• cümə, 19 Aprel, 22:42
  • Baku Bakı 24°C

Rusiya miqrantlara qarşı qanunları sərtləşdirir

24.07.13 08:28 3464
Rusiya miqrantlara qarşı qanunları sərtləşdirir
Ermənistandan olan sürücünün 18 nəfərin həyatına son qoyan qəza törətməsi Rusiyada miqrantlara qarşı qərarları sərtləşdirilməsinə səbəb olub. Rusiyanı şoka salan bu insident paytaxtın nəqliyyat sahəsi üçün bir bomba effekti yaratmış olub. Dövlət Dumasının üzvləri istirahətlərini yarımçıq qoyaraq tələm-tələsik qanun layihəsi ilə çıxış ediblər. Qanun layihəsi əcnəbi sürücülərin məcburi qaydada Rusiyada da sürücülük vəsiqəsi almalarını məcbur edir. Yeni qaydalar təsdiq olunarsa, onda əcnəbilər il yarım ərzində imtahan da verməli olacaqlar. Artıq miqrantları hər bir şeydə günahlandırmaq kampaniyasına da başlanılıb. Bununla bağlı müvafiq sorğular da keçirilir. Belə ki, Rusiyada miqrantlarla bağlı keçirilən sorğunun nəticələri maraqlı nəticələr ortaya qoyub. Bəlli olub ki, ruslar miqrantları ölkələri üçün real təhlükə kimi görürlər. Ümumrusiya İctimai Rəy Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, rusiyalıların 35 faizi fikirləşir ki, digər millət nümayəndələrinin Rusiyada yaşaması onların ölkəsi üçün böyük təhlükə yaradır. Respondentlərin 33 faizi mədəniyyət, təhsil və elmin səviyyəsinin aşağı düşməsinin Rusiya üçün, 28 faizi isə terror aktlarının ölkə üçün təhdidlər yaradacağı fikrindədirlər. Rusiya hakimiyyət orqanlarının birbaşa nəzarəti altında olan sorğu mərkəzinin keçirdiyi bu sorğunun nəticələri şübhə doğurmaya bilməz. Belə ki, miqrantların rusların həyatlarında oynadıqları rol hamıya yaxşı məlumdur. Ən ağır işlərdə çalışan miqrantlar bu ölkənin ən ağır sənaye və iqtisadiyyat sahələrində səhərdən axşama kimi tər tökürlər. Hələ bazarları demirik. Bəs görəsən, birdən-birə miqrantlarla bağlı belə bir nəticə ortaya qoyulması nəyə xidmət edir? Şübhəsiz ki, bunun arxasında siyasi maraqlar gizlənir. Moskva dəfələrlə bəyan edib ki, hər vəchlə özünün ən irimiqyaslı layihəsi hesab edilən Avrasiya Birliyi və Gömrük İttifaqını həyata keçirməyə çalışacaq. Belə ki, hakimiyyət Rusiya prezidenti Vladimir Putin “«Rusiya 2015-ci ildən etibarən Gömrük İttifaqına daxil olmayan ölkələrdən gələn işçi qüvvəsini məhdudlaşdıracaq” fikrini artıq indidən reallaşdırmağa başlayıb. İlk olaraq isə Mərkəzi Asiyadan olanlara qarşı kampaniyaya başlanılıb. Məsələn, Rusiya tacik miqrantlara güzəştli rejim verilməsi və neft məhsullarının ixracına qoyulan rüsumun ləğvi haqda vədlərini hələ də yerinə yetirmək istəmir. Bundan əlavə, Moskva o vaxt tacik miqrantların Rusiya ərazisində qeydiyyatsız 15 gün qalmasını və onlara işləmək üçün 3 illik icazə verilməsini nəzərdə tutan güzəştli rejim tətbiq etməyə, neft məhsullarına ixrac rüsumunu (ildə 1 milyon ton) ləğv etməyə, Tacikistan ordusunun yeni silahlarla təmin olunmasına maliyyə ayırmağa söz versə də ona da əməl etməyib. Aydındır ki, Rusiya bununla özündən asılı olan dövlətlərin siyahısını artırmağa çalışır. Növbədə Özbəkistan və Qırğızıstandır.
