• cümə, 29 Mart, 10:29
  • Baku Bakı 5°C

“Rusiya post-imperiya sindromu yaşayır”

23.05.13 17:13 1543
“Rusiya post-imperiya sindromu yaşayır”
Bu gün “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqların diskussiya klubunun növbəti müzakirələri keçirilib. Politoloq İlqar Vəlizadənin moderatorluğu ilə aparılan müzakirələrdə Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, həmçinin iki ölkə xarici işlər nazirlərinin son görüşünün nəticələri təhlil edilib.
Siyasi şərhçi Tofiq Abbasov Azərbaycanla Rusiya arasında müəyyən problemlər yaşandığını bildirsə də, tərəflərin kompromis tapmaq üçün güzəştə getməsini, baxışlar və prinsiplər fərqli olsa da bunları böyütməməyi vacib sayıb. O, hazırda Rusiyanın post-imperiya sindromu yaşadığını vurğulayıb: “Azərbaycan-Rusiya münasibətləri regionda əsas vektorlardan biridir. Çünki hər iki ölkənin potensial imkanları getdikcə artır. Ona görə də mən hesab edirəm ki, bu münasibətlər bir paradiqma kimi indidə də, gələcəkdə də öz yüksək mahiyyətini saxlayacaq. Dünyada elə qonşu dövlətlər yoxdur ki, onların arasında mübahisəli məsələlər olmasın. Bizim Rusiya ilə bağlı mübahisəli məsələlərimiz var. Amma bütün bunun fonunda Rusiya ilə həm də ortaq maraqlarımız var ki, bunlar mal dövriyyəmizin artmasına, siyasi dialoqda ziqzaqların olmamasına gətirib çıxarar. Gələcəkdə biz bir-birimizdən qonşu dövlət kimi əmin olmalıyıq ki, heç bir təhdidlər, risklər qarşı tərəfə yönəlmir. Azərbaycan müstəqil dövlət kimi 20 ildir ki, uğurlu daxili və xarici siyasət yürüdür. Lakin Rusiyanın müvafiq dairələri var ki, onlar tək Azərbaycanın deyil, digər postsovet məkanında yaranmış dövlətlərin müstəqilliyinə, duruş gətirməsinə, dünya siyasətində öz xətlərini aparmasına qısqanclıqla yanaşırlar. İmkan tapdıqları anda bu ölkələrə qarşı müəyyən problemlər yaradır, yaxud yanlış fikirlər yayırlar. Bəzən Azərbaycanın ünvanına da belə lazımsız fikirlər səsləndirilir. Amma indi informasiya dövrüdür və bütün problemlərlə bağlı heç bir məqam qaranlıq qalmır, tez bir zamanda istər bu ölkə, istərsə də o biri ölkə öz həqiqətini, yanaşmasını açıqlayır. Hərdən iki dövlət arasında münasibətlərdən nigarançılıq da yaranır, baxışlar haçalanır, fərqli düşüncələr meydana gəlir. Fikrimcə, yalnız buna köklənib dayanmaq və problemləri süni surətdə şişirtmək, böyütmək düzgün deyil. Biz müstəqil dövlət kimi bütün qonşularımızdan, o cümlədən Rusiyadan da arxayın olmaq istəyirik ki, qarşı tərəfdən bizə hansısa yeni təhdidlər gəlmir”.
T.Abbasov Azərbaycanın Rusiyadan asılı dövlət olmadığını da diqqətə çatdırıb. Deyib ki, hazırda Rusiyanın əlində Azərbaycana təzyiq məqsədilə istifadə olunacaq əsas məqam Dağlıq Qarabağ münaqişəsidir. Bakı-Novorossiysk boru xəttinin bağlanmasından danışan politoloq bunun siyasi məsələ olduğunu söyləyib. Onun sözlərinə görə, bu boru xətti heç vaxt səmərəli olmayıb və gərgin siyasi proseslər zamanı imzalanıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qonşu dövlətlərlə normal münasibətlərin qorunub saxlanmasının tərəfdarı kimi çıxış edib. Qeyd edib ki, Azərbaycan bu istiqamətdə siyasət aparsa da, bəzən onun özündən asılı olmayaraq, fərqli hadisələr baş vermir: “Götürək elə Rusiya ilə münasibətləri. Doğrudur, Qəbələ RLS-in qapanması ilə bağlı Azərbaycan doğru qərar verdikdə Moskvadan elə bir etiraz olmadı. Amma hiss olunurdu ki, israrla bu obyektin işinin davam etdirilməsini istəyirlər. Halbuki Krasnodarda, Armavirdə diapazonu Qəbələ RLS-dən də böyük stansiya tikilib və imkanları daha da genişdir. Bu səbəbdən Qəbələ RLS hərbi nöqteyi-nəzərdən Rusiya üçün lazım deyildi. Amma siyasi nöqteyi-nəzərdən Rusiya düşünürdü ki, Azərbaycandakı bu hərbi baza öz varlığını qorumalıydı. Ona görə də bu məsələ Rusiyadakı dairələrdə müəyyən etiraz doğururdu. Amma bunu həqiqətən açıq şəkildə dilə gətirmirdilər. Və ya yenə də götürək burada səslənən Bakı-Novorossiysk xəttini. Bu xətt aktuallığını bir neçə il idi ki itirmişdi. Çünki beş milyon ton neft nəql olunmalıykən illərdir iki milyon ton neft nəql olunurdu bu boru vasitəsilə. Elə, ilk gündən Bakı-Novorossiysk xətti iqtisadi baxımdan lazımsız bir layihə idi. Onun da daha çox siyasi mahiyyəti var idi. Amma gəlin görək, niyə məhz indi Kreml qərar verdi ki, artıq bu boru xətti ilə neft axınını dayandırmaq lazımdır. Səbəb kimi bu göstərildi ki, guya Azərbaycan tərəfi sazişin tələblərini yerinə yetirmir. Halbuki həmin günlərdə Azərbaycan prezidenti Avstriyada rəsmi səfərdə idi. Orada NABUKKO layihəsi, Avropaya Azərbaycanın neft və qazının daşınması məsələsi müzakirə predmeti idi. Bunun hamısı Rusiyadan yan keçən, ona alternativ olan marşrutlardır. Nə qədər normal münasibətlərdən danışsaq belə, enerji məsələlərində Azərbaycan bir qədər Rusiyanın rəqibidir. Söhbət tək Azərbaycanın neft və qazından getmir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resursları da Azərbaycanın, Türkiyənin üzərindən Avropaya daşınacaq”.
E.Şahinoğlu Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana digər dövlətlərin dəstək verməsindən də söhbət açıb: “Bəzən belə bir təəssürat yaranır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı dövlət bizə dəstək verəcəksə, o dövlətlə Azərbaycanın münasibətləri yüksək səviyyədə olacaq. Baxaq görək, Rusiya bu məsələdə Azərbaycana dəstək verirmi. Dmitri Medvedyevin prezidentliyi dövründə bilavasitə onun vasitəçiliyi ilə on görüş keçirildi. Ancaq indi prezident Vladimir Putindir, heç bir görüş də yoxdur. Düzdür, Medvedyevin vasitəçiliyi ilə keçirilən 10 görüşün də nəticəsi olmadı, amma fəallıq var idi. Ola bilsin bizim cəmiyyətdə o zaman belə bir düşüncə hakim olmuşdu ki, Medvedyevlə qaz sazişləri imzalamaqla, ölkələr arası iqtisadi-ticarət mübadiləsini artırmaqla Rusiyanın diqqətini Azərbaycana yönəltmək olar. Moskvanın hakim dairələri anlayarlar ki, Ermənistanla müqayisədə Azərbaycanla bu münasibətləri inkişaf etdirmək Rusiyaya daha çox lazımdır. Amma son nəticədə gördük ki, bu görüş və məsələlər münaqişənin həllinə təkan vermədi. Bəzən Azərbaycan və Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirir. Mən bunun əleyhinəyəm. Çünki strateji müttəfiqin tərifi başqadır. Strateji müttəfiq o dövlətdir ki, Azərbaycanın sabit inkişafında və təhlükəsizliyində, Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır. Mən düşünmürəm ki, Rusiya bütün bu istiqamətlərdə Azərbaycanın maraqlarından çıxış edir”.
Siyasi analitik Razi Nurullayev də deyib ki, Azərbaycanın müstəqil, Qərb yönümlü siyasət yeritməsi Rusiyanı narahat edir. Onun sözlərinə görə, məhz bu səbəbdən ruslar Qəbələ RLS-i bağladılar və Bakı-Novorossiysk boru xətti ilə neftin nəqlini dayandırdılar: “Azərbaycanla Rusiya arasınla və İran arasında münasibətlər gərgindir, problemlər var. Amma bu problemlərin mövcudluğu heç də o qədər gərgin deyil ki, artıq daha ciddi dəyişikliklərdən söhbət gedə bilsin. Azərbaycan 1994-cü ildən 2010-cu ilə kimi balanslı siyasət aparırdı. Bu və ya digər şəkildə həm Rusiya ilə, həm İranla bu balanslı siyasət öz töhfəsini verə bilirdi. Amma zənnimcə 2010-cu ildən sonra Azərbaycanın yeritdiyi balanslı siyasət artıq effekt vermir. Hal-hazırda Rusiya Azərbaycanın apardığı balanslı siyasətlə razı deyil. Ona görə ki, Azərbaycan özünün get-gedə siyasi və iqtisadi asılılığını Rusiyadan azaltmaqda davam edir. Medvedyevin imzaladığı son sərəncamla Bakı-Novorossiyk boru kəməri də dayandırılır və bununla da demək olar ki, Azərbaycanın Rusiya ərazisinə nəql etdiyi heç bir boru kəməri olmayacaq. Azərbaycanın ümumiyyətlə, neftlə bağlı siyasəti tamamilə Qərbə yönəlmiş olacaq. Əlbəttə ki, Rusiya bununla razı deyil”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər