Rusiya Paşinyanı himayə edəcək?
Politoloqların fikrincə, baş
nazir öz postunu qorumaq üçün kadrlarını qurban verir
Qərbin dəstəyinə arxalanaraq hakimiyyətə gələn Nikol Paşinyanın, II
Qarabağ müharibəsindən sonra siyasi qərarlarında düzəlişlər etməsi özünü büruzə
verir. Belə ki, Paşinyan əvvəllər nazir postuna ancaq qərbpərəst qüvvələri
gətirirdi və Rusiyaya yaxın adamları uzaqlaşdırırdı. Hətta Paşinyan ölkədə
Rusiyaya məxsus telekanalların yayımını dayandırmışdı, rusdilli məktəblər ləğv
edilmişdi. Məhz II Qarabağ müharibəsindən sonra Ermənistanda bunun tam əksi
müşahidə edilməyə başlayıb. Ən maraqlı məqam isə hakimiyyətdəki qərbpərəst şəxslərin
istefaya göndərilməsi oldu. Bəs görəsən, Rusiya Paşinyanı qəbul edəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, bu məsələdə iki əsas amil
rol oynaya bilər: "Birincisi, Paşinyan Rusiyanın təzyiqlərinə məruz qalaraq
bəzi kadrları uzaqlaşdırmaq məcburiyyətində qalır. Digər tərəfdən, həmin
kadrlar onun etimadını doğrulda bilmir, yəni onların tam sadiqliyinə dair
müəyyən şübhələr yaranır və məhz buna görə Paşinyan onları uzaqlaşdırır. Bu iki
səbəbdən həmin kadrlar Ermənistan siyasi elitasından uzaqlaşdırılır. Paşinyanın
Rusiya qarşısından geri çəkildiyini demək doğru olmaz. Çünki hakimiyyətə
gəldiyi dövrdən indiyədək sərt anti-Rusiya xəttini davam etdirir. Biz bunu
Lavrovun və Şoyqunun Yerevana səfəri zamanı gördük. Yəni Paşinyan özünü elə
göstərir ki, sanki məğlub olmuş ölkənin baş naziri deyil və bu səbəbdən də o,
Rusiya rəsmiləri ilə görüşündə geri çəkilməməyə çalışır. Fikrimcə, Paşinyana
qərbdən müəyyən vədlər verilib və buna görə də o, həmin vədlərin yerinə
yetirilməsini gözləyir. Hesab edirəm ki, bu da ABŞ və Fransadan Paşinyana
yardım vədləridir. Yəqin ki, Paşinyan Baydenin hakimiyyətə gəlişini gözləyir.
Ola bilər ki, həmin müddətdə Paşinyan müvəqqəti olaraq Rusiyanın təzyiqi ilə
rusiyapərəst kadrları hökumətdə yerləşdirsin. Bu da təbii ki, özünü qorumaq
məqsədi ilə atılacaq addımdır. Paşinyan başa düşür ki, öz komandası ilə
müqavimət göstərə bilməyəcək. Onu öz komandası ilə ya xalq, ya da Rusiya
hakimiyyətdən devirə bilər. Ona görə də Paşinyan öz postunu qorumaq üçün
kadrlarını qurban verir. O başa düşür ki, hakimiyyəti xalq arasında nüfuzdan
düşüb, ermənilər əvvəlki kimi ona etimad göstərmir. Bu səbəbdən də günahı
komandasının üzərinə atır və onları qurban verir”.
N.Məmmədova vurğuladı ki, Paşinyan indiki halda məğlubiyyəti qəbul
etmək istəmir və "Qarabağ klanı”nı ittiham edir: "Əlbəttə ki, son 30 ilə yaxın
dövrdə hakimiyyətdə olan quldur "Qarabağ klanı”nın gördüyü işlərin nəticəsidir
ki, Ermənistan bu gün rəzil durumdadır. Eyni zamanda burada Paşinyanın da
məsuliyyəti var. O, Azərbaycan xalqına hörmətsizlik etməklə müharibəyə şərait
yaratdı. Düşünürəm ki, Qarabağ hadisələrində 1988-ci ildən bu yana Ermənistanda
hakimiyyətdə olanların məsuliyyəti var. Ancaq Paşinyan çalışır ki, bütün
ittihamları öz boynundan atsın”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İkinci
Qarabağ müharibəsinə qədər deyə bilərdik ki, Rusiya hakimiyyətinin Paşinyandan
xoşu gəlmir: "Çünki o, qərbpərəstləri, Sorosun
adamlarını müxtəlif vəzifələrə təyin edib. O cümlədən, deyə bilərdik ki,
Rusiya Paşinyanı devirmək üçün müxtəlif yollar axtarır. Amma müharibədən sonra
məndə belə bir təəssürat yaranıb ki, Rusiya hakimiyyət dairələri Paşinyanın
devrilməsini istəmirlər. Çünki Paşinyan üçtərəfli bəyanata qol çəkib. Onu
devirmək istəyən daxili qüvvələr isə təxribatçı bəyanatlar verirlər ki, bu
razılaşmanı tanımayacaqlar, Azərbaycanla müharibəni davam etdirmək istəyirlər.
Haşiyəyə çıxaraq onu deyə bilərəm ki, bu qüvvələr hələ bunu bacarmırlar,
parlamentdə hələ ki, Paşinyanın tərəfdarları üstünlük təşkil edir. Belə
açıqlamalar Rusiyanın maraqlarına ziddir. Rusiya bu məsələdə öz nüfuzunu ortaya
qoyub, bəyanatı imzalatdırıb və bunun reallaşmasını istəyir. Əgər bu sənədi
Paşinyan imzalayıbsa, ona riayət etməlidir və o da bunu edir. Rusiya əmin deyil
ki, Paşinyanı devirmək istəyən qüvvələr bəyanata riayət edəcəklər. Onlar xaos
yaradar və bu hal həm Ermənistana, həm də Rusiyaya da baha başa gələ bilər.
Azərbaycan müharibəni davam etdirə bilər. Amma bu, Rusiyaya problem yaradacaq”.
BƏXTİYAR