Yeri gəlmişkən, Rusiya Federal Miqrasiya Xidməti bundan sonra ölkədə miqrantların işə alınmasını bəzi yeni şərtlərə bağlamaq qərarına gəlib. Şirkətlərin işçi alarkən miqrantlara ən son növbədə müraciət etmələrini istəyən federal miqrasiya xidmətinin başçısı Konstantin Romadanovski “İnterfax”a müsahibəsində “əvvəlcə iş yeri yaxınlığındakı məhəllə sakinlərinin işə götürməlidir. Əgər onlardan bu işə tələb olmazsa, o zaman Rusiya vətəndaşları alınmalıdır. Yox, əgər yenə də iş yeri boş qalsa, iki ay gözlədikdən sonra miqrantlar işə alınmalıdır” deyib. Belə bir praktikanın Avropa ölkələrində də tətbiq edildiyini və başlıca məqsədin yerli xalqın mənfəətlərini qorumaq olduğunu deyən Romadanovski “Məncə velosipedi yenidən ixtira etməyin bir mənası yoxdur. Avropa ölkələrinin bu məsələdəki təcrübələrindən faydalanmalıyıq. Hamı Rusiyaya həddindən artıq xarici vətəndaşın gəlməsindən şikayət edir. Əsas problem isə onların Rusiyanı vaxtında tərk etməmələridir” - deyə fikirlərini tamamlayıb. Federal Miqrasiya Xidməti bu ilin sonunadək müxtəlif qanun pozuntularına qarışan 1 milyon xarici vətəndaşı deportasiya etməyi planlayır. Rəsmi rəqəmlərə görə 2013-cü ilin ilk yarısında Rusiyaya 10 milyon miqrant gəlib. Bu da ötən keçən illə müqayisədə 12 faiz artıqdır.
Öz növbəsində Rusiya Federal Miqrasiya Xidmətinin rəis müavini Yekaterina Yeqorova isə hesab edir ki, miqrantlarla bağlı qanun qüvvəyə minərsə, bu, Rusiyada yaşayan və işləyən əmək miqrantlarının sayına ciddi təsir göstərməyəcək. O bildirib ki, 2011-ci ilin 8 ayı ərzində Rusiya ərazisinə 9,8 milyondan çox xarici vətəndaş daxil olub. Onun sözlərinə görə, bunların 50,34 faizi şəxsi məqsədləri üçün gələnlər, 12,47 faizi iş axtarmağa gələnlər, 2,53 faizi xidməti işlə əlaqədar gələnlər, 11,13 faizi turistlər, 1 faiz isə təhsillə bağlı gələnlərdir: “Bunlardan 6,7 milyonu miqrasiya qeydiyyatına alınıb. Rusiya ərazisindən miqrasiya qaydalarını pozduğuna görə, 15653 xarici vətəndaş deportasiya edilib. 1991-ci ildən 2002-ci ilə qədər miqrasiya haqqında qanunun olmaması miqrasiya siyasətinə ən böyük təsir edən amildir. Qanun qəbul olunandan sonra isə artıq miqrasiya siyasətini tənzimləmək bir qədər mümkün olub. Miqrasiya ilə bağlı ən böyük problem MDB ölkələrinin vətəndaşları ilə bağlıdır. Belə ki, Rusiya ilə həmin ölkələr arasında vizasız rejimin olması miqrasiya sahəsində problemlər yaradır. Bu gün Rusiyada miqrantların sayına görə ilk yerləri Ukrayna və Qazaxıstan vətəndaşları tutur”.
Lomonosov adına Moskva Dövlət Universitetinin Əhalinin Problemlərini Öyrənən Mərkəzin direktoru Olqa Çudinovskix isə miqrantların ölkə ərazisində baş verən cinayətlərdə iştirakının statistikasını açıqlayıb. Belə ki, statistikaya görə, Rusiyada il ərzində gəlmələr tərəfindən törədilən cinayətlər rusiyalılar tərəfindən törədilən cinayətlərin sayından 2 dəfə azdır. Rusiya paytaxtının prokuroru Sergey Kudenev da 2008-2012-ci illər ərzində tək Moskvada miqrantlar tərəfindən törədilən cinayətlərin sayının iki dəfə azaldığını bildirib. Əgər 2008-ci ildə miqrantlar tərəfindən 16 min cinayət törədilmişdisə, 2012-ci ildə onların sayı 8 min olub. 2012-ci ildə 2 milyona yaxın insan Moskvada miqrasiya uçotuna alınıb. Bu isə 2011-ci ildən on dəfə çoxdur. Onların yarısı da MDB ölkələrindən gələnlərdir”.
Beləliklə, bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda Rusiya MDB məkanından, xüsusən də Mərkəzi Asiya, Ermənistandan olan miqrantlar üçün yeni problem yarada bilər. Onların çıxarılması isə ölkələri üçün əlavə problemlər yaratmış olacaq. Bu isə sonda onları Kreml qarşısında diz çökməyə məcbur edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər