü kimi, Gürcüstan üzərində ABŞ-Rusiya münasibətləri yenidən gərginləşməkdədir. Siyasi şərhçi Şahin Cəfərli bu situasiyanı təhlil edərkən, Gürcüstanın getdikcə "soyuq müharibə” dövründəki Almaniyaya bənzəməyə başladığını qeyd edib: "ABŞ-ın vitse-prezidenti Pensin Gürcüstana səfərinə cavab olaraq Rusiya prezidenti Putin şəxsən Abxaziyaya səfər edəcək. Bu həftə hərbi təlimlərdə iştirak etmək üçün Gürcüstana gələn ABŞ hərbi texnikası dəmir yolu ilə Tiflisə aparılmaq əvəzinə, şosse yolu ilə Gürcüstanın içərilərindən keçərək paytaxta üz tutdu. Onlar Qoridən keçəndə Cənubi Osetiya ilə Gürcüstanın qalan hissəsini ayıran demarkasiya xəttində dayanmış rus əsgərləri ilə aralarında az qala, pulemyotun atəş məsafəsi qədər məsafə var idi. Mayk Pens Gürcüstanda dəqiq mesajlar verdi. Rusiyanı işğalçı adlandırdı, Gürcüstanın ərazi bütövlüyünü pozmaq istəyənlərə bundan sonra sərt cavab verəcəklərini bildirdi, əvvəlcə "qırmızı xətlər” elan edib, sonradan bunu pozanlara qarşı tədbir görməyərək qarşı tərəfləri cəsarətləndirən Obamanı tənqid etdi, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini birbaşa söylədi. Rusiya isə Cənubi Osetiyadan, xüsusən Abxaziyadan çəkilmək niyyətində deyil. SSRİ dağılanda Rusiya Qara dənizi demək olar ki, itirmək təhlükəsi ilə üzləşmişdi və Abxaziyada separatizmi alovlandırmasının əsas səbəbi məhz bu regionun Qara dənizə çıxışının olması ilə əlaqədar idi. Əvvəlcə Abxaziyanın Gürcüstandan, sonra Krımın Ukraynadan qoparılması nəticəsində Rusiya akvatoriyasını genişləndirərək isti dəniz kimi böyük strateji əhəmiyyətə malik Qara dənizdə mövqelərini möhkəmləndirdi. Abxaziyanın özünə gəldikdə isə, bu regionda həyat 25 ildir donub. Yaxınlıqdakı Batumi inkişaf edərək dünya səviyyəli turizm mərkəzinə çevrildiyi halda, eyni potensiala, bəlkə də daha artığına malik Suxumi və ətrafı sovet filmindən epizodları xatırladır”.

Ş.Cəfərli qeyd edib ki, Rusiyanın Ermənistanla və Gürcüstanın separatçı regionları Abxaziya və Cənubi Osetiya ilə birləşmiş ordu qruplaşmaları yaratması NATO-nun ayaq səslərinin bölgədə duyulması ilə əlaqədardır. Onun sözlərinə görə, Moskva Qafqazı itirmə təhlükəsinə qarşı yeni "Berlin divarı” inşa edir: "Reyqan 1987-ci ildə Brandenburq qapıları önündə tarixi çıxışında demişdi ki, divarlar azadlığın qarşısında dayana bilməz. İki il sonra Berlin divarı dağıdıldı. Bu "divar” da gec-tez çökəcək”.
 
 

Politoloq Fikrət Sadıxov da mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, Qərb ilə Rusiya arasında gərginliyin artması müşahidə olunmaqdadır. Onun sözlərinə görə, xüsusən də Vaşinqton ilə Moskva arasında münasibətlər getdikcə daha da gərginləşir, Rusiyaya qarşı geniş formatda sanksiyalar tətbiq olunur: "ABŞ və Rusiya arasında bir sıra məsələlərdə münasibətlər gərginləşir. Postsovet məkanında yerləşən Gürcüstanın NATO blokuna üzv olması da Rusiyanı qıcıqlandırır, rəsmi Moskvanı narahat edir. Kremldə hesab edirlər ki, NATO Rusiyanın sərhədlərinə yaxınlaşır və buna müqavimət göstərmək, bunun qarşısını almaq lazımdır. Odur ki, rəsmi Moskva Gürcüstan ərazisi sayılan Abxaziya və Cənubi Osetiyanı müstəqil qurum kimi tanıyıb. Fikrimcə, Vladimir Putinin Abxaziyaya gözlənilən səfəri müqavimət göstərməyin əsas göstəricisidir. Rusiyanın bundan artığını etməsindən narahatam və bunu arzulamıram. Çünki Gürcüstanın Acarıstan Muxtar Respublikası mövcuddur, Cavaxetiyada, Axalkalakidə erməni amili məsələsi də var. Vaxtaşırı ermənilər bu ərazidə baş qaldırırlar və onları dəstəkləyən dairələr də az deyil. Bütün bunlar Gürcüstanın NATO-ya daxil olmaq istəyinin nəticələridir. Onu da diqqətdən kənarda saxlamaq olmaz ki, Gürcüstan ilə Rusiya arasında diplomatik əlaqələr yox dərəcəsindədir. Bu ölkələr arasında münasibətlər sabiq prezident Mixeil Saakaşvilidən sonra müəyyən dərəcədə yumşalsa da, gərginlik hələ də davam edir. Düşünürəm ki, bundan sonra da Gürcüstanın NATO-ya daxil olmaq üçün etdiyi cəhdlər Rusiyanın müqaviməti ilə üzləşəcək. Bu isə olduqca ağır nəticələrə gətirib çıxara bilər”.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